Məhkəmə qərarları › İş №2(103)-3372/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3372/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3372/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə İlyas oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-517/2022 saylı işi üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən "Hədiyyə kartı” üçün ödənilmiş 100 manat, 100 manat maddi ziyan və 1500 manat mənəvi ziyanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: 10.11.2021 -ci il tarixli xəbərdarlıq (pretenziya) məktubu ilə İddiaçı istehlakçı hüquqlarının pozulmasına görə Cavabdeh MMC-dən “Hədiyyə” kartı üzrə ödənilmiş 100 manat məbləğində vəsaitin 10 gün ərzində ona qaytarılmasını xahiş etmiş və əks təqdirdə 100 manat vəsaitin və mənəvi ziyanın məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət olunacağını bildirmişdir(səh. 5-6); ********** nömrəli qəbzin surətindən görünür ki, “Karaca və BergHoff Baku City” şirkətinin hesabına 100 manat məbləğ köçürülmüşdür(səh.12). “İnstagram” və “WhatsApp” sosial şəbəkələrində İddiaçı ilə "Karaca" mağazalarının yazışma surətlərindən görünür ki, İddiaçı online olaraq 100 manat hədiyyə kartı sifariş vermiş, kart hədiyyə olunan adamın adı Durna Həsənova, qeydiyyat üçün isə İddiaçı olaraq bildirmişdir(səh.7-11); Həsənov X3 istehsalı olan "Karaca" əmtəə nişanlı məhsulların Azərbaycan Respublikasında satışını həyata keçirən Cavabdeh MMC-dən ona məxsus "İnstagram" sosial şəbəkəsi vasitəsilə 07.08.2021-ci il tarixində 100 manat məbləğində "Hədiyyə” kartı şifariş etmişdir. 07.08.2021-ci il tarixində saat 11:45 radələrində "Hədiyyə” kartı kuryer vasitəsilə iddiaçının yaşadığı ünvana çatdırılmışdır. Ödəniş də iddiaçıya məxsus "xxxx" ASC-yə məxsus birkart kredit kartı vasitəsi ilə aparılmışdır. Ödəniş aparıldıqdan sonra "Hədiyyə” kartını iddiaçıya çatdıran şəxs post terminalın qəbzini təqdim etməklə yanaşı, "Hədiyyə” kartının iddiaçıya çatdırılmasına dair 1 nüsxədən ibarət təhvil aktına imza etdirmişdir. Həmin aktı da "Hədiyyə” kartını çatdıran şəxs özü ilə aparmış və iddiaçıya post terminal qəbzindən başqa heç bir sənəd təqdim etməmiş və ya hər hansı bir məlumat da verməmişdir. İddiaçı "Hədiyyə” kartını bacısına hədiyyə etmiş, daha sonra o, hədiyyə etdiyi şəxs ilə birlikdə 06.11.2021 -ci il tarixində "Karaca" əmtəə nişanlı məhsulların satışı təşkil olunan "Azadlıq” prospektində və 07.11.2021-ci il tarixində isə "28 Mall" ticarət mərkəzində yerləşən mağazalarda endirimdə olan "119 manat dəyərində olan qazan dəsti" məhsulunun ödənişin bir hissəsinin nağd, qalan hissəsini isə 100 manat məbləğində olan "Hədiyyə” kartı ilə ödənilməsi satış təmsilçisinə bildirilmişdir. Satış təmsilçisi ödənişin "Hədiyyə” kartı ilə aparılmasından qəti surətdə imtina etmişdir. İddiaçı mənəvi zərərlə bağlı iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının cavabdehin təqsiri nəticəsində baş verdiyini, bacısı üçün hədiyyə aldığını, bacısından utandığını və mənəvi əziyyət çəkdiyini, ona mənəvi zərər dəydiyini qeyd etmişdir. Maddi ziyanı tələb etməyinin səbəbi isə birinci dəfə Azadlıq prospektində, ikinci dəfə isə "28 Mall" ticarət mərkəzində yerləşən "Karaca" mağazalarına getmələri, yanacaq və duracaq xərclərinin çəkilməsini, bundan sonra dəfələrlə telefon vasitəsi ilə şikayətlərin edilməsi ilə əlaqədar çəkilən xərclərlə əlaqəlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-517/2022 saylı işi üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "Evfemiya” MMC-dən İddiaçı xeyrinə 100 manat pul, 10 manat maddi zərər və 50 manat mənəvi zərər olmaqla 160 manat vəsait tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" MMC-dən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 567, 1096.1, 1097.1, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13.1, 13.4, 16-ci maddələrinə, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinadən qeyd edilmişdir ki, İddiaçı cavabdeh "Evfemiya” MMC-yə qarşı iddia tələbinin "Evfemiya” MMC-dən 100 manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Belə ki, İddiaçı birinci dəfə Azadlıq prospektində, ikinci dəfə isə "28 Mall" ticarət mərkəzində yerləşən "Karaca" mağazalarına getməsini, yanacaq, duracaq xərci çəkməsi, bundan sonra dəfələrlə telefon vasitəsi ilə şikayətlərin edilməsi ilə əlaqədar çəkilən xərcləri nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu müəyyən edilir. "Evfemiya” MMC-dən 10 manat maddi ziyanı, iddia tələbi mənəvi zərər hissədə qismən əsaslı olduğundan qismən 50 manat məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İddiaçı "Hədiyyə” kartını bacısı Həsənova Durnaya hədiyyə etmiş, daha sonra o, hədiyyə etdiyi bacısı Həsənova Durna ilə birlikdə 06.11.2021 -ci il tarixində "Karaca" əmtəə nişanlı məhsulların satışı təşkil olunan "Azadlıq” prospektində və 07.11.202-ci il tarixində də "28 Mall" ticarət mərkəzində yerləşən mağazalarda endirimdə olan "119 manat dəyərində olan qazan dəsti" məhsulunun ödənişinin bir hissəsinin nağd, qalan hissəsini isə 100 manat məbləğində olan "Hədiyyə” kartı ilə ödənilməsi satış təmsilçisinə bildirilmişdir. Satış təmsilçisi ödənişin "Hədiyyə” kartı ilə aparılmasından qəti surətdə imtina etmişdir. Bu zaman o, bacısına toy hədiyyəsi almadığı üçün utanmış və mənəvi əziyyət çəkmişdir. İddiaçının bununla bağlı bacısının yanında mənəvi sarsıntı keçirməsi mübahisəsiz haldır. Cavabdehdən tutulmuş 10 manat maddi zərər məbləğinin mənəvi zərərə tənasüblüyü nəzərə alınmalı, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərə görə cavabdeh "Evfemiya” MMC-dən İddiaçı xeyrinə 50 manat tutulmalıdır. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-517/2022 saylı işi üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçı da göstərdiyi kimi hədiyyə kartının arxa hissəsində “kartın istifadə haqqı yalnız qeydiyyatdan keçmiş kart sahibinə aiddir” və “bu kartla yanaşı şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir” kimi qeydlər vardır. Məhkəmə İddiaçı şəxsən 06.11.2021-ci il və 07.11.2021-ci il tarixlərdə MMC-nin fəaliyyət göstərən mağazalarına yaxınlaşaraq müraciət etdiyini qeyd etsə də, bu hal mötəbər dəlillə sübut olunmamış, İddiaçı özü isə məhkəmə prosesi zamanı 06.11.2021 -ci il tarixdə mağazaya özünün deyil, bacısının yaxınlaşdığını qeyd etmişdir; Yəni məhkəmə qeyd olunan halları yalnız iddiaçının dedikləri əsasında sübut kimi qəbul etmişdir.Həmçinin, İddiaçı digər mobil nömrə vasitəsilə (**********) "xxxx" sifariş etdiyini göstərir. MMC-dən qeyd olunan mobil nömrə vasitəsilə heç bir hədiyyə kartı sifariş olunmamışdır. Əgər bu nömrə ilə hədiyyə kartı sifariş olunubsa, iddiaçı növbəti hədiyyə kartını istifadə edibmi? İstifadə edibsə deməli ona hər hansı bir maneə yaradılmayıb, yaradılıbsa iddia ərizəsində bunu niyə göstərməyib. Həmçinin, əgər şəxs bir mağaza və ya müəssisə ilə problem yaşayıbsa niyə ikinci dəfə həmin şirkətdən hədiyyə kartı sifariş edir;İddiaçı da göstərdiyi kimi hədiyyə kartının arxa hissəsində “kartın istifadə haqqı yalnız qeydiyyatdan keçmiş kart sahibinə aiddir” və “bu kartla yanaşı şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir” kimi qeydlər vardır. İddiaçı elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək, cavabdehin ümumiyyətlə hədiyyə kartının istifadəsi zamanı hədiyyə kartının üzərində qeyd olunan istifadə qaydaları istisna olmaqla, hər hansı digər sənəd təqdim etmədiyini, həmçinin alğı-satqı zamanı belə bir sənədin vacibliyi barədə hər hansı məlumat vermədiyini bildirmiş və cavabdehin apellyasiya şikayətini təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə İlyas oğlu apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya pulunun qaytarılması şərti ilə iddia tələbini geri götürməsi ilə bağlı təklif etdiyini, lakin sonradan müdriyyət tərəfindən pulun qaytarılması əvəzinə alış-veriş etmək təklifinin edildiyini, iddiaçının bununla razılaşmadığını, kart sahibinin mağazaya şəxsiyyət vəsiqəsini təqdim etməklə özünün mağazaya yaxınlaşmalı olduğunu və qarşı tərəfin mağazaya özünün yaxınlaşdığını sübut edə bilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 63, .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385-388, 560; 567, 1096-1099, 1115, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilməlidir ki, bütövlükdə cavabdeh tərəfindən mülki məsuliyyət qəbul edilib (məsuliyyəti aradan qaldıran hallar müəyyən edilməmişdir) və buna əyani sübut cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər etmək və ya alış-veriş etmək təklifi vermək istəməsidir. Belə ki, aralarında razılaşma olan tərəflər şərtlə bağlanmış əqdə imza atmamış, kartın istifadəsinə hər hansı məhdudiyyət barədə xəbərdarlıq edilməsi sübuta yetirilməmiş və özünün adından göründüyü kimi kartın təyinatı əmlak–pul dövriyyəsinin vasitəsi kimi alıcıların hədiyyə etmək niyyətlərinin həyata keçirilməsi olmuşdur. Kollegiya hesab edir ki, mülki məsuliyyətdən irəli gələn zərər üzrə öhdəliklərin yerinə yetirilməsini sübuta yetirən vəzifələr məhz cavabdehə mənsubdur ki, mübahisələndirdiyi hallara dair mötəbər sübutlar təqdim etməmiş və apellyasiya şikayətini ehtimallarla əsaslandırmışdır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-517/2022 saylı işi üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar