Məhkəmə qərarları › İş №2(103)-3417/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3417/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3417/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nənə və babadan nəvələrin saxlanılması üçün alimentin tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Əhmədova Ceyran Məmmədəli qızının iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “nənə və babadan nəvələrin saxlanılması üçün alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-887/2023 saylı 03 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. X10 və İddiaçı 14 avqust 2009-cu il tarixdə nikaha daxil olmuşlar, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X13 adlı uşaqları vardır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X3 xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 93 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. X10 alimenti ödəməkdən yayındığı üçün Xaçmaz rayon İcra Şöbəsinin xx.xx.2014cü il tarixli qərarına əsasən barəsində axtarış elan edilmişdir. Hazırda iddiaçı aliment ödəmək öhdəliyi daşıyan X3 uşaqlarının saxlanmaları üçün maddi yardım ala bilmədiyindən uşaqların nənəsi və babası olan cavabdehlerdən xeyrinə aliment tutulmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və mediasiya şurasına ödənilmiş 50 manat məbləğin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, İddiaçı X10 ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Onların əvvələr münasibətləri normal olsa da, sonradan münasibətləri tam pozulmuş və aralarında olan nikaha Xaçmaz rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə xitam verilmiş və övladları X11 və X13 onun yanında saxlanılmışdır. Cavabdehlər X12 və Cavabdeh2 xx.xx.2010-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 nənə və babasıdır. Hal-hazırda nəvənin aşağıdakı səbəblərdən maddi yardıma ehtiyacı vardır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1482/2012 saylı qətnaməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-(010)- 3904/2013 saylı qətnaməsi ilə uşaqların atası X3 iki yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment tutulması qət edilmişdir. Lakin uşaqların atası X10 məhkəmə qərarları çıxarılan tarixdən bu günədək uşaqlara aliment ödəmir, o, əvvəl Rusiya Federasiyasına getmiş, hal-hazırda isə Belçikada yaşayır və işləyir. O, hər dəfə öz valideynlərinə pul göndərir, lakin azyaşlı övladlarına heç bir maddi yardım etmir. Bununla bağlı dəfələrlə Baş İcra İdarəsinə müraciət edilmiş və Xaçmaz rayon İcra şöbəsi xx.xx.2014-cü il tarixdən borclu X10 barəsində axtarış elan etmiş və 2724/13 saylı məktubla axtarış elan edilməsi haqqında qərarı Xaçmaz rayon polis şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borclu tapılmamış və alimenti ödəməmişdir. Hazırkı dövrədək iki azyaşlı övladlarına iddiaçı baxmış, lakin artıq iqtisadi çətinlik və uşaqların böyüməsi onun maddi vəziyyətini daha da çətinləşdirmişdir. İddiaçı qeyd olunan səbəblərdən nənə və babadan uşaqların saxlanılması üçün aliment tələb etməsi məcburiyyətində qalmışdır. Cavabdeh nənə və baba isə zəruri vəsaitə malikdirlər və onların nəvələrini saxlamaq imkanları vardır. Lakin onlar bu vəzifəni könüllü olaraq yerinə yetirmək arzusunda deyillər. Belə ki, həmin şəxslər pensiya alır, kənd təsərrüfatı ilə məşğul olurlar və xaricdə yaşayan oğlu X10 (uşaqların atası) hər ay onlara kifayət qədər pul vəsaiti göndərir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(103)- 887/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, azyaşlı uşaqların öz valideynlərindən maddi yardım almaq imkanı olduğundan, onların saxlanılması üçün alimentin tutulması ilə bağlı olaraq məhkəmə qətnaməsi mövcud olduğundan, cavabdehlərin zəruri vəsaitə malik olması ilə bağlı olaraq sübut təqdim olunmadığından cavabdehlərdən alimentin tələb olunması əsassızdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-887/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən təmin edilməsi mümkün olmayan sübutların alınması barədə məhkəməyə vəsatət vermişdir. Məhkəmə isə onu qismən təmin edərək, bu mübahisənin əsasını təşkil edən sübutun təmin olunması üçün tədbir görməyib. Belə ki, cavabdehlərin oğlu (uşaqların atası) hər ay onlara pul göndərir. Məhkəmə isə cavabdehlərin adına xaricdən pul gəlməsi barədə müvafiq təşkilatlara (bank və poçta) sorğu göndərməyib ki, bununla da iddianın əsas sübut olunmalı hissəsi müəyyən edilmədən qalıb. Məhkəməyə iddia verilərkən alimentlə bağlı çıxarılmış məhkəmə qətnamələrini, borclunun axtarışı barədə qərarın surətlərini əlavə edilmişdir ki, işə baxan məhkəmə nəzərə alsın ki, çıxarılmış qətnamələr sadəcə kağız üzərində qalıb borclu xaricdə yaşayır, Azərbaycana gəlmir və 2012-ci ildən qətnamə çıxarıldığı vaxtdan aliment ödəmir. Uşaqlar atasından maddi yardım ala bilmirlər ona görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsnə əsasən baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququndan istifadə etmişdir. Məhkəmə qətnamədə ancaq cavabdehlərin xəstə olmasını qeyd edib və yalnız birinin pensiya almasını göstərib. Lakin məhkəmə bu gün iki az yaşlı uşağa baxmaq məcburiyyətində olan ananın sağlamlıq və maddi vəziyyətini nəzərə almayıb. Həmçinin cavabdehlərin hər ikisnin pensiya alması, oğlanlarının (uşaqların atası) onlara pul göndərməsi hallarını araşdırmayıb. Yalnız bir cavabdehin pensiya almasını qeyd edib və digərinin isə xəstə olmasını. Əgər Məhkəmə cavabdehlərin adına pul göndərilməsi barədə müvafiq təşkilatlara sorğu göndərəsə idi, bilinəcəkdi ki, oğlanları onlara pul göndərir və onlar zəruri vəsaitə malikdirlər. İddia verilərkən təqdim olunmuş qətnaəmələrdən, borclunun axtarışı barədə qərardan və izahatından bilinir ki, borclu 2012-ci il tarixdən aliment ödəmir və buda sübut edir ki, uşaqlar valideynindən aliment almaq imkanını itirib. Buna görə də məhəmə tərəfindən gəlinən mülahizə əsassızdır. İddia ərizəsi verilərkən təqdim etdiyi vəsatəti məhkəmə tam qəbul etsə idi yəni cavbdehlərin adına gələn pul vəsaitləri barədə müvafiq təşkilatara sorğu verilsə idi, cavabdehlərin kifayət qədər zəruri vəsaitə sahib olması öz əksini tapardı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, keçmiş yoldaşı ilə 11 ildir ki, boşanıblar, o burda yaşamır, Fransada yaşayır. 11 ilin cəmi 1 ilini aliment ödəyibdir. Əvvəl 1 uşağa görə aliment 35 manat idi. Alimentin artırılması üçün indi müraciət edib. Alimenti hec cürə ala bilmir. Keçən il 600 manat ödədi, daha sonra dedi ki, ödəyə bilmir, ordakı uşaqlarına baxır. Nənə-baba Xaçmazda yaşayır, iki mərtəbəli evi vardır. Yoldaşı uşaqlarla danışır. O, onları məcburi ataları ilə danışdırırır. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, o, uşaqları məcburi ataları ilə danışdırır, uşaqlar atası ilə danışmaq istəmir. O, uşaqların atasına deyib ki, nəyə gücü çatırsa o qədər pul göndərsin. Ona təklif edib ki, gəl Azərbaycana uşaqları gör, belə olan halda alimentin yarısından imtina edərlər. Buna baxmayaraq heç bir ödəniş həyata keçirmir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

17. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

18.Valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1). 19.Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir (89).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

20. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslər öz valideynləri tərəfindən saxlanmalıdırlar. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

23. Lakin, iş materiallarından göründüyü kimi məhkəmə qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün aliment X3 iddiaçının xeyrinə tutulmaqdadır. Onun valideyn kimi uşaqlarının əvvəlki təminat səviyyəsini saxlamaq üçün aliment ödəmək vəzifəsini layiqincə icra etməməsi, həmin vəzifəni icra etməkdən yayınması uşağın nənəsi və babası olan cavabdehlərin üzərinə aliment ödəmək öhdəliyinin qoyulması üçün əsas deyildir. Məhkəmə bu qənaətə gəlməklə həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-3904/2013 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin lazımi icrasına nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımi vasitələrdən (əməlində müvafiq tərkibin olduğu halda isə cinayət məsuliyyətinə cəlb edilməsi) istifadə edilməmişdir.

24. İddiaçı həmçinin cavabdehlərin qeyd edilən məbləğdə alimenti ödəməyə maddi imkanlarının olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, beləliklə də aliment tutulacağı təqdirdə bunun cavabdehlərin təminat səviyyələrinə əhəmiyyətli dərəcədə mənfi təsir edib-etməyəcəyini araşdırmaq mümkün olmamışdır.

25. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

26. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

27. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(103)-887/2023 saylı, 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məhəmməd Rüstəmli Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar