Məhkəmə qərarları › İş №2(103)-3475/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3475/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3475/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlikdən mənəvi zərərə görə 80.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə iddiaçının baldızı olan və Masallı rayonu Sığıncaq kəndində yaşayan X10 məxsus olan fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermiş və iddiaçının oğlu Sənan, baldızının uşaqları Əli və Məhəmməd ciddi yanıq xəsarətləri almışlar. Göstərilən bütün tibbi yardımlara baxmayaraq Əli xx.xx.2018-ci il tarixdə, Məhəmməd xx.xx.2018-ci il tarixdə, Sənan isə xx.xx.2018-ci il tarixdə ölmüşlər. Evin qarşısındakı darvazanın yanında əvvəlcədən qaz sızması müşahidə edildiyi üçün bu barədə mərhum Əli xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində, iddiaçının həyat yoldaşı Rauf isə xx.xx.2018-ci il tarixdə cavabdeh Birliyin “104” qaynar xəttə zəng edərək məlumat vermiş, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2018-ci il tarixdə Birliyin əməkdaşı X8 ünvana gələrək təmirin mümkün olmadığını bildirmiş və getmişdir. Beləliklə, Birliyin əməkdaşları X2 Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, həmçinin, X1 Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Сahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən, Masallı rayonu Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə, məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən xx.xx.2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Əlipənah Əhədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə Məhəmməd Nuruyev CM-in 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə cavabdeh X11 Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin əməkdaşlarının təqsiri ucbatından baş vermişdir. Birliyin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı azyaşlı oğlunun və azyaşlı baldızı bacısı uşaqlarının faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya vurulmuş mənəvi zərərə görə 30.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pul vəsaitinin Birlikdən alınaraq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birliyin əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının övladı və iddiaçının baldızının iki övladının ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Birliyin əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh Birliyin əməkdaşlarının təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stressləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 80.000 manat məbləğində deyil, iddiaçının keçirtdiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 30.000 manat məbləğində müəyyən edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin “Birlik tərəfindən iddiaçıya iddiaçının övladının ölməsi ilə bağlı ödənilməli olan mənəvi zərərin məbləğin müəyyən edilməsi” hissəsində dəyişdirilməsini, ödənilməli olan məbləğin 10.000 manat müəyyən edilməsini, iddia tələbinin “iddiaçının baldızın övladının ölümü ilə mənəvi zərərin ödənilməsi” hissədə iddianın təmin edilməməsini xahiş etmişdir

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyil, mənəvi zərər məbləği ağlabatan və ədalətli olmamışdır. Belə ki, Rayon Məhkəməsi öz mövqeyini kifayət qədər əsaslandıra bilməmiş, işin konkret və diqqətəlayiq hallarını nəzərə almamışdır. Hadisənin Birliyin işçilərinin ehtiyatsızlığı ucbatından baş verdiyini nəzərə alınmamış, qəsdən törədilmiş cinayətdən fərqləndirilməmişdir. İddiaçının baldızı Günel Müseyibova (Kərimova) öz 2 övladının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (iş № 2(103)-10726/2021 saylı) qətnaməsinə əsasən ona 80.000 manat mənəvi təzminat verilmişdir. İddiaçının əri X18 bir uşağının və bacısının iki uşağının ölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə (İş № 2(011)-4368/2021) əsasən 50.000 manat mənəvi təzminat almışdır. Lakin Rayon Məhkəməsi tərəfindən iddiaçının əri Rauf Kərimovun və baldızı Günel Müseyibovanın (Kərimovanın) artıq eyni hadisə ilə bağlı cavabdeh Birliyə qarşı mənəvi zərər tələbinə dair ayrıca iddiaları olduğunu və baş vermiş həmin hadisə nəticəsində kifayət qədər yüksək məbləğdə mənəvi təzminat aldıqlarını nəzərə almamışdır. Belə olan halda hazırki iş üzrə iddianın kifayət qədər yüksək məbləğdə təmin edilməsi artıq cavabdeh Birliyin mənafeyi, əmlak və iqtisadi vəziyyəti baxımından ədalətli mövqe deyildir, cavabdeh Birliyin üzərinə də əsassız olaraq həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnmişdir. İddiaçının baldızının ölən uşaqları ilə mənəvi bağlılığı və baldızının uşaqlarının ölməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Mülki işdən də müəyyən olunur ki, iddiaçı baldızı və baldızı uşaqları ilə birlikdə yaşamamışdır. İddiaçı tərəfin bir övladının ölümü ilə əlaqədar mənəvi zərərə görə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitinin tutulması hər iki tərəf üçün sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından daha ağlabatan və ədalətli olacaqdır. d) apellyasiya baxışının hədləri barədə məlumat

7. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birliyin mövqeyi isə yuxarıda artıq təsvir edilmişdir (bax: hazırki qətnamənin 5-ci və 6-cı bəndlərinə).

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

9. Odur ki, qeyd edilənlərə əsaslanmış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığı yoxlamamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

10. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər.

11. Cavabdeh Birliyin nümayəndəsi Nümayəndə ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermişdir.

12. Lakin yalnız bir nümayəndə ilə məhkəmələrdə təmsil olunmadığı bilinən cavabdeh Birliyin Nümayəndə əvəz edə biləcək başqa nümayəndələrinin iştirakının mümkünsüzlüyü əsaslandırılmadığından vəsatət əsassız hesab edilmişdir.

13. Odur ki, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

15. Belə ki, qətnamənin mübahisə edilməyən və artıq qanuni qüvvəyə minmiş hissəsi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının baldızına məxsus olan fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış hadisəsi baş vermiş, iddiaçının övladı və baldızının iki övladı həmin partlayış nəticəsində aldıqları xəsarətlər nəticəsində ölmüşlər.

16. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlıdır və baş vermiş hadisə zamanı iddiaçıya zərərin dəyməsi halının mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

17. Belə ki, Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən Birliyin əməkdaşları Əlipənah Əhədov və Məhəmməd Nuriyev Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Əlipənah Əhədov CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə, Məhəmməd Nuriyev isə CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.

18. Həmin hökmdən həmçinin görünür ki, məhkum edilmiş həmin vəzifəli şəxslər öz xidməti vəzifələrini yerinə yetirməmiş, işlərinə vicdansız, laqeyd və səhlənkar yanaşmış, nəticədə yuxarıda qeyd edilən partlayış baş vermiş və hadisə 3 nəfərin ölümünə səbəb olmuşdur.

19. Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü qanuni qüvvəsini almışdır.

20. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.).

22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

23. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2404.2020-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

25. Məhkəmə iddiaçının digər qohumu (baldızının övladları) ilə bağlı vurulmuş mənəvi zərərin tutulmalı olmaması hissəsində cavabdeh Birliyin apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, iddiaçının övladının baldızının övladları ilə sonuncunun evində olan zaman hadisənin baş verməsi onu deməyə əsas verir ki, hər iki ailə arasında, o cümlədən onların övladları arasında qarşılıqlı etibar və bağlılıq olmuşdur. Bu etimadın göstəricisi təkcə qohumluq münasibətləri və ya eyni məntəqədə yaşamalarında deyil, o cümlədən iddiaçının öz övladını baldızının ailəsinə etibar etməsində ifadə olunur. Bağlılığın qırılmasının şəxsin həyatına, onun fiziki və mənəvi sferasına təsiri də bağlılığın nə dərəcədə güclü olmasından asılıdır. İnsan həyatında baş vermiş itkinin səbəbinin xüsusən hansısa şəxs(lər)in cinayətkar təqsiri olması halında bu öz ifadəsini daha qabarıq şəkildə tapmış olur.

26. Odur ki, iddiaçının öz övladını itirməsi nəticəsində mənəvi ziyan çəkdiyi kimi, baldızının övladlarına münasibətdə də ziyanın ona öz təsirini göstərməsi istisna olunmur. Lakin əlbəttə ki, həmin təsirlər öz övladı ilə müqayisədə eyni təsirə malik ola bilmədiyi kimi, bu fərqlilik vurulmuş ziyanın miqdarında da özünü göstərməlidir.

27. Lakin işə baxmış Rayon Məhkəməsi vurulmuş mənəvi ziyanın miqdarını müəyyən edərkən iddiaçının övladına və baldızının övladlarına görə tutulmalı olan vəsaitin miqdarını ayrı-ayrılıqda müəyyən etməmiş, ümumi yanaşmadan çıxış etmişdir. Bu isə hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun deyil. Məhkəmə qətnaməsi aydın olmalı və mümkün qədər qeyri-müəyyən ifadələrdən çəkinilməlidir.

28. Göstərilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, bu qeyri-müəyyənliyin apellyasiya icraatı zamanı aradan qaldırılması mümkündür. Bunun üçün Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddiaçının övladına görə və baldızının iki övladına görə ayrı-ayrılıqda vurulmuş ziyanın miqdarı müəyyən edilməklə ümumi vəsaitin cavabdeh Birlikdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməlidir.

29. İddiaçı hesab edir ki, vurulmuş ümumi mənəvi ziyanın miqdarı 80.000 manat təşkil edir. Lakin həmin vəsaitin öz övladına və baldızının övladlarına görə vurulmuş ziyana görə ayrı-ayrılıqda nə qədər təşkil etdiyini qeyd etməmişdir. Bundan əlavə Rayon Məhkəməsi tutulmalı olan ümumi vəsaiti 30.000 manat müəyyən etmiş və iddiaçı iddianın rədd edilməsi hissəsində qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən apellyasiya baxışı çərçivəsində tutula biləcək mənəvi ziyanın ümumi yuxarı həddi 30.000 manat təşkil edə bilər.

30. Digər tərəfdən, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik iddiaçının baldızının övladlarına görə mənəvi ziyanın əvəzinin tutulmasını mübahisələndirmiş, iddiaçının övladına görə isə mənəvi ziyanın miqdarının azaldılaraq 10.000 müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda, iddiaçının övladına görə mənəvi ziyanın aşağı həddi 10.000 manat təşkil edə bilər.

31. Lakin Məhkəmə hesab edir ki, övladını itirmiş ana üçün kompensasiyanın miqdarının 10.000 manat müəyyən edilməsi işin müəyyən edilmiş halları baxımından ədalətli balans hesab edilə bilməz. Eyni zamanda 30.000 manat həddindən yuxarı da müəyyən edilə bilmədiyindən və iddiaçının baldızının iki övladına görə də mənəvi ziyan müəyyən edilməli olduğundan, cavabdeh Birlikdən iddiaçının baldızı öz iki uşağının ölümü ilə əlaqədar 80.000 manat, iddiaçının əri bir uşağının və bacısının iki uşağının ölümü ilə əlaqədar 50.000 manat mənəvi təzminat tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğunu nəzərə alan Məhkəmə, cavabdeh Birlikdən tutulmalı olan mənəvi zərərin miqdarının iddiaçının uşağına görə 29.000 manat, iddiaçının baldızının iki övladına görə isə 1.000 manat müəyyən edilməsini ədalətli və işin hallarına, həmçinin apellyasiya baxışının hədlərinə uyğun hesab edir. g) apellyasiya baxışının nəticəsi

32. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

33. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

34. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilmiş və qətnamə ləğv edilmiş olsa da, tutulmalı olan ümumi məbləğ yeni qətnamə ilə eyni müəyyən edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdeh Birliyin özünə aid edilməlidir.

35. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən mənəvi ziyana görə 30.000 manat ümumi vəsaitin tutulması mübahisələndirilmədiyindən, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

36. Cavabdeh Birliyin apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh Birlik MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

37. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçının baldızının uşaqlarına görə mənəvi ziyan tutulması və tutulmalı olan vəsaitin miqdarının müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. X4 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 29.000 (iyirmi doqquz min) manat, baldızının övladları X15 və X3 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat, ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə Cavabdehndən tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qətnamənin “X4 ölümü ilə əlaqədar İddiaçı mənəvi zərərin dəyməsinin müəyyən edilməsi, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 (yüz altmış beş) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə” hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə İddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar