Məhkəmə qərarları › İş №2(103)-3369/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3369/2022

02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3369/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 avqust 2006-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahdan 27 may 2007-ci il təvəllüdlü Leyla və 29 may 2008-ci il təvəllüdlü Fatimə adlı qızları anadan olmuşdur. Aralarında müxtəlif mübahisələr olduğundan, cavabdeh ona xəyanət etmiş və biyabır olmamaq üçün aralarındakı nikahın pozulması, uşaqların onun yanında qalmasının müəyyən edilməsi və uşaqlarının saxlanması üçün ondan qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında aliment tutulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 25 iyul 2014-cü il tarixdə mülki işə baxılaraq, iddia təmin olunmuş, iddiaçı Cavabdeh ilə aralarında olan nikah pozulmuş, iki azyaşlı uşaqlarının iddiaçının yanında qalması müəyyən olunmaqla, birgə nikahdan 27 may 2007-ci il təvəllüdlü Leyla və 29 may 2008-ci il təvəllüdlü Fatimə adlı qızlarının saxlanması üçün ondan qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında alimentin tutulması qət edilmiş və Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2015-ci il tarixdə Cavabdeh ilə aralarında nikahın pozulması haqqında şəhədətnamə də, alınmışdır. Vaxtı ilə keçmiş arvadı Cavabdeh ilə birgə yaşadığı dövr ərzində yeni tikilidə aldığı mənzilin təmiri və uşaqlarının mebelləri üçün birgə nikah dövründə bəzi banklardan kredit pul götürmüşdür və indiyə kimi həmin banklara borcunu ödəyib qurtara bilmir, onun banklara olan borcları barədə Azərbaycan Kredit Bürosunun xx.xx.2021-ci il tarixli, S7-14685 saylı çıxarışından görünür ki, bu günə kimi ödənilməmiş borcları mövcuddur. Bundan başqa anası X4 ona qarşı 300 (üç yüz) manat alimentin sabit pul məbləğində tutulması və mütəmadi müayinə və dərmanların alınmasında, yəni əlavə xərclərdə iştirakına görə, 250 (iki yüz əlli) manat pulun tutulması tələbinə dair iddia tələbi qaldırmış, işə baxılaraq iddia tələbi təmin edilmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, X6 ilə 25 avqust 2017-ci il tarixdə rəsmi nikaha daxil olub və birgə nikahdan 28 avqust 2018-ci il təvəllüdlü Ayxan adlı bir oğlu və 01 noyabr 2019-cu il təvəllüdlü Jalə adlı bir qızı anadan olmuşdur. «28 May» NQÇİ-nin xx.xx.2021-ci il tarixli, 12/173 nömrəli arayışından görünür ki, 2021-ci ilin may, iyun, iyul aylarında aylıq əmək haqqı və 2021-ci ilin may ayı üzrə tutulmuş aliment məbləği 1422,43 manat, 2021-ci il iyun üzrə 1410,86 manat, 2021-ci il iyul üzrə isə 1380,32 manat, cəmi 4213,61 manat təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, yəni aylıq bank ödənişləri, uşaqlara görə aliment ödənişləri və anası tərəfindən alimentin ödənilməsi onun minimum yayayışına çatmır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun ikinci nikahından iki azyaşlı uşaqları var və onların boyüməsində maddi cəhətdən ona olduqça çətinlik yaradır. Qeyd etmək istəyir ki, Cavabdeh həkim işləyir, aylıq 500 manata yaxın əmək haqqı alır, ondan başqa bir həkim olaraq yaxşı gəliri var, bahalı avtomobili idarə edir, yeni tikilidə ev alıb və hətta bağ evi də var. Ailə Məcəlləsinin tələbində göstərilir ki, valideynlər uşaqları saxlamağa borcludurlar. Bu o deməkdir ki, uşaqları maddi cəhətdən saxlamaq hər iki valideynə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o bu bahalıqla əlaqədar olaraq, yuxarıda göstərilən ödənişləri etdikdon sonra, yəni ailəsinə və himayəsində iki azyaşlı uşaqlarının saxlanması üçün pul qalmır. İşin həlli üçün Mediasiya Şurasına müraciət etmiş, mediator və bundan başqa ilkin mediasiya sessiyası təyin edilərək, mediator tərəfindən sessiyada iştirak edilməsi barədə təklif göndərilmişdir, lakin Cavabdeh mediasiya sessiyasına gəlib iştirak etməmişdir. Mediasiya Şurasının mediatoru tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, MŞlH-02733 saylı arayış da verilmişdir. Beləliklə, hesab edir ki, yuxarıda göstərilən səbəblərə görə, iki azyaşlı uşaqlarının saxlanması üçün uşaqlar yetkinlik yaşına çatanədək hər ay qazancının (gəlirinin) üçdə biri hissəsi miqdarında aliment tutulması çoxluq təşkil etdiyindən və halhazırda onun ailə vəziyyətində dəyişiklik olduğundan, bank kreditlərinin, anasına alimentin ödənilməsi və iki azyaşlı uşaqlarının mənafeyini nəzərə alaraq, alimentin miqdarında dəyişiklik olunmalı və uşaqların saxlanılması üçün cavabdehin xeyrinə konkret olaraq bir uşağa görə sabit pul məbləğində 300 manat, ümumillikdə iki uşağa görə 600 manat aliment tutulmalıdır. Hesab edir ki, bir uşağın saxlanılması üçün indiki zamanda 300 manat pul kifayət edər. Ona görə də, Cavabdeh xeyrinə iki azyaşlı uşaqların saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay qazancının (gəlirinin) üçdə bir hissəsi miqdarında aliment tutulmasının miqdarı dəyişdirərək, konkret olaraq sabit pul məbləğində bir uşağa görə 300 manat, ümumilikdə isə iki uşağa görə 600 manat alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı “alimentin miqdarının dəyişdirilərək azaldılması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ona qarşı irəli sürülmüş hazırkı iddia tələbini qəbul etməyərək etirazını bildirir. Qeyd olunan iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirməyən şər və böhtan xarakterli məlumatlardır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş hazırkı iddia tələbindən belə başa düşülür ki, guya onun kredit borclarının olması, anası Gülarə Xanəliyevaya aliment ödəməsi və ikinci nikahdan iki övladının olması ilə əlaqədar olaraq onun əmək haqqında həyata keçirilən tutulmalar nəticəsində qalıq məbləğ onun minimum yaşayışı üçün kifayət etmir. İlk növbədə hesab edir ki, ona qarşı irəli sürülmüş hazırkı iddia tələbi yolverilməz olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddiaçının hazırkı iddia tələbi üzrə iddia ərizəsi qəbul edilməsindən imtina olunmalı idi. Lakin, həmin iddia ərizəsi icraata qəbul edildiyindən həmin iddia tələbi ilə bağlı mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-1567/2014 saylı qətanaməsinə əsasən hazırkı mülki iş üzrə İddiaçı ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Leyla və xx.xx.2008-ci il təvəllüdlü Fatimə adlı uşaqların onun yanında qalmasına, habelə onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırkı mülki iş üzrə İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)- 1567/2014 saylı qətnaməsinin alimentin tutulması hissəsindən hazırkı iddia tələbindəki əsaslarla narazı qaldığına görə apellyasiya, sonradan isə kassasiya şikayətləri vermiş, lakin onun şikayətləri əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6162/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1547/2015 saylı qərarı ilə təmin edilməmişdir. Bundan sonra İddiaçı hazırkı iddia tələbindəki əsaslarla yenidən təkrar olaraq alimentin azaldılması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin onun həmin iddia tələbi əsassız olduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3405/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən rədd edilmişdir. İddiaçı həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də, onun həmin şikayəti əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8039/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Buna görə də, hesab edir ki, iddiaçının hazırkı iddia tələbi tam əsassız və qanunsuz iddia tələbidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi əmək haqqı barədə arayışdan da görünür ki, onun aylıq əmək haqqısı ən azından 2968,04 manat təşkil edir və həmin əmək haqqının 1/3 hissəsi təxminən 900 manat təşkil etsə də, həmin məbləğ mütəmadi olaraq heç vaxt onun kartına köçməmişdir. Onun kart hesabına köçən aylıq məbləğlər dəyişkən olmuş, orta hesabla aylıq məbləğ 700-900 manat arasında təşkil etmişdir. Həmin məbləğlər isə onun uşaqlarının saxlanılması, geyimləri və onların təhsili ilə bağlı xərcləri qarşılamağa kifayət etmədiyi üçün alimentin azaldılması barədə iddiaçının hazırkı mülki iddia tələbini qəbul etmir. Hesab edir ki, idiaçının aldığı tək aylıq əmək haqqı onun onun kredit və digər ailə xərclərini ödəməyə artıqlaması ilə kifayət edir. Onun yanında qalan azyaşlı uşaqların ataları İddiaçı yüksək maddi qazanc və gəlirlərindən yararlanmağa hüququ olduğundan iddiaçının hazırkı iddia tələbi onun yanında qalan azyaşlı uşaqların maddi və mənəvi mənafeyinin ziyanına həll edilə (təmin edilə) bilməz. Belə ki, birgə nikahdan olan uşaqları Leylanın tək məktəb xərcləri ən azından ayda 700 manat təşkil edir. Digər uşaqları Fatimənin xərcləri isə aylıq təxminən 500 manat təşkil edir. İddiaçıdan tutulan aliment uşaqların saxlanılması və təhsili ilə bağlı xərcləri qarşılamadığı üçün o, öz əmək haqqı hesabına onların saxlanılması və təhsili ilə bağlı digər xərcləri ödəyir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 216-220-ci maddələrini rəhbər tutub, İddiaçı ona qarşı “alimentin miqdarının dəyişdirilərək azaldılması tələbi”nə iddia ərizəsinin təmin edilməməsi (rədd edilməsi) haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-4267/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli №-2(007)-4267/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsində qeyd etdiyi əsaslar iddia tələbinin təmin edilməməsinə əsas vermir. Əksinə, məhkəmə tərəfindən ona qarşı olan qərəzlilik açıq aydın görünməkdədir. Qətnamədə hər hansı bir sübutedici və əhəmiyyətli olan möhtəbər dəlillərə istinad edilməmişdir. Belə ki, uşaqların saxlanması həm onun, həm də cavabdehin bir başa borcudur. Cavabdehin formal olaraq 500 manat əmək haqqı alması, həmçinin aldığı aliment məbləğini qəsdən azaltmaqla bildirməsi iş materiallarında olan alimentin tutulması barədə arayışla təkzib olunur. Bundan başqa, onun yeni ailə qurmağı, iki uşağının olması, anasına aliment ödəməyi, banklara nikah dövründə yaranmış borcları ödəməyi, hazırki dövrdə ailə vəziyyətinin dəyişməsi və maddi vəziyyətinin ağırlaşması məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Həmçinin tələbində göstərdiyi hər bir uşağa alimentin sabit məbləğdə 300 manat pulun ödəməsi məqsədə müvafiq hesab edilməlidir. Belə ki, 2022-ci il üçün uşaqların saxlanılması üçün müəyyən edilmiş minimum həddi 193 manat təşkil edir. Bununla da məhkəmə qətnaməsində işin faktiki halları ilə nəticə bir birinə uyğun gəlmir. Cavabdeh apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunan xüsusatlar (dəlillər) həqiqəti əks etdirməyən şər və böhtan xarakterli məlumatlardır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş hazırkı iddia tələbindən belə başa düşülür ki, guya onun kredit borclarının olması, anası Gülarə Xanəliyevaya aliment ödəməsi və ikinci nikahdan iki övladının olması ilə əlaqədar olaraq onun əmək haqqında həyata keçirilən tutulmalar nəticəsində qalıq məbləğ onun minimum yaşayışı üçün kifayət etmir. Cavabdeh ilk növbədə qeyd edir ki, ona qarşı irəli sürülmüş hazırkı iddia tələbi yol verilməz olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddiaçının hazırkı iddia tələbi üzrə iddia ərizəsi qəbul edilməsindən imtina olunmalı idi. Lakin, həmin iddia ərizəsi icraata qəbul edildiyindən həmin iddia tələbi ilə bağlı mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Belə ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)- 1567/2014 saylı qətnaməsinə əsasən hazırkı mülki iş üzrə İddiaçı ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Leyla və xx.xx.2008-ci il təvəllüdlü Fatimə adlı uşaqların cavabdehin yanında qalmasına, habelə onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırkı mülki iş üzrə İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)- 1567/2014 saylı qətnaməsinin alimentin tutulması hissəsindən hazırkı iddia tələbindəki əsaslarla narazı qaldığına görə apellyasiya, sonradan isə kassasiya şikayətləri verilmiş, lakin onun şikayətləri əsassız ollduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)6162/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1547/2015 saylı Qərarı ilə təmin edilməmişdir. Bundan sonra İddiaçı hazırkı iddia tələbindəki əsaslarla yenidən təkrar olaraq alimentin azaldılması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin onun həmin iddia tələbi əsassız olduğundan Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-3405/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsinə əsasən rədd edilmişdir. İddiaçı həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də, onun həmin şikayəti əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8039/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. Buna görə də hesab edir ki, iddiaçının hazırkı iddia tələbi tam əsassız və qanunsuz iddia tələbidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi əmək haqqı barədə arayışdan da görünür ki, onun aylıq əmək haqqısı ən azından 2968,04 manat təşkil edir və həmin əmək haqqının 1/3 təxminən 900 manat təşkil etsə də, həmin məbləğ mütəmadi olaraq heç vaxt cavabdehin kartına köçməmişdir. Cavabdehin kart hesabına köçən aylıq məbləğlər dəyişkən olmuş orta hesabla aylıq məbləğ 700-900 manat arasında təşkil etmişdir. Həmin məbləğlər isə onun uşaqlarımın saxlanılması, geyimləri və onların təhsili ilə bağlı xərcləri qarşılamağa kifayət etmədiyi üçün alimentin azaldılması barədə iddiaçının hazırkı mülki iddia tələbinə və onun apellyasiya şikayətinə etiraz edir. Hesaba edir ki, idiaçının aldığı təkcə aylıq əmək haqqı onun kredit və digər ailə xərclərini ödəməyə artıqlaması ilə kifayət edir. Onun yanında qalan azyaşlı uşaqların ataları İddiaçı hazırkı iddia tələbi onun yanında qalan azyalı uşaqların maddi və mənəvi manefiyinin ziyanına həll edilə(təmin edilə) bilməz. Belə ki, birgə nikahlarından olan uşaqları Leylanın təkcə məktəb xərcləri ən azından ayda 700 manat təşkil edir. Digər uşaqları Fatimənin xərcləri isə aylıq təxminən 500 manat təşkil edir. İddiaçıdan tutulan aliment uşaqların saxlanılması və təhsili ilə bağlı xərcləri qarşılamadığı üçün cavabdeh öz əmək haqqı hesabına onların saxlanılması və təhsili ilə bağlı digər xərcləri ödəyir. Yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və hazırkı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Şirinov X8 şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 27 may 2007-ci il tarixdə Leyla, 29 may 2008-ci il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Tərəflər ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qətnaməsi ilə, Cavabdeh və İddiaçı arasında 26 avqust 2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evində) bağlanmış və 2360 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 27 may 2007-ci ildə anadan olmuş X3 və 29 may 2008-ci ildə doğulmuş X2 anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi, İddiaçı 27 may 2007-ci ildə anadan olmuş X3 və 29 may 2008-ci ildə doğulmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında Cavabdeh xeyrinə alimentin tutulması, alimentin həmin məbləğdə tutulmasının 19 mart 2014-cü il tarixdən X7 və X5 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı yenidən 25 avqust 2017-ci il tarixdə X6 ilə nikaha daxil olmuş və bu nikahdan onların 28 avqust 2018-ci il tarixdə X9, 01 noyabr 2019-cu il tarixdə isə X10 adlı uşaqları doğulmuşdur. Hazırda İddiaçı həmin aliment məbləğinin dəyişdirilərək azaldılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı müxtəlif banklara kreditlə bağlı müraciət etmiş, hal-hazırda aktiv kreditlərinin cəmi qalıq məbləği 59984,90 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin 07 avqust 2021-ci il tarixli, 12/173 saylı arayışından görünür ki, İdarənin işçisi İddiaçı 2021-ci ilin aylıq əmək haqqısı və aliment tutulması aşağıdakı kimi olmuşdur: may ayı üzrə hesablanmış məbləğ 3138,94 manat, tutulmuş alimentin məbləği 1422,43 manat; iyun ayı üzrə hesablanmış məbləğ 3090,29 manat, tutulmuş alimentin məbləği 1410,86 manat; iyul ayı üzrə hesablanmış məbləğ 2968,04 manat, tutulmuş alimentin məbləği 1380,32 manat. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli, 2(007)- 3405/2015 saylı qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2015-ci il tarixli, 2(103)-8039/2015 saylı qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli, 2(007)-3405/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, aliment ödəyən İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsində çalışır və ayda orta hesabla 3000 manat əmək haqqı alır. Uşaqlar üçün hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmasına imkan verən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbləri baxımından iddiaçıdan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2014-cü il tarixli 2(007)-1567/2014 saylı qətnaməsi ilə həmin qaydada aliment tutulmasına hazırda da maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasib deyil. İddiaçının onunla birlikdə yaşayan azyaşlı uşaqlarının olması onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir haldır. Lakin yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərə dair hüquqi mövqeləri baxımından kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir. Həmin hal, o cümlədən iddiaçının anasına aliment ödəməsi alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İddiaçı onun kredit borclarının olduğunu, banklara nikah dövründə yaranmış borcları ödəməsini, bütün bunların isə onun maddi vəziyyətinə təsir etməsini bildirir. Lakin iş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı birgə pul tələbinə dair iddiası qismən təmin edilmiş, nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilmiş 5500 manat vəsaitin, 1517,50 manat pulun, kommunal xərclərə görə 950,40 manat pulun, habelə “AG Bank ASC-yə ödənilməli olan pulun cavabdehin 3/5 hissədə olan mənzil payına uyğun olaraq reqres qaydada 11369,59 manat pulun, ümumilikdə isə 19737,49 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, tərəflər arasında nikah pozulduqdan sonra onlar arasında əmlak bölgüsü, o cümlədən banka olan borclarının bölgüsü aparılmışdır. Bu səbəbdən iddiaçının həmin hallara istinad etməsi əsassız olmuşdur. İddiaçı ikinci dəfə nikaha daxil olub və ailəsi ilə birlikdə yaşayır, uşaqları onun himayəsindədir, onların saxlanılması üçün birlikdə yaşadığı həyat yoldaşına aliment ödəmir. Aliment ödənilən Cavabdeh isə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında valideyn kimi qanundan irəli gələn öhdəlikləri vardır. Belə ki, iddiaçı həmin uşaqların maddi cəhətdən təminatını həyata keçirməlidir və bu təminat uşaqların nikahın pozulmasından əvvəlki təminatının səviyyəsinə mümkün qədər uyğun olmalıdır. Həmçinin kollegiya hesab edir ki, iddiaçı cavabdehin əmək fəaliyyəti ilə məşğul olduğunu və müntəzəm qazanc əldə etdiyini dəlil kimi göstərsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, cavabdehin işləməsi iddiaçını üzərinə düşən aliment öhdəliyini yerinə yetirmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddiada mübahisələndirilən məbləğ iddiaçının faktiki ödədiyi alimentin məbləği ilə (3000 manat əmək haqqının 1/3 hissəsi – 1000 manat) bu məbləğin azaldılmasından sonra ödəmək istədiyi məbləğ (hər uşağa 300 manat olmaqla, cəmi 600 manat) arasındakı fərqdən (1 ayda 400 manat olmaqla, 1 il ərzində 4800 manat) ibarətdir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, hazırkı iddiada mübahisələndirilən hissə bu qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 5000 manat məbləğdən azdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-4267/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar