Məhkəmə qərarları › İş №2(103)-3384/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3384/2025

08.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3384/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “boşdayanmaya görə əmək haqqı məbləğinin və ödənilməmiş əmək haqqında hesablanmış ödənc məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün, onun vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh "xxxx" "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili (nümayəndəsi) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilsin: - cavabdeh ASC tərəfindən xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı məbləğinin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləğinin, ümumilikdə 35.000 manat məbləği; - həmin zavodun əməkdaşı olduğu 2 illik, yəni 55 təqvim günü müddətində məzuniyyət haqqının, ödənilmiş 60 manat mediasiya xidmət haqqı ASC-dən tutularaq ona ödənilsin.

2. Daha sonra iddiaçının vəkili (nümayəndəsi) ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin xahiş etdi hissəsinin 1-ci bəndində qeyd olunan məbləğin şərti olduğu üçün nəzərə alınmamasını, iddia məbləğinin tam hesablanıb ödənilməsi üçün xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər il minimum əmək haqqı məbləğinə münasibətdə həmin məbləğlərin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış hər gecikdirilmiş gün üçün 1 faiz ödənc məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdeh ASC-nin üzərinə qoyulması, iddia tələbinin xahiş etdi hissəsinin 2-ci və 3-cü bəndlərinin olduğu kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1991-ci il tarixdən Bakı Şin Zavodunun Yığma sexinə rezin məmulatları kəsicisi-bağlayıcısı işinə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixədək həmin sexdə İİ dərəcəli rezin məmulatları kəsicisi-bağlayıcısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Texniki nəzarət şöbəsində nəzarətçi işləyərək, Vulkanlaşdırma sexində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Texniki nəzarət şöbəsində İİ qrup növbə ustası işəyərək Vulkanlaşdırma, Avtokamer və Yığma sexlərində xidmət etmişdir. 1995-ci il tarixdən 1998-ci il tarixədək analıq məzuniyyətində olmuş, Naxçıvan MRdə olduğundan analıq məzuniyyətinə çıxması ilə bağlı ona ödəniləsi pulları ala bilməmişdir. Cavabdeh Zavod saxtakarlıq edərək ödənilməli pulları mənimsəmiş və həmin pulları aldığını rəsmiləşdirmişdir. Zavod iqtisadi çətinliklər üzündən təyinatı üzrə fəaliyyətini 1998ci ilin yanvar ayında qismən dayandırdığı, həmin tarixlərdə analıq məzuniyyətində olduğu üçün xx.xx.1999-cu il tarixdən öz hesabına ödənişsiz əmək məzuniyyətinə buraxılmışdır. Qanunla ödənişsiz məzuniyyətin müddəti 6 ay müəyyən edildiyi halda 2024-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu bildirilmişdir. Lakin həmin müddət ərzində nə əmək haqqı verilməmiş, nə də ki, məzuniyyətdə olduğu dövrlər ərzində heç bir pul ödənilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən ödənişsiz məzuniyyət müddəti ən çoxu 6 ay müəyyən edilmiş, həmin müddətin sonu bitdikdə isə ya əmək müqaviləsinə xitam verilməsi, ya da ödənişsiz məzuniyyətdən qaytarılaraq əmək fəaliyyətinə davam etdirilməli idi. Lakin cavabdeh bunların heç birinə əməl etməyərək, hər dəfə məsələnin həlli ilə bağlı ya pul kompensasiyası, ya da əmək fəaliyyətinə davam etməsi ilə bağlı məsələni həll edəcəyinə söz vermişdir. O, cavabdehə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilmişdir. Son haqq-hesabla bağlı cavabdeh üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişdir. b) cavabdehin iddiaya qarşı etirazı barədə məlumat

4. Cavabdeh ASC-nin vəkili (nümayəndəsi) Lalə Mansurova iddiaya etiraz edərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmiş və bu barədə Rayon Məhkəməsinə ərizə vermişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2023 və 2024-cü illər üçün müəyyənləşdirilmiş 345 manat minimum əmək haqqının 2/3 hissəsi hesablanmaqla, cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmasını, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2023 və 2024-cü illər üçün müəyyənləşdirilmiş 345 manat minimum əmək haqqının 2/3 hissəsinin ödənilməsi gecikdirildiyi üçün həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləğinin cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmasını, mediasiya xərcinin əvəzinin - 60 manatın ASC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, iddia ərizəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər il minimum əmək haqqı məbləğinə münasibətdə həmin məbləğlərin 2/3 hissəsinin ödənilməsini tələb edir. Cavabdeh ASC iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək tələbin bu hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən bu əsasla iddianın rədd olunması xahiş edilmiş, iddiaçı tərəfindən isə iddia müddətinin bərpası haqqında ərizə verilməmişdir. Bu səbəbdən cavabdehin tələbi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciətin mümkünlüyünü nəzərdə tutan norma xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının 2/3 hissəsinin ödənilməsi tələbinə şamil olunmalı və həmin hissədə iddia rədd edilməlidir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi isə əmək haqqı məbləğinin 2/3 hissəsinin ödənilməsi tələbi üçün iddia müddəti ötürülmədiyindən, iddia həmin hissədə təmin olunmalıdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, o, nə zamansa əmək fəaliyyətinə geri qaytarılacağını və ya boşdayanma dövrü üçün kompensasiya almaqla əmək müqaviləsinə xitam veriləcəyini ümid edərək və bu barədə 1999-2024-cü illər ərzində cavabdeh tərəfindən ona verilən vədlərə inam bəsləyərək əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə cavabdehə müraciət etməmiş, ümumiyyətlə hər hansı hüququnun pozulması tələbi ilə məhkəməyə və ya digər orqana müraciət etmək haqqında düşünməmişdir. Rayon Məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən iddianı qismən təmin etsə də, həmin maddənin 3-cü hissəsini nəzərə almamışdır. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Uzun müddətin keçməsi ilə əmək fəaliyyətinə geri qaytarılmağının mümkün olmadığını gördükdən sonra xx.xx.2024-cü il tarixli ərizəsi əsasında cavabdeh tərəfindən əmək müqaviləmə xitam verilmiş, lakin cavabdehin hələ 1999-cu ildən ona vəd etdiyi boşdayanma dövrü üçün vəsaitin ödənilməsindən imtina etməsi nəticəsində hüququnun pozulduğunu aşkar edərək tərəfindən cavabdehə qarşı boşdayanmaya görə əmək haqqı məbləğinin və ödənilməmiş əmək haqqına hesablanmış ödənc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə hüququn pozulduğunun aşkar edildiyi vaxtdan etibarən 1 illik iddia müddətinin başlanğıcı xx.xx.1999-cu ildən deyil, əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsindən sonra Əmək Məcəlləsinin 83 cü maddəsinin 4-cü hissəsinə əsasən cavabdeh tərəfindən vəd edilmiş son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilməsi öhdəliyinin pozulduğu xx.xx.2024-cü il tarixdən götürülməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətin məzmununa uyğun izahat verdilər.

10. Cavabdeh ASC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.

12. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə şikayətdə qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirir.

13. Odur ki, göstərilənləri nəzərə alan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin iddianın bir qisminin təmin edilməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, xx.xx.1991-ci il tarixdə Bakı Şin Zavoduna işə qəbul edilmişdir.

16. Zavod tərəfindən verilmiş arxiv sənədlərdən görünür ki, iddiaçı, 1995-1998-ci illərdə analıq məzuniyyətində olmuşdur.

17. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi daha sonra xx.xx.1999-cu il tarixdən etibarən öz hesabına ödənişsiz məzuniyyətə göndərilmiş və 2024-cü ilə kimi öz hesabına məzuniyyətdə olmuşdur.

18. Zavod, iqtisadi çətinliklər üzündən təyinatı üzrə öz fəaliyyətini 1998-ci ildə qismən dayandırmışdır. Sonradan, yəni xx.xx.2002-ci il tarixli, 01-k nömrəli əmrə əsasən X7 Cəmiyyətinə çevrilmişdir.

19. ASC-nin xx.xx.2024-cü il tarixli, 01/28 saylı arayışdan görünür ki, iddiaçının istifadə olunmamış məzuniyyət pulu 1994-cü il üçün 30 təqvim gününə 36.333,60 köhnə miqyasda manat, 1995-ci il üçün 25 təqvim gününə 30.278 köhnə miqyasda manat olmaqla, ((36.333,6 + 30.278 =) 66.611,60 / 5.000 =) 1.332 yeni miqyasda manat təşkil edir.

20. “Şəxsin güzəştli şərtlərlə hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı, iddia ərizəsində qeyd edilən vaxtlarda, yuxarıda qeyd edilən vəzifələrdə işləmişdir.

21. İddiaçı tərəfindən ASC-nin direktoruna ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.1998-ci il tarixdən bu günə kimi maaşının 2/3 hissəsinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.

22. ASC-nin xx.xx.2024-cü il tarixli, 01/14 saylı cavab məktubundan görünür ki, iddiaçının qaldırdığı minimum əmək haqqının 2/3 ödənilməsi ilə bağlı məsələyə xx.xx.2015-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində, bundan sonra isə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəmədəsi tərəfindən baxılmışdır. Hər iki məhkəmənin qərarı ilə iddia təmin edilməmişdir. Həmin Qərarlarını əsas tutaraq tələbin yerinə yetirmək mümkünsüzdür.

23. İddiaçı tərəfindən ASC-nin direktoruna ünvanlanmış ərizədən görünür ki, o, işdən azad edilərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

24. X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı, ASC-dən 26 illik əmək haqqının 2/3 hissəsinin və 3 illik uşağa baxılması üçün pulların hesablanaraq ödənilməsi, ASC-nin məmurlarının əməllərində cinayət tərkibi olduğu üçün barələrində cinayət işinin açılması və araşdırılması üçün korrupsiya və prokurorluq orqanlarına həvalə edilməsini xahiş etmişdir.

25. X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı, araşdırmaya müvafiq qaydada izah və əmək haqqına dair bank hesabından çıxarış təqdim etməmişdir. O cümlədən, müəssisə rəhbərliyi barəsində cinayət işinin başlanması müfəttişliyin səlahiyyətlərinə aid edilmədiyindən hüquq mühafizə orqanlarına müraciət etmək hüququ qeyd edilmişdir.

26. ASC-nin xx.xx.2024-cü il tarixli, 04-k saylı əmrdən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı Şin zavodu ASC-yə çevrilən zaman iddiaçı ilə ASC arasında əmək müqaviləsinin bağlanması haqqında portalda məlumat olmamışdır. Əmək Məcəlləsinin 68ci maddəsinin "xxxx" bəndinə əsasən öz xahişi ilə ərizəsinə əsasən işdən azad edilmişdir.

27. ASC-nin xx.xx.2023-cü il tarixli, 01/130 saylı arayışdan görünür ki, ASC-nin iddiaçıya əmək haqqı borcu yoxdur. xx.xx.1998-ci il tarixdən o, xx.xx.1998-ci il tarixli əmrlə zavodda istehsalat dayandığına görə öz hesabına məzuniyyətə buraxılmışdır (bu barədə əmr də iş materiallarında var).

28. ASC-nin xx.xx.2024-cü il tarixli, 01/14 saylı cavab məktubundan görünür ki, iddiaçının 1994-cü ildə 30 təqvim günü, 1995-ci ildə isə 25 təqvim günü istifadə olunmamış əmək məzuniyyəti qalmışdır. 1996-1997-1998-ci illərdə arxiv sənədləri göstərir ki, o, həmin illərdə analıq məzuniyyətində olmuş və analıq məzuniyyətinə düşən məvacib tamamilə ödənilmişdir. Bakı Şin zavodunda əmək fəaliyyəti zamanı istifadə etmədiyi 2 illik, yəni 55 təqvim günü əmək məzuniyyətinin məbləği ödəniləcəkdir. xx.xx.2002-ci il tarixdə ASC-yə çeviriləndən sonra o, cəmiyyətdə heç bir fəaliyyət göstərməmiş, əmək müqaviləsi olmamışdır. Bu vəziyyətlə bağlı 2015-ci ildə Bakı Şin zavodunun işçilərindən Nərimanov Rayon Məhkəməsinə rəsmi qaydada müraciət edən olmuşdur, şikayətçinin tələbinə dair iddia təmin olunmamışdır, amma buna baxmayaraq onun zavodda əmək fəaliyyəti, əziyyətini nəzərə alıb, çalışacaqlar ki, cəmiyyətin iqtisadi durumunda cüzidə olsa mənfəət yaranarsa, ona köməklik edilsin.

29. ASC-nin 32 saylı, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, ərizə ilə müraciət edən öz hesabına məzuniyyətdə olan işçilərin əmək kitabçalarının bağlanaraq onlara təqdim edilməsi, arxiv sənədlərinin qaldırılması, işlədikləri müddət üçün ehtiyac olan arayışların təqdim edilməsi əmr edilmişdir.

30. ASC-nin 04 saylı, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, 04-k saylı, xx.xx.2024-cü il tarixli əmr 32 saylı, xx.xx.2022-ci il tarixli əmrlə ziddiyyət təşkil etdiyinə görə qüvvədən düşmüş hesab edilmişdir.

31. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4681/2015 saylı iş üzə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdeh ASC-yə qarşı “əmək haqqı və məzuniyyət pulu tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.

32. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsindən (iş № 2(103)-2092/2016) görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərarından (iş № 2(102)-4103/2016) görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmetimi təşkil edən hissəsinin əsaslılığı və həmin hissədə verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən ödənişsiz məzuniyyət müddəti ən çoxu 6 ay müəyyən edilmiş, lakin həmin müddətin bitməsinə baxmayaraq iddiaçı nə ödənişsiz məzuniyyətdən qaytarılaraq əmək fəaliyyətinə davam etdirə bilmiş, nə də əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 04-k saylı əmrlə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən öz xahişi ilə ərizəsinə əsasən işdən azad edilmişdir.

35. İddiaçı zavodun əməkdaşı olduğu 2 illik, yəni 55 təqvim günü müddətində məzuniyyət haqqının, xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı məbləğinin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləğinin ödənilməsini tələb etmişdir. Rayon Məhkəməsi cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərək 2023-cü ilə qədər olan tələblərini rədd etmişdir.

36. İş materiallarından göründüyü kimi, ASC, ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər ilə iqtisadi çətinliklər ilə əlaqədar Əmək Məcəlləsinin 129-cu maddəsinin 2ci hissəsinə əsaslanmaqla işçiləri, o cümlədən hazırki iş üzrə iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmışdır. Cavabdeh ASC tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi daha sonra isə xx.xx.1999-cu il tarixdən etibarən ödənişsiz məzuniyyətə buraxmışdır. 2024-cü ilə kimi iddiaçının əmək müqaviləsinə xitam verilmədiyindən və ya ödənişsiz məzuniyyətdən qaytarılaraq əmək fəaliyyətinə davam etdirilmədiyindən vəzifə maaşının 2/3 hissəsinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

37. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, boşdayanma vaxtı- əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Əmək Məcəlləsinin 151-ci maddəsinə görə, işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalıdır.

38. İddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6-cı hissələrinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

39. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

40. Rayon Məhkəməsi hesab etmişdir ki, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciətin mümkünlüyünü nəzərdə tutan norma xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının 2/3 hissəsinin ödənilməsi tələbinə şamil olunmalı və həmin hissədə iddia rədd edilməlidir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi isə əmək haqqı məbləğinin 2/3 hissəsinin ödənilməsi tələbi üçün iddia müddəti ötürülmədiyindən, iddia həmin hissədə təmin olunmalıdır. Eyni əsasla 1994-cü ildə 30 təqvim günü, 1995-ci ildə 25 təqvim günü istifadə olunmamış əmək məzuniyyəti haqqının ödənilməsi hissəsini Rayon Məhkəməsi təmin etməmişdir.

41. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə hüququn pozulduğunun aşkar edildiyi vaxtdan etibarən 1 illik iddia müddətinin başlanğıcı xx.xx.1999-cu ildən deyil, əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsindən sonra Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən cavabdeh tərəfindən vəd edilmiş son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilməsi öhdəliyinin pozulduğu xx.xx.2024-cü il tarixdən götürülməlidir.

42. İddiaçının mövqeyindən görünür ki, o, əmək hüquqlarının pozulmasını bildiyi günü əmək müqaviləsinə xitam verildiyi gün hesab edir.

43. İddiaçının bu mövqeyi ilə bağlı Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

44. Qeyd edilən əmək hüquq normasının təhlilindən aydın olur ki, iddiaçının əmək hüququnun pozulmasını bilməsini yalnız əmək müqaviləsinə xitam verilmə ilə əlaqələndirməsi yanlış mövqedir. İşin hallarından görünür ki, iddiaçı əmək məzuniyyətinin verilməməsini və boşdayanmaya görə əmək haqqının verilməməsini onun hüquqları pozulduğu illərdə bilmiş, sadəcə işəgötürənin vədinə ümid bəsləməsi səbəbindən məhkəməyə müraciət etməmişdir. Bu isə onu göstərir ki, iddiaçı hüququnun pozulmasını əmək müqaviləsinə xitam veriləndə bilməmişdir.

45. İşin hallarını, qeyd edilən maddi hüquq normalarının tələblərini, tələbin əsasını təşkil edən faktiki halları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia müddətini tətbiq edərək iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən haqlı olmuşdur.

46. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi

47. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

48. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissəsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

50. Məhkəmə həmçinin bildirir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə cavabdeh isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

51. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar