Məhkəmə qərarları › İş №2(103)-3422/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3422/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3422/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad edilmə tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Mn katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin və apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən yaranmış və ondan cavabdehin xeyrinə tutulmalı olan 20.000 manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay, hər uşağa 93 manat, cəmi isə 186 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə qətnaməsi qəbul edildikdən təxminən 3-4 ay sonra iddiaçı ilə cavabdehin ailə münasibətləri bərpa olmuş, cavabdeh, uşaqlarla birlikdə evə qayıtmış və onlar xx.xx.2022-ci il tarixədək bir evdə yaşamaqla, birgə təsərrüfat aparmışlar. Qeyd edilən müddət ərzində uşaqların, ümumilikdə isə ailənin ehtiyaclarını iddiaçı təkbaşına qarşılamışdır, çünki cavabdeh işləmir. Təbii ki, həmin müddət ərzində iddiaçı alimenti rəsmi olaraq ödəməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdehin münasibətləri yenidən pozulmuş və cavabdeh uşaqlar ilə birgə evdən çıxıb getmişdir. Yalnız bundan sonra ona Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsindən gələn bildirişdən məlum olmuşdur ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçıya 20.000 manat məbləğində aliment borcu hesablanmışdır. İddiaçı həmin borcun hesablanmasını qanunsuz hesab edir, çünki həmin müddət ərzində uşaqların və elə cavabdehin özünün də xərclərini iddiaçı ödəmişdir. Bu hal ən azından onunla təsdiq olunur ki, ötən təxminən 9 il ərzində cavabdeh alimentin tutulması ilə bağlı İcra Şöbəsinə müraciət etməmişdir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul edildikdən bir müddət sonra cavabdeh, uşaqlar ilə birlikdə evə qayıtsa da, cavabdeh ilə iddiaçı birgə təsərrüfat aparmamışlar. Uşaqların ehtiyaclarını cavabdehin valideynləri qarşılamışlar. Bir yerdə yaşadıqları müddətdə iddiaçı övladlarına kifayət qədər qayğı göstərməmiş, onlara laqeyd yanaşmışdır. Cavabdeh, uşaqlara görə iddiaçının hərəkətlərinə dözsə də, 2022-ci ilin mart ayında münasibətləri dözülməz olmuş, xx.xx.2022-ci il tarixdə cavabdeh valideynlərinin evinə qayıtmışdır. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçı alimentin ödənilməsindən azad edilməməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu təqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Ona görə də, tələbkar – hazırki iş üzrə cavabdeh ərizə ilə İcra Şöbəsinə müraciət edərək, aliment tələbinin olmadığını bildirmişdir. Yəni, göstərilən müddət ərzində cavabdehin aliment tələb etməməsi, habelə məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadələri ona dəlalət edir ki, tərəflər və uşaqları birlikdə eyni evdə yaşamış və birlikdə yaşadıqları müddətdə iddiaçı valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Cavabdehin valideynlərinin cavabdehin övladlarına, yəni öz nəvələrinə geyim, qida və digər məhsullar alması, iddiaçının uşaqlarını saxlamaq öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, iddia tələbi əsaslı hesab edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, onunla iddiaçının arasında əvvəllər də narazılıq olmuş və o, alimentin tutulması ilə bağlı iddia ərizəsi Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və Xəzər Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli qətnamə ilə 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazançının və başqa gəlirlərinin 1/3 hissəsi hər ay tutularaq ona verilməsini qət etmişdi. Həmin qətnamə qəbul edildikdən sonra onlar barışmış və o, Xəzər Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, qətnamənin icrasından imtina etmişdir. Qısa müddətdən sonra onların münasibətləri bir daha pozulmuş və o, bu dəfə Sabunçu Rayon Məhkəməsinə alimentin tutulması ilə bağlı iddia ilə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan onun xeyrinə hər ay, hər uşağa 93 manat, cəmi isə 186 manat məbləğində aliment tutulsun. Bu qətnamədən sonra o, evə qayıtsa da, iddiaçı ilə barışmamış və iddiaçı ilə birgə təsərrüfat aparmamışdır. Uşaqların ehtiyaclarını da cavabdeh deyil, onun öz valideynləri qarşılamışlar. Buna görə də, o, Sabunçu Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasından imtina etməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi onun Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin icrasından imtinası əsas götürərək, iddiaçını Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə yaranmış 20.000 manat məbləğində aliment borcunun ödənilməsindən azad etmişdir.

9. İş üzrə iddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdir.

10. Apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfov bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar olan hazırki iş üzrə cavabdeh 2023-cü ilin aprel ayında İcra Şöbəsinə müraciət edərək icra sənədi üzrə borclu olan iddiaçının alimentin ödəmədiyini bildirmiş və alimentin tutulmasını xahiş etmişdir. Həmin ərəfədə borclu da Şöbəyə müraciət edərək qeyd edilən icra sənədi üçün aliment borcunun məbləği barədə arayış verilməsini xahiş etmişdir. Müraciətlər əsasında icra işi üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, tələbkar alimentin tutulmasından imtina etməmiş, lakin borclu olan iddiaçı alimenti ödəməmiş və nəticədə 20.000 manat məbləğində aliment borcu yaranmışdır. Bununla bağlı onun tərəfindən xx.xx.2022-ci il tarixdə “aliment borcunun məbləğinin hesablanması barədə” qərar qəbul edilmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir.

12. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay, hər uşağa 93 manat, cəmi isə 186 manat, həmçinin uşaqların 3 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə qanuni qüvvəyə minmiş, onun əsasında xx.xx.2013-cü il tarixdə icra vərəqəsi verilmiş və icra vərəqəsi icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “aliment borcunun məbləğinin hesablanması barədə” qərarından görünür ki, həmin icra sənədi üzrə yaranmış aliment borcunun məbləği 20.000 manat təşkil edir. Xəzərə Rayon İcra Şöbəsi qətnamənin icra edilməsi üçün borclunun – hazırki iş üzrə iddiaçının işlədiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə müraciət etmişdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Xəzər Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1094 saylı məktubdan görünür ki, xx.xx.2013-cü il tarixli 2(008)-1110/2013 saylı icra sənədinə əsasən iddiaçının əmək haqqında uyğun olaraq 1.019,21 manat məbləğində pul tutulmuş və cavabdehin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin məbləğ cavabdehin hesabına mədaxil edilib.

13. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli həmin qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu hesab edilən iddiaçı, həmin qətnamə qəbul edildikdən 3-4 ay sonra tələbkarla – hazırki iş üzrə cavabdehlə münasibətlərinin bərpa olmasını, cavabdehin uşaqlarla birlikdə evə qayıtmasını və bundan sonra uşaqların, ümumilikdə isə ailənin ehtiyaclarının onun tərəfindən qarşılanmasını bildirərək hesab edir ki, o, aliment borcunun ödənilməsindən azad olunmalıdır. İddiaçı bildirir ki, münasibətlə bərpa olunduqdan sonra o, uşaqların və elə cavabdehin özünün də xərclərini ödəmişdir. Bu hal ən azından onunla təsdiq olunur ki, ötən təxminən 9 il ərzində cavabdeh alimentin tutulması ilə bağlı Xəzər Rayon İcra Şöbəsinə müraciət etməmişdir.

14. İddiaçı tələbinin əsaslı olmasını sübut etmək üçün şahid ifadələrinə istinad edir.

15. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (iddiaçının atası) X3, (iddiaçının qohumu) X8, (iddiaçının qonşusu) X5 və (iddiaçının iş yoldaşı) X6 Rayon Məhkəməsinə verdikləri ifadələr ilə iddiaçının bildirdikləri xüsusatları təsdiq etmişlər.

16. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli həmin qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar hesab edilən cavabdeh isə bildirir ki, Sabunçu Rayon Məhkəməsi 2(008)-1110/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixdə qətnamə qəbul etdikdən bir müddət sonra o, uşaqlar ilə birlikdə evə qayıtsa da, iddiaçı ilə birgə təsərrüfat aparmamış, uşaqların ehtiyaclarını onun valideynləri qarşılamışlar. Buna görə də o, hesab edir ki, iddiaçı alimentin ödənilməsindən azad edilməməlidir.

17. Cavabdeh iddia tələbinə qarşı etirazının əsaslı olmasını sübut etmək üçün şahid ifadələrinə istinad edir.

18. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (cavabdehin valideynlərinin qonşusu) X4 ifadəsində göstərmişdir ki, cavabdeh atasıgilə mütəmadi olaraq gəlmiş, yaşadığı evə qayıdarkən ərzaq aparmışdır.

19. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (cavabdehin tanışı) X1 ifadəsində göstərmişdir ki, onun və iş üzrə tərəflərin övladları birlikdə gimnastika ilə məşğul olmuşlar. Uşağı gah cavabdeh, gah iddiaçı gətirmiş, lakin ödənişlərini hər zaman cavabdeh etmişdir.

20. Rayon Məhkəməsi tərəfindən fikri öyrənilmiş (iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü) İbrahim bildirmişdir ki, əvvəllər atası ilə birgə yaşamış, lakin son zamanlar anası ilə birlikdə ana babasının evində yaşayır. Atası və bacısı ilə danışmır, çünki atası ona anasının pis olduğunu demişdir. Paltarları ona ana nənəsi gətirmişdir. Məktəbə isə atası və Bəhram babası aparmışdır. 8 il Mərdəkan qəsəbəsində yaşamışlar, lakin keçən ildən anası ilə birgə Zabrat qəsəbəsində yaşayır. Atası ilə yaşadığı vaxtlarda atası ilə bir yerdə yemək yeyirdilər. Atasının münasibəti ona qarşı pis olduğu üçün atası ilə görüşmək istəmir. Atası Koreyada olduğu vaxt onları anası saxlamışdır.

21. Rayon Məhkəməsi tərəfindən fikri öyrənilmiş (iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü) Duyğu bildirmişdir ki, hal-hazırda atasının yanında qalır. 2-3 ildir ki, gimnastika ilə məşğuldur. Müəllimələri ilə əlaqəni anası saxlamış, sonuncu yarışa da anası ilə getmişdir. İdman avadanlıqlarını anası almış, Mərdəkanda qaldıqları vaxt atası aparıb-gətirmişdir. Atasının yanında qalmağı özü istəmişdir. Mərdəkanda anası və qardaşı ilə bir yerdə qalmış, atası isə ayrı qalmışdır. Paltarlarını atası alır.

22. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2.).

24. Yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi iddianın əsaslı olması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Bundan sonra, tələbkar – hazırki iş üzrə cavabdeh ərizə ilə İcra Şöbəsinə müraciət edərək, aliment tələbinin olmadığını bildirmiş və alimentin tutulmasından imtina etmişdir

25. Məhkəmə bu yanaşmanı səhv hesab edir. Çünki həqiqətən də hazırki iş materiallarından və iş üzrə tərəflərin verdikləri məlumatlardan müəyyən edilir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-941/2012 iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə ilə qət edilmişdir ki, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazançının və başqa gəlirlərinin 1/3 hissəsi hər ay tutularaq hazırki iş üzrə cavabdehə verilməldir. Həmin qətnamə icraya yönəldikdən sonra hazırki iş üzrə cavabdeh xx.xx.2012-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, hazırki iş üzrə iddiaçı ilə barışdığını bildirmiş və həmin qətnamənin icrasından, yəni alimentin tutulmasından imtina etmişdir.

26. Hazırki apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsi tərəfindən Məhkəməyə təqdim olunmuş 8390/2013 saylı icra işinin materiallarından isə görünür ki, hazırki iş üzrə cavabdeh, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamənin icrasından bugünə kimi imtina etməmişdir.

27. İşin bu halını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

28. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinin mənasına görə, tələbkar icra sənədinin qaytarılması barədə ərizə verdikdə icra sənədi icra edilmədən icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır.

29. Qeyd edilən maddi hüquq normalarının tələblərini və hazırki iş üzrə cavabdehin yalnız xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina etməsini nəzərə alan Məhkəmə hesab edir ki, həmin imtina xx.xx.2013-cü il tarixli qətnamənin icrasından imtina kimi qəbul edilə bilməz.

30. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş şahidlərin ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilib, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki işin hallarından məlum olur ki, hazırki iş üzrə tərəflər qətnamə əsasında verilmiş icra sənədinin icrasından imtina etmək prosedura ilə tanışdırlar və xx.xx.2013-cü il tarixli qətnamə icraya yönəldikdən sonra barışmışlarsa, onda xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina olunduğu kimi həmin qətnamənin də icrasından imtina proseduruna riayət etməli idilər.

31. Odur ki, gəstərilənlərə əsasən hesab edilməlidir ki Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir.

32. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. Rayon Məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

33. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

34. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad edilmə tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar