Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-338/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azad İstehlakçılar” İctimai Birliyinə qarşı “sığorta ödənişlərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)-6013/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə və müstəqil tələb irəli sürməyən 3cü şəxs “Azad İstehlakçılar” İctimai Birliyinə qarşı sığorta ödənişlərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə 5000 (beş min) manat sığorta ödənişi məbləğinin, hər gecikdirılmiş gün uçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 6670 manat məbləğində dəbbə pulunun (10 000 manat sığorta ödənişi x 667 gün x 0,1% dəbbə = 6.670), 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 12.670 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 5.000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə fiziki şəxs İddiaçı1 ilə “Cavabdeh ASC” arasında İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununa əsasən BA seriyalı, 719113 nömrəli icbari sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı1 sahibliyində olan Füzuli rayonu Horadiz şəhəri ünvanda yerləşən daşınmaz əmlaka 10.855 manat məbləğində sığorta təminatı verilmişdir. Sığorta müqaviləsi qüvvədə olan tarixdə sözügedən Füzuli rayonu ərazisində təbii fəlakət, yəni zəlzələ və yer sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı fiziki şəxsə tikinti uzrə 11.001 manat məbləğində zərər dəymişdir. Lakin Cavabdeh ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, sığortalıya tam şəkildə sığorta ödənişini verməmişdir. İddiaçı1 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bır hissəsini digər iddiaçı fiziki şəxs İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə bildiriş vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 6013/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 və nümayəndəsi və vəkili Vəkil vəsatət verərək işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığından qətnamə ləğv edilərək iş baxılması üçün 2 saylı Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından, o cümlədən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən təqdim olunan məlumata əsasən müəyyən olunur ki, İddiaçı1 Füzuli rayonu Horadiz şəhəridə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ********** VÖEN ilə Füzuli rayon Vegilər Şöbəsində fiziki şəxs kimi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazanın Füzuli rayonu Horadiz şəhəridə yerləşən mağazanın icbiari sığortası ilə bağlı sığorta ödənişinin edilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də, mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə apelyasiya instansiyası məhkəmələrinə izah edilmişdir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Yuxarıda qeyd olunduğu kimi, iş materiallarından görünür ki, İddiaçı1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirir və “xxxx” ASC ilə yaranan hazırki mübahisə məhz onun bu fəaliyyətindən irəli gəlir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mülki iş birinci instansiya məhkəməsi tərəfindən aidiyyat qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu, iş üzrə tərəflərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)- 6013/2019 saylı qətnaməsi ləğv edilsin və iş materialları mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-338/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-338/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver