Məhkəmə qərarları › İş №2(103)-3482/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3482/2025

25.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3482/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1056/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı verilmiş 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığı müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar izahat və əmək haqqı bank hesabından çıxarışa ehtiyac otduğundan ünvanına (Bakı şəhəri, Suraxanı rayonu yeni Romana küçəsi) 3-17-5/2-A- 2 33/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin araşdırmaya müvafiq qaydada izahatı və əmək haqqı bank hesabından çıxarışı təqdim etməlidir. Araşdırma zamanı Cavabdeh MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanlarına xx.xx.2024-cü il tarixli 3-17-5/2- 48035/2024 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətin araşdırılmasını tam başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilərkən elektron xitam əmrində 14 təqvim günü əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, tərəflərindən təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış keçirilərkən ona son haqq-hesabın ödənilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin Cavabdeh MMC-nin vəzifəli şəxsinə ona ödənilməli olan son haqq-hesabın yenidən hesablanıb ödənilməsi barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən araşdırılaraq cavablandırılacaqdır. Qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2 aylıq əmək haqqı, məzuniyyət və son haqq-hesabın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərdə çalışdığı Cavabdeh MMC-dən xx.xx.2024 – xx.xx.2024-cü il aralıqlarında olan əmək haqqını və son haqq-hesab ödənişini ala bilməmişdir. Dəfələrlə rəhbər Teymur Hacıyevlə şifahi danışıqların olmasına və eyni zamanda xx.xx.2024-cü il tarixinə ödənilmə ilə bağlı razılaşma sənədinin olmasına baxmayaraq hələ də ödənişi ala bilməmişdir. Bu barədə iddiaçı X2 müraciət etmişdir. Araşdırılma aparılmış və şirkət cərimə olunmuşdur. Lakin yenə də, nəticəsiz qalmışdır. Müfəttişlikdən məktubla məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İddiaçı rəhbərlə, yəni Teymur Hacıyevlə razılığa gəlməyə çalışsa da, iddiaçı şikayət etdiyi üçün onu günahlandırıb, ödəniş üçün vəsaitin olmadığını bildirmişdir. İddiaçı işlədiyi müddətdə Cavabdeh MMC olaraq fəaliyyət göstərmiş, şirkət onlayn çalışmışdır. Şikayət etməyən iş yoldaşlarının pulu ödənilmiş, ancaq iddiaçı şikayət etdiyinə ona əmək haqqının ödənilməyəcəyi bildirilmişdir. İddiaçı mediasiya şurasına şikayətini bildirmiş, ancaq cavabdeh mediasiya şurasına da gəlməmiş, telefonla bildirmişdir ki, pulu yoxdur, ödəmir. Hal-hazırda Teymur Hacıyev özü başqa şirkət açıb işləyir.

4. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(011)-1056/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesabın hesablanaraq tutulması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 sentyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə 03 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilərkən elektron xitam əmrində 14 təqvim günü əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış keçirilərkən İddiaçı son haqq-hesab ödənilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı verilmiş 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazıradək iddiaçıya əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesab hesablanaraq tutulmalıdır.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1, 2 və 3-cü hissələri, 3-cü maddəsinin 3, 4-1-ci hissələri, 154-cü maddəsinin 1-ci hissəsi, 157-ci maddəsinin 3-cü hissəsi, 155-ci maddəsinin 1-ci hissəsi, 288 və 292-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh MMC qətnamədən apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsi, yalnız işəgötürənin təqsiri üzündən əmək haqqının gecikməsi halında cərimənin tətbiq edilməsi prinsipini irəli sürür. Lakin, məhkəmə, bu normanı düzgün tətbiq etməyərək, əmək haqqının gecikməsini avtomatik olaraq işəgötürənin təqsiri kimi qəbul edib və nəticədə 1% cərimə tətbiq edib. Bu yanaşma, maddənin tələblərinə ziddir, çünki maddə açıq şəkildə yalnız işəgötürənin təqsiri hallarında cərimə tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, işəgötürənin gecikməsinin səbəbini araşdırmadan, məsələn, texniki problemlər, maliyyə çətinlikləri və ya mübahisəli halları nəzərə almadan qərar qəbul edib. Bu hallarda, işəgötürənin təqsirinin mövcudluğu sübuta yetirilmədiyi üçün cərimənin tətbiq olunması hüquqi olaraq düzgün deyil. Əmək Məcəlləsinin bu maddəsi, işəgötürənin məsuliyyətini müəyyən edən və onun təqsirinin faktiki olaraq sübuta yetirilməsini tələb edən bir norma olduğundan, məhkəmənin qərarı Əmək Məcəlləsinin məqsəd və məntiqinə uyğun deyil. Bu səbəbdən, məhkəmənin cərimə tətbiq etməsi, işəgötürənin təqsirini faktiki araşdırmadan avtomatik olaraq qərar verməsi, Əmək Məcəlləsinin tələblərinə ziddir və hüquqi səhv sayılmalıdır. Hazırkı iş üzrə yalnız iddiaçı tərəfindən sübutlar təqdim edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən isə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə işin baxılmasında yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsaslanmış, cavabdehin təqdim edə biləcəyi sübutlar və mövqe nəzərə alınmadan qətnamə qəbul etmişdir. Hakim iddia ərizəsinin forma və məzmununa əməl edilib-edilməməsini yoxlamamışdır. İddiaçının faktiki ünvanı və fin kodu göstərilməyib, cavabdehin faktiki ünvanı, əlaqə vasitəsi göstərilməmişdir. Nəticədə cavabdeh olaraq məhkəmədən vaxtında xəbər tutmamışlar. Çünki onlar uzun müddətdir ki, hüquqi ünvanında (Bakı şəhəri, Xətai rayonu, ünvan 4kətləri direktor Teymur Hacıyevin faktiki yaşadığı ünvana məktub gələndə xəbər tutur. Bu ünvan isə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 6a şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, 2023-cü ilin sentyabrında işə başlamış, iyun ayında işdən çıxmışdır. Əmək haqqısı 555 manat olub. Ona məzuniyyət pulu ödənilməyib. Gecikmə də tələb etmişdir. Müvafiq quruma şikayət etdi, cavabdeh cərimə edildi. İddiaçıya dedilər ki, MMC-ni şikayət etdiyi üçün pul ödənilməyəcək. Aylıq 100 manat ödəməyi mediyasiyada təklif etsə də MMC razılıq verməyib. Vəsatətlər vaxt uzatmaq üçün verilib.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 154, 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157, 3-cü hissə. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 155, 1-ci hissə. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 83, 4-cü hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 27 sentyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə 03 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilərkən elektron xitam əmrində 14 təqvim günü əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış keçirilərkən İddiaçı son haqq-hesab ödənilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı verilmiş 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazıradək iddiaçıya əmək haqqı və son haqqhesab ödənilməmişdir.

19. İddianı təmin edən məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarədir ki, əmək haqqının ödənilməməsində iddiaçının təqsiri müəyyən edilməmiş, yalnız iddiaçının təqdim etdiyi sübutlar araşdırılmış, cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayyət edilməmişdir.

20. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya 2 aylıq əmək haqqının və son haqq-hesabın verilməməsi ilə əlaqədar işəgötürən, yəni Cavabdeh MMC-nin əməli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

21. Göründüyü kimi işəgötürənin təqsiri iş materialları ilə öz təsdiqini tapmaqla cavabdeh tərəfindən iddiaçıya son haqq-hesabın və 2 aylıq əmək haqqının ödənilməməsinin ondan asılı olmayan səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

22. Yalnız iddiaçının təqdim etdiyi sübutların araşdırılması ilə əlaqədar apellyatorun dəlillərini də əsassız hesab edən kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin hüquqi ünvanına və keçərli telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat göndərilmiş, o iddiaya qarşı etiraz və dəlillərinin təqdim etmək imkanına malik olsa da məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir.

23. Eyni zamanda kollegiya hesab edir ki, iddia ərizəsində cavabdehin ünvanının yanlış göstərilməsi ilə əlaqədar dəlillər də əsassız olmaqla məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyinə xələl gətirmir.

24. Belə ki, MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

25. İddia ərizəsində cavabdehin hüquqi ünvanı düzgün qeyd olunmuş, məhkəmə bildirişləri də həmin ünvana göndərmişdir. Cavabdeh müəssisənin hüquqi ünvanda fəaliyyət göstərməməsi iddiaçı və məhkəmə üçün mənfi nəticə doğura bilməz.

26. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görədə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

29. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(011)- 1056/2025 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən İddiaçı xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesabın hesablanaraq tutulması qət edilmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, onun aylıq əmək haqqısı 555 manat civarında olmuşdur. Əmək qanunvericiliyinə görə son haqq-hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur. Göründüyü kimi mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1056/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Akif İsgəndərov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar