Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3419/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs olmaqla) qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə Cavabdeh4 vəkili Vəkil1 və cavabdeh X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı QSC (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İlkin iddia üzrə İddiaçı QSC cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsi və orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, maddi və mənəvi zərər” tələbinə dair ilkin, Cavabdeh4 İddiaçı QSC-yə qarşı “fərdi yaşayış evindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, maddi və mənəvi zərər” tələbi üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, keçirilmiş ekspertiza əsasında ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. İlkin iddia üzrə iddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı QSC cavabdehlər "xxxx" Firması və Cavabdeh2 (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, fərdi yaşayış evinə qanunsuz müdaxilə edilməsinin, orada təmir-tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, yaradılmış maneələrin aradan qaldırılması və yaşayış evinə sərbəst girişin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(103)-13649/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 manat əsas borc və 5.800 manat cərimə məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi, 109 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və İddiaçı QSC tərəfindən alınmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Hərracın nəticələri haqqında protokol icra qurumu tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2020ci il tarixli elektron çıxarış vermişdir. xx.xx.2021-ci il tarixində məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilmiş, həyatyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən iddiaçının işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişdilər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olmaq mümkün olmamışdır.
4. Daha sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində məhkəmə icraatına cəlb olunmalarını xahiş etmişdir.
5. xx.xx.2021-ci il tarixdə Cavabdeh4 birinci instansiya məhkəməsinə ilk iddiaya etiraz və qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qeyd etmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 185,1 kv.metr təşkil edir və həmin evin texniki pasportu da mövcuddur. Mülkiyyət hüququnu təsdiq edən sənəddən də göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi bütövlükdə ona məxsusdur. Hesab edir ki, İddiaçı QSC-nin əməkdaşları ona məxsus fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılaraq ona təhvil verilməlidir. Həmçinin İddiaçı QSC-nin əməkdaşlarının ona məxsus fərdi yaşayış evini zəbt etmələri nəticəsində ona 50.000 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, İddiaçı QSC-nin əməkdaşlarının mülkiyyətində olan əmlaka açıq-aşkar şəkildə qəsd etmələri, ona qarşı zorakılıq etmələri, bu azmış kimi, ona qarşı məhkəmədə əsassız iddia qaldırmaları və s. hərəkətləri nəticəsində ona 50.000 manat məbləğində mənəvi zərər dəymişdir. Dövlət rüsumu üçün 30 manat məbləğində pul ödəmişdir. Odur ki, İddiaçı QSC-dən onun xeyrinə ümumilikdə 100.030 manat məbləğində pul tutulmalıdır.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında ilkin iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, “X7” MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, fərdi yaşayış evinin həyətyanı sahədən ayıran arakəsmə divarının Cavabdeh3 tərəfindən sökülməsi nəticəsində iddiaçıya 1.184 manat məbləğində maddi zərər vurulmuşdur. Sonradan sökülmüş divarın bərpa edilməsi və digər bərpa işlərinin aparılması üçün iddiaçı tərəfindən podratçı təşkilatla müqavilə bağlanmış və 2.716,24 məbləğində vəsait ödəmişdir. Həmçinin, Cavabdeh3 tərəfindən iddiaçının əmlakına açıq şəkildə qəsd edilməsi, məhkəmə və hüquq mühafizə orqanlarında, üçüncü şəxslərə özünü qonşu evin sahibi kimi təqdim etməsi və iddiaçıya məxsus olan fərdi yaşayış evinin də onun olduğunu iddia etməsi, məhkəmə proseslərində özünü Cavabdeh4 qardaşı kimi təqdim etməsi və heç bir sənəd və etibarnamə təqdim etməyərək iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr verməsi mənəvi zərərin vurulması kimi qiymətləndirilir. Cavabdeh4 adına tərtib edilən məktub, ərizə və şikayətlərdə də iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələr mövcuddur. Bu səbəbdən ona 10.000 manat məbləğində mənəvi zərər dəymişdir. Dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir. Odur ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ilkin iddia üzrə İddiaçı QSC-nin xeyrinə qeyd olunan məbləğlərdə pul tutulmalıdır.
8. Həmçinin, həmin məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mülki məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardad qəbul edilərək, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən qərardadda qoyulmuş suallar cavablandırılmış və xx.xx.2022-ci il tarixli rəy tərtib olunaraq, qeyd edilmişdir ki, təqdim olunmuş fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur. Faktiki vəziyyətdə yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi təcrid şəkildə iki hissəyə bölünmüşdür. Belə ki, yarımzirzəmi mərtəbəsində yerləşən 2, 4 və 5 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 2,4, 5 və 6 saylı tikililər ‘Lukoyl-Azərbaycan” QSC-nin istifadəsində, yarımzirzəmi mərtəbəsində yerləşən 1 və 3 saylı tikililər, eləcə də birinci mərtəbədə yerləşən 1 və 3 saylı tikililər Cavabdeh4 faktiki istifadəsindədir. Eyni zamanda istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi mişar daşı ilə hasara alınaraq İddiaçı QSC-nin istifadəsində, qalan hissəsi Cavabdeh4 faktiki istifadəsindədir. Baxış zamanı Cavabdeh4 faktiki istifadəsində olan hissədə fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olunmuşdur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, eləcə də baxış zamanı İddiaçı QSC-nin istifadəsində olan sahəyə dair hər-hansı texniki parametrləri əks etdirən sənəd təqdim olunmadığından, **********18-10301 reyestr nömrəli Çıxarışda göstərilmiş ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evin yerini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin faktiki yerləşmə vəziyyəti, ölçüləri, mərtəbəliliyi, ayrı-ayrı otaqlarının yerləşmə vəziyyəti və.s. texniki parametrlərinin iş materiallarında olan Cavabdeh4, başqalarının adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasporta uyğun olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evi olduğu müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evinin 119,3 kv.metr hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanda istifadədə olan 0,005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.metr olan fərdi yaşayış evinə dair texniki pasport sənədi təqdim olunmadığından həmin fərdi yaşayış evinin yerini müəyyən etmək mümkün olmamışdır.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (e-2(001)-33/2024 nömrəli mülki iş üzrə, hakim N.Nəbizadə) qətnaməsi ilə ilkin iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin ünvan 2 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,1 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-dən tutularaq Cavabdeh4 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən tutulması qət edilmişdir.
12. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2022ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki parametrləri (ölçüləri, konfiqurasiyası, yerləşmə vəziyyəti və.s.) iş materiallarında olan Cavabdeh4 adına tərtib olunmuş **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasport sənədinə uyğundur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinin **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.metr olan fərdi yaşayış evinin 119,3 kv.metr hissəsi, istifadədə olan torpaq sahəsinin 122 kv.metr hissəsi İddiaçı QSC tərəfindən istifadə edilir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi qismən – cavabdeh İddiaçı QSC-nin ünvan 2 ünvanında yerləşən və Cavabdeh4 məxsus 185,1 kv.metr. ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evi boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin digər hissələrdə hazırkı vəziyyətdə təmin edilməsini mümkün hesab etməmişdir. Belə ki, maddi ziyan hissəsində ərizə ümumiyyətlə əsaslandırılmamış, mənəvi ziyana dair hissənin təmin edilməsi üçün isə qanunvericiliklə müəyyən edilmiş elementlərin tam həcmdə mövcud olması iş materiallarında olan sənədlərdən müəyyən edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının qətnamə ilə çıxarılması müəyyən edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ mövcuddur. İş materiallarından göründüyü kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlə Reyestri Xidməti tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, həmin fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçının xüsusi mülkiyyətindədir. Qətnamədə isə iddiaçının həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həm çıxarışda, həm qətnamədə ünvanların eyni olduğu açıq-aydın görünür. Bununla da, iddiaçının mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Sözügedən fərdi yaşayış evi ilə bağlı ilkin iddia üzrə iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyatı mövcud olduğuna və həmin qeydlər ləğv edilmədiyinə, qeyri-dəqiqliyi sübuta yetirilmədiyinə, bu barədə məhkəmə qərarı mövcud olmadığına görə, qeydlər həqiqi və tamam hesab edilir. Məhkəmə qarşılıqlı iddianın qismən təmin edilməsinin əsası kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini göstərmişdir. Ekspert rəyində xx.xx.2020-ci il tarixli, Cavabdeh4 və başqalarının adına tərtib edilmiş texniki passporta istinad edilərək mübahisəli fərdi yaşayış evinin Cavabdeh4 mülkiyyətinə verilmiş sahəsi 185.1 kv.metr olan fərdi yaşayış evi olduğu qeyd edilir. Göründüyü kimi, ekspert rəyində hüquqi məsələyə yalnış münasibət bildirilməsinə baxmayaraq, məhkəmə həmin rəyə əsaslanmış və yalnış nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli texniki passport heç bir halda həmin əmlakın Cavabdeh4 aid olduğunu təsdiq etmir. Texniki passportun adından da göründüyü kimi, texniki passportda qeyd edilən əmlak tək Cavabdeh4 deyil, digər şəxslərə də məxsusdur. İş materiallarında olan əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə nəzər yetirdikdə açıq-aydın görünür ki, bu texniki passportda qeyd edilən başqaları qismində məhz ilkin iddia üzrə iddiaçı çıxış edə bilər. Məhkəmə ekspertizanın səlahiyyətlərinə aid olmayan hüquqi məsələnin həllində ekspert rəyinə əsaslanaraq tamamilə yalnış nəticəyə gəlmişdir. Burda xüsusilə qətnamənin 18-ci səhifəsinin 5-ci abzasında qeyd edilən “Cavabdeh4 adına tərtib edilmiş texniki pasport” ifadəsinə diqqət edilməlidir. Belə ki, məhkəmə texniki passportun ilkin iddia üzrə cavabdehin adına deyil, cavabdehin və başqalarının adına tərtib edildiyini bilə-bilə qətnamədə texniki passportun cavabdehin adına olduğunu göstərir. Bu hallar qətnamənin ləğvi üçün birbaşa əsas təşkil edir. Ümumiyyətlə, texniki passport hüquqmüəyyənedici deyil, texniki sənəddir. İş materiallarında olan hüquqmüəyyənedici sənədlərə nəzər yetirdikdə görünür ki, ilkin iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il tarixli elektron çıxarış verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli əmlak bir neçə hissəyə bölünmüş, iki hissəsi üçün Cavabdeh2 ayrı-ayrı çıxarışlar əldə etmiş və bu iki hissənin bir hissəsi ilkin iddia üzrə iddiaçıya, digər hissəsi isə cavabdehə gəlib çatmışdır. Bu sənədlər açıq-aydın göstərir ki, mübahisəli fərdi yaşayış evinə ilkin iddia üzrə iddiaçının hüquqları qanuni şəkildə qeydə alınmışdır və əmlak ona məxsusdur. Əmlakın bu səbəbdən iki ayrı girişi və bir-birindən təcrid olunmuş hissələri mövcuddur. Hər iki hissənin cavabdehə məxsus olduğunu qeyd etmək isə həm yuxarıda qeyd edilən mülkiyyət hüququnu təsdiq edən sənədlərə, həm də heç bir məntiqə uyğun deyil. Bundan başqa, məhkəmə qətnamənin 12-ci səhifəsində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına istinad edərək xüsusilə vurğulayır ki, mübahisəli fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş və fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililərinin sökülməsi müəyyən edilmişdir. Məhkəmənin bu hissəni xüsusilə vurğulamaqda məqsədi ilkin iddia üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi barədə dəlilin mövcudluğunu göstərməkdir. Qeyd edilən məhkəmə işi üzrə ilkin iddia üzrə iddiaçının tələbi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi, 109 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı, 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun düzgün qeydiyyata alınmaqla dövlət reyestrindən yeni çıxarışın verilməsi və həmin çıxarışa uyğun texniki passportun verilməsidir. İlkin iddia üzrə iddiaçı fərdi yaşayış evini hərrac vasitəsilə əldə etməmişdən əvvəl həmin fərdi yaşayış evinin ümumi sahəsi çıxarışda 109 kv.metr olaraq göstərilsə də, iddiaçının adına olan çıxarışda sahə 71.20 kv.metr qeyd edilmişdir. Qeyd edilən məsələdən narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun düzgün qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmənin gəldiyi yekun nəticəyə əsasən isə bu yalnışlıq sübuta yetirilə bilmədiyindən iddiaçının iddiası təmin edilməmişdir. Göründüyü kimi, qeyd edilən işin mahiyyətinin hazırkı işlə hər hansı bir əlaqəsi mövcud deyil. İstinad edilən qərarda qeyd edilən sökülmə halı isə heç bir halda iddiaçının qeydiyyata alınmış 71.20 kv.metr sahəsi olan fərdi yaşayış evinə aid edilə bilməz. İlkin iddia üzrə iddiaçının çıxarışla qeydiyyata alınmış mülkiyyət hüququnun qeydinin ləğv edilməsi barədə cavabdeh məhkəməyə müraciət etsə də, məhkəmə cavabdehin ziyanına qərar çıxarmış və həmin qərar qüvvəyə minmişdir. Qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız başqa məhkəmənin maraqlı şəxsin tələbi əsasında bu barədə qərarı olduqda əmlakın məhv olması nəticəsinə gələ bilərdi. Belə bir qərar mövcud olmadığına görə, ilkin iddia üzrə iddiaçının qeydiyyata alınmış mülkiyyət hüququ əsas meyar kimi çıxış etməlidir. Bundan başqa, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırsa da, qeyd edilən iddia da qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə rədd edilmişdir. xx.xx.2021-ci il tarixində məlum olmuşdur ki, fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilmiş, həyatyanı sahəni qonşu sahədən ayıran köhnə divar sökülmüş və sahədə olan bütün ağaclar kəsilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün fərdi yaşayış evinə göndərilən ilkin iddia üzrə iddiaçının işçiləri giriş qapısının içəri tərəfdən mişar daşı ilə hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsini aşkar etmişlər. Bu səbəbdən fərdi yaşayış evinə və həyətyanı sahəyə daxil olmaq mümkün olmamışdır. Bunun nəticəsində ilkin iddia üzrə iddiaçıya ziyan dəymişdir. İddiada qeyd edilən ziyan “X7” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymətləndirmə aktında təsdiq edilmişdir. İddiaçının qeydiyyata alınmış mülkiyyət hüququ ilə istifadə etdiyi daşınmaz əmlaka qanunsuz olaraq cavabdehlər tərəfindən müdaxilə olunmuşdur. Bu səbəbdən ilkin iddia ərizəsi üzrə iddiaçının tələbi təmin edilməlidir. Məhkəmə heç bir dəlil ilə mübahisəliəmlakın tamamilə avabdehə aid olduğunu və ya ilkin iddia üzrə iddiaçının qeydə alınmış mülkiyyət hüququ ilə mövcud olan əmlakın mübahisəli əmlak olmamasını təsdiq etmədən qətnaməni çıxararaq yalnış nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İlkin iddia üzrə Cavabdeh4 vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya instansiyası məhkəməsinə şikayətə dair etiraz təqdim edərək, bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi bütövlükdə Cavabdeh4 məxsusdur, bu barədə müvafiq çıxarış və texniki pasport mövcuddur. İlkin iddia üzrə iddiaçının isə texniki pasportu yoxdur. İlkin iddia üzrə iddiaçının ona məxsus olduğunu idda etdiyi tikilinin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırkı mülki iş üzrə keçirilmiş ekspert rəyi də digər məhkəmə araşdırmaları zamanı keçirilmiş ekspertizaların nəticəsilə eynilik təşkil edir və onların heç birində iddiaçıya məxsus fərdi yaşayış evinin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı QSC-nin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh4 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.
19. Digər cavabdehlər və üçüncü şəxslər isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı:
23. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı:
24. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə - MPM):
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı ilkin iddia tələbinə münasibətdə tam, qarşılıqlı iddia tələbinə münasibətdə isə qismən (qismən təmin edilmiş hissəsi üzrə) yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 71.2 kv.metr ümumi sahəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ çıxarış əsasında ilkin iddia üzrə İddiaçı QSC-yə (bundan sonra mətndə - iddiaçı) məxsusdur. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən həmin fərdi yaşayış evinə qanunsuz şəkildə müdaxilə edildiyini bildirmiş, bu səbəbdən mülkiyyət hüququnun pozulması hallarına son qoyulmasını xahiş etmişdir. Eyni zamanda, həmin ünvanda yerləşən 185.1 kv.metr ümumi sahəli fərdi yaşayış evi başqa bir çıxarış əsasında ilkin iddia üzrə Cavabdeh4 (bundan sonra mətndə - cavabdeh) məxsusdur. Qeyd olunan halı əsas gətirən cavabdeh də məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən həmin fərdi yaşayış evinə qanunsuz şəkildə müdaxilə edildiyini bildirmiş, bu səbəbdən mülkiyyət hüququnun pozulması hallarına son qoyulmasını xahiş etmişdir.
34. İş materiallarından görünür ki, fərdi yaşayış evlərinin biri qanuni mülkiyyət hüququ əsasında iddiaçıya, digəri isə cavabdehə məxsusdur və bu işin mübahisəsiz halıdır. Mübahisənin yaranmasına səbəb çıxarışlardakı ünvanların eynilik təşkil etməsidir. Çıxarışlardakı ünvanlar eyni olsa da, biri 71.2 kv.metr, digəri isə 185.1 kv.metr ümumi sahəli olmaqla ayrı-ayrı fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarını əks etdirir. Lakin qeyd olunan ünvanda faktiki olaraq bir fərdi yaşayış evi mövcuddur. Hazırda iddiaçı və cavabdehin hər ikisi həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının olduğunu iddia edirlər.
35. İddiaçı və cavabdehin tələblərini ayrı-ayrılıqda araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının mülkiyyət hüququnun müdafiəsinə dair tələbi əsassız, cavabdehin həmin tələbi isə əsaslıdır.
36. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün zəruri araşdırmalar aparılmış, ekspertiza təyin edilmişdir.
37. Keçirilmiş ekspertiza nəticəsində ilkin iddia üzrə iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinin harada yerləşməsi müəyyən edilə bilməmiş, hüquqmüəyyənedici sənədlər onların texniki sənədləri ilə birlikdə yoxlanıldıqda aydın olmuşdur ki, hazırda mübahisələndirilən fərdi yaşayış evi istər çıxarış, istərsə də texniki pasportda göstərilmiş məlumatlara əsasən cavabdehin mülkiyyətinə verilmiş fərdi yaşayış evi ilə uyğunluq təşkil edir.
38. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
39. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
40. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).
41. Keçirilmiş ekspertiza ilə ünvan 2 ünvanında yerləşən 185.1 kv.metr ümumi sahəli fərdi yaşayış evinin cavabdehə məxsus əmlak olması öz təsdiqini tapmış, iddiaçının 71.2 kv.metrlik əmlakının isə harada yerləşməsi müəyyən edilə bilməmişdir. Nəticədə, cavabdehin tələbinin əsaslı olması sübuta yetirilmişdir.
42. İddiaçının əsas gətirdiyi dəlil isə həmin ünvanda çıxarış əsasında ona məxsus fərdi yaşayış evinin yerləşməsi olmuşdur.
43. Bununla bağlı qeyd edilməlidir ki, şəxsin adına əmlakın dövlət qeydiyyatına alınması barədə çıxarışın olması, mütləq şəkildə həmin əmlakın faktiki mövcudluğunu sübut etmir. Bu baxımdan sadəcə hüquqmüəyyənedici sənədin olması dəlilini rəhbər tutaraq, mövcudluğu sübut edilə bilməyən əmlaka dair iddia irəli sürülməsi əsaslı hesab edilə bilməz.
44. Bununla yanaşı, digər məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizada (əsas - xx.xx.2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi), habelə iddiaçının sifarişi ilə keçirilmiş mütəxəssis baxışında da (əsas - xx.xx.2022-ci il tarixli, 07-78/22 nömrəli mütəxəssis rəyi) mübahisələndirilən fərdi yaşayış evinin cavabdehin adına olan sənədlərlə uyğunluq təşkil etməsi, iddiaçının mülkiyyətinə verilmiş fərdi yaşayış evinin isə harada yerləşməsinin müəyyən olunmaması nəticəsinə gəlinmişdir.
45. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/5527 nömrəli rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert cavablandırdığı suallar üzrə tam və hərtərəfli tədqiqat aparmışdır. Rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi də uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
46. MPM-in 82.3-cü maddisnə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, digər məhkəmə qərarlarının əsasını təşkil etmiş ekspert rəyinin hazırkı mülki iş üzrə də sübut qismində istifadə edilməsi qanunauyğun olmuşdur.
47. Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin mülkiyyət hüququnun olması və həmin hüququn, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Məhkəmənin qərarı olmadan isə heç kəs mülkiyyətindən məhrum edilə bilməz.
48. Odur ki, kollegiya qətnamədəki hüquqi mövqey ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli əmlak üzərində mülkiyyət hüququnun olmasını əsas gətirərək, ilkin iddia tələbini “fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququnun müdafiəsi” hissəsində rədd, qarşılıqlı iddia tələbini isə həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
49. Bundan əlavə, iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının öz mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həm iş materiallarında olan çıxarışlardan, həm də qətnamədən tərəflərin mülkiyyətində olan ünvanların eyni olduğu açıq-aydın görünür. Bununla da, iddiaçının mülkiyyət hüququ kobud surətdə pozulmuşdur.
50. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ona məxsus olan 71.2 kv.metr ümumi sahəli fərdi yaşayış evindən deyil, cavabdehə məxsus 185.1 kv.metr ümumi sahəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Belə olan halda, iddiaçının mülkiyyət hüququ pozulmur. Çünki hər iki tərəfin çıxarışlarında qeyd olunmuş əmlakın yerləşdiyi ünvan eyni olsa da, onların ümumi sahələri müxtəlifdir, iddiaçı və cavabdehin mülkiyyətlərində ayrı-ayrı əmlaklar var. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının cavabdehin xüsusi mülkiyyətində olan 185.1 kv.metr ümumi sahəli fərdi yaşayış evindən çıxartmaqda haqlı olmuşdur.
51. Apellyasiya şikayətindəki növbəti dəlil isə texniki pasportun yalnız Cavabdeh4 deyil, o və başqalarının adına tərtib olunmmasıdır. Həmin dəlilə görə, əmlakın mülkiyyətçilərinin dəyişməsi tarixçəsinə nəzər yetirdikdə müəyyən edilə bilər ki, texniki pasortda qeyd olunmuş başqaları qismində məhz iddiaçı çıxış edə bilər.
52. Məhkəmə kollegiyası bununla bağlı izah edir ki, əmlakın mülkiyyətçiləri dəyişmiş olsa da, hazırda hər iki tərəfin ayrı-ayrı fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar mövcuddur. xx.xx.2020-ci il tarixli çıxarış ilə 185.1 kv.metr sahəli fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin çıxarış verilməmişdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib olunmuşdur və hüquq subyektləri kimi “Cavabdeh4 və başqaları” qeyd olunmuşdur. Bununla yanaşı, həmin sənəddə fərdi yaşayış evinin ümumi sahəsi 185.1 kv.metr kimi göstərilmişdir. İddiaçının adına olan fərdi yaşayış evi isə 71.2 kv.metrlik ümumi sahəyə malikdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli texniki pasport məhz cavabdehin hazırda mülkiyyətində olan 185.1 kv.metr sahəli fərdi yaşayış evinə münasibətdə tərtib olunmuşdur və oradakı məlumatlar iddiaçıya yox, cavabdehə məxsus fərdi yaşayış evinin ölçüləri ilə uyğunluq təşkil edir. Əgər texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi ilə cavabdehin çıxarışındakı ümumi sahə, yəni 185.1 kv.metr arasında kəskin fərq olsa idi, o zaman iddiaçıya məxsus 71.2 kv.metrlik fərdi yaşayış evinin texniki göstəricilərinin də məhz həmin texniki pasort daxilində yer alması nəticəsinə gəlmək müəyyən dərəcədə əsaslı olardı. Nə qədər ki, belə hal mövcud deyil və cavabdehin çıxarışındakı məlumatlarla texniki pasportdakı məlumatlar tam olaraq uyğunluq təşkil edir, belə olan halda, texniki pasportda hüquq sbuyektləri qismində qeyd olunmuş “başqaları” ifadəsinin iddiaçıya aid edilməsi xüsusatı əsassızdır.
53. Apellyasiya şikayətindəki digər dəlillərə münasibətdə qeyd edilməlidir ki, fərdi yaşayış evinin iki ayrı girişinin və bir-birindən təcrid olunmuş hissələrinin mövcud olması, həmin hissələrdən birinin iddiaçıya, digərinin isə cavabdehə məxsus olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, fərdi yaşayış evinin iki hisəyə ayrılması halları zəbtetmə nəticəsində də yaranmış ola bilər. Nəzərə alınmalıdır ki, cavabdehin hazırkı tələblə məhkəməyə müraciət etməsi də həmin fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququnun müdafiəsi məqsədini daşıyır. Belə olan halda, bu faktorlar fərdi yaşayış evinin iddiaçıya məxsus olduğuna əsas vermir. Bundan başqa, iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi iş materiallarında öz təsdiqini tapmır, lakin həmin əmlakın harada yerləşməsi ekspertizaların keçirilməsinə baxmayaraq, müəyyən edilmədiyindən, mövcudluğu da şübhə altındadır.
54. İlkin iddia tələbinin maddi zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı fərdi yaşayış evinə kənar şəxslər tərəfindən qanunsuz müdaxilə edilməsini əsas gətirərək, maddi zərərin tutulmasını tələb etsə də, məhkəmə tərəfindən onun tələbinin “əmlaka dair mülkiyyət hüququnun müdafiəsi” hissəsi təmin edilmədiyindən və mübahisəli əmlakın cavabdehə məxsus olduğu müəyyən olunduğundan hansısa qanunsuz müdaxilədən söhbət gedə bilməz. Odur ki, həmin hissə üzrə birinci instansiya məhkəməsi tərəfindən tələbin rədd edilməsi qanunamüvafiq olmuşdur.
55. İlkin iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İlkin iddia üzrə iddiaçı isə hüquqi şəxsdir. Hüquqi şəxsdə insan fərdinə xas mənəvi duyğular mövcud olmadığından mənəvi sarsıntı və iztirab keçirməsi, nəticədə mənəvi zərərin əvəzini tələb etməsi də mümkünsüzdür.
56. Oxşar mövqeyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da rast gəlmək olar. Belə ki, Plenumun hüquqi mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı). Göründüyü kimi, Plenum işgüzar nüfuzuna qəsd edildiyi təqdirdə hüquqi şəxsin mənəvi yox, maddi zərərin ödənilməsini tələb etmək hüququnun olmasını qeyd etmişdir. Belə olan halda, iddiaçı cavabdehlərdən mənəvi zərər tələb etməkdə haqlı olmamışdır.
57. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia ərizəsini rədd, qarşılıqlı iddia ərizəsini isə qismən təmin etməkdə haqlı olmuşdur.
58. İddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etmiş və şikayətinin dəlillərini əsaslandıra bilməmişdir.
59. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Odu ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Qətnamənin dövlət rüsumunun və eskpertiza xərcinin tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 100 manat təşkil edən eskpertiza xərcini iddiaçıdan tutulması qanunamüvafiq olmuşdur.
62. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-33/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.