Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3457/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qeydiyyatda olduğu və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evdə yerləşən 103 saylı mənzilə köçürülməyi, mənzilin giriş qapısına və otaqlardakı qapılara cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, anası X5 ilə birlikdə babası X3 məxsus olan və yuxarıda qeyd edilən mənzildə yaşamışdır. Babası xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra da, onlar həmin mənzildə yaşamışlar. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş və iddiaçı bundan sonra da mənzildə yaşamaqda davam etmişdir. İddiaçı həmin mənzildə ümumilikdə 35 ildən yuxarı müddət ərzində yaşamışdır. Buna baxmayaraq iddiaçının dayısı olan cavabdeh iddiaçını həmin mənzildən qanunsuz olaraq qeydiyyatdan çıxarmaq istəyir və bu səbəbdən iddiaçını döyərək, mənzildən qovmuşdur. İddiaçı cavabdehin onun dayısı olmasını nəzərə alaraq cavabdeh tərəfindən dəfələrlə döyülməsi barədə polis orqanlarına şikayət etməmişdir. İddiaçıya məxsus əşyalar hazırda da mübahisəli mənzildə olsa da, cavabdeh iddiaçını mənzilə buraxmır. Göstərilən səbəblərdən və başqa yaşayış yerinin olmaması səbəbindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh, hazırlıq iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı onun mərhum bacısı X2 övladı deyil, X4 övladıdır. Solmaz iddiaçının xalasıdır və iddiaçını övladlığa götürmüşdür. İddiaçının onunla eyni mənzildə yaşaması mümkün deyildir. Buna görə də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçının mübahisəli mənzilə köçürülməsini, mənzilin giriş və otaqlardakı qapılara cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılmasını qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1983-cü il təvəllüdlü iddiaçı uşaqlıqdan həmin mənzildə yaşamış, bununla da onun mənzildən istifadə etməkdən ibarət hüququ yaranmışdır. Buna baxmayaraq cavabdeh iddiaçını həmin mənzildən qovmuş, bu hüququn iddiaçı tərəfindən həyata keçirilməsinə qanunsuz olaraq mane olur, iddiaçını mənzilə buraxmır. Buna görə də iddia əsaslı hesab edilməlidir. Bundan başqa müəyyən edilir ki, cavabdehin və iddiaçının anası Solmaz Canqirovanın atası Xıdır Canqirov mənzilin əvvəlki mülkiyyətçisi olmuş və o, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bundan sonra mənzilin 1/2 hissəsi Bakı Şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında cavabdehin mülkiyyətinə keçmiş, mənzilin qalan 1/2 hissəsi isə digər vərəsənin payı kimi açıq saxlanılmışdır. Açıq saxlanılmış payın sahibi Solmaz Canqirova xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən iddiaçı həmin payın potensial mülkiyyətçisi sayılır. Odur ki, bu baxımdan da iddia əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, mübahisəli mənzildən başqa yaşayış yerinin olmamasını bildirsə də, iddiaçının doğma anası Nəsibə Adışovanın mülkiyyətində 2 ev var. 1953-cü il təvəllüdlü cavabdeh İİ qrup əlildir, onun səhhətində ciddi problemlər var. İddiaçı isə mənzildə caduluqla məşğul olur, gecələr şamlar yandırır, qışqırır, əcaib səslər salır. İddiaçının bu kimi hərəkətləri cavabdehin səhhətinə mənfi təsir göstərir. Bu səbəbdən iddiaçı ilə cavabdehin aralarında mübahisələr olmuş və cavabdeh polis orqanlarına şikayət etmişdir. Bundan sonra isə iddiaçı mənzilə bir daha gəlməmişdir. İddiaçının mənzildə formal qeydiyyatda qalması cavabdehin özünün mülkiyyətində olan mənzilindən sərbəst istifadəsini və mənzil üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Mənzilin mülkiyyətçisi olan cavabdeh, mənzildə formal qeydiyyatda olan iddiaçının və digər qohumlarının mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı İnzibatı Məhkəməsinə müraciət etmiş və həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Buna görə də cavabdeh hazırkı işə baxmış Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək hazırkı işin icraatının həmin inzibati iş üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılmasını xahiş etsə də, Rayon Məhkəməsi icraatı dayandırmamışdır. İddiaçı heç vaxt cavabdehin ailə üzvü olmamışdır. Onların arasında etibarlı ailə münasibətləri mövcud deyil. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətinin məzmununa uyğun izahat verdilər.
9. İddiaçı, apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsə də, iclasda iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 263185 saylı “Övladlığa götürmə haqqında şəhadətnamədən” görünür ki, cavabdehin bacısı X5 xx.xx.1983-cü il təvəllüdlü iddiaçının övladlığa götürmüşdür.
12. Bakı Şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 177145 saylı orderdən görünür ki, mübahisəli mənzil cavabdehin və cavabdehin bacısı Solmaz Canqirovanın atası, yəni iddiaçının babası X3 verilmişdir. Mənzilə köçən şəxslərin siyahısında Xıdır Cahangirovun özünün, onun arvadı Fərasət Cahangirovanın, onların övladları Solmaz Canqirovanın və cavabdehin adı qeyd olunmuşduir.
13. Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli mənzil Xıdır Canqirovun mülkiyyətində olmuşdur.
14. Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 276992 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Xıdır Canqirov xx.xx.2008-ci il tarixdə ölmüşdür.
15. Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 425899 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçının anası Solmaz Canqirova xx.xx.2022-ci il tarixdə ölmüşdür.
16. Bakı Şəhəri 40 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş Xıdır Canqirovdan ölümündən sonra miras qalmış mübahisəli mənzilin 1/2 hissəsi vərəsəlik qaydasında mərhumun vərəsəsi (övladı) olan cavabdehin mülkiyyətinə keçmiş, mənzilin qalan 1/2 hissəsi isə digər vərəsənin payı kimi açıq saxlanılmışdır.
17. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı, mübahisəli mənzildə uşaqlıqdan yaşamış, mənzilin 1/2 hissəsi vərəsəlik qaydasında cavabdehin adına keçdikdən sonra məcburiyyət qarşısında qalaraq mənzildən çıxmış və bundan sonra mənzilə cavabdeh tərəfindən buraxılmamışdır.
18. Göstərilənlərə əsasən işin hallarından müəyyən edilir ki, iş üzrə iddiaçı mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnu hələ mənzil onun babası Xıdır Canqirovun icarəsində və sonradan mülkiyyətində olan vaxt qazanmışdır.
19. Belə ki, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53.). Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (maddə 123.).
20. Bundan başqa müəyyən edilir ki, mənzilin mülkiyyətçisi olan iddiaçının babası Xıdır Canqirov xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra da, iddiaçı, anası, yəni mərhum mülkiyyətçisinin övladı Solmaz Canqirova ilə birlikdə mənzildə yaşamaqda davam etmişdir.
21. Göründüyü kimi, bundan sonra da, iddiaçının qeyd edilən istifadə hüququ itməmişdir.
22. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, mənzilin mülkiyyətçisi olan Xıdır Canqirovun xx.xx.2008-ci il tarixdə vəfat etməsindən sonra onun övladı Solmaz Canqirovanın mənzildə yaşamaqda davam etməsi o deməkdir ki, o, atasından miras qalmış mənzili miras əmlak kimi faktiki qəbul etmişdir.
23. Belə ki, Azərbaycan Respublikasında xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Təsadüfü deyil ki bunu nəzərə almış Bakı Şəhəri 40 saylı Notariat Ofisi xx.xx.2008-ci il tarixdə ölmüş Xıdır Canqirovdan ölümündən sonra miras qalmış mübahisəli mənzilin 1/2 hissəsi vərəsəlik qaydasında mərhumun vərəsəsi (övladı) olan cavabdehin mülkiyyətinə keçməsi barədə xx.xx.2023-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verərkən mənzilin qalan 1/2 hissəsi isə digər vərəsənin payı kimi açıq saxlamışdır.
25. İddiaçı, mübahisəli mənzili miras əmlak kimi faktiki qəbul etmiş və bundan sonra, yəni 08.02.22-ci il tarixdə ölmüş Solmaz Canqirovanın vərəsəsidir, baxmayaraq ki, o Solmaz Cangirova tərəfindən övladlığa götürülmüşdür.
26. Belə ki, qüvvədə olan Mülki Məcəllənin 1159.1-ci maddəsinin mənasına görə ölənin arvadı, valideynləri, uşaqları, o cümlədən övladlığa götürülən uşaqları, ölümündən sonra doğulmuş uşaqları ölənin bərabər pay hüquqlu vərəsələri sayılırlar.
27. Bu maddi hüquq normasının tələbini və yuxarıda (əsasən də hazırkı qətnamənin 22-25-cü bəndlərində qeyd edilənləri) nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı açıq saxlanılmış payın mülkiyyətçisi sayılır.
28. Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). g) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd edilən bütün dəlillər, o cümlədən cavabdehin mənzildə qeydiyyatda olan iddiaçının və digər qohumlarının mənzildən qeydiyyatdan çıxarılması barədə məhkəməyə müraciət etməsi iddiaçının mübahisəli mənzilə köçürülməsinin qarşısını ala bilməz. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.