Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3397/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və «xxxx» Bank olmayan Kredit X3 Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə əlaqədar iddianı təmin etmə tədbiri olaraq mənzilin üzərinə həbs qoyulması barədə ərizə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh “xxxx” BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və “Pro Kredit” Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı nümayəndəsi Vəkil vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi ünvan 1 mənzil 15 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, ünvan 1 mənzil 15 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır (sədrlik edən: Etibar Mustafayev). Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin digər, qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, X1 “xxxx” BOKT ASC-nin xeyrinə 29881,88 ABŞ dolları əsas, 3664,6 ABŞ dolları gecikdirilmiş faiz borcunun tutulması, tələbin ipoteka predmeti olan, Nəzifə Kəngərlinin mülkiyyətində olan ünvan 2 mənzil 15 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq borcun ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin mənzilin üzərinə həbs qoyulması digər qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməkdədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən qəbul etdiyi qərardadında tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddianı təmin etmə tədbirinin tətbiq edilməsini kifayət qədər əsaslandırılmamasına xüsusi diqqət yetirməmiş, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməmiş, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlamamış, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasına diqqət yetirməmiş bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməmişdir. İkincisi, iddia təmin tədbirinin tətbiq edilməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 548/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının gecikdirilməsinə səbəb olur ki, bu da Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırılan hüquqi mövqeyinə zidd olmuşdur. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırki iş üzrə iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna mütənasib olmamış və bu məhkəmə aktı “xxxx” BOKT açıq səhmdar cəmiyyətinin qanuni mənafelərinə zərər vurması ilə nəticələnmişdir. İş materiallarına əsasən, mənzilin üzərinə həbs qoyulmasının digər qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətməsinə dair cavabdehin şikayətinin dəlilini kollegiya əsaslı hesab edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh “xxxx” BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, ünvan 1 mənzil 15 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh “xxxx” BOKT ASC tərəfindən verilmiş şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. ünvan 1 mənzil 15 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3397/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3397/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver