Məhkəmə qərarları › İş №2(103)-3379/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3379/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3379/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı uşaqların ananın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin tutulması, uşaqların ananın himayəsinə verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-490/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh övladları ilə maraqlanmır, onların heç bir tələbatını ödəmir. Buna görə də cavabdehdən aliment alınaraq ona ödənilməlidir

3. Cavabdeh qarşılıqlı iddia verərək, uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi və ilkin iddia tələbinə ehtiyac qalmadığından həmin iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, nikahları pozulandan indiyə kimi o, övladları ilə görüşməkdən məhrum edilmişdir. Nikahın pozulması zamanı səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak etməmişdir. Cavabdeh nikahın pozulmasına dair məhkəməyə müraciət edən zaman heç bir işlə məşğul olmamışdır. İddiaçı təkidi nəticəsində övladlarının onun himayəsinə verilməsinə razı olmuş, İddiaçı və onun ailəsinə bildirmişdir ki, özünə iş tapandan sonra uşaqlarını geri alacaq. Hal-hazırda işləyir, valideyinləri ilə yaşayır və anası övladlarına baxmağa ən böyük köməkçidir.

5. Sabunçu Rayon Məhkəməsinin 2(008)-490/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilkin iddia qismən təmin olunmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia bütünlüklə rədd olunmuşdur. Apellyasiya instansiya məhkəməsində birinci icraat:

6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmini tədbiri olaraq uşaqlarla ananın ünsiyyəti haqqında ərizə təmin edilsə də, uşaqlarla ananın ünsiyyət saxlaması düzgün icra olunmur. Cavabdeh uşaqları müxtəlif bəhanələrlə görüşə gətirmir, gətirdiyi zaman isə ananın uşaqlarla sərbəst ünsiyyət saxlamasına mane olur və Aysellə ananın görüşü zamanı cavabdeh baxışı, əl hərəkətləri ilə uşağa təsir edə bilir. İlk dəfə Aysel anası ilə çox mehriban görüşməsinə baxmayaraq, ikinci dəfə onunla görüşməyə çəkinmişdir və mənim Arzu adında anam var demişdir. Ata qızı Aysellə ananın ünsiyyətinə demək olar ki, heç cür imkan vermir. Belə olan halda uşaqla ana necə ünsiyyət yarada bilər. Ananın uşaqlarla görüşü zamanı cavabdeh onlarla eyni otaqda olmaqla istədiyi kimi uşaqlara təsir edə bilir. İcracı da ona şərait yardır. Ana uşaqlardan ayrılandan sonra dəfələrlə cavabdehə və onun ailəsinə müraciət edib, amma onlar ananın balaları ilə görüşməsinə imkan verməyiblər. Onu şantaj edərək, fikrindən yayındırmağa çalışıblar. Uşaqlara anası haqqında müxtəlif yalanlar uyduraraq onun yaxşı ana olmadığı fikrini aşılayıblar. Hazırda Zaur faktiki olaraq ailə qurub və uşaqlara öz doğma anası ola-ola ögey ana baxır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4041/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qətnaməsi ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilmiş və ləğv olunan hissədə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı aliment təlbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması, xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atilla ataları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilmələri qət edilmişdir. Kassasiya instansiya məhkəməsində icraat:

9. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4041/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı aliment tələbinə dair ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh uşaq tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 860/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli 2(103)-4041/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun iahat verərək göstərdi ki, Zaur Niftıliyevin atası ilə özünün atası əmiuşağıdırlar, Zaur qəsdən ailədə münaqişə yaradaraq ona böhtan atmış, guya onun başqa şəxslə yazışmasını tutduğunu bildirərək bütün qohumları ona qarşı qoymuş, həmin ərəfədə ona fiziki, güclü mənəvi və psixoloji basqılar olmuş, valideynlərinin və digər qohumlarının israrlı tələbi ilə uşaqların müvəqqəti olaraq ataları ilə qalmasına razılıq ərizəsini imzalamış, həmin vaxt onu əmin etmişlər ki, uşaqlarla ünsiyyətdə hec bir problem olmayacaq, sonradan başa düşmüşdür ki, onu aldatmışlar, düşdüyü ağır mənəvi və psixoloji vəziyyətdən istifadə edərək onu azyaşlı uşaqlarından ayırmışlar, bu müddət ərzində uşaqları ilə görüşmək, onlarla ünsiyyətdə olmaq istəyi uğursuz olmuşdur, məhkəmə qərarları da icra olunmur, artıq o özünü toparlayıb və ana olaraq azyaşlı uşaqlarının ona qaytarılmasını tələb edir, qarşı tərəf hər vasitə ilə onun bu hüquqlarını pozur, azyaşlı uşaqlarda ona qarşı nifrət hissi aşılayır, uşaqların ondan soyuması üçün bütün vasitələrə əl atır, doğma anaları ola-ola uşaqlara ögey ananın baxması düzgün deyil, nəzərə alsaq ki, Zaurun yeni arvadından körpə uşağı doğulub, onda aydın olar ki, özgə uşaqlara münasibət necə olacaq. Odur ki, şikayətinin təmin edilməsi və uşaqlarının ona qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Ç.Eyyubova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, uşaqdan imtina barədə ərizə cavabdehə edilmiş təzyiqlə yazılmışdır. O özü həmin işdə də Zərnişanın vəkili olmuşdur, həmin vaxt Zərnişana yalandan ərinə xəyanət damğası vurularaq, o, ailəsində və bütün qohumların içində qınaq hədəfinə çevrilmiş, günlərlə alilədə bu zəmində təhqir və təhdidlərə məruz qalmış, uşaqlardan imtinaya dair ərizəni Zərnişan yazmaq istəməmiş, dəfələrlə ona müraciət edərək uşaqlarından imtina etməyəcəyini bildirmiş, lakin atasının təhdidlərindən sonra məcbur qalıb bu addımı atmışdır. Həmin ərəfədə Zərnişanın mənəvi və psixoloji durumu gərgin olmuşdur, hətta iddiaçı cavabdehi hər dəfəsində öldürməklə hədələyirdi. Bununla belə, həmin vaxt iddiaçı tərəf uşağı müvəqqəti apardığını bildirmişdi. Amma sonrakı hadisələr göstərdi ki, onlar bu vədlərinə də əməl etmək fikrində deyillər, onların əsas məqsədi uydurulmuş ittihamlarla ananı təkləyib və qorxudub uşaqları birdəfəlik anadan qoparmaq olmuşdur. Həmin ərəfədə yazılan ərizənin ananın həqiqi iradəsi olmadığı aydın məsələdir, bunun əlavə sübutuna da zərurət qalmır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, həqiqətən də onların ataları əmiuşağıdır, keçmiş arvadının başqa şəxslə yazışmasını tutmuş, bu barədə onun valideynlərinə bildirmiş, bütün ailə və qohumlar Zərnişanı bu hərəkətinə görə qınamış, hətta Zərnişanın öz anası qəti şəkildə bildirmişdir ki, bundan sonra Zərnişanın uşaq tərbiyə etməyə haqqı çatmır, həmin ərəfədə bu məsələ uzun-uzadı müzakirə olunmuşdu, belə oldu ki, həmin vaxt ana özü uşaqlardan imtina etmişdir, həmçinin cavabdehin valideynləri də uşağın aparılmasına etiraz etməmişlər, özü yeni ailə qurub, ikinci nikahdan hazırda bir körpə övladı var və uşaqlar onunla qalır, o, uşaqların anaları ilə ünsiyyətinə mane yaratmır, uşaqlar özləri analarını görmək istəmir. Bunla belə, iddiaçı heç vaxt ananın uşaqlara münasibətində hər hansı kobud və ya laqeyd münasibətinin, onların təlim-tərbiyəsində yanlışlıq etməsinin şahidi olmadığını bildirdi. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, cavabdeh öz istəyi ilə uşaqdan imtina etməsi barədə ərizə yazmışdır. Ona hər hansı bir formada təzyiq olmamışdır, belə bir sübut yoxdur, həmin vaxt onun vəkili də olmuşdur. Cavabdeh tərəf israrla Zaurun yeni ailə qurması və körpə uşağının olmasını qabardır. Bununla bağlı Ali Məhkəmə hazırkı iş üzrə qərarında qeyd etmişdir ki, Zaurun yeni ailə qurması uşaqların onun yanında qalmasına mane olan hal deyildir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

15. İddiaçı ilə Cavabdeh yetkinlik yaşına çatmamış iki uşaqları var: 25.05. 2015-ci il tarixdə doğulmuş X3, xx.xx.2018-ci il tarixdə doğulmuş X4.

16. Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin xx.xx.2014-cü il tarixdə bağlanmış nikahları pozulmuş, Cavabdeh razılığı nəzərə alınmaqla hər iki uşaq atalarının yanında saxlanılmışdır. Həmin işdə aliment tələbi olmamışdır.

17. Cavabdeh xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də fəhlə-operator vəzifəsində işləyir və 500 manat əmək haqqı alır ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış).

18. Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 5-18/2-2787 №-li xx.xx.2023-cü il tarixli rəyinə əsasən hər iki uşağın ataları İddiaçı yanında qalmaları məqsədəuyğun hesab edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 11/629 №-li ekspert rəyinə əsasən: X3 psixi inkişafına, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Ayselin halhazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzrə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik Ayselin emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. Cavabdeh və İddiaçı hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək və uşaqları ilə ünsiyyətinə mane ola biləcək aqressivlik əlamətləri müəyyən olunmur. X2 5 yaşı tamam olmadığından onunla məhkəmə psixoloji ekspertizasının keçirilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

21. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birğə yaşamaq hüququna malikdir.

22. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

23. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Maddə 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

26. Maddə 99. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur.

27. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

28. BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloj əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan bəyanat verilməzdi. Belə ki, birinci, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikinci, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var.

29. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

44. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

46. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

47. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

48. 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

49. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən hesab edir ki, qətnamə iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız uşağın ananın himayəsinə verilməsi və aliment tutulması hissəsində yoxlanılmalıdır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası tərəflərin və onların vəkillərinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin hazırkı işlə bağlı qərarında şərh olunan göstərişlərlə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

52. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

53. Apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 14 mart 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, .... tərəflər arasındakı nikah pozularkən uşaqların atanın yanında qalmasına dair ana razılıq ərizəsi yazmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini zəruri edən hansı dəyişikliklərin baş verdiyini ətraflı araşdırıb hüquqi qiymət verməmişdir. Atanın yenidən evlənməsi əvvəlki nikahdan olan uşaqlarının ondan alınmasını zəruri edən hal kimi qiymətləndirilə bilməz. Eləcə də apellyasiya instansiyası məhkəməsinin hansı sübutlar əsasında ananın razılıq ərizəsini böyük basqı, təzyiq altında verdiyini müəyyən etməsi aydın deyil. Yəni, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə sübutları qiymətləndirməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin etdiyindən ilk iddianı rədd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində prosessual pozuntularla qəbul edildiyindən və bu pozuntular qətnamənin ləğvinə səbəb olduğundan, qarşılıqlı iddianın təmin edilməsi (tam və ya qismən) ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldıra biləcəyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilməlidir.

54. Məhkəmə kollegiyası hazırkı mülki iş üzrə Ali Məhkəmənin qərarında şərh olunan həmin göstərişlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

55. Belə ki, həmin qərarda əvvəlki apellyasiya icraatı zamanı qəbul olunmuş qətnamənin əsasının İddiaçı yeni ailə qurması və nikahın pozulmasına dair mübahisəyə baxılarkən Cavabdeh uşaqlarından imtinasının basqı və təsir altında verməsinin təşkil etdiyi, bunlardan iddiaçının yeni ailə qurmasının əvvəlki nikahdan olan uşaqların ondan alınması üçün zəruri hal olmadığı, cavabdehin uşaqlardan imtinaya dair ərizəni isə basqı və təzyiq altında verilməsinin nəyə əsasən müəyyən edildiyinin aydın olmadığı göstərilmişdir.

56. Hazırkı mülki işin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Aysel, xx.xx.2018-ci il təvəllüdlü Atilla adlı uşaqları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin vaxt Cavabdeh yazılı ərizəsinə əsasən azyaşlı iki uşaq atalarının yanında saxlanılmışdır. Həmin işdə uşaqların saxlanılması üçün aliment tutulması məsələsi həll edilməmişdir.

57. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı uşaqların saxlanması üçün aliment tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh isə uşaqların İddiaçı alınaraq onun himayəsinə verilməsini tələb edir.

58. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən birinci göstəriş, yəni atanın yeni ailə qurmasının əvvəlki nikahdan olan uşaqların ondan alınmasını zəruri edən hal olmaması ilə bağlı qeyd edir ki, həqiqətən də, bu halın mövcudluğu özözlüyündə uşaqların atadan alınması üçün əsas ola bilməz. Bununla belə, baxılan işin hallarından asılı olaraq fərqli qənaətlərin hasil olması da istisna edilə bilməz. Elə hazırkı işdə olduğu kimi. Heç kim mübahisələndirmir ki, uşaq hüquqları ilə bağlı məsələ gündəmə gəldikdə ilkin hədəf məhz uşaqların üstün mənafeyinin qorunması, onların sağlam, təhlükəsiz mühitdə, həm də onların həqiqi maraqları baxımından komfortsərbəst şəraitdə və qayğı altında yaşamalarının təmin olunmasıdır. Uşaqların üstün mənafeyi baxımından onların həqiqi maraqlarına gəldikdə isə nəzərdən qaçırmaq olmaz ki, bu maraqları məhz uşaq hüquqları ilə bağlı məsələni həll etməli olan səlahiyyətli orqan, hazırkı halda isə məhkəmə müəyyən etməlidir. Bu zaman dindirilən azyaşlıların işlətdikləri “mən anamı istəmirəm”, “anam bizə baxmır”, “anam pisdir”, “mənim yeni anam var” məzmunlu, aşkar öyrədilmiş şablon və azyaşlıların həqiqi istək və arzularına, eləcə də onların emosional hisslərinə uyğun olmayan ifadələr deyil, həmin yaş qrupuna məxsus uşaq üçün əlverişli və “münbit” olan vəziyyət və şərait əsas götürülməlidir. Madam belə isə, onda baxaq görək, bu qeyd olunanların tətbiqi hazırkı işin halları baxımından hansı qənaətə gəlməyə əsas verir. Bizim işdə ana doğma olan azyaşlı uşaqlarını öz himayəsinə almaq istəyir, ananın bu istəyinin həqiqiliyi şəksizdir. Adi nikahın pozulması proseduru baxımından yanaşıldıqda, burada azyaşlı uşaqların ananın himayəsinə verilməsinə mane olan hər hansı hal (ananın sağlamlıq durumu, pis vərdişlərinin olması, keçici xəstəliyin daşıyıcısı olması, uşaqlara münasibətdə pis rəftarı və sair) mövcud deyildir. Bununla belə, o da mübahisəsizdir ki, hazırkı işdə vəziyyət adi nikahın pozulmasından fərqlidir. Çünki hazırkı tərəflər arasında nikah daha öncə məhkəmə qaydasında pozulmuş və həmin məhkəmə aktına əsasən uşaqların atanın yanında qalması qərara alınmışdır. Lakin bu hal hazırkı işdə ananın istəyinə söykənən fərqli qənatə gəlinməsinə mane ola bilməz. Əvvəla, qeyd olunmalıdır ki, həmin vaxtdan, yəni uşaqların atanın himayəsində qalmasına dair qərardan müəyyən müddət keçmişdir, başlıcası isə, bu mübahisə davam edən münasibətlərə aid olmaqla, qüvvədə olan məhkəmə aktının olması valideynlərin azyaşlı uşaqlarına münasibətdə əvvəlki mövqeyindən fərqli tələbdə olmasına mane deyildir.

59. Ali Məhkəmə öz qərarında pozuntu kimi qeyd etmişdir ki, ...apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini zəruri edən hansı dəyişikliklərin baş verdiyini ətraflı araşdırıb hüquqi qiymət verməmişdir.....

60. Məhkəmə kollegiyası həmin göstərişlə bağlı aparılmış araşdırmalara əsasən qeyd edir ki, hazırkı işdə çəkişən valideynlərə münasibətdə azyaşlıların kimin yanında qalmasına ciddi təsir edə biləcək dəyişikliklər baş vermişdir.

61. Anaya münasibətdə, nikahın pozulması zamanı qeydə alınan mövqeyindən fərqli olaraq (həmin vaxt uşaqlardan imtinaya dair verilən ərizənin onun həqiqi iradəsi olub- olmamasından asılı olmayaraq) ana hazırda, həm də çox israrlı şəkildə uşaqların onun himayəsinə verilməsini istəyir. Bir daha qeyd olunmalıdır ki, ananın bu istəyinin həqiqiliyi şübhəsizdir. Məhkəmə kollegiyasının qənaətinə görə, təkcə bu faktın özü azyaşlı uşaqların kimin himayəsində qalması məsələsində “zəruri dəyişiklik” hesab edilə bilər.

62. Ataya münasibətdə, Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən hallar bağlı qeyd edir ki, həqiqətən də, atanın yeni ailə qurması öz-özlüyündə əvvəlki nikahdan olan uşaqların ondan alınması üçün əsas deyildir. Bununla belə, nəzərə almaq lazımdır ki, işin halları fərqli qənaəti istisna etmir. Məsələn, yeni nikahdan sonra atanın uşaqlara münasibətinin dəyişməsi, atanın həyat tərzinin uşaqların sağlamlıq və tərbiyəsinə pis təsir edəcək şəkildə dəyişməsi, atanın yeni arvadının uşaqlarla kommunikasiyasının- onlarla ünsiyyətin alınmaması, birlikdə yaşayan yeni “ana”ın azyaşlıların çox həssas olan hisslərini “görə” bilməməsi, uşaqlara biganə münasibəti, öz körpə uşağının qayğıları baxımından atanın himayəsinə verilmiş azyaşlılara diqqət ayıra bilməməsi və s. bu kimi hallar, sözsüz ki, azyaşlıların atadan alınmasını diktə edə bilər. Hazırkı işdə isə ata yeni ailə qurmuş və bu müddət ərzində onun yeni arvadından körpə övladı dünyaya gəlmişdir. Heç kəsə sirr deyil ki, müasir dövrdə yeni doğulan uşağa baxılması hansı çətinliklərlə müşahidə olunur, bu zaman nəinki uşağın anası, demək olar ki, bütün hallarda yeni doğulan uşağın həm ata, həm də ana tərəfdən olan nənələri, bibiləri, xalaları, bəzən də uşaq doğan ananın rəfiqələri əlbir olub yeni doğulan uşağın ayaq tutub yeriməsində anaya yardım edirlər. Belə olan halda isə çox ciddi sual yaranır, bəs atanın əvvəlki nikahdan olan, həm də azyaşlı olan uşaqların taleyi neçə olacaq. Məhz bu sualın cavabı və bir qədər öncə qeyd edildiyi kimi, azyaşlıların üstün mənafeyi, hazırkı halda azyaşlıların bundan sonra kimin yanında qalması məsələsinə yenidən baxılmasını qaçılmaz edir.

63. Ali Məhkəmənin qərarında qeyd olunan ikinci göstərişin- ananın nikahın pozulması zamanı uşaqlardan imtinanın basqı və təzyiq altında verməsi məsələsi aydınlaşdırılarkən cavabdeh və onun vəkili bu halı, yəni həmin imtinanın ananın həqiqi iradəsinə uyğun olmamasını inandırıcı şəkildə izah etmişlər. Məsələ ondan ibarətdir ki, İddiaçı bu faktı dəsdiq etmişdir (bax qətnamənin 11-13-cü bəndləri). Bunda əlavə, tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı arvadının telefonunda onun başqa şəxslə yazışmalarını tapdıqdan sonra bu barədə cavabdehin valideynlərinə bildirmiş, bütün qohumlar məlumatlı olmuş və yığışıb ananı “mühakimə” etmişlər, cavabdehin anası da -“bu hərəkətdən sonra Zərnişanın uşaqları tərbiyə etməyə haqqı yoxdur” demiş, hamı onu qınamışdır. Belə bir mənəvi və psixoloji vəziyyətdə olan cavabdehin həmin ərizəsindəki istəyinin onun həqiqi iradəsinə uyğunluğunu qəbul etmək inandırıcı və ağlabatan görünmür.

64. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən, eləcə də apellyasiya baxışı zamanı uşaqların ananın himayəsinə verilməsini məhdudlaşdıran və bununla bağlı uşaqların mənafeyinə zidd olan hər hansı hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin özünün də qətnamədə qeyd etdiyi kimi, xx.xx.2015-ci il təvəllüdlü Ayselin anası Cavabdeh ilə bağlı fikirlərinə və ünsiyyətdə olmaq istəyinə kənar psixoloji təsir əlamətləri vardır. Bu fakt istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı (əlavə) keçirilmiş məhkəmə psixoloji ekspertizaların rəyləri ilə tam təsdiq olunur. Birinci apellyasiya baxışı zamanı Aysel dinlənilərkən onun anası ilə bağlı söylədikləri sözlərin də onun öz sözləri olmadığı açıq şəkildə görünür. Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda da Ayselin ata tərəfindən təsirlərə məruz qaldığı qeyd olunmuşdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, həm milli qanunvericilikdə, həm beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur.

66. 1-ci, BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan bəyanat verilməzdi. Belə ki, birinci, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikinci, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var. Hazırkı işdə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Anada uşaqlara zərər yetirə biləcək hər hansı mənfi cəhət yoxdur, o, uşaqları tərbiyə etmək, onların qeydinə qalmaq iqtidarındadır. Atanın malik olduğu maddi imkanlar (mənzil şəraiti, qazanc və s.) ana nəvazişini və qayğısını əvəz edə bilməz. 2-ci, ananın başqa kişi ilə nikahdankənar münasibətdə olması həqiqi olubolmadığından asılı olmayaraq uşaqların anadan alınmasına əsas ola bilməz. Belə ki, həmin hal ər-arvad arasındakı şəxsi münasibətlərə aid mübahisə (məs., nikahın pozulması barədə mübahisə) həll edilərkən nəzərə alına bilər, valideyn-övlad münasibətlərinə aid mübahisənin həllinə aidiyyəti yoxdur. Bu cür mübahisələr həll edilərkən qadının ərinə qarşı davranışı deyil, uşağına qarşı davranışı əsas götürülür. Məhkəmələrdə aparılmış icraat zamanı məhkəmə uşaqları dinləmiş, ananın uşaqlara qarşı kobud, əxlaqa zidd, eləcə də onların maraqlarına xələl gətirən davranışı müəyyən edilməmişdir. Belə bir halın mövcud olmadığını iddiaçı- ata özü də təsdiq etmişdir. 3-cü, ananın maddi vəziyyətinin bu məsələnin həllində əhəmiyyəti yoxdur. Heç bir qadın mənzili olmadığına və ya qazancının miqdar az olduğuna görə analıq hislərindən məhrum edilə bilməz. 4-cü, qəyyumluq və himayə komissiyası uşağın atanın himayəsinə verilməsinin məqsədə uyğun olması barədə rəy versə də, 1-ci, həmin rəy formal əsaslandırılıb; 2-ci, rəy məhkəmə üçün məcburi deyil. Yuxarıda göstərilən hallar məhkəməyə əsas verir ki, rəyi nəzərə almasın. 5-ci, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində qeyd olunub ki, uşaqlarda anaya qarşı bağlılıq müəyyən olunmur, uşaqların hazırda adaptasiya olunduqları (uyğunlaşdıqları) mühitdən ayrılması onların emosinal-iradi sferasına neqativ təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, bağlılığın olmamasına səbəb son iki il ərzində ərzində ananın uşaqlardan ayrı yaşaması, eləcə də onlarda anaya qarşı ikrah hissinin yaradılması ilə bağlıdır. Ana uşaqlarla birlikdə yaşamağa başladıqdan sonra bağlılıq bərpa olunacaq. Bu, uşaqlara xas xüsusiyyətdir: uşaq kiminlə birlikdə yaşayırsa ona qarşı bağlılıq yaranır, kimdən ayrı yaşayırsa ona qarşı bağlılıq ya zəif olur, ya da olmur. O cümlədən əksər insanların adaptasiya olunduğu (uyğunlaşdığı) mühitdən ayrılması onların emosinal-iradi sferasına neqativ təsir göstərir, bu, adi haldır. Uşaqlar müəyyən müddət ana ilə birlikdə yaşadıqdan sonra həmin hal aradan qalxacaq. Belə ki, həmin rəydə azyaşlı Ayselin anası ilə bağlı fikirlərinə və ünsiyyətdə olma istəyinə valideynlər və yaxın qohumlar arasındakı qarşılıqlı münasibətlərin neqativ təsirinin olduğu qeyd edilmişdir.

67. 6-ci, uşaqlar dinlənilərkən ata ilə birlikdə yaşamaq istədiklərini bildirsələr də, həmin yaşda uşaqların fikri bu məsələdə həlledici deyil, həm də nəzər alınmalıdır ki, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda da Ayselin ata tərəfindən təsirlərə məruz qaldığı qeyd olunmuşdur.

68. Oxşar məsələylə bağlı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 7.1-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu göstərmişdir ki: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında (himayəsində) saxlanılmasıyla bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmalı, bu vaxt digər amillərlə yanaşı uşağın yaşı da nəzərə alınmalıdır.

69. Məlum məsələdir ki, hazırkı işdə olduğu kimi, azyaşlı uşaqların üstün mənafeyi, ciddi əsaslar olmadıqca, onların məhz ananın yanında saxlanmasını tələb edir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, həmin yaşda olan uşağın ananın deyil, məhz atanın yanında qalmasının müəyyən edilməsi üçün çox ciddi əsasların - məsələn, ananın fəliyyət qabiliyyəti olmayan hesab edilməsi, ananın uşaqla qəddar, amansız rəftarı, eləcə də xroniki alkoqol və ya narkomaniya xəstəsi olması barədə müvafiq tibbihəkim rəyinin mövcudluğu və s. bu kimi müstəsna halların olması gərəkdir.

71. Hazırkı mülki iş üzrə isə azyaşlı uşaqların anasına (cavabdehə) münasibətdə qeyd edilən hallardan hər hansı biri mövcud deyildir, müəyyən olunmamış, eyni zamanda da hazırkı işin yuxarıda qeyd olunan faktiki halları azyaşlıların üstün mənafeyi baxımından onların məhz ananın himayəsinə verilməsini şərtləndirir.

72. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaqların atanın himayəsində qalması və buna ananın razılıq ərizəsi yazması uşaqların hazırda ananın himayəsinə verilməsinə mane ola bilməz.

73. Beləliklə də, iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən aparılmış araşdırmaların nəticəsi olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddianın təmini öz-özlüyündə ilkin iddinın təminini istisna edir və bu səbəbdən də prosessual qənaət prisipi baxımından onun əlavə əsaslandırılmasına zərurət qalmır.

74. Məhkəmə Kollegiyası həmçinin qeyd edir, Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.2-ci maddəsinin tələbinə görə Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

75. MPM-in 149.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

76. Hazırkı tələb nikahın pozulması ilə bağlı olmamışdır və alimentin tutulması barədə də tələb yoxdur. Belə olan halda, hesab edilir ki, aliment tutulması barədə məsələ hazırkı icraata çərçivəsində həll edilə bilməz. Nəticə:

77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı baxılan hissədə aliment təlbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin olunmalı, xx.xx.2015-ci il təvəllüdlü Aysel və xx.xx.2018-ci il təvəllüdlü Atilla ataları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilməlidir.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

79. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-490/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilsin və ləğv olunan hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı baxılan hissədə aliment təlbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin olunsun. 25.05. 2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 ataları İddiaçı himayəsindən alınıb anaları Cavabdeh himayəsinə verilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar