Məhkəmə qərarları › İş №2(103)-3368/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3368/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3368/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5073/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra cavabdeh) qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə cavabdehdən əlavə olaraq 23 325 manat sığorta ödənişinin, illik 5% dərəcəsi ilə ona dəymiş zərər və əldən çıxmış fayda qismində 383 manat məbləğin, vəkilin göstərdiyi hüquqi yardıma görə 110 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5073/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir Qətnamə ilə razılaşmayan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, hadisə nəticəsində iddiaçının aldığı xəsarətin az ağır olmasına baxmayaraq, məhkəmə xəsarəti ağır kimi qiymətləndirmişdir. Həmçinin, məhkəmə qətnamədə prokurorluq işçiləri üçün il ərzində verilən pul təminatı və maddi yardımı əmək haqqı kimi qiymətləndirərək anlayışa səhv izah vermişdir. Nəticədə, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də, şikayətinin təmin olunaraq qətnamənin tam ləğv edilməsi və iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razı olmadığını, şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun(bundan sonra Prokurorluğun) 04.05.2020-ci il tarixli HP-10/167 №-li Arayışına əsasən iddiaçı 20.09.1993-cü il tarixdən Respublikanın prokurorluq orqanlarında, 20.07.2018-ci il tarixdən isə Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində xidmət edir. Prokurorluğunun 11.03.2020-ci il tarixli Arayışına əsasən iddiaçı 13.02.2020-ci il tarixli təqrirlə AR Hərbi Prokurorluğuna müraciət edərək, 07.01.2020-ci il tarixdə saat 08:30-da işə gələrkən özünün ehtiyatsızlığı nəticəsində yıxılaraq «Sol əlin V daraq sümüyünün başının cüzi yerini dəyişən sınığı» diaqnozu ilə müşayiət olunan xəsarət aldığını bildirmiş və aldığı xəsarətlə əlaqədar olaraq ona sosial sığorta müavinəti verilməsi məsələsinə baxılmasını xahiş etmiş və Komissiyanın qərarı ilə iddiaçının qeyd edilən vaxtda və şəraitdə aldığı az ağır dərəcəli bədən xəsarəti xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan kimi qiymətləndirilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 198 №-li Aktın əsasən iddiaçının aldığı xəsarət sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilmişdir. Prokurorluğunun 03.03.2020-ci il tarixli HP-09/15 №-li Arayışına görə iddiaçının orta aylıq əmək haqqı 2840,90 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya 10765 manat məbləğində sığorta ödənişi 22.05.2020-ci il tarixdə ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən 08.09.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edilərək, ödənilməli olan sığorta haqqı ödənişinin məbləğinin düzgün hesablanması və tam ödənilməsi xahiş olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə Kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin hadisə nəticəsində iddiaçının aldığı xəsarətin az ağır olmasına baxmayaraq, məhkəmənin xəsarəti ağır kimi qiymətləndirməsi barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda sığorta məbləğindən-20 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda isə 10 faiz sığorta ödənişi verilir. Göründüyü kimi sözügedən Qanunda xəsarətin 2 (iki) növü (ağır və yüngül) fərqləndirilir. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları” və “Canlı şəxslərin məhkəmə tibbi ekspertizası qaydaları haqqında” Əsasnaməyə görə yüngül xəsarət dedikdə sağlamlığın qısa müddətə pozulması, yəni əmək qabiliyyətinin 21 gündən az olan müddətə müvəqqəti itirilməsi, az ağır xəsarət dedikdə isə sağlamlığın uzun müddətə, yəni 21 gündən çox olan müddətə müvəqqəti itirilməsi başa düşülür. Hazırkı halda isə səlahiyyətli orqan-Məhkəmə Tibbi Ekspertizası və X1 iddiaçıya az ağır xəsarət dəydiyini müəyyən etmişdir. Yuxarıda qeyd olunan Qanunda az ağır xəsarətin nəzərdə tutulmaması, heç bir halda iddiaçıya dəymiş yüngül olmayan xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsinə əsas ola bilməz. Buna görə də məhkəmə sığorta ödənişini ağır xəsarətə müvafiq olaraq hesablamaqda haqlı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin ikinci dəlili-sığorta ödənişinin məbləği hesablanarkən yalnız vəzifə maaşının, rütbələrə, xidmət illərinə görə əlavələrin və qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərin nəzərə alınması, bu zaman maddi yardımın və pul təminatının əmək haqqı hesab edilməməsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Məhkəmə “qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər”in tərkibinin müəyyən olunması üçün həmin Qanunun 2.3-cü maddəsinə istinad etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, əmək haqqının tərkibinə yalnız vəzifə maaşı və maaşa əlavələr deyil, bütün ödənişlər daxil olduğundan, iddiaçıya sığorta ödənişi də buna müvafiq olaraq hesablanmalıdır. Hazırda yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının orta aylıq əmək haqqı 2840,90 manat olduğundan, sığorta hadisəsinə görə sığorta məbləği 170,454 manatdır. Həmin məbləğin 20%-ini təşkil edən 34,090 manatın 10,765 manatı iddiaçıya ödənildiyindən, geriyə 23,325 manat ödənilməmiş məbləğ qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5073/2020 saylı, 20 noyabr 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar