Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3426/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “nəvə ilə ünsiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4073/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, nəvələri X4 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışlar ki, oğlu X3 ilə keçmiş gəlini Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan Duyğu adlı övladları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Onlar dəfələrlə nəvələri ilə görüşmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Bu səbəbdən də iddiaçılar nəvələri ilə görüşmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4073/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 05.06.2018-ci il təvəllüdlü X4 ilə İddiaçı1 və İddiaçı2 hər həftənin şənbə günü saat 18:00-dan saat 20:00dək ünsiyyətdə olmalarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi və işin baxılmamış saxlanılması barədə iş üzrə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etmədən, eyni zamanda məhkəmə tərəfindən rəy alınması üçün işin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin qəyyumluq komissiyasına göndərilən zaman onun iştirakını təmin etmədən birtərəfli qaydada verilmiş rəyə və yalnız iddiaçıların izahatlarına əsaslanaraq nəvələri X4 ilə hər həftənin şənbə günü saat 18:00-dan 20:00dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul etmişdir. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, ilk əvvəllər yəni 2020-ci ilin noyabr ayınadək cavabdehlər özləri övladları olan keçmiş yoldaşı X1 iştirakı olmadan gəlib nəvələri ilə ünsiyyətdə olaraq vaxt keçirmiş və onların ünsiyyətinə heçbir zaman müdaxilə və maneə yaratmamışdır. Lakin cavabdehlər keçmiş yoldaşı uşaqla ünsiyyətlə bağlı məhkəməyə verən zaman İcra Hakimiyyətinin qəyyumluq kamissiyasında ona övladını əlindən alacaqlarına və göstərməyəcəklərinə, övladına onun haqqında nəlayiq sözlər deyərək ondan uzaqlaşdıracaqlarını deyəndə o da övladını göstərməmək qərarına gəlmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsi 2(001)-657/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş 05 iyun 2018-ci il təvəllüdlü X4 ilə atası X1 hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda da həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsindədir. Eyni zamanda da qeyd edir ki, hazırda iddiaçıların ünsiyyətdə olmaq istədiy 05 iyun 2018-ci il təvəllüdlü X2 hazırda 3 (üç) yaşındadır ki, daim ananın nəzarətində olmalı və onun normal qidalanması üçün yanında olmalıdır. Lakin məhkəmə qətnamə çıxararkən bunların heçbirinə münasibət bildirmədən yalnız İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş rəyə əsaslanaraq ananın iştirakı olmadan görüş müəyyən etmişdir. Hətta görüşü elə bir saatda müəyyən etmişdir ki, yəni 18:00-dan 20:00-dək artıq uşağın yemək yeyərək yatmaq vaxtıdır. Həmçinin övladının atası Həsənin qızı ilə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. Hesab edir ki, uşağın yaşının az olması və artıq xeyli müddətdir ki, iddiaçılarla uşağın görüşməməsini, onun iddiaçları artıq tanımaması qətnamə çıxarılarkən nəzərə alınmalı, görüş təyin edilərsə müəyyən yaş həddinə çatanadək ananın iştirakı ilə görüşün olması mütləq olmalıdır. Bundan əlavə qaçılması mümkün deyil ki, iddiaçılar övladı ilə görüşərkən onu evə aparacaqlar və hansı ki həmin evdə keçmiş yoldaşı da yaşayır. Keçmiş yoldaşı olan X1 iddiaçılar olan valideynləri ilə birlikdə yaşadıqları mənzildə dəfələrlə ona göstərdiyi psixi və fiziki təsirləri, onun övladının yanında onu boğmaq istəməsi, işgəncəli dərəcədə əzab verməsi azyaşlı övladına dəhşətli dərəcədə təsir etmişdir. Övladı hazırda tramvalıdır. Övladının aldığı tramvadan danışıq qabiliyyəti zəifləmişdir və ona sərbəst mübahisəsiz bir ortam lazımdır ki, danışığını düzəldə bilsin. Lakin ünsiyyətdə olmaq istədiyi mənzildə mübahisəsiz gün olmur ki, bu övladına daha da pis təsir edəcək. Hazırda görüşün müəyyən yaş həddinədək təmin edilməməsi məqsədəmüvafiq hesab edilməlidir. Digər tərəfdən iş materialından görünür ki, iddiaçılar müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Birinci instansiya məhkəməsi isə prosessual pozuntuya yol verərək iddianın yolverilməzliyi ilə iddianın icraatından nə imtina etmiş nə də ki, icraata götürdüyü işi baxılmamış saxlamışdır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki, qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş, iddianın təmin edilməyən hissəsində isə qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətin görünür ki, X3 iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahdan olan övladıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(001)657/21 saylı qətnaməsinə əsasən 05.06.2018-ci il təvəllüdlü X4 ilə atası X1 hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04/06-13-8-11-31/292 nömrəli 09.09.2021-ci il tarixli uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi barədə rəydən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsini nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 05.06.2018-ci il təvəllüdlü nəvələri X4 ilə hər həftənin bazar günü saat 18:00-dan 21:00-dək görüşüb ünsiyyətdə olmaları məqsədəmüvafıq hesab edilmişdir. İş materiallarında olan 02.09.2021-ci il tarixli həyat şəraitinin müayinə Aktından görünür ki, İddiaçı1 və İddiaçı2 ailə və mənzil-məişət şəraiti nəvələri X4 ilə ünsiyyətdə olmaları üçün əlverişlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli, 6/2001 saylı qərarının 2ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmçinin Plenum qeyd edir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin həmin Qərarda qeyd olunur ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlərlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. İş materiallarından görünür ki, uşaq hal-hazırda anası ilə birgə yaşasa da, nənə və baba ona kifayət qədər ünsiyyətdə ola və qayğı göstərə bilmirlər. İddiaçıların nəvələri ilə ünsiyyətinə mane olan, uşağın fiziki, psixi sağlamlığına, əxlaqi inkişafına zərər yetirəcək zərərli vərdişləri yoxdur, həmçinin mənzil-məişət şəraiti uşaqlarla ilə ünsiyyətdə olması üçün əlverişlidir. Bundan əlavə, iddiaçılar uşaqla ünsiyyətdə olmaqla yanaşı, onun gələcəkdə yaxşı təhsil alması, dünyagörüşünün artırılması və uşaqla bağlı hər bir məsələdə yaxından iştirak etmək niyyətindədirlər. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına əsaslanan birinci instansiya məhkəməsi haqlı olaraq ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək hər hansı ciddi səbəblərin müəyyən olunmadığını nəzərə almaqla, uşaqğın babası və nənəsi olan iddiaçıların onlarla ünsiyyət hüququnun təmin edilməli olduğu qənaətinə gəlmişdir. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən nəvəsi ilə ünsiyyətdə olmaq istəyən nənə, babanın və uşaqların anasının (cavabdehin) iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, iddiaçılar əsas hüquqlarından olan uşaqla ünsiyyət imkanından maksimum istifadə edə bilsin və eyni zamanda bu, uşağın anasının da hüquqlarını pozmasın. Ümumiyyətlə bu qəbildən olan mübahisələrin həlli zamanı mövcud və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalı, məhkəmə tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşaqların yaşı və onların mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir. Kollegiya görüş vaxtının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, uşaqların yaşı və mənafeyi nəzərə alınmaqla iddiaçıların nəvələri ilə həftənin şənbə günü saat 18:00-dan saat 20:00-dək ünsiyyətdə olması ədalətli və ağlabatandır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Ailə Məcəlləsində nənə və babanın uşaqlar ilə sərbəst şəkildə ünsiyyətdə olmaq nəzərdə tutulur. Həmin ünsiyyət həyata keçirilən vaxt hər hansı zərurət (uşağın ağır xəstəliyi və s.) olmadan digər şəxslərin iştirakı isə bu hüququn əsassız məhdudlaşdırılmasına gətirib çıxarır. Hazırkı işdə də belə zərurət mövcud deyil və icra qaydasının, yəni ünsiyyətin ananın iştirakı ilə həyata keçirilməsinin müəyyən edilməsi üçün əsaslar yoxdur. Çünki hazırkı işdə qeyd olunan hallar (uşağın ağır xəstəliyi və s.) mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında münasibətlərin, onlardan hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin sonradan dəyişməsindən asılı olaraq, eləcə də uşaqların yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər yaranmış yeni hallardan çıxış edərək məhkəməyə müraciət etməkdə haqlıdırlar. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçılar tərəfindən ilk olaraq 15 mart 2021-ci il tarixli ərizə ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişlər və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 13 aprel 2021-ci il tarixli qərarla Nərminə Ağamirova tərəfindən İddiaçı1 və İddiaçı2 yetinlik yaşına çatmayan nəvəsi 05.06.2018-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olmalarına yaradılan maneələrin aradan qaldırılması və İddiaçı1 və İddiaçı2 X4 ilə hər həftənin bazar günün 18:00-dan saat 21:00-dək görüşünün təmin edilməsi və qərarın icra edilməsi üçün Nərminə Ağamirovaya göndərilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçılar tərəfindən ilk olaraq Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişlər və qəbul edilmiş qərar icra edilmədiyindən hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə kollegiya qeyd edir ki, cavabdehə məhkəmə iclasları barədə bildirişlər, onun iş materiallarında olan və məhkəməyə məlum olan, eləcə də apellyasiya şikayətində göstərilən ünvanına göndərilmiş, eyni zamanda cavabdehə SMS bildirişi də göndərilmişdir (i.v 17). Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4073/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3426/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3426/2022
25.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver