Məhkəmə qərarları › İş №2(103)-3369/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3369/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3369/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Əfqan Mirzəyevin iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “icbari sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının övladı X1 hərbi xidmət zamanı ölümü ilə əlaqədar 11.000 manat məbləğində sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 11.000 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının övladı X2 hərbi qulluqçu olub, xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən özünü asaraq intihar edib. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsindən görünür ki, sığorta olunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ölməsi sığorta hadisəsi hesab olunur. Cavabdeh sığorta ödənişi verməkdən ona görə imtina edir ki, qanunvericiliyə görə sığorta hadisəsi sığortalı və ya faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə sığorta ödənişi verilmir. Lakin hərbi qulluqçunun onun valideynlərinə 11.000 manat sığorta ödənişi verilməsi məqsədilə özünü öldürməsi ağlabatan deyil. Ona görə də intihar - sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdən edilən hərəkət kimi qiymətləndirilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar