Məhkəmə qərarları › İş №2(103)-3406/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3406/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3406/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(006)-1010/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 08 noyabr 2008-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində 411293 nömrəli qeyd ilə rəsmiləşən nikahla Cavabdeh ilə nikaha daxil olmuşlar. Birgə nikahdan 16 dekabr 2010-cü il tarixdə X1, 07 noyabr 2012-cü il tarixdə X2 və 01 noyabr 2018-ci il tarixdə X8 adlı - 3 uşaqları anadan olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2010-cu il tarixdə anadan olmuş X1, 07 noyabr 2012-ci il tarixdə anadan olmuş X2 və 01 noyabr 2018-ci il tarixdə anadan olmuş X4 adlı 3 uşağın saxlanılması üçün 3 uşağa görə cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurduqdan sonra birgə təsərrüfatları idarə etməyə çalışmış, bu dövr ərzində cavabdeh işdən sonra və asudə vaxtlarında ona və uşaqlara kifayət qədər diqqət göstərməmiş və yalnız özünün evdən kənar yerlərdə yeyib-içməklə gündəlik istirahətinin təmin olunması ilə məşğul olmuş, lakin iddiaçı ailəsininqorunması məqsədilə və uşaqlarının xatirinə bütün bunlara dözmüşdür. Bununla yanaşı, cavabdeh özünün əmək haqqına uyğun olaraq uşaqlarının saxlanması xərclərini kifayət qədər ödənilməsini təmin etməmiş və ona görə də bu xərclərin ödənilməsini təkbaşına təmin edə bilməz. Belə olan halda uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Cavabdeh Azərbaycan Respublikası baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləyir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Lakin, Cavabdeh mediasiya prosesindən imtina etdiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(006)- 1010/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və alimentin sabit pul məbləğində tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iddianın təmin edilməsinə dair qətnamə qəbul edərkən, mülki iş üzrə bütün halları obyektiv araşdırmamış, tərəflərin maddi vəziyyətini, mülki işin yekununa təsir edəcək halları nəzərə almamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin uşaqlarının saxlanması xərclərinin kifayət qədər ödənilməsini təmin etmədiyini, belə olan halda uşaqları saxlamağın onun üçün maddi cəhətdən çox çətin olduğunu qeyd etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iddiaçı tərəfindən qeyd olunan halları təsdiqləyəcək sübutların təqdim olunmadığını qiymətləndirmədən, iddia edilən halların həqiqətə uyğunluğunu araşdırmadan əsasssız şəkildə iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı barədə arayışdan aydın olurdu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq 800 manat məbləğində (artan şəkildə) əmək haqqı alır. Lakin məhkəmə qətnamə qəbul edərkən iddiaçının aylıq əmək haqqı miqdarına əsasən uşaqları saxlamaq imkanına, maddi vəziyyətinə ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh 16 iyul 2018-ci il tarixində "xxxx" MTK ilə Abşeron rayonu, Xırdalan şəhəri , H. Əliyev prospekti 30- cu məhəllədə inşa edilən 2-ci bina, 2-ci blok, 5-ci mərtəbə, 37 №-li, 1 otaqlı 40,06 kv.m. ümumi sahəsi olan mənzilin alınması ilə bağlı 13 il müddətinə payçı müqaviləsi bağlamış və bunun üçün hər ay 500 manat məbləğdə pul ödəyir. Qeyd olunan mənzilin də məhz həmin 3 uşağa qalacağını nəzərə almamışdır. Həmçinin, Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən 3 il müddətinə olmaqla, hər ay 795 manat məbləğində Azərbaycan Beynəlxalq Bankına kredit ödəyir. Qeyd edim ki, tərəfindən müqavilələrin surəti və ödəniş cədvəli məhkəməyə təqdim olunmuş, lakin məhkəmə cavabdehin birgə nikah dövründən yaranan borc öhdəliklərini nəzərə almamışdır. Məhkəmə İddiaçı özünün məhkəməyə təqdim etdiyi əmək haqqı barədə arayışa əsasən, aylıq 800 manat məbləğində sabit gəlirinin olmasını, cavabdehin birgə nikah dövründə bağladığı kredit müqavilələrinə əsasən, kredit öhdəliklərinin olmasını nəzərə almamışdır. Cavabdeh övladlarını saxlamaq üçün aylıq 1000 (min) manat məbləğində aliment ödəmək istədiyini məhkəməyə bildirsə də, məhkəmə iddiaçının da uşaqlan saxlamaq vəzifəsini nəzərə almadan, mülki iş üzrə qanunvericiliyin normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə tələfindən cavabdehdən gəlirin 50 faizinin tutulması yekunda özünün saxlanılması üçün minimum tələbatın ödənilməsinə belə yetmir. Elementar riyazi hesablama ilə görmək mümkündür ki, iddiaçının xeyrinə tutulmuş məbləğ ortalama 2000 manat, eləcə də iddiaçının özünün aylıq gəliri (800 manat) olduğu halda, ümumilikdə qarşı tərəf aylıq ən azı 2800 manat məbləğində dolanışıq xərcləri almış olur. Lakin, cavabdeh olaraq 2000 manat aylıq qazancından tutulduqdan sonra, aylıq 1300 manat miqdarında kreditlərində çıxılmasını nəzərə aldıqda cavabdeh olan şəxsin minimum dolanışıq xərci 700 manat təşkil edir. İndi sual yaranır, 2800 manatı 4 nəfər böldükdə (5. 11 və 13 yaşlı uşaqlar olmasını nəzərədə alsaq) hər birininin aylıq minimum dolanışıq xərci 700 manat təşkil etdiyi halda, 40 yaşlı cavabdehin həmin məbləğlə dolanışığı, yaxın gələcəkdə ailə qurub özünü və ailəsini təmin etməyi qətnaməni çıxaran Bakı şəhər Nəsimi rayon Məhkəməsi nə dərəcədə mümkün və “ədalətli” hesab etmişdir. Cavabdeh şəxsin hazırda ailəli olmamasının səbəbinə gəldikdə isə, hər bir halda, qanunla müəyyən edilmiş son müddət başa çatdıqdan sonra barələrində boşanma qətnaməsinin çıxarılacağını bildiyi halda qarşı tərəfin qəsdən, birmənalı olaraq aliment tutulması zamanı artıq ailəli olmasının nəzərə alınacağını bildiklərindən, düşünülmüş və planlı şəkildə boşanmaya razılıq verməməsidir.Odur ki, hörmətli məhkəmənin, qeyd olunan bu xüsusata da nəzər yetirməsini, boşandıqdan sonra, qısa zamanda cavabdeh şəxsin ailə qura biləcəyini nəzərə almasını, bununla bağlı Plenum qərarında müvafiq tövsiyyələrin olmasına diqqət yetirilməsi xahiş olunur. 7.Daha sonra cavabdehin nümayəsi və vəkili tərəfindən apellyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməklə alimentin 1000 manat sabit pul məbləğində tutlmasını və tutulan alimentin 50 faiz miqdarında məbləğinin uşaqların adına açılan bank hesabına köçürlməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Əlavə onunla əsaslandırılmışdır ki, Cavabdeh aylıq əmək haqqı məbləği Bakı şəhər Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən 4494.50 (dörd min dörd yüz doxsan dörd manat 50 qəpik) manat təşkil edir. Bakı şəhər Nəsimi rayon Məhkəməsi qeyd olunan məbləğin yarısını, yəni 2247, 25 (iki min iki yüz qırx yeddi manat 25 qəpik) manat məbləğində pul vəsaitini Cavabdeh tutmaqla Cavabdeh maddi vəziyyətini çətinləşdirmişdir. Baxmayaraq ki, Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində İddiaçı 3 uşağın saxlanılması üçün hər ay 1000 (min) manat məbləğində pul vəsaitini ödəməyə hazır olduğunu bildirsə də, məhkəmə Cavabdeh şəxsi maddi ehtiyaclarını nəzərə almamışdır. İddiaçı 3 uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində ödəniləcək 1000 manat pul vəsaitinin 50%-nin onların adına açılmış bank hesabına köçürməklə uşaqların gələcək rifahını təmin etmək, onların həyat şəraitini yaxşılaşdırmaq məqsədi güdür.Belə ki, ödənilən aliment məbləğinin səmərəli istifadəsi, uşaqların yetkinlik yaşma çatdıqdan sonra yığılan məbləğdən arzu etdikləri kimi istifadə etmələri onların mənafeləri baxımından zəruridir.Tutulmalı olan aliment məbləğinin faizinin uşaqların adına açılacaq bank hesabında yerləşdirilməsindən sonra, yerdə qalan aliment məbləği hazırki vəziyyətdə uşaqların minimal tələbatları ilə yanaşı, onun əvvəlki yaşayış şəraitinə uyğun təminatını da tam təmin etmə imkanı verir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, cavabdehin bankdan maşın almaq məqsədilə 10 oktyabr 2022-ci il tarixdə götürdüyü 50.000 manat məbləğində kredit öz şəxsi maraqlarını həyata keçirmək məqsədilə istifadə olunmuşdur. Çünki oktyabr ayının ilk həftəsində öz adına olan və birgə nigah dövründə alınmış avtomobili 18.000 manata özünə yeni maşın almaq məqsədilə satmışdır. Oktyabr ayının 11-də özünün də vurğuladığı və eyni zamanda X9 verilmiş sorğunun cavabından göründüyü kimi aldığı yeni maşının qiyməti 24.000 manat təşkil edir. Belə çıxır ki, maşın almaq məqsədilə götürdüyü kreditin yalnız 6.000 manatı yeni maşın almaq üçün istifadə olunmuşdur. Münasibətlərinin uzun müddət öncə kəskinləşdiyi və eyni evdə yaşamaqları qeyri- mümkün olduğu üçün iddiaçı oktyabr ayının 28-də mediasiyaya müraciət etmiş, noyabr ayında isə evdən çıxmışdır. Burdan açıq-aydın görünür ki, yerdə qalan 44.000 manatın aqibəti bəlli deyil. Çünki kredit alandan sonra iddiaçı cəmi 18 gün onunla eyni evdə yaşamışdır. Nəzərə alsaq ki, 18 gün ərzində 44.000 manatın xərclənməsi qeyrimümkün olduğu üçün cavabdehin həmin pulun məhz ailənin ehtiyaclarının ödənməsi məqsədilə alınmasını vurğulaması qətiyyən inandırıcı deyil və eyni zamanda tamamilə əsassızdır. Bir halda ki, həmin dövr ərzində ona və uşaqlar üçün hər hansı qiymətli əşya alınmamış, eyni zamanda uşaqların istirahəti, əyləncəsi, sağlamlığı, təhsili üçün hər hansı məbləğ ödənməmiş və ya evin təmiri üçün istifadə olunmamışdır. Bütün sadaladıqlarını həyata keçmədiyi təqdirdə cavabdeh hardan belə nəticəyə gəlir ki, həmin 50.000 manat kredit məhz ailənin saxlanılması və ya hər hansı ehtiyaclarının ödənilməsi üçün istifadə olunub. Açıq-aydın görünür ki, alimentin azaldılması üçün cavabdeh müxtəlif və mənasız bəhanələr gətirir. Bu çox utancvericidir. Cavabdehin uşaqların yanında ona dəfələrlə “kef içində yaşamaq” istədiyini bildirmişdir. Bankdan götürdüyü krediti arzuladığı həmin həyatı təmin etmək üçün xərcləmişdir. Buna görə də cavabdeh öz müdafiəçisi ilə birlikdə 3 azyaşlı uşağın saxlanılması üçün qanunla müəyyən edilmiş alimentin məbləğinin müxtəlif uydurma əsaslarla azadılması üçün çalışmış, çalışır və bu niyyətlə öz uşaqlarına qarşı bütün vasitələrdən istifadə etməklə mübarizəsini davam etdirir. Yazdıqları onu sübüt edir ki, cavabdeh yalnız özünü və şəxsi maraqlarını düşünür. Bu səbəbdən cavabdehin həmin kredit məbləğinin məhz ailənin ehtiyaclarının ödənməsi üçün xərclədiyi barəsində əsaslı sübutları məhkəməyə təqdim etməsini tələb edir.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununda izahat verərək, onun təmin edilməsini, alimentin məbləğinin 1000 manat sabit pul məbləğində müəyyən edilməsini və tutulan alimentin 50 faiz miqdarında məbləğinin uşaqların adına açılan bank hesabına köçürlməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 55.2-ci maddəsinə əsasən aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 14.Maddə. 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. 15.Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır.

16. Maddə 76.1.3 Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulur.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə qeyd edir ki, iddiaçının tələbi əsasında sabit gəliri olan valideyindən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun göstərişidir.

28. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməmisinə yönəlmişdir.

29. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunla imperativ qaydada müəyyən edilmiş (sabit gəliri olan valideyinə münasibətdə) qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi müəyyən edilmiş alimentin digər valideyndən tutulmasına əsas verir. Kollegiya hesab edir ki, həmin alimentin miqdarının sabit pul məbləğində tutulması barədə apellyasiya şikayətinin dəlili qeyd edilənlər baxımından əsassızdır.

30. Bunun başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qanunvericinin göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. 31.Bundan başqa, sabit pul məbləğində 1000 manat məbləğində alimentin tutulması və onunda 50 faizinin uşaqların adına açılan bank hesabına köçürülməsi barədə cavabdehin tələbinə münasibtdə kollegiya qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.9-cu bəndində əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. 32.Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini, eyni zamanda cavabdehin rəsmi əmək haqqının 4494,50 manat təşkil etməsini, hazırda isə alimentin 1000 maanat müəyyən edilməklə həmin məbləğin isə yarısının 500 manat olmasını, tərəflərin birgə nikahlarından isə 3 uşaqlarının olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, əvvəla həmin məbləğin müəyyən edilməsi ədalətli və ağlabatan hesab edilə bilməz. Belə ki, cavabdehin sabit gəlir (qazancı) olduğundan ondan tutulacaq alimentin məbləği uşaqların mənafeyinədə uyğun olmaqla gəlirin (qazancın) hissəsi kimi tutulmalıdır. Hətta həmin məbləğinin 1000 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlinsə belə, həmin məbləğin yarısının uşaqların adına bank hesabı açılmaqla ora köçürülməsi uşaqların mənafelərinə uyğun hesab edilə bilməz. Belə ki, qanunvericilikdə də göstərildiyi kimi valideyndən tutulan aliment yalnız uşağın saxlanılması, onun tərbiyyəsi və təhsili üçün xərclənməlidir. 33.Eyni zamanda həmin məbləğin yarısının 500 manat olmasını və 3 uşağın olmasını nəzərə alaraq kollegiya hesab edir ki, həmin məbləğin özü isə 3 uşağa bölünməklə götürüldüyündə hər uşaq üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da aşağı düşər. Bu halda isə uşaqların mənafeyi əsaslı şəkildə pozulmuş olar. Halbuki cavabdehin normal bir işdə işləməsini və uşaqların əvvəlki təminat səviyyəsinin də yüksək olması nəzərə alınmalıdır. Hazırda isə məhkəmə hesab edir ki, uşağın böyüdükcə tələbatlarının artması, eyni zamanda davamlı olaraq istehlak qiymətlərinin də artması, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına əsas meyar olmalıdır. Uşaqlar iddiaçının yanında qaldığından uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi onun üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, alimentin məbləğinin apellyasiya şikayətində qeyd edilən məbləğdə, hətta yarısının uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə qərarın qəbul edilməsi gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) mənfi təsir edə bilər və bu hal uşağın üstün mənafelərinə uyğun deyil. 34.Ümumilikdə isə kollegiya qeyd edir ki, aliment almaq uşağa məxsus olan huquqdur (Ailə Məcəlləsi, maddə 55.1), buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Əgər gələcəkdə müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. 35.Əlavə olaraq cavabdehin əmək haqqından hər ay 500 manat Abşeron rayonu ərazsində birgə nikah dövründə əldə edilmiş mənzilə ödənilməsi ilə bağlı kollegiya qeyd edir ki, bu hal onu uşağa məxsus aliment hüqunun təmin edilməsindən azad etmir. Bununla yanaşı isə cavabdeh özü məhkəmə kollegiyasının iclasında həmin evdə atasının yaşamasını və həmin evi də məhz valideyni üçün almasını bildirmişdir. Bundan əlavə cavabdehin birgə nikah dövründə 50000 manat kredit götürməsini və əmək haqqından həmin kreditin ödənilməsi üçün vəsait sərf etməyinə münasibətdə kollegiya qeyd edir ki, bu halda da aliment ödəyən şəxsin kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Həmçinin həmin kredit məbləğin birgə nikah dövründə götürülməsi və birgə nikah dövründən yaranan borc öhdəliklərinin olmasının məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, bu hal onun ödəməli olduğu aliment məbləğinin azaldılması və ya bu öhdəlikdəm azad edilməsinə yuxarıda da qeyd edilənlərə əsasən dəlalət edə bilməz. Bu hal yanlız birgə nikah dövründə ailənin ehtiyaclarının qarşılanmasına sərf edildiyi halda cavabdeh tərəfindən təkbaşına ödənilənməbləğin iddiaçıdan ayrıca iddia icratı qaydasında tələb edilməsi üçün əsas ola bilər. 36.Bundan başqa, cavabdehin iddiaçının da işləməklə 800 manat əmək haqqı alması və bu halında onun aliment öhdəlyinin azadılması kimi qəbul edilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının sabit pul məblğində müəyyən edilməklə azaldılmasına əsas olan hal kimi qəbul edilə bilməz. Əvvəla, uşaqların iddiaçının himayəsində olmaqla uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi nəzərə alınmalıdır. Eyni zamanda qeyd edilənlərlə yanaşı alimnet məbləğinin 3 uşağa münasibətdə yetməzliyi olacağı halda uşaq himayəsində qalan valideyn tərəfindən əlavə xərclərin (uşağın xəstələnməsi, və sair kimi hallarda əlavə olaraq yarana bilər) qarşılanması qaçılmazdır və bu halların baş verməsi də istisna deyil. Bununla yanaşı, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından, eləcə də, əmək müqaviləsi bildirişindən göründüyü kimi, iddiaçı həmin müəssisədə müddətli əmək müqaviləsinə əsasən işləyir və 2023-cü ilin iyun ayının 20-də müddətli əmək müqaviləsinin müddəti bitir. Yəni, bir neçə gündən sonra iddiaçı ilə əmək müqaviləsinin müddəti uzadılmaya bilər və bu hal gözləniləndir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh aliment öhdəliyi icra edildikdən və bütün digər öhdəlikləri ödənildikdən sonra dolanışıq xərci kimi özünə 700 manat qalmasını və özünü həmin məbləğlə dolanışığını qura bilməyəcəyini qeyd edir. Halbuki, iddiaçının da təxmini eyni məbləğdə əmək haqqı almasını nəzərə almamışdır.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı sayıla və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti düzgün nəticəyə gəlmişdir.

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(006)- 1010/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar