Məhkəmə qərarları › İş №2(103)-3424/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3424/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3424/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2524/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı AZ-T seriyalı 036740 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Tovuz rayon qeydiyyat şöbəsində, 13 oktyabr 2012-ci il tarixdə bağlanmış və bu barədə akt qeydləri kitabında 737 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı 036255 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİİ seriyalı 582926 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Abşeron 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 74/14 №-li arayışından görünür ki, çavuş Cavabdeh xx.xx.2019-cu il tarixdən N nömrəli hərbi hissədə xidmət edir və müvafiq tutulmalar aparıldıqdan sonra onun orta aylıq pul təminatı (əmək haqqı) 931 manat 87 qəpik təşkil edir. “Azemis” X1 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, İddiaçı X7 adlı sahibkarın yanında “xadimə” vəzifəsində işləyərək 400 manat əmək haqqı alır. “Azemis” X1 əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olmuşdur. İddiaçının aliment tələbi barədə ərizəsi 18 fevral 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh mediasiyaya ödənilmiş 60 (altmış) manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında nikah Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixli 737 saylı qeyd edilmişdir. Birgə nikahdan tərəflərin 2 (iki) uşağı xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur. Hazırda onlar faktiki olaraq ayrı yaşayırlar. Əldə etdiyi məlumata əsasən, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, N nömrəli hərbi hissədə hərbi qulluqçudur. Cavabdeh işləməsinə baxmayaraq uşaqların saxlanılması üçün maddi yardım göstərmir. Maddi yardım göstərməməklə bərabər uşaqları ilə maraqlanmır. Uşaqların bütün maddi və mənəvi ehtiyaclarını o, təkbaşına qarşılayır. Lakin tək qadın olaraq uşaqların bütün maddi ehtiyaclarını təmin etmək ona çox ağırdır. Bundan əlavə Cavabdeh indiyə qədər ailəli olduğu və kirayədə qaldığı üçün ona verilən əmək haqqından əlavə dövlət tərəfindən 400 manat məbləğində pul vəsaiti almışdır. Lakin qeyd edilən məbləğ Cavabdeh tərəfindən ailəsinə xərclənməmiş, ailəsi ilə birlikdə kirayədə belə qalmamışdır. Aliment tələbi ilə əlaqədar onun tərəfindən Abşeron 1 saylı Mediasiya təşkilatına müraciət edilmiş və mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2024-00160 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Beləliklə o, uşaqların maddi ehtiyaclarının qarşılanması məqsədi ilə aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün əmək haqqının 1/4 hissəsi həcmində aliment ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, ərizəsində göstərilən məzmunda izahat verdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2524/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, cavabdehin daimi iş yeri olmaqla, gəlirinin müntəzəm olmasını və uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulmasının əvvəli iddiaçının müraciət etdiyi 18 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 172.1, 172.1.1, 217.4, 219, 216-220, 234.2.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2, 9.1.20-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)- 2524/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək alimentin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli 2(001)-2524/2025 saylı qətnaməsi ilə İddiaçı ona qarşı aliment tələbinə dair iddası qısmən təmin edilərək birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, 60 manat mediasiya xərcinin tutlması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə razı deyil. Belə ki, o, məhkəməyə rəsmi əmək haqqı barədə arayış təqdim edərək ayda 931,87 manat əmək haqqı aldığını, kirayədə yaşadığını, ikinci dəfə ailə qurduğunu, həmin nikahdan övladının olmasını, yaşlı anasının saxlanılmasına kömək etdiyini, təyin olunmuş aliment məbləğini ödəməyə kifayət qədər maddi imkanının olmadığını bildirsə də məhkəmə bu hallara əhəmiyyət verməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarar aşdırılmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə yalnız iddiaçının sözləri əsasında onun güya əlavə qazancının olduğunu o belə bir ifadə vermədiyi halda qətnamədə qeyd etmiş rəsmi əmək haqqı barədə arayış təqdim etdiyini, sağlamlıq vəziyyətini, kirayədə yaşadığını, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməli olduğu halda iş üzrə müəyyən edilmiş həqiqi hallara qiymət verilməmişdir. Qeyd edir ki, rəsmi əmək haqqı barədə arayış təqdim etdiyini, kirayədə yaşadığını, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını, ikinci dəfə ailə qurduğunu, həmin nikahdan övladının olmasını, yaşlı anasının saxlanılmasına kömək etdiyini araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə öz qətnaməsində iddiaçının rəsmi qaydada işləyərək əmək haqqı aldığını qeyd etsə də, nə üçün həddən artıq aliment tutlmasını qətnaməsində əsaslandırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. -Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən, cavabdeh qətnamənin ləğv edilərək iddianın qismən təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı, yalnız iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2524/2025 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, şikayətin dəlillərindən müəyyən olunur ki, cavavdeh iddiaçı ilə birgə nikahından olan iki uşağının saxlanması üçün qazancının 1\3 hissəsi miqdarında deyil, kirayədə yaşamasını, öhdəsində digər şəxslərin olmasını, ikinci dəfə ailə qurmasını, həmin nikahdan övladının olmasını, yaşlı anasının saxlanılmasına kömək etməsini nəzərə alıb qazancının 1\4 hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən aliment ödəməli olan valideynin daimi iş yeri və qazancı daimi olduqda, valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə aliment ödəməli olan valideyndən qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehdən övladlarını saxlamaq üçün qanunla müəyyən edilən həddən aşağı həddə aliment tutulmasına əsas vermədiyindən, 2 uşağa görə aliment ödəməli olan valideyndən qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalı oldğundan, cavabdehin qazancının 1/3 hissəsi iki uşaq üçün ölkə üzrə müəyyən edilən yaşayış minimumu həddindən aşağı olduğundan apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2524/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar