Məhkəmə qərarları › İş №2(103)-3432/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3432/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3432/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi-vəkili X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3657/2020 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 oğlundan vurduğu maddi zərər üçün 10000 manat, mənəvi zərər üçün 10000 manat, cəmi 20000 manat, cavabdeh "Cavabdeh1" MMC-dən vurduğu maddi zərər üçün 5000 manat, mənəvi zərər üçün 5000 manat, cəmi 10000 manat pulun tutularaq ona ödənilməsi və Cavabdeh2, "Cavabdeh1" MMC-nin üzərinə xx.xx.2020-ci il tarixdə “5 də 5” verlişində Cavabdeh2 tərəfindən “Qarabuğdayı Sevgilim” adı ilə ifadə edilmiş və efir vasitəsilə Cavabdeh2 aid yeni mahnı olduğu bildirilmiş həmin mahnının Cavabdeh2 aid olmadığı efir vasitəsi ilə elan edilərək təkzib edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildə sözlərini yazdığı və bəstələdiyi “Xoş gəldin” mahnısını xx.xx.2017-ci ildə internetdə Youtube kanalına yerləşdirərək, ictimaiyyətə təqdim etmişdir. Həmin mahnı üzərində müəlliflik hüququ ona məxsusdur. Ona məxsus olan “Xoş gəldin” adlı mahnı cavabdeh tərəfindən xx xxxxxx 2020-ci ildə digər Cavabdeh1-nin “5 də 5” verilişində “Qarabuğdayı Sevgilim” adı ilə icazəsiz ifa olunmuş, bununla da onun müəlliflik hüquqları pozulmaqla maddi və mənəvi zərərə səbəb olmuşdur. Cavabdeh1 müvafiq yoxlama aparmadan mügənni Cavabdeh2 həmin mahnını ifa etməyə şərait yaratmaqla qanunvericiliyi pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3657/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş maddi zərərə görə 750 manat, mənəvi zərərə görə 1000 manatın alınaraq İddiaçı verilməsi, xx.xx.2020ci il tarixdə Cavabdeh1-də “5 də 5” verlişində Cavabdeh2 tərəfindən ona aid yeni mahnı kimi təqdim və ifa edilmiş “Qarabuğdayı Sevgilim” adlı mahnının Cavabdeh2 aid olmadığının efir vasitəsi ilə elan edilərək təkzib edilməsi, Cavabdeh2 30 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir. Hazırda qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmamış, qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh O.G.Babazədənin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Xoş gəldin” adlı mahnını Youtube sosial şəbəkə platformasına yükləməklə ictimaiyyətə təqdim etmiş, mahnının söz və musiqisinin, həmçinin aranjemanının ona məxsus olduğunu qeyd etmişdir. İddia ərizəsində göstərilmiş internet saytına keçiddən (link) görünür ki, xx.xx.2020-ci il tarixində Cavabdeh1-də yayımlanan “5 də 5” verilişində “Qarabuğdayı Sevgilim”adlı mahnı Cavabdeh2 tərəfindən ifa edilmiş, mahnının ifasından sonra aparıcının “bu yeni mahnınızdır?” sualına onun tərəfindən “bəli” cavabı verilmişdir, mahnı Cavabdeh1-də canlı efir vasitəsilə xx.xx.2020-ci il tarixdə yayımlanmışdır. İddia ərizəsində göstərilmiş internet saytına keçiddən (link) görünür ki, Cavabdeh1də canlı yayımlanmış “5 də 5” verilişi “Xəzər Media” adlı təsdiqlənmiş Youtube kanalı tərəfindən xx.xx.2020-ci il tarixdə Youtube sosial şəbəkə platformasında paylaşılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 993 saylı Cavabdeh1 MMC tərəfindən verilmiş arayışdan görünür ki, “5 də 5” verilişinin Xəzər televiziyasında yayımlanmasına xx.xx.2020-ci il tarixdən xitam verilmiş, verilişin bütün hüquqları, “Dalğa TV”-də yayımlanması məqsədi ilə “xxxx” MMC-yə keçmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Xoş gəldin” adlı mahnının sözləri, musiqisi və aranjemanı İddiaçı məxsusdur, həmin mahnı xx.xx.2017-ci il tarixdə Youtube sosial şəbəkə platformasına yükləmişdir, Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixində Cavabdeh1-də canlı yayımlanmış “5 də 5” verilişində “Qarabuğdayı Sevgilim” adlı mahnı ifa edilmişdir, həmin mahnı Cavabdeh2 yeni mahnısı kimi təqdim edilmişdir, “Xoş gəldin” və “Qarabuğdayı Sevgilim” adlı mahnıların sözləri eynidir, həmin yayımlanmış veriliş xx.xx.2020-ci il tarixində Youtube platforması tərəfindən təsdiqlənmiş “Xəzər Media” Youtube kanalına yüklənmişdir, “5 də 5” verilişinin Xəzər televiziyasında yayımlanmasına xx.xx.2020-ci il tarixdən xitam verilmiş, verilişin bütün hüquqları “Dalğa TV”-də yayımlanması məqsədi ilə “xxxx” MMC-yə keçmişdir, paylaşılmış həmin videonun izlənmə sayı 49000-dən çoxdur. Bununla belə, “Xoş gəldin” mahnısına iddiaçının müəlliflik hüquqlarını istisna edən, həmçinin iddiaçıya dəymiş zərərə görə Cavabdeh1-nin məsuliyyətinə səbəb olan hallar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində mütəxəssis X3 bildirmişdir ki, o, ixtisasca musiqişünasdır, uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərir, tərəflərin heç biri ilə şəxsən tanışlığı yoxdur, mübahisəyə gəldikdə isə deyə bilər ki, mahnı hər iki ifada müqayisə olunmuş, müqayisə zamanı Cavabdeh2 ifa etdiyi “Qarabuğdayı Sevgilim” mahnısının sözləri İddiaçı ifa etdiyi “Həyatıma xoş gəldin” mahnısının sözlərindən götürüldüyü müəyyən olunmuş, belə ki, həmin ifadələrdə sözlər eynidir, həmçinin musiqi melodiyalarını müqayisə etdikdə notların və musiqinin də eyni olduğu, sadəcə ifa edən orkestrdakı çalğı alətlərinin sayına görə fərqləndiyi, yəni Cavabdeh2 ifa etdiyi mahnının musiqisində daha çox çalğı alətlərinin istifadə olunduğu, aranjemanın və mahnının audio qeydə alınmasının daha keyfiyyətli olduğu görünür, belə ki, O.Babazadınin ifasında saksafon və digər bir sıra çalğı alətləri əlavə edildiyindən mahnının bazar dəyəri qalxmışdır. Mütəxəssis R.Məmmədli həmçinin bildirmişdir ki, istənilən mahnı maliyyə vəsaiti hesabına başa gəlir, belə ki, mahnı həm söz kimi, həm bəstələnmə və s. məzmunda dəyərləndirilir ki, bu da baxır ki, onu kim ərsəyə gətirmişdir, elə ola bilər ki, yəni əsərin dəyəri onun müəllifi ilə qiymətləndirilir, tanınmış şəxslərin mahnıları şou aləmdə daha böyük dəyərdə qiymətləndirilir, mahnılar ilk öncə söz formasında yazılır, onun qiyməti başqa olur, həmin sözlərə əvvəlcə mahnı bəstələnir, bunun da qiyməti var, daha sonra mahnının yazılması səs studiyasında aparılır, bunun üçün mahnıdan-mahnıya fərqli olaraq qiymət ona sərf olunan vaxtla və orada müsiqi alətlərinin zənginliyi ilə ölçülür, hazırkı mübahisələndirilən mahnıya gəldikdə deyə bilər ki, hazırkı bazar dəyəri ilə onun sözləri 200 manat, musiqi aranjimanı üçün ona 4-5 saat vaxt sərf olunur ki, hər saat üçün icarə haqqı 50 manat olmaqla 250 manat, çalğı aləti üçün, burada ancaq sintizatordan istifadə olunmuşdur ki, bunun üçün də 200 manat, digər xərcləri də nəzərə alsaq, mahnı ***-**** manat dəyərində qiymətləndirilə bilər. Şou-biznesdə mahnı ilk ifadan sonra öz satış dəyərini qismən itirir, lakin iddiaçıdan fərqli olaraq Cavabdeh2 şou aləmində qismən tanınmış şəxs olduğundan hesab etmir ki, bu vəziyyət hazırkı əsərin dəyərinə təsir etmiş olsun. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının sözləri ilə bəstələnməklə ifa edilmiş “Həyatıma xoş gəldin” mahnısı heç bir icazə alınmadan “Qarabuğdayı Sevgilim” adı altında Cavabdeh2 tərəfindən özünün yeni mahnısı kimi təqdim edilməklə ifa olunması müəllif hüquqlarının pozulması kimi qiymətləndirilməklə iddiaçıya maddi və mənəvi zərərin vurulmasına əsas yaratmışdır. Kollegiya hesab edir ki, məhkəmənin iddianın qismən təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır. Mübahisələndirilən mahnının iddiaçıya məxsus olması, Cavabdeh2 isə başqa ad ilə yeni mahnısı kimi təqdim etməklə Cavabdeh1-də canlı yayımlanmış “5 də 5” verilişində həmin mahnını ifa etməsi nəticəsində iddiaçının müəlliflik hüquqları pozulmuşdur. İddiaçı haqlı olaraq maddi və mənəvi zərərin ödənilməsini, həmçinin həmin mahnının Cavabdeh2 aid olmadığının efir vasitəsi ilə elan edilərək təkzib edilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin Qanunun 5-ci maddəsinin 2ci bəndinə əsasən, müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər şifahi (kütləvi çıxış, kütləvi ifa və s.), səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.) kimi obyektiv formalarda mövcud ola bilər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Həmin Qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən, əsərin müəllifinin əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ), əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ), istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) kimi şəxsi (qeyri-əmlak) hüquqları vardır. Həmin Qanunun 45-ci maddəsinin 1-ci bəndinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Həmin Qanunun 45-ci maddəsinin 2-ci bəndinə əsasən, məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Həmin Qanunun 47-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən, kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Kollegiya qeyd edir ki, apelyasiya şikayətində cavabdeh hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsi ilə bağlı dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, məhkəmə bildirişləri Cavabdeh2 iddia ərizəsində qeyd olunan, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində göstərilmiş ünvan üzrə göndərilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3657/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar