Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3480/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-816/2025 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərək, elə həmin tarixdə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(003)-401/2015 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmaqla, iddiaçının (məhkumun) müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan iddiaçının müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ləğv olunmaqla cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmaqla, iddiaçının müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan iddiaçının müdafiəçisi tərəfindən yenidən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(103)-950/2018 nömrəli hökmü ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2015-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 2015-2016-cı illərdə qanunsuz və əsassız olaraq 12 ay 01 gün həbsdə olduğu nəzərə alınaraq ona 100.000 manat məbləğində pul kompensasiyasının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik 20-50 manat məbləğində pul qazanırdı. Həbsdə olduğu 365 gün ərzində onun bu gəlirlərinin əldən çıxması ailəsinin maddi durumunu ağırlaşdırmışdır. Həbsdə olduğu müddət ərzində ailə üzvləri bir neçə dəfə onun görüşünə gələrək ona sovqat gətirmişlər. İbtidai istintaq və məhkəmə istintaqı dövründə ailəsinin maddi vəziyyəti ağır olmuş və ona görə də onun hüquqi müdafiəsini təşkil etmək üçün borc almışlar. Borc alınmış maliyyə vəsaiti hesabına vəkil tutulmuş və vəkilin hüquqi yardımından istifadə etmişdir. Onun məhz satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə etməsi kimi rüsvayedici bir cinayətlə ittiham olunması ictimaiyyət tərəfindən qınanmasına səbəb olmuş, qonşu və qohumları ilə münasibətləri pisləşmiş və onlarda haqqında mənfi fikir formalaşmışdır. Eləcə də həbsdə keçirdiyi 365 gün ərzində dözülməz mənəvi sarsıntı və iztirablar keçirmiş, polis əməkdaşlarının onu döymələri, ona işgəncə vermələri nəticəsində sağ ayağını ağrıdan bir aydan çox müddətə yerə basa bilməmiş, yeriyərkən axsamışdır. Həbsdə olduğu müddət sonluğunda vərəm xəstəliyinə tutulmuş, azadlığa çıxdıqdan sonra uzun müddət müalicə almışdır. Bundan başqa o, həbsə alınarkən həyat yoldaşı hamilə olmuş, onun müalicəsi ilə məcbur olub təqaüdçü və xəstə anası məşğul olmuş, buna da külli miqdarda pul xərclənmiş, körpəsinin üzünü qanunsuz həbsdən buraxıldıqdan sonra görmüşdür. Onun qanunsuz həbs olunması nəticəsində keçirdiyi mənəvi sarsıntıdan başqa, həbsdə olmağı ilə əlaqədar olaraq həyat yoldaşı və uşağının xəstəliyinin müalicəsində iştirak edə bilməmişdir. Məhz buna görə də mənəvi əzab keçirmiş və hazırda da keçirir, çünki, barəsində olan bəraət hökmü icra üçün DİN-in məlumat mərkəzinə vaxtında göndərilmədiyindən oradan alınan məlumatda o, hələ də əvvəllər məhkum edilmiş hesab edilir və bu səbəbdən də özünə layiqli iş yeri tapa bilmir.
4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə’’də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır. Bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sənədlər təqdim edilmədiyindən iddia əsassız hesab olunmalıdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
6. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-816/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 12.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim: X4)
8. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq gəlirlər, əmlak, çəkilmiş xərclər və ya cərimələrlə bağlı hər hansı hal və bu halı təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə də heç bir mötəbər sübuta əsaslanmaması səbəbindən iddianın maddi ziyanın ödənilməsi hissəsini əsassız hesab etmişdir.
9. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının əsassız olaraq kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə həbsdə saxlanması, barəsində kifayət qədər uzun illər ərzində araşdırma aparılması ona mənəvi narahatlıq hissələri yaradan hallardır. Odur ki, məhkəmə bütün diqqətəlayiq məqamları nəzərə alaraq hesab etmişdir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni həbsdə saxlanma müddətinə mütənasib olaraq 12.000 manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır.
10. Məhkəmə öz mövqeyini Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunun 1-ci, 4-7-ci, 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57-58ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü, 77.1-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin “vurulmuş maddi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
13. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 12.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin həmin norması kontekstində iddiaçıya mənəvi zərərə görə 12.000 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Bu baxımından mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin ediməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
20. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. İddiaçının apellyasiya şikayətində qətnamənin “vurulmuş maddi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə də təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə nəticə etibarı ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə “vurulmuş maddi zərərin əvəzinin ödənilməsinin rədd edilməsi” və iddianın təmin edilən hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
30. Bununla bağlı məhkəmə kollegiyası yuxarıda sadalanan milli və beynəlxalq qanunvericiliyin müddəalarına istinad edərək, ilk növbədə qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətə salır. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəsin azadlıq hüququ qanunla qorunur və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2015-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərək, elə həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(003)-401/2015 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Həmin hökm apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(103)-950/2018 nömrəli hökmü ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2015-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir.
32. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir (iddia üzrə tələb etdiyi 100.000 manat pulun 85.500 manat hissəsini mənəvi, 14.500 manat hissəsini isə maddi zərər olduğunu bildirir), cavabdeh isə iddia tələbinin ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, eyni zamanda, məhkəmə tərəfindən həddindən artıq yüksək məbləğdə mənəvi zərərin müəyyən edildiyini qeyd edir.
33. Məhkəmə kollegiyası iddiaçının istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi zərərin vurulması ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
35. Bu baxımdan iddiaçı onun barəsində seçilmiş həbs qətiimkan tədbirləri nəticəsində ona maddi ziyanın vurulduğunu, o cümlədən maddi zərərin əvəzi kimi tələb etdiyi məbləğin əldə edilməsi imkanından məhrum edildiyini sübut etməli idi. Lakin iddiaçı bu halları təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.
36. Belə ki, iddiaçı taksi fəaliyyəti ilə məşğul olduğunu, gündəlik 20-50 manat civarında qazanc əldə etdiyini (apellyasiya şikayətində 20-30 manat) və həbsdə olduğu zaman bu gəlirdən məhrum olduğunu iddia etməsinə baxmayaraq, nəinki bu halları sübut edə bilmir, ümumiyyətlə onun istinad etdiyi sahə üzrə fərdi sahibkar kimi fəaliyyət göstərməsi öz təsdiqini tapmır. “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan isə iddiaçının vergi orqanında hazırda fərdi sahibkar kimi çalışdığını iddia etdiyi sahədən tam fərqli sahə üzrə qeydiyyata alındığı (əvvəllər fəaliyyət istiqaməti bərbər olmuşdur) və sonradan bu fəaliyyətini dayandırdığı müəyyən edilmişdir (lakin iddiaçı bu istiqamət üzrə fəaliyyət göstərdiyini bildirmir). İddiaçı bu fəaliyyətlə ona məxsus olan avtomobil vasitəsi ilə məşğul olduğunu vurğulasa da, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçının mülkiyyətində və istifadəsində hər hansı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmir. İddiaçı taksi fəaliyyəti ilə məşğul olmaq üçün hər hansı nəqliyyat vasitəsinin icarəyə və ya lizinqə götürülməsi, habelə hadisə baş verən zaman mülkiyyətində avtomobilin olması və sonradan satılması barədə də hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, tələb edilən maddi zərərin məbləğinin hesablanması da gündəlik əldə edilməsi iddia edilən məbləğ (20-30 və ya 50 manat) və həbsdə olduğu müddət əsas götürülməklə aparılmamışdır. Ümumiyyətlə iddiaçının həbsə alındığı tarixədək gəlir əldə etməsini, o cümlədən həbsə alındığı tarixdən hər hansı gəlirdən məhrum olmasıni təsdiq edən hər hansı sübut yoxdur.
37. Bundan başqa, iddiaçı onun həbsdə olduğu dövrdə ailə üzvləri tərəfindən borc götürüldüyünü bildirsə də, borcların götürülməsini, götürüldüyü təqdirdə onun həbsdə olduğu dövrə aid olmasını, o cümlədən həmin borcların onun həbsdə olması ilə səbəbli əlaqəsini sübut edə bilməmiş, bu halları, habelə həbsdə olması ilə bağlı xərclərin yaranmasını və onların qarşılanmasını (sovqatın alınması, vəkilə xidmət haqqının ödənilməsi və sair) təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir.
38. Birinci instansiya məhkəməsi də maddi zərərlə bağlı hissədə mövqeyini kifayət qədər əsaslandırmış və haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Qeyd edilənlər də öz növbəsində iddiaçının apellyasiya şikayətinin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.
39. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçının həbsdə olduğu ümumilikdə 12 ay üçün onun xeyrinə dövlət büdcəsinin vəsaiti hesabına 12.000 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, bu məbləğdə pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir və bu qəbildən olan iddia tələbləri üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alınaraq mənəvi zərərin 12.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır.
40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.
41. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.
42. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.
43. Cavabdehin apelyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.
44. Cavabdeh apellyasiya şikayətində, həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 165 manatdır. Qeyd olunmalıdır ki, həmin maddənin hazırkı işlə heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yox, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində mənəvi ziyan çəkmişdir. Hər bir halda, iddiaçı həyatının həmin hissəsini azadlıqdan məhrum edilmiş şəraitdə keçirməyi arzulamamışdır. İnsanın vərdiş etdiyi adi həyat tərzindən köklü surətdə fərqlənən və özündə bir çox məhrumiyyətləri birləşdirən bu şəraitdə yaşamaq məcburiyyətində qalan şəxs, həmçinin mənəvi sarsıntı və iztirab keçirməyə, inamsızlıq narahatlıq, məyyusluq hissləri yaşamağa məhkumdur. Qeyd edilənlər də öz növbəsində cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir.
45. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-816/2025 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.