Məhkəmə qərarları › İş №2(103)-3391/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3391/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3391/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6731/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 manat sığorta məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6731/2019 saylı qətnaməsi ilə iddianın təmin olunması və cavabdehdən iddiaçının xeyrinə 11000 manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbində göstərilmiş 8800 manat əvəzinə 11000 manat sığorta məbləğinin tutulmasını qət etmişdir. Həmçinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində heç bir şərt yoxdur. Habelə, bu Qanun iddiaçıya münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 19 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli Qərarın 2-ci bəndinə görə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Lakin bu sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamışdır. Ona görə də, məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh kimi Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Məmmədov X1 RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti vəzifələrini yerinə yetirən zaman xx.xx.1997-ci ildə aldığı xəsarətə görə həmin hərbi hissənin hospitalında xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək müayinə və müalicə olunmuşdur. Hospitalda olarkən ona yaralanma – “Qarın boşluğunun kor qəlpə yarası, laparotomiya, qarın boşluğu orqanlarının təftişi, qaraciyərin yarısının tikilməsi, qarın boşluğunun drenajı” diaqnozu qoyulmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(022)-409/2016 saylı qətnaməsi ilə ərizəçi Məmmədov Bəhruz İslam oğlunun 1994-1997-ci illərdə hərbi xidmətdə olmağının, xx.xx.1997-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olması, düşmənlə həmsərhəd olan döyüş postunda hərbi vəzifəni icra edərkən düşmənin atdığı AQS tipli silahın qəlpələrindən aldığı xəsarətin hərbi vəzifəni icra edərkən düşmənin atdığı AQS tipli silahın qəlpələrindən aldığı xəsarətin hərbi travma olması və hərbi xidməti vəzifələrini yerinə yetirərkən almağı faktının müəyyən edilməsi qət edilmişdir. Daha sonra İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı ildə müayinə olunmuşdur. Qeyd olunan müayinə zamanı yaralanmasının nəticəsi – “başın təpə nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə), ”hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirilərkən alınmışdır” diaqnozu verilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 662 saylı qərarı ilə qeyd olunan hallar təsdiq olunmuşdur. ƏƏSMN-nin xx.xx.2019-cu il tarixli qərarına əsasən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İddiaçı müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir. İddiaçı bildirir ki, o, hərbi xidmət dövründə yaralanmağı və 1-ci qrup əlil olmağı ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti ona sığorta ödənişinin verilməsindən əsassız olaraq imtina etmişdir. Cavabdeh iddiaya etiraz edir və onun mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin tələblərinə görə aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: - hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş «dövlət sığorta orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Hazırkı işdə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndində göstərilən əsaslar mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydada icbari qaydada sığortalanmış və hərbi xidmətdə olduğu dövrdə ağır yaralanaraq, İ qrup əlillik dərəcəsi almışdır. Yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından isə bu sığorta hadisəsi hesab edilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən sığorta ödənişinin 80%-i həddində, yəni 8800 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia tam təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçı tərəfindən 8800 manat məbləğində sığorta ödənişinin tutulması barədə əsaslı tələb irəli sürülmüş, məhkəmə isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozaraq 11000 manat məbləğində sığorta ödənişinin tutulması barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər dəlilləri isə əsassızdır. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. X3 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 12, 16 və 25ci maddələrinin tələblərinə uyğun olaraq «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Qərarında aydın şəkildə müəyyən olunmuşdur ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» xx xxx 1997-ci il tarixli Qanunu sığorta məbləğini almamış bütün hərbi qulluqçulara şamil edilir. Eyni zamanda kollegiya qeyd edir ki, hazıra kimi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməməsi iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Həmçinin cavabdeh tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə, yəni iddiaçıya həqiqi hərbi xidmət dövründə alınmış xəsarətlə əlaqədar tərxis olunduğu tarixdən üç il müddətində əlilliyin təyin olunmamasına istinad edilməsi də əsassızdır. Belə ki, sığorta hadisəsinin baş verib-verməməsi həmin müddətə görə deyil, həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliyə görə müəyyən olunur. Hazırkı işin də mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı məhz həqiqi hərbi xidmətdə olduğu vaxt xəsarət almışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6731/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar