Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3427/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AO seriyalı ******* nömrəli hərbi biletinin surətinə əsasən, İddiaçı xx.xx.1983-cü il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. xx.xx.2000- ci il tarixdə Yardımlı Rayon hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. HXH Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi geyim formasını daşımağa icazə verilməklə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 17 may 2017-ci il tarixdə gündüz saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasına yerləşdirilmiş, N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq X9, X3 və digər dəstə üzvləri birlikdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 17 may 2017- ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 35 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Xəyyam Zeyanlovun və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz və əsassız xidmət yerinin dəyişdirilməsindən irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Möluibbət oğluna vurulmuş mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ona həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunun cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən təqsirli olaraq, hüquqazidd hərəkətləri nəticəsində birbaşa fiziki və mənəvi zərər vurulmuşdur. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. O, ehtiyata buraxılandan sonra yaşadığı rayon sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə bir müddət evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 18000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. (hakim X4)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İşin araşdırılmış hallarından müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Deməli, hazırkı işdə zərərçəkənin işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı qanunsuz olaraq işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində özü və ailəsinin stress və sarsıntı keçirdiyini, ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları tərəfindən ona “Vətən xaini” kimi yanaşılmasını, hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyünün onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratması, iztirab çəkməsinə səbəb olması nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək 300.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 35 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzabəziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 18000 manat məbləğdə müəyyənləşdirilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 18000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə iddiaçının qanunsuz olaraq müvafiq hərəkətlərə məruz qalması müddətini (35 gün), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab etmişdir ki, ona 18000 (on səkkiz min) manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bundan başqa hazırkı işdən müəyyən olunur ki, baş vermiş hadisədən artıq 8 ilə yaxın keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Mülki Məcəllənin 21.1-ci, 1096-cı, 1097.1-ci, 1100-cü, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.), ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrıayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi hər il üçün qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1.500 manat) müəyyən edilir. Hazırki işin hallarına əsasən X5 azadlıqdan məhrum etmə yerlərində cəza çəkməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən dəymiş zərərin məbləği 1 aya görə müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha artıq müddət çərçivəsində mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. Bununla yanaşı hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Kollegiya işə tərəflərin iştirakları olmadan keçirilməsini mümkün hesab edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
14. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 1-ci maddənin sonuncu bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir; 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyator qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Hazırkı işin həlli baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli Hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış, həmin Hökmlə iddiaçıya 35 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 58/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb edir.
23. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)- 38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
24. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və nəticə etibarı ilə sübuta yetirilmişdir ki, İddiaçı Tərtər rayonunda yerləşən N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 17 may 2017- ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 35 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.
25. Bu müddət ərzində yuxarıda istinad olunmuş məhkəmə aktlarında göstərilən cinayətlərin törədilməsində təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri iddiaçıya günün müxtəlif saatlarında, müəyyən fasilələr verməklə, davamlı şəkildə fiziki və psixi zor tətbiq edərək işgəncə vermiş, təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda əlləri və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçuların olması barədə məlumatlar verməsini qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər etməklə tələb etmiş, sərbəst hərəkət etməsini məhdudlaşdırmış, habelə törətdiyi əməllərə görə ondan qisas almaqdan ötrü eyni qaydada sillə, yumruq və təpiklə, metal və plastik boru ilə bədənin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, başını nəfəs ala bilməməsi üçün suyla dolu çəlləyə salmış, daha şiddətli təsir etməsi üçün üstünə su töküb KMP-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdıraraq ac, susuz saxlamaqla fiziki və psixi ağrılar, işgəncələr vermişlər.
26. Məhkəmə kollegiyası Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə istinadən qeyd edir ki, hökmlə müəyyən olunmuş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.
27. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmış, onun vicdanlı və qanunlara tabe olan şəxs olduğu halda şərəf və ləyaqəti alçaldılmış, vərdiş etdiyi həyat tərzi dəyişdirilmişdir. Nəticədə, o, üzləşdiyi digər ciddi məhrumiyyətlərlə yanaşı həmçinin, cəmiyyətdə müzakirə predmetinə çevrilmişdir. Sadalanan bu hallar da özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, bununla da mənəvi zərərə uğraması qənaətinə gəlmək üçün kifayət edir və bu halların əlavə sübuta ehtiyacı yoxdur.
28. Lakin məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi kimi təyin olunan məbləğlə razılaşır və buna münasibətdə qeyd edir ki, nəticə etibarı ilə iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməklə 35 gün ərzində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə, müxtəlif yerlərdə, o cümlədən N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında saxlanılmış və saxlanıldığı hər gün üçün dövlət büdcəsinin vəsaiti hesabına 500 manat məbləğində pulun tutulmasını nəzərə aldıqda iddiaçının xeyrinə cəmi 18.000 manat məbləğində pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir və iddia tələbi üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alınaraq mənəvi zərərin 18.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
31. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
33. Eyni zamanda kollegiya Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
34. Belə olan halda, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
35. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.
36. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Apellyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2038/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.