Məhkəmə qərarları › İş №2(103)-3421/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3421/2022

25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3421/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(004)-1061/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.04.2021-ci il tarixdən hesablanmaqla 30.06.2016-cı il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, 3 saylı ASAN xidmət mərkəzi tərəfindən onun guya 30.06.2016-cı il təvəllüdlü X2 atası olmağına dair atalığın müəyyən edilməsinə dair 15.07.2016-cı il tarixli şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(004)- 1061/2022 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(004)-1061/2022 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Ona görə də hesab edir ki, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli 2(004)-1061/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(004)-1061/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan qəbzdən müəyyən olunur ki, Cavabdeh iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və məhkəmə iclası haqqında bildirişi 19.01.2022-ci il tarixdə rəsmi qaydada xəbərnaməyə imza edərək əldə etmişdir. Cavabdeh iddia ərizəsini rəsmi qaydada aldığı gündən qarşılıqlı iddia ərizəsini 20 gün ərzində məhkəməyə təqdim etməliydi. Lakin cavabdeh iddia ərizəsini aldıqdan sonra 20 gün ərzində qarşılıqlı iddia vermək hüququndan istifadə etməmiş və qarşılıqlı iddianın verilməsi üçün əsasların 20 gün müddətin keçməsindən sonra əmələ gəlməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(004)-1061/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(004)-1061/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar