Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3446/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi olaraq bank hesabına köçürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin hissəvi olaraq bank hesabına köçürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi olaraq bank hesabına köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamə ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar Cavabdeh ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “alimentin hissəvi olaraq bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah münasibətlərinə xx.xx.2020 tarixli 2(011)- 455/2020 nömrəli məhkəmə qətnaməsi ilə xitam verilmiş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsinə dair məktub xx.xx.2020-ci il tarixində iddiaçıya göndərilmişdir. İddiaçı Cavabdeh ilə nikahından olan 2 uşağı analarının himayəsində qalır və hər ay məhkəmə qətnaməsi ilə nəzərdə tutulan iddiaçının qazancının 1/3 hissəsi miqdarında aliment cavabdehin xeyrinə tutulur. İddiaçının maaşı 10000 manatdan artıqdır və bu məbləğdən aliment kimi tutulan miqdarın 3000 manatdan (hansı ki, bir çox aylarda 5000 və 8000 manat və daha artıq olur) çox olduğu, eyni zamanda iddiaçının pilot kimi öz işinin icrası ilə əlaqədar etdiyi səyahətlərdə uşaqları üçün əşyalar alması, uşaqların digər gündəlik tələbatları üçün çəkilən xərcləri qarşılaması göz önünə alınmaqla, 2 uşağın saxlanması üçün kifayət qədər uzun müddətdir ki, tutulan bu vəsaitin bunun üçün ifrat olduğu göz önündədir. Bu məbləğin ay ərzində azyaşlı uşaqlara tamamilə xərclənməsi inandırıcı deyil. Aliment tutulan müddət ərzində həmin pul vəsaitinə uşaq üçün hər hansı dəyərli əşya alınmamışdır ki, bu hal iddiaçıda ödənilən pul vəsaitinin başqa məqsədlərə, cavabdehin öz xərclərinə yönəlməsi ehtimalını yaradır. Bu situasiyada iddiaçı nəinki öz əmək haqqının cavabdeh tərəfindən öz şəxsi ehtiyacları üçün sərf olunmasından narahatdır, həmçinin övladlarının yaşayışı üçün zəruri olan məbləğin (193 manat) də yenə cavabdehin şəxsi ehtiyaclarına sərf olunduğunu güman etməyə haqlıdır. Bu tənasübsüz pul sərfiyyatının mənbəyinin isə cavabdehin xeyrinə tutulan və uşaqların ehtiyacları tam ödənildikdən sonra artıq qalan yüksək məbləğdəki pul vəsaitinin olduğu aydındır. Belə ki, İddiaçı aylıq qazancından cavabdehin xeyrinə tutulan alimentin minimum miqdarı olan 3000 manatdan (hansı ki, bir çox aylarda 5000 və 8000 manat və daha artıq olur) artıq olan məbləğin 50%-i, yəni uşaqlar yetkinlik yaşına çatanadək onların adına açılmış bank hesabına köçürüləcək məbləğ 2000 manata yaxındır və yenə bir çox aylarda onun miqdarı 3000 manata yaxınlaşır və hətta daha da artıq olur. Bu məbləğ uşaqlar arasında bərabər bölündükdə isə onların hər birinin adına ayrıca olaraq açılmış bank hesablarına köçürüləcək məbləğ ən azı 1000 manat təşkil edir. Cavabdeh özünün və uşaqlarının yaşayışını və digər ehtiyaclarını təmin etmək üçün isə hər ay ən azı 2000, bir çox aylarda isə 3000 manata yaxın vəsait qalır ki, bu miqdar onların hər üçünün layiqli həyat səviyyəsini təmin etmək üçün kifayət edir. Eyni zamanda, iddiaçı tərəfindən uşaqların bir çox ehtiyaclarının mütəmadi olaraq qarşılandığını da nəzərə alınsa, qeyd edilən məbləğdən artıq olan tutulmanın onun cavabdeh tərəfindən sui-istifadə olunmasına gətirib çıxaracağı nəticəsinə gəlmək qaçınılmazdır. Ona görə də bu sui-istifadənin qarşısının alınması, onun minimuma endirilməsi üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin 50 faizi uşaq yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməlidir. Bu həm də uşağı, iddiaçının qazancı ilə bağlı gələcəkdə yarana biləcək risklərdən sığortalanması məqsədi daşıyır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının ⅓ hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X3 və X8 adına açılacaq bank hesabına köçürülməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının aylıq əmək haqqı 2022-ci ilin avqust ayı üçün 12517 manat təşkil etmiş, onun 33%-i yəni 3432.57 manat pul vəsaiti aliment öhdəliyinə tutulmuşdur. Göründüyü kimi tərəflərin birgə nikahlarından olan uşaqların saxlanması üçün iddiaçı aylıq 3432.57 manat məbləğində aliment ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq alimentin ½ hissəsinin uşaqların bank hesabına köçürülməsini xahiş edir. Belə ki, cavabdeh uşaqların xərclərinin çox olduğuna, kirayə mənzildə yaşadığına və iddiaçı tərəfindən əlavə yardımın edilməməsinə istinad etsə də, təqdim olunan sənədlər üzrə iddiaçı tərəfindən ödənilən aliment uşaqların saxlanması üçün 1 aylıq xərclərdən kifayət qədər çoxdur. Bununla yanaşı cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin məktubu ilə təsdiq edilir ki, 2022-ci ilin sentyabr ayı da daxil olmaqla ümumilikdə 132183.78 manat aliment pulu Cavabdeh hesabına köçürülmüşdür. Həmçinin digər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə 19987 manat məbləğində pul borclu İddiaçı tutularaq, Cavabdeh hesabına köçürülmüşdür, yəni keçən il təxminən 152000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür və bununla yanaşı hər ay müəyyən olunmuş miqdarda alimentlə və ikinci icra vərəqəsinin icrası ilə bağlı hər ay ümumilikdə 5000 manatdan artıq məbləği təşkil edən ödənişlər mütəmadi olaraq iddiaçının əmək haqqından cavabdehin xeyrinə tutulur. Cavabdehin hesabına köçürülən məbləğlərin kifayət qədər yüksək olmasına, hətta bir mənzilin alınması üçün də yetərli olmasına baxmayaraq, onun hələ də kirayədə yaşaması iddiaçının cavabdehə köçürülən pul vəsaiti üzərində səmərəli sərəncam verilməməsi ehtimalını ağlabatan edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından olan övladlarının yetkinlik yaşına çatanadək onların adına bank hesabının açılması və ödənilən alimentin ½ hissəsinin həmin bank hesabına köçürülməsi uşaqların mənafeyi nəzərə alınmaqla məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən uşağın xəstəliyi ilə əlaqədar olaraq ödənilmiş pul vəsaitləri ilə bağlı sənədlərə münasibətdə hesab edir ki, uşağın xəstəliyi daimi xarakter daşımır və ödənilən alimentin ½ hissəsi həmin xərcləri kifayət qədər qarşılayır.
6. Birinci instansiya məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 19.2, 20.1, 20.2, 22, 55., 55.3, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plemunun xx.xx.2016-cı il tarixli qərarına, “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə, 18-ci maddəsinin 1-ci bəndinə, 27-ci maddəsinin 2-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə və Mülki Prosessual Məcəllənin 216-220-ci istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(011)-570/2023 saylı Qətnaməsinin ləğv edilməsi,İddiaçı Mirzəağa oğlu xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Mirzəağa oğlundan onun qazancının 1/3 hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X3 və X8 adına açılacaq bank hesabına köçürülməsinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tələbinə görə, “Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər”. Göründüyü kimi bu norma dispozitivdir, imperativ deyil, belə olan halda məhkəmə iddia tələblərini təmin etmək üçün Ailə Məcəlləsinin (55.1., 55.2.) normalarının pozulması və aliment alan şəxs tərəfindən uşaqların mənafeyinə hər hansı bir ziddi hərəkətlərinə hüquqiqiymət verməklə iddianı təmin etməməli idi. xx.xx.2013cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün verilən aliment məbləğini özü idarəetmək barədə fəaliyyət qabiliyyəti olmadığından, hal-hazırda onun anası alimentə nəzarət edir. Buna görə də, alimentin 50%-nin mövcud olmayan bank hesabına köçürülməsi qeyri-məqbul sayılmalıdır. Hal-hazırda yetkinlik yaşına çatmayan xx.xx.2013cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün verilən aliment məbləğini özü idarəetmək barədə fəaliyyət qabiliyyəti olmadığından, hal-hazırda cavabdeh Abdinova (Məlikova) Cəmilə Tofiqqızı tərəfindən idarə edildiyi üçün uşaqların adına bank hesabının açılmasını lüzumsuz sayır. İddiaçı iddia ərizəsində hansı səbəbə görə uşaqların mənafeyi naminə xərclənmədiyini və buna görə də onların adına bank hesabının açılmasına zərurət olduğuna dair heç bir əsas gətirməmişdir. Birinci instansiya məhkəməsi özü yuxarıda qeyd edilən qətnaməsində uşağın adına bank hesabının açılması və alimentin 50 faizinin həmin hesaba köçürülməsini əsaslandıra bilməmiş, məsələyə standart şəkildə yanaşmışdır. Aliment məbləğlərinin uşaqların xərclərindən kənara xərclənməsini sübut edəcək heç bir hal göstərilməmişdir. Məhkəmə məhz iddiaçının ehtimallarına əsaslanaraq iddianı təmin etmişdir. Əksinə, onların təqdim etdiyi sənədlərdə də qeyd etdiyi kimi, keçmiş həyat yoldaşı, uşaqların atası azyaşlı övladlarını daimi yaşayış yeri ilə təmin etməmişdir, onlar yaşayış yerlərini tərk etməli olmuşlar, hal-hazırda da kirayədə qalırlar. İddia ərizəsinə etirazlarında da, həmçinin məhkəməyə təqdim edilən sübutlarda da əsaslandırmalarına səthi yanaşılmışdır. Belə ki, məhkəmə iddia ərizəsini təmin etməyə əsas olan əsas amilləri, alimentin uşaqların saxlanmasına, təhsil və tərbiyələrinə xərclənən vəsaitin olmasını və ən əsası alimentin miqdarının uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını nəzərə almamışdır. Bundan başqa Ailə Məcəlləsinin 55.3-cü maddəsi 50% maksimal tutma kimi müəyyən edir və məhkəmə nə üçün 10% deyil, 20% deyil məhz 50% tutmanın təmin edilməsini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı idi ki, yetkinlik yaşına çatmayan şəxslərin adına bank hesabının açılması üçün hər iki valideynin razılığı alınmalıdır. Hesab edir ki, ananın razılığı olmadan uşağın adına bank hesabı açılması dövlət qurumları və fərdi şəxslər tərəfindən uşağın şəxsi həyatına lüzumsuz müdaxilə kimi qiymətləndirilməlidir. Sözügedən tələb “Uşaq hüquqları” haqqında X2 və “Avropa İnsan Hüquqları Konvensiyasının” 8-ci maddəsinə ziddiyyət təşkil edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, uşaqların rayon məhkəməsində iştirakını təmin etsə də, dindirilmədilər. Qarşı tərəf ümumi məbləği bildirir. İddiaçı bildirir ki, bəlkə 2-3 il sonra bəlkə işləməyəcək. Evə, uşaqların dayəsinə və sürücəyə ümumilikdə 2000 manatdan çox pul verir. Uşaqları müxtəlif hazırlıqlara qoyub. İddiaçı deyir ki, ona hazırlıqlarla bağlı çek gətir. Heç bir hazırlıq müəllimi çek təqdim etmir. Uşaqlarla görüşməklə bağlı heç bir problem yoxdur. Amma uşaq nəsə istəyən kimi, deyir ki, aliment ödəyir, anana de alsın. Uşaq da ona gəlib deyir ki, atası dedi ondə pul çoxdu, kompüter al. İddiaçı ona deyir uşaq xaricdə oxuyacaq indidən pul yığ. 7000 manat tək adam üçün nə edə bilər. Nə vaxt soruşur iddiaçı deyir ki, çatdırmır. Uşaqları pullu məktəbdə oxuyurdular, amma məcbur olub çıxardıb dövlət məktəbinə qoyub. Bütün həyatını uşaqlarına verir. İfrat dərəcədə pul xərcləməyib. Ona deyir bahalı heç nə alma, amma heç bahalı geyimlər də almır. İddiaçı özü isə brend geyinir. Ona deyir ki, taksidən çek alsın ona versin. Heç bir hazırlıq, taksi sürücüsü çek təqdim etmir, qərəzli yanaşır. Onlar işə rayon məhkəməsində baxılması zamanı düşünüblər ki, iddia təmin edilməyəcək. İddiaçı istəyir ki, o kirayədə qalmasın, atasıgildə qalsın. Amma orada yer yoxdur. Uşaqlar öz otaqlarını istəyirdilər, ona görə kirayəyə çıxıb. Elektron qaydada uşaqların dərsi ilə bağlı arayış, qəbz təqdim edib. Repetitorları qeyd edə bilmədilər deyə, qızının imtahana buraxılış vərəqəsini qoyub. Hazırda uşaqlar da, uşaqların dayəsi də gəliblər. Heç bir ailədə uşaqlar məktəblə kifayətlənmirlər, hazırlıqlara da gedirlər. Bəzən elə olurdu ki, xərci 2000- 3000 birdən çıxırdı. Təzə ayrılan zaman onun 1500 manat xərci çıxmışdı, iddiaçı heç maraqlanmadı. O uşağı yaxşı klinkada müalicə etdirib. Ən ucuz ayaqqabıları 60-70 manat arası alır. Brend geyimlər almır. Uşaqlar 2 il pullu məktəbdə oxuyublar. Hər ay 500 manat hər uşaq üçün ödəyib. Atası boşanmamışdan əvvəl deyirdi ki, pulu özü ödəyəcək. Uşaqlar Elitar gimnaziyaya qoymuşdu, amma ataları oradan çıxartdı, pullu məktəbə qoydu. Onlar ayrılandan 9 ay sonra iddiaçı onu məhkəməyə vermişdir. 4 ay sonra aliment almışdı. Həmin müddət ərzində uşaqlara tək baxıb. Ona demişdi ki, çatdırmayacaq, ona demişdi ki, pulunu verəcək. Bir müddət sonra məktəbdən ona dedilər ki, ödəniş edilmir. Atası pulu ödəməyib. İddiaçı məhkəmədə deyib ki, ondan borc pul istəyib. Amma, o zəng edib deyib ki, uşaqların məktəb pulunu ödəmək lazımdır. Ona aliment oturandan sonra onu qaytardı. Əvvəl gecə rejimində də işləyirdi, alimentdən sonra artıq işləmir. Uşaqlar ancaq taksidən istifadə edirlər. O avtobusdan da, metrodan da istifadə edir. Sürücüyə də 300-350 manat arası ödəniş edirlər. Atası bunu ona görə edir ki, onlara xərc çəkməsin, gələcəkdə uşaqlar da atasına getsin.Yoldaşı rayon məhkəməsində onu təhdid də etmişdir ki, işdən çıxacaq. Hətta, iddiaçı oğlunu götürüb, vəkilin yanına gediblər. Uşağın yanında vəkillə danışıb. Bəzi tarixlərdə alimentin çox tutulmasının səbəbi iddiaçının şirkətinin dəyişməsi olmuşdur. Təxminən 3-4 dəfə çox olub. Qalan aylarda 3000-4000 arası dəyişib. 800 manat kirayə haqqı, 450 manat dayələrinə ödəyir. 200 manat da hazırlıqları üçün ödəyir. Amma kirayə haqqını yenidən qaldırmaq istəyirlər. Aylıq xərcləri minimum 500-600 manat çıxır.
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, tərəflər arasında illərdir mübahisə gedir. İddiaçı cavabdehə qarşı qərəzli mövqe tutur, bütün vasitələrdən istifadə edir ki, cavabdehin heç bir gəliri olmasın. Onlar hətta "X21 Aviaşirkəti" MMC-ni verdikləri sorğuya cavab vermədikləri üçün ayrıca iddia qaldırıblar. Aydın olmuşdur ki, əmlak tam ödəniş edildikdən sonra iddiaçının olacaq. Onlar müəyyən pul udublar amma, indiyə qədər ala bilməyiblər. Qərəzli mövqe göstərir. Müxtəlif yerlərə şikayət ediblər. İddiaçı pulla hər şeyi həll etdiyini və aldığını bildirir. İddiaçının maaşı sabit deyil, dəyişir. Müxtəlif rəqəmlər olmuşdur. Bank haqqında Qanuna əsəsan qeyd edilir ki, uşağın hesabının açılması üçün hər iki valideyn razılıq verməlidir. MTK-dan arayış istəmişdilər. MTK-da onlardan icarə müqaviləsini istədi. Evin mülkiyyətçisi də Gəncədə yaşayır. Cavabdeh Gəncəyə gedib və notarial qaydada müqavilə bağlayıb.İşə baxan hakim qərəzli yanaşıb.Uşaqların məhkəmədə dindirilməsini təmin etmədilər. Məhkəmə iclası təxirə salınsa həm uşaqların iştiraklarını təmin edə bilərlər, həm də MTKdan arayışı təqdim edə bilərlər. İddia əsassızdır. İddiaçının əmək haqqı nikah pozulandan sonra azalmışdır. Qəsdən uçuş etmir, qəsdən müəyyən hərəkətlərdən çəkinir ki, birdən əlavə ödəniş edər. Heç bir əmlak da iddiaçı almamışdır. Həmçinin, iddiaçı nikah pozulana qədər bütün əmlakları satmışdır. Yerli baxış zamanı bu sübut olunmuşdur. Onlar istəyirdilər ki, pulu götürüb, üstünü düzəldib ipotekaya ev alsınlar. Bu günə qədər bu mümkün deyil. Məcburiyyətdən kirayədə cavabdeh qalır. Cavabdehə tam ödəniş edilsə idi, cavabdeh kirayədə qalmazdı. Həmçinin, ata əvvəlcə əmək haqqının tam hissəsin ayırırdısa, hazırda 1/3 hissəsin ayırır. Həmçinin, bank çıxarışlarında bəzi məbləğlər ona görə yüksəkdir ki, borclar yığılmışdı,borclar tam bərpa olunana qədər yarısı tutulurdu. Burada əlavə xərclərdən söhbət də getmir. Uşaqlar niyə minimum həyat tərzində yaşamalıdırlar. İddiaçı sübut etməlidir ki, cavabdeh pulu israf edir, uşaqlarına xərcləmir. Heç bir sübut yoxdur. Onlar amma nə qədər sübutlar təqdim edirlər, şahidlər gətirlər. Hətta, iddiaçı deyib ki, cavabdeh özün yaxşı aparsa 30%-a razılıq verəcək.
12. İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdehin əlavə xərcləri varsa da bu, alimentə daxil deyil. Uşaqların müxtəlif hazırlaqlara getməsi, əlavə dərsləri ata ilə razılaşdırılmadan qərara alınmışdır. Yalnız ananın öz qərarı əsasında olmuşdur. Azərbaycan Respublikasında orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 81-ci maddəsində göstərilən hallarda əlavə xərclər tutula bilər və bu da valideynlərin arasında bölüşdürülməlidir. Belə xərc varsa yalnız ata ödəməli deyil. Məhkəmə əlavə xərci müəyyən etməli və bunu bölməlidir. Aliment uşaqların saxlanılması üçün kifayət qədər çoxdur. İddiaçının aylıq maaşı təxminən 3000 manat civarında dəyişir. Bu da uşaqların saxlanılması üçün kifayət edir. Bank hesabına 50%-in köçürülməsi səbəbi gələcəkdə iddiaçının işində problem olarsa, işdən çıxarsa övladlarını o pulla sığortalasın. Kirayə haqqının alimentə aidiyyatı yoxdur. Həmçinin, iddiaçıdan başqa məhkəmənin qətnaməsi ilə də alimentin məbləğindən əlavə olaraq 60 min neçəsə bir, 10 min neçəsə bir tutulur. Bu da uşaqların saxlanılması üçün kifayət edir. Cavabdeh özü atanın razılığı olmadan uşaqları kursa, hazırlıqlara yazdırmışdır. Dərslərin bir çoxu da məktəblərdə dərnəklərdə keçirilir. Cavabdehin etdikləri artıq xərc sayılır. Məhkəmə iclası təxirə salınsa etirazını da yazılı bildirəcək. İddiaçı aliment borcundan da yayınmır. Bu barədə qərardad da mövcuddur. Qarşı tərəf sübut etməlidir ki, ödənilən aliment hara xərclənir. Tutulan aliment təxminən 3500 manat civarındadır.3 ildir ki, belə ödəniş edilir.
Tətbiq edilən hüquq normaları:
13. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.
14. Ailə Məcəlləsi Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
15. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarı 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.9. Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
16. Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar Cavabdeh ödənilməsi qət edilmişdir.
22. İddiaçı tutulmalı aliment məbləğinin 50 faizinin X3 və X8 adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur : “cavabdehin hesabına köçürülən məbləğlərin kifayət qədər yüksək olmasına, hətta bir mənzilin alınması üçün də yetərli olmasına baxmayaraq, onun hələ də kirayədə yaşaması iddiaçının cavabdehə köçürülən pul vəsaiti üzərində səmərəli sərəncam verilməməsi ehtimalını ağlabatan edir.”
24. Məhkəmə kollegiyası birinci istansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
25. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.9-cu maddəsində qeyd edilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, uşağın haqlarının pozulmasını önləmək üçün mövcud olan Ailə Məcəlləsinin 55.3-cü maddəsi qarantiyalar müəyyən edir. Aliment ödəyən ailə üzvü, məsələn, uşağa verilən alimentdən düzgün istifadə olunmadığını görərsə, məhkəmə yolu ilə ödədiyi alimentin yarıdan çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb edə bilər. Bu tələb uşağın maraqları ilə uzlaşdıqca məhkəmə onu təmin etməlidir. Hazırki vəziyyətdə isə həmin tələbin təmin edilməsinin uşağın maraqlarına uyğun olması, eyni zamanda uşağa verilən alimentdən düzgün istifadə olunmadığını düşünməyə əsas verəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən olunmamış və iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
27. İddiaçı iddia ərizəsində aliment tutulmalarının 5000, 8000 manatadək olduğunu qeyd etsə də müəyyn olunur ki, iddiaçının əmək haqqından həm aliment, həm də digər mülki işlə əlaqədar iddiaçının əmək haqqısından cavabdehin xeyrinə pul tutulur. İddiaçı əmək haqqından aylar üzrə edilən tutulmalar barədə məlumatların əldə edilməsi üçün “X21 Aviaşirkəti” MMC-yə sorğu verilmişdir. Lakin həm iddiaçının vəkili, həm də cavabdeh təsdiqləmişdir ki, alimentlə bağlı aylıq tutulmalar 3000- 3500 manat civarındadır.
28. "xxxx" MMC tərəfindən X7 verilən arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC-nin Poliqlot şöbəsinə İngilis dili xidməti üzrə qəbul edilmişdir. X4 aylıq təhsil haqqı 70 manat təşkil edir. "xxxx" MMC tərəfindən X11 verilən arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC-nin Şahmat dərslərinə qəbul edilmişdir. X8 aylıq təhsil haqqı 70 manat təşkil edir. xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Səadət Cəbiyeva öz evində fərdi rəsm dərsləri verir. X12 həftədə 2 dəfə olmaqla ayda 80 manat, X14 həftədə 1 dəfə olmaqla ayda 80 manat dərslərə qatılaraq ödəniş edirlər. Dərslər ev şəraitində aparıldığı üçün qəbz verə bilmir.
29. İşə birinci instansiya məhkəməsində baxılması zamanı şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, dayə işləyir, tərəflərin övladlarına dayəlik edir və 450 manat maaş alır. Uşaqlar hazırlıqlara gedir. Ana əlindən gələni edir ki, uşaqlar normal qidalana bilsin. Ödənişlərlə bağlı elə yerlər olur ki, qəbz verilmir. Uşaq mütəmadi olaraq nəsə istəyir. Cəmilə xanımın maşını yoxdur. O, uşağı məktəbə taksi ilə aparıb gətirir. Cəmilə xanım kirayə mənzildə yaşayır. O, uşaqların atasını görmüşdür, atası nə ona, nə də uşaqlara pul verməyib. Onun Cəmilə xanımın mənzilə nə qədər kirayə haqqı ödədiyi barədə məlumatı yoxdur.
30. Elektron məhkəmə informasiya sistemində aparılmış araşdırna zamanı müəyyən edilmişdir ki, İddiaçı “X21 Aviaşirkəti” MMC-də təyyarəçi işləyir, əmək haqqı 8500 manatdır, Cavabdeh “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsində tibb bacısı işləyir və əmək haqqı 568 manat təşkil edir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilən aliment cavabdeh tərəfindən uşaqların yaşayışı, təhsili üçün xərclənir, iddia tələbi təmin ediləcəyi təqdirdə onların mövcud təminatı azala bilər.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
33. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282)
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 570/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının ⅓ hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X3 və X8 adına açılacaq bank hesabına köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir.
36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı onun qazancının ⅓ hissəsi miqdarda Cavabdeh xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X3 və X8 adına açılacaq bank hesabına köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli manat) manat İddiaçı alınaraq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev