Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3384/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5549/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3275/2012 saylı, xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə iddiaçıya xx.xx.2009-cu il təvəllüdlü Məhərrəm Murad İlqar oğlunun müalicə xərclərinə görə təyin olunmuş hər ay 50 manat müalicə xərclərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5549/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı aliment ödəyir. Yəni, iddiaçının tələbi əlavə xərclərlə bağlı idi, aliment tələbi ilə deyil. Məhkəmə təqdim edilmiş vəkil sorğusuna cavab olaraq təqdim edilmiş məktubu nəzərə almamışdır. İddiaçı 8 ildir ki, əlavə müayinə xərclərinə görə pul ödəyir. Vəkili tərəfindən Talassemiya Mərkəzinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, oğlu Murad Məhərrəmov 2018-ci ildə 1 dəfə 2020-ci ildə Mərkəzdən ümumi müayinədən keçmişdir. Heç vaxt ona qan bankından qan köçürülməmişdir. Məhkəmə bu qeyd edilən xüsusatları, yəni oğlu Murad Məhərrəmova heç vaxt qan köçürülmədiyini nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə qətnaməsində oğlu X2 xəstəliyinin xroniki olduğunu qeyd etmişdir. Lakin iş materiallarında onun xəstəliyinin xroniki, sağalmaz olmasına dair həkim arayışı olmamışdır. İş materiallarına əlavə edilmiş məktublardan görünür ki, oğlu xəstəliyi ilə bağlı “beta talassemiya kiçik forma” diaqnozu qoyulmuşdur. O, bugünədək yalnız 2018-ci ildə və 2020-ci ildə bir dəfə müayinə edilmişdir. Talassemiya mərkəzində, qeydiyyatda olduğu müddət ərzində hemotransfruziyaya və digər invaziv və qeyri-invaziv müalicə prosedurlarına ehtiyac olmamışdır. Yəni, iddiaçının qidalanma ilə bağlı sadaladığı ərzaqlar, alimentlə tam şəkildə ödənilir. Məhz bu qeyd edilən hallar məhkəmənin gəldiyi nəticənin əsassız olduğunu bir daha sübut edir. Hesab edir ki, oğlu X1 ilə bağlı bir təhlükə olmadığından və onun müalicəyə görə əlavə pul ödəməyinə ehtiyac olmadığından müalicə xərclərinin ləğv edilməsi ilə bağlı iddia tələbi təmin edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini və birinci instansiya məkəməsinin qətnaməsinin dəyişdiriləmədən saxlanmasını xahiş etmiş, iddiaçı isə səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, vəkili və nümayəndəsi isə əvvəlcə başqa məhkəmə işi olması ilə əlaqədar işin təxirə salınmasını xahiş etmiş, təxirə salınmış vaxtda isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üzrə qənaətini belə əsaslandırmışdır ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment və əlavə xərclərin ödənilməsi institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Alimentin və əlavə xərclərin müəyyən edilməsi zamanı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. İddiaçı ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş müalicə xərcinin ləğv edilməsi üçün kifayət qədər əsasların mövcud olmasını sübut edə bilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən X2 Talassemiya Mərkəzində beta talassemiya kiçik forma diaqnozu ilə qeydiyyatda olduğunu, xəstəliyinin xroniki (sağalmaz) olduğunu, daimi müayinələrə, yaxşı qidalanmaya, vitaminlərə, mütəmadi olaraq dərman preparatlarına ehtiyac olduğunu və gündəlik tələbatlarının artmasını da nəzərə alır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, AM-nin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. AM-nin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. AM-nin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi, yəni təmin edilməyən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar), qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçının Talasemiya Mərkəzində qeydiyyatda olan oğluna qan bankından qanın köçürülməməsi yaxud həmin Mərkəzdə son iki ildə - 2018-ci ildə iki dəfə, 2020-ci ildə isə bir dəfə müayinədən keçməsi və ya xəstəliyin xroniki sağalmaz olmasına dair həkimi arayışının olmaması iddianın əsaslı olduğuna dəlalət etmir. İddiaçı məhkəmənin bu halları nəzərə almadığını qeyd etsə də, bunların nəzərə alındığı halda nəyi dəyişəcəyini açıqlamır. Belə ki, qeyd olunan mərkəzdə müayinə və müalicə onsuzda ödənişsiz həyata keçirilir. İddiaçının ödədiyi 50 manat isə bilavasitə həmin hallarla bağlı odeyil. İkincisi, qidalanma ilə bağlı ərzağın alimentlə tam şəkildə ödənilməsi dəlili də əsaslı ola bilməz. Əgər belə olsaydı, qanunvericilikdə bunların hər birinin qanuni əsası ayrıca nəzərdə tutulmazdı. X1 ilə bağlı bir təhlükənin olmaması və onun müalicəyə görə əlavə pul ödənilməsinə ehtiyac olmadığı dəlili də əsaslı olsa belə bu hallar da iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, iddiaçının bildirdiyi bu dəlillər həm ehtimallara əsaslanır, həm də uşağın qeyd olunan xəstəlikdən sağaldığı yaxud bu xəstəliyin sağalan olduğu təsdiq olunmur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnaməninmübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5549/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3384/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3384/2021
28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver