Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3459/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “aliment”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1319/2025 saylı 18 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflər qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Həmin münasibətdən xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir.
2. Yetkinlik yaşına çatmamış xx.xx.2022-ci il təvəllüdlü X3 iddiaçı ilə birlikdə yaşayır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat, eləcə də X2 3 yaşına çatanadək onun üçün hər ay 100 manat məbləğində, cəmi 346 manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh Taryel oğlundan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, o, Cavabdeh Taryel oğlu ilə nikahını rəsmi dövlət qeydiyyatına aldırmadan faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 5 dekabr 2022-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında AZ-1 449235 №-li şəhadətnamə verilmişdir. Lakin Cavabdeh Taryel oğlu ilə xarakterlərinin uyğun gəlməməsi, eləcə də onun ailəsinə hörmətlə yanaşmaması səbəbindən birgə yaşamaları artıq mümkün deyil. Cavabdehlə faktiki uzun zamandır ayrılmışdırlar, onunla nikah münasibətləri kəsilmişdir, ümumi təsərrüfatları yoxdur. Hazırda ərizədə qeyd edilmiş ünvanda uşağı ilə birlikdə yaşayır. Uşaq südəmərdir və onun himayəsindədir. Uşağın maddi təminatını o, tək həyata keçirir, Cavabdeh Taryel oğlu uşağın saxlanması üçün ona hər hansı məbləğdə maddi vəsait ödəmir. Baxmayaraq ki, Taleh mərmər ustasıdır və bu işdən çox böyük qazanc əldə edir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(010)- 1319/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, tərəflərin qeyri-nikah münasibətlərindən olan uşağı hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün 246 manat məbləğində aliment tələb etmiş, cavabdeh isə məhkəməyə ünvanladığı ərizəsi və izahatı ilə aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (246 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bununla da, uşağın saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh tutulması məqsədəuyğundur. Həmçinin, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərini nəzərə alınmaqla, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixindən başlayaraq 01 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
7. İddiaçının uşağın saxlanılması üçün əlavə 100 manat xərcin cavabdehdən tutulmasına dair iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları qanunvericiliklə konkret hallarla müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə olduğu, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallar daxildir. Belə ki, cavabdehdən tələb edilən məbləği təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir və bu səbəblə 100 manat məbləğində pulun tutulmasına əsas müəyyən edilməmişdir. Tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmadığından iddiaçı ümumi uşağın doğulduğu gündən 3 il ərzində aliment almaq hüququna malik deyildir. Həmin qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız nikah münasibətləri mövcud olan və yaxud mövcud olmuş şəxslərə (ər-arvad, keçmiş ər-arvad) bir-birini saxlamaq vəzifəsi və nikah dövründə və ya pozulduqdan sonra aliment almaq hüququ şamil edilir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 75.5, 78.1, 78.2, 84.1, 84.2, 85.1, 100.1, 100.2, 110.2 və 110.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(010)-1319/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda bronxial astma xəstəliyindən əziyyət çəkir (xəstəliklərin beynəlxalq təsnifatında kod J45). Məhz bu səbəbdən işsizdir. Daimi iş yeri və gəliri yoxdur. Səhhətində olan problemdən dolayı daima boğulma halları olur və xəstəliyinin fəsadlarının qarşısının alınması da müəyyən vəsait tələb edir. Əlavə olaraq bildirmişdir ki, onun aliment öhdəliklərindən yayınmaq fikri yoxdur və apellyasiya şikayəti aliment öhdəliklərindən yayınmaq məqsədilə verilməmişdir. Bilir ki, övladı azyaşlıdır və onun saxlanması üçün aliment ödəməlidir. Lakin məhkəmə də xüsusi olaraq nəzərə almalıdır ki, xəstəliyi səbəbindən fiziki imkanları məhduddur və istənilən zaman, istənilən işdə işləyə və pul qazana bilmir. O, ümumiyyətlə fiziki aktivlik tələb edən işlərdə işləyə bilmir. Çünki dərhal halı pisləşir. O fəhlədir və iş seçimi barədə geniş imkanlara malik deyil. İddiaçının onun mərmər ustası işləməyinə və bu işdən böyük gəlir əldə etməyinə gəldikdə isə bildirmişdir ki, o, vaxtilə mərmər ustası işləmişdir. Lakin qeyd edilən iş səhhətində olan problemi daha da kəskinləşdirdiyindən həmin işdən məcbur olaraq uzaqlaşmışdır. Belə ki, qeyd edilən peşədə işləyən zaman hər gün o, istər-istəməz mərmər tozunu, mərmərin cilalanmasında istifadə edən kimyəvi preparatların tozunu və qoxusunu udmaq məcburiyyətində qalırdı və bu peşənin fəsadları səhhətində ciddi problemlər yaradırdı. Bronxial astma xəstəsi olan şəxsin gün ərzində mərmər tozunu və zərərli kimyəvi preparatların qoxusunu udmasının necə fəsadlara yol açmasını da yəqin izah etməyə ehtiyac yoxdur. Məhz bu səbəbdən hesab edir ki, məhkəmə alimentin məbləğini müəyyən edən zaman səhhətində olan bu ciddi xəstəliyi, sağlamlıq imkanlarının məhdud olmasını nəzərə almalı idi. Əlavə olaraq bildirmişdir ki, onun tərəfindən hər aya aliment olaraq 150 (yüz əlli) manat pul vəsaitinin ödənilməsi praktik cəhətdən mümkündür. İlk olaraq nəzərə alınmalıdır ki, alimentin miqdarı o dərəcədə olmalıdır ki, onun qeyd edilən aliment məbləğini ödəməyə maddi və fiziki imkanı olsun. Daimi iş yeri olmayan, bronxial astma xəstəliyindən əziyyət çəkən gəlirləri daimi və stabil olmayan cavabdehdən hər ay 246 ( iki yüz qırx altı) manat alimentin tutulması o anlama gəlir ki, cavabdeh bütün gəlirlərini aliment olaraq ödəməli, qidalanmamalı, müalicə olunmamalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun qətnamənin iddianın təmin olunan hissəsindən narazı olduğu, onun iddia tələbini 150 manat məbləğində etiraf etdiyi aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın bu hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
19. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
21. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
22. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
23. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
24. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
25. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının
28. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. 8.3-ci bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.
30. 8.4-2-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, mavfiq maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür.
33. Ailə qanunvericiliyində sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halların araşdırılmalı olması müəyyən edilir, lakin bu zaman uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması həlledici amil kimi göstərilir.
34. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu, yəni tərəflərin birgə uşaqlarının ananın - iddiaçının himayəsində olması, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu baxımından ədalətlidir. Belə ki, bundan daha az məbləğdə aliment tutulması uşağın mənafələrinin əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.
35. Bundan başqa qeyd edilməlidir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
36. Şikayətə əsasən, aliment məbləğinin azaldılması isə xx.xx.2022-ci il təvəllüdlü X2 mənafelərinə ziddir, çünki müəyyən edilməsi xahiş edilən aliment məbləği (150 manat) bugünkü gündə onun maddi tələbatlarını ödəməyəcək. Şikayətdə göstərilən dəlillər də cavabdehi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan məbləğdə aliment ödəməklə öz yetkinlik yaşına çatmamış övladını saxlamaq vəzifəsindən azad etmir. Bundan başqa, cavabdeh əmək qabiliyyətlidir, məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi və ya ödəmədiyi digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması halı müəyyən edilmir.
37. Nəzərə alınmalıdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
38. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
39. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
42. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1319/2025 saylı, 18 fevral 2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov