Məhkəmə qərarları › İş №2(103)-3374/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3374/2021

30.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3374/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Rüfət Hüseynovun, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair 2(009)-2459/2019 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 3232,28 manat, hesablanmış cəriməyə görə 2118,50 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5380,78 manat pulun alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, «MKT-İmişli» filialı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 15,99 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 31,98 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmagı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 8912 manat 53 qəpik məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 5397 manat 42 qəpik məbləğində 10794,84 kq xam-pambıq təhvil vermişdir ki, bu da, müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 282 manat 83 qəpik məbləğində vəsaiti Cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 3232 manat 28 qəpik borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən «MKT-İmişli» filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 fonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2 118 manat 50 qəpik təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 31,98 ton, verilib: 10794,84 kq, verməmişdir: (31,98 t-10,795 t) x 500 manat x 20%=2 118,5 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 3232,28 (üç min iki yüz otuz iki manat iyirmi səkkiz qəpik) manat əsas borcun, 323 (üç yüz iyirmi üç) manat cərimə borcunun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prossesindən məlumatı olmamışdır. Ona görə də vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Sözü gedən qətnamədən xəbəri icra şöbəsindən ona zəng gələndən sonra olmuşdur. Bundan sonra həmin qətnaməni almaq üçün məhkəməyə müraciət etmiş və qətnamə ona poçt vastəsi ilə rəsmi olaraq xx.xx.2020-ci il tarixində tədim edilmişdir. Qətnamədə yalnız iddiaçının nümayəndəsinin əsassız izahatı əsas götürülmüş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə iddianın təmin edilmiş hissəsində qətnamə yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 17 *** **** saylı müqavilədən görünür ki, cavabdeh 15,99 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 31,98 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 fonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan cərimənin məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə cərimənin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya hesab edir ki, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin halları nəzərə alınaraq, cərimənin məbləği tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalı cərimə borcu 161 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimənin tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)- 2459/2019 saylı qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 161 (yüz altmış bir) manat cərimə borcu tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar