Məhkəmə qərarları › İş №2(103)-3415/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3415/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3415/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad olunma və aliment borcunun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2006-cı il tarixdə bağlanıb, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulub. Nikahdan 2 uşaq var: xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4. Nikahın pozulması barədə qətnamə qəbul edilərkən həm də qət olunub ki, uşaqlar ananın yanında qalsın və uşaqların saxlanması üçün atadan aliment tutulsun. Alimentin miqdarı belə müəyyən olunub: atanın qazancının 1/3 hissəsi, habelə hər uşağa görə hər ay 72 manat, cəmi 144 manat. Hazırda kiçik uşaq cavabdehin (ananın) yanında, böyük uşaq isə xx.xx.2018-ci il tarixdən iddiaçının (atanın) yanında yaşayır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı hər iki uşağa münasibətdə aliment öhdəliyindən xx.xx.2018-ci il tarixdən azad edilsin, habelə xx.xx.2018-ci il tarixdən sonra hesablanmış 4.442 manat aliment borcu silinsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı (ata) böyük uşağın saxlanması üçün aliment öhdəliyindən xx.xx.2018-ci il tarixdən azad edilsin, iddianın qalan hissəsi rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – iddianın rədd edilməsində aid hissədə ləğv edilsin və iddia həmin hissədə təmin edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, uşağın biri onunla, digəri isə cavabdehlə yaşayır. Cavabdehdən boşandıqdan sonra başqa şəxslə ailə qurub, həmin nikahdan bir uşağı var. Özü Azərbaycan Dövlət İqtisad Universitetində şöbə müdiri işləyir. Cavabdeh isə ingilis dili müəllimidir, kollec bitirib, əvvəllər işləyib, lakin aliment müəyyən olunduqdan sonra işdən çıxıb. Cavabdehin əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə ləğv edilməli və rədd edilmiş tələb təmin olunmalıdır. Rədd edilmiş tələb aşağıda göstərilənlərdən ibarətdir: 1) kiçik uşağa görə aliment ödəməkdən azad etmə; 2) kiçik uşağa görə aliment borcunun silinməsi. Məhkəmə həmin tələblə bağlı ardıcıllıqla aşağıdakıları qeyd edir: İddiaçı kiçik uşağa görə aliment ödəməkdən xx.xx.2018-ci il tarixdən azad edilməlidir. Belə ki, kiçik uşaq anasının yanında, böyük uşaq isə xx.xx.2018-ci il tarixdən atasının yanında yaşayır. Ailə Məcəlləsinin 78.3-cü maddəsində qeyd olunub ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, "az təminatlı” ifadəsindən istifadə olunub. Ona görə də tərəflərdən birindən digərinin xeyrinə o halda aliment tutula bilər ki, xeyrinə aliment tutulan şəxsin obyektiv səbəblərdən az təminatlı olduğu müəyyən edilsin. Belə ki, şəxs 2 səbəbdən az təminatlı ola bilər: 1) obyektiv səbəbdən; 2) subyektiv səbəbdən. Obyektiv səbəb deyiləndə şəxsin özündən asılı olmayan səbəblər (əlil olması, xəstə olması və s.), subyektiv səbəb deyiləndə isə şəxsin özündən asılı olan səbəblər (işləməməsi, bilərkən az əmək haqqı ödənilən işdə işləməsi və s.) başa düşülür. Əgər səbəbin obyektiv və ya subyektiv olması nəzərə alınmadan şəxs az təminatlı hesab olunsa, istənilən tərəf özünü az təminatlı vəziyyətə salaraq əks tərəfdən aliment tələb edə bilər. Cavabdeh obyektiv səbəbdən az təminatlı hesab olunmur. Belə ki, cavabdeh obyektiv səbəblərin mövcud olduğunu təsdiq edən sübut təqdim etməyib, onun əmək qabiliyyəti var, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, habelə işsiz statusu yoxdur. Bundan başqa, iddiaçının yanında qalan böyük uşağın 13 yaşı, cavabdehin yanında qalan kiçik uşağın isə 8 yaşı var. Uşaq böyüdükcə onun saxlanması üçün çəkilən xərclərin həcmi də böyüyür, ona görə də hesab olunur ki, iddiaçının (böyük uşağı saxlayan valideynin) xərcləri cavabdehin (kiçik uşağı saxlayan valideynin) xərclərindən daha çoxdur. Belə vəziyyətdə cavabdehin yanında qalan kiçik uşağa görə iddiaçıdan aliment tutulması üçün cavabdehin obyektiv səbəbdən az təminatlı olduğunu təsdiq edən mötəbər sübutlar olmalıdır. Bundan başqa, cavabdehin yanında 1 uşaq, iddiaçının yanında isə 2 uşaq yaşayır. Belə ki, iddiaçı cavabdehdən ayrıldıqdan sonra başqa şəxslə - Gülnarə Feyziyeva ilə ailə qurub və bu nikahdan bir uşağı - xx.xx.2016-cı il təvəllüdlü Yunis İsmayılzadə doğulub. Həmin uşağın saxlanması üçün iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul olunub. Belə vəziyyətdə cavabdehin yanında qalan 1 uşağa görə iddiaçıdan aliment tutulması üçün cavabdehin obyektiv səbəblərdən az təminatlı olduğunu təsdiq edən mötəbər sübutlar olmalıdır. Əks yanaşma ona səbəb olacaq ki, cavabdeh heç bir uşağın xərcini ödəməyəcək, iddiaçı isə 3 uşağın, yəni birinci nikahdan olan 2 uşağın və ikinci nikahdan olan 1 uşağın xərcini ödəyəcək. Kiçik uşağa görə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər ödənilməmiş aliment borcunun məbləği 4.442 manat təşkil edir. Bu, icra məmurunun iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli, xx/xx-23242/3 nömrəli məktubla təsdiq olunur. 1-ci tələb təmin edildiyinə, yəni iddiaçı kiçik uşağa görə aliment ödəməkdən xx.xx.2018-ci il tarixdən azad edildiyinə görə 2-ci tələb də təmin edilməli, yəni xx.xx.2018-ci il tarixdən sonra hesablanmış aliment borcu silinməlidir. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 78.3 və 112.1-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsnin qətnaməsi kiçik uşağa görə aliment ödəməkdən azad etmə və 4.442 manat aliment borcunun silinməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin tələb təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə tələb təmin olunsun. İddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X1 üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2018-ci il tarixdən azad edilsin və xx.xx.2018-ci il tarixdən hesablanmış 4.442 manat aliment borcu silinsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar