Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3490/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı “X1” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “əmrin ləğvi, əmək haqqının, kompensasiyanın, ödənişin gecikdirilməsinə görə faizin və zərərin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı “X1” MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-51/2025 nömrəli qətnaməsindən İddiaçı və “X1” MMC-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında xx.xx.2020-ci ildə bağlanmış əmək müqaviləsinə görə, İddiaçı “X1” MMC-də direktor vəzifəsinə işə qəbul olunub (cild 2, iş v. 195). Tərəflərin arasında xx.xx.2022-ci ildə bağlanmış digər əmək müqaviləsində İddiaçı vəzifəsi “Baş direktorun köməkçisi” kimi göstərilib (cild 2, iş v. 19). Tərəflərin arasında xx.xx.2022-ci ildə bağlanmış digər əmək müqaviləsində İddiaçı vəzifəsi “Baş direktorun müşaviri” kimi göstərilib (cild 2, iş v. 205). 2.Əmək müqaviləsinin ləğv edilməsi barədə iki əmr verilib. 3.Birinci əmr xx.xx.2023-cü il tarixli 28/2023 nömrəli əmrdir (cild 1, iş v. 91). Həmin əmrlə MMC-nin Baş direktoru əmr edib ki, işçinin əmək müqaviləsinin ləğvi barədə təşəbbüsü (ərizəsi) əsasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xx.xx.2023-cü ildən ləğv edilsin. Belə ki, İddiaçı xx.xx.2023-cü ildə ərizə ilə MMC-nin Baş direktoruna müraciət edərək xahiş edib ki, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildən ləğv edilsin (cild 1, iş v. 119). 4.İkinci əmr xx.xx.2023-cü il tarixli 42/2023 nömrəli əmrdir (cild 1, iş v. 89). Həmin əmrlə MMC-nin Baş direktoru əmr edib ki, işçinin əmək müqaviləsinin ləğvi barədə təşəbbüsü (birinci əmrin verilməsinə əsas olan xx.xx.2023-cü il tarixli ərizəsi) əsasında əmək müqaviləsi xx.xx.2023-cü ildən ləğv edilsin. Belə ki, birinci əmr verildikdən 1 gün sonra - xx.xx.2023-cü ildə İddiaçı yenidən MMC-də Baş direkorun müşaviri vəzifəsinə qəbul edilib, tərəflərin arasında xx.xx.2023-cü il tarixli yeni əmək müqaviləsi bağlanıb və həmin müqavilədə qeyd olunub ki, işçi xx.xx.2023-cü il tarixdə işə başlayır (cild 1, iş v. 104). 5.İkinci əmrin verildiyi gündə digər əmr - xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmr verilib (cild 1, iş v. 88). Həmin əmrlə MMC-nin Baş direktoru əmr edib ki, xx.xx.2023-cü ildə əmək müqaviləsinin ləğv edilməsi səbəbi ilə, işçiyə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödənilsin. Eyni gündə MMC-nin Baş direktoru daha bir əmr - xx.xx.2023-cü il tarixli 47/1/2023-cü il tarixli əmr verib (cild 1, iş v. 48). Həmin əmrlə əmr edilib ki, işçi işdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən azad edilərkən ona 3 aylıq kompensasiya ödənilməsi nəzərdə tutulmadığına görə əvvəl verilmiş əmr - xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmr ləğv edilsin. 6.Hazırkı işdə mübahisə predmeti olan əmrlərdən biri də xx.xx.2023-cü il tarixli 40/2023 nömrəli əmrdir (cild 2, iş v. 223). Həmin əmrlə MMC-nin Baş direktoru əmr edib ki, İddiaçı xx.xx.2022 - xx.xx.2023-cü iş ili üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək 14 təqvim günü müddətində əmək məzuniyyətinə buraxılsın. Bu əmrin verilməsinə əsas İddiaçı ərizəsi olub (cild 2, iş v. 238). İddiaçı belə ərizə yazmadığını bildirsə də, ekspert rəyi ilə müəyyən olunub ki, ərizədəki imza ona məxsusdur. 7.Hazırda İddiaçı başqa hüquqi şəxsdə - “X2” MMC-də baş direktor işləyir. İlk iddiadakı tələblər 8.İddiaçı ilk iddia ərizəsində və həmin iddianın dəyişdirilməsi barədə sonuncu ərizədə (cild 3, iş v. 19) aşağıdakılar tələb olunub: 1) MMC-nin Baş direktorunun əmək müqaviləsinə xitam verilməsi barədə birinci əmri, yəni xx.xx.2023-cü il tarixli 28/2028 nömrəli əmr ləğv edilsin, əmək müqaviləsinə xitam verilərkən 2022-2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət gününün 32 gününə görə 3.684,2 manat kompensasiya və həmin məbləğin ödənilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 5 faiz ödənc qətnamə icra edilən günə qədər hesablanaraq ödənilsin; 2) MMC-nin Baş direktorunun əmək müqaviləsinə xitam verilməsi barədə ikinci əmri, yəni xx.xx.2023-cü il tarixli 42/2023 nömrəli əmr ləğv edilsin, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1.535 manat əmək haqqı və əmək haqqının ödənilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə 5 faiz ödənc qətnamə icra edilən günə qədər hesablanaraq ödənilsin; 3) MMC-nin Baş direktorunun xx.xx.2023-cü il tarixli 47/1/2023 nömrəli əmri (əmək müqaviləsinin ləğvi ilə ələqədar işçiyə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödənilməsi barədə əmrin ləğv edilməsinə dair əmr) ləğv edilsin, xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmrlə tərəflərin arasında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində (3x3.500=10.000 manat) kompensasiya və həmin məbləğin ödənilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə 5 faiz ödənc qətnamə icra edilən günə qədər hesablanaraq ödənilsin; 4) maddi zərərin əvəzi kimi 3.380 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat ödənilsin; 5) MMC-nin Baş direktorunun işçinin əmək məzuniyyətinə buraxılması barədə xx.xx.2023-cü il tarixli 40/2023 nömrəli əmri ləğv edilsin. Qarşılıqlı iddiadakı tələblər 9.“X1” MMC-nin qarşılıqlı iddia ərizəsində tələb olunub: 1) İddiaçı MMC-nin maliyyə vəsaiti hesabına öz şəxsi avtomobilinin təmirinə xərclədiyi 1.454,94 manat pulun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun; 2) İddiaçı MMC-nin biznes kartından mənimsədiyi 10,97 manatın pulun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Birinci instansiya məhkəməsinin qətnaməsi 10.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə aşağıdakılar qət olunub: 1) ilk iddia qismən təmin olunsun, istifadə edilməmiş məzuniyyət günlərinə görə 1.492 manat kompensasiya MMC-dən İddiaçı xeyrinə tutulsun, MMC-nin xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi səbəbilə 10.500 manat kompensasiya MMC-dən İddiaçı xeyrinə tutulsun, ilk iddianın qalan hissəsi təmin edilməsin; 2) qarşılıqlı iddia qismən təmin olunsun, 10,97 manat İddiaçı MMC-nin xeyrinə tutulsun, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Elşən Sultanovun apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissəsində ləğv edilsin, ilk iddia tam təmin olunsun, qarşılıqlı iddia isə tam rədd olunsun. 12.“X1” MMC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia tam rədd olunsun, qarşılıqlı iddia isə tam təmin olunsun. 13.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 təmsil etdiyi tərəfin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 14.Məhkəmə iclasında iştirak edən “X1” MMC-nin vəkili və nümayəndəsi Nümayəndə təmsil etdiyi tərəfin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 15.İşdə ilk və qarşılıqlı iddia, hər iddiada isə bir neçə tələb olduğuna görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddiada irəli sürülən, əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2023-cü il tarixli 28/2028 nömrəli birinci əmrin və əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2023cü il tarixli 42/2023 nömrəli ikinci əmrin ləğvi tələbi barədə 16.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 17.Azərbaycan Respublikası Konstitusiyasnın 60-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 4-cü maddəsində görə, hər bir şəxs müdafiə üçün məhkəməyə müraciət edə bilər. “Əmrin ləğvi” öz-özlüyündə müdafiə sayılmır, ləğvin nəticəsi müdafiə sayılır. İddia ərizəsindən görünür ki, Elşən Sultanov əmrlərin ləğvini tələb etsə də, əvvəlki vəzifəsinə bərpa olunmasını tələb etmir, əksinə, əmək müqaviləsinin ləğvinə görə tərəflər arasında razılaşdırılmış kompensasiyanın ödənilməsini tələb edir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, hazırda İddiaçı başqa hüquqi şəxsdə - “X2” MMC-də baş direktor işləyir. Əmək Məcəlləsinin 300-cü maddəsinin mənasına görə, əmək müqaviləsinin ləğvi barədə əmr ləğv edilərsə, bunun hüquqi nəticəsi kimi işçi əvvəlki vəzifəsinə bərpa olunmalıdır. İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmasını tələb etmədiyinə görə, həmin əmrlər ləğv edilə bilməz. İlk iddiada irəli sürülən, işçinin əmək məzuniyyətinə buraxılması haqqında xx.xx.2023-cü il tarixli 40/2023 nömrəli əmrin ləğvi tələbi barədə 18.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 19.İddiaçı həmin əmri “saxta əmr” adlandırıb. Lakin bu əmrin verilməsinə əsas İddiaçı öz ərizəsi olub (cild 2, iş v. 238). İddiaçı belə ərizə yazmadığını bildirsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1143 nömrəli ekspert rəyi ilə müəyyən olunub ki, ərizədəki imza ona məxsusdur (cild 3, iş v. 11). İlk iddiada irəli sürülən, əmək müqaviləsinin ləğvinə görə 10.500 manat kompensasiya ödənilməsi tələbi barədə 20.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməklə düzgün nəticəyə gəlib. 21.Əmək müqaviləsinin ləğvi barədə ikinci əmrin verildiyi gün digər əmr - xx.xx.2023cü il tarixli 44/2023 nömrəli əmrlə MMC-nin Baş direktoru əmr edib ki, əmək müqaviləsinin ləğv edilməsi səbəbi ilə, işçiyə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödənilsin. Eyni gündə MMC-nin Baş direktoru xx.xx.2023-cü il tarixli 47/1/2023-cü il tarixli başqa bir əmrlə əmr edib ki, işçi işdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən əsasən azad edilərkən ona 3 aylıq kompensasiya ödənilməsi nəzərdə tutulmadığına görə əvvəl verilmiş əmr - xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmr ləğv edilsin. İşəgötürənin bu mövqeyi əsassıdır. 22.Belə ki, həqiqətən də Əmək Məcəlləsində əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edildiyi halda işəgötürənin ona kompensasiya ödəmək vəzifəsi müəyyən olunmayıb. Lakin əmək müqaviləsinin ikinci dəfə ləğvi işçinin təşəbbüsü ilə olmayıb. İşçi əmək müqaviləsinin ləğvi barədə bir dəfə təşəbbüs irəli sürməklə ərizə verib, ərizənin əsasında əmək müqaviləsinin ləğvi barədə birinci əmr verilib, bununla da təşəbbüs reallaşıb. Bundan sonra işəgötürən işçi ilə yeni əmək müqaviləsi bağlayaraq onu işə götürüb, lakin işçinin əvvəlki əmək müqaviləsinin ləğvi üçün verdiyi ərizəyə istinad etməklə bir aydan sonra həmin müqaviləni ləğv edib. Halbuki, iddiaçı həmin ərizəni verərkən sonrakı əmək müqaviləsi bağlanmadığına görə mövcud deyildi. Mövcud olmayan müqavilənin ləğvi barədə təşəbbüs irəli sürülə bilməz, müqavilənin ləğvi barədə təşəbbüs müqavilənin bağlanmasından sonra mümkündür. Göründüyü kimi, əmək müqaviləsinin ləğvi barədə ikinci əmr işçinin təşəbbüsü olmadan verilib. Beləliklə, kompensasiya ödənilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmrin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli 47/1/2023-cü il tarixli əmr qanunsuzdur, odur ki, xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmr qüvvədə sayılır. Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulub. İşəgötürən əmək müqaviləsini qanunvericiliyi pozmaqla (işçinin təşəbbüsü olmadan “işçinin təşəbbüsü” adı ilə) ləğv etdiyindən, özü könüllü şəkildə kompensasiya ödəmək öhdəliyini üzərinə götürdüyündən, işçi isə buna razılıq verdiyindən, 77ci maddənin mənasına görə, işəgötürən razılaşdırılmış kompensasiyanı (3 aylıq əmək haqqı məbləğini) işçiyə ödəməyə borcludur. Əmək müqaviləsində 1 aylıq əmək haqqının məbləği 3.500 manat müəyyən edildiyindən 3 ay üçün kompenasiya 10.500 manat təşkil edir. İlk iddiada irəli sürülən, əmək müqaviləsinin ləğvinə görə kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbi barədə 23.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 24.Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Əmək haqqına aid olan bu qayda əmək münasibətləri çərçivəsində işəgötürənin işçiyə ödəməli olduğu bütün ödənişlərə şamil edilir. Kompensasiya sonuncu iş günü ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi, kompensasiya vaxtında ödənilməyib. Lakin nəzərə alınmalıdır ki, işəgötürənin kompensasiya (işdənçıxarma müavinəti) ödəmək vəzifəsinin olub-olmaması mübahisə predmeti olub. Belə ki, işəgötürən əvvəlcə kompensasiya ödənilməsi barədə əmr versə də, daha sonra həmin əmri (birinci əmri) başqa əmrlə (ikinci əmrlə) ləğv edib və ikinci əmrə əsaslanaraq kompensasiya ödəməkdən imtina edib. İşçi isə ikinci əmri məhkəmə qaydasında mübahisələndirib. Əgər kompensasiya ödəmək vəzifəsi mübahisəsiz olsayıdı, buna baxmayaraq, işəgötürən onun ödənilməsini gecikdirsəyidi, belə hala işçi onun ödənilməsinin gecikdirilməsinə görə ödənc tələb edə bilərdi. İlk iddiada irəli sürülən, birinci dəfə əmək müqaviləsinə xitam verilərkən 2022- 2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət gününün 32 gününə görə 3.684,2 manat kompensasiya ödənilməsi tələbi barədə 25.Birinci instansiya məhkəməsi bu tələbi qismən təmin etməklə düzgün nəticəyə gəlib. 26.İşçi 2020-2021-ci illərdə məzuniyyətdən istifadə etməyib. Bu, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5910 nömrəli ekspert rəyi ilə müəyyən olunub (cild 3, iş v. 8). İşçinin məzuniyyət müddəti 1-ci əmək müqaviləsində (cild 2, iş v. 195) 30 gün, 2-ci əmək müqaviləsində (cild 2, iş v. 19) 46 gün, 3-cü əmək müqaviləsində (cild 2, iş v. 205) 36 gün müəyyən edilib. Kompensasiyanın hesablanması zamanı məzuniyyət müddətlərinin arasıdakı fərq işçinin lehinə həll olunmaqla məzuniyyət müddəti 46 gün sayılmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5910 nömrəli ekspert rəyinə görə, işçi 2020- 2021-ci illərdə məzuniyyətdən istifadə etmədiyi üçün, məzuniyyət 36 gün olduğu halda 2.486,84 manat, 46 gün olduğu halda 3.177,63 manat kompensasiya hesablanmalıdır (cild 3, iş v. 8). Ona görə də hesab olunur ki, istifadə edilməmiş məzuniyyətə görə, işçinin 3.177,63 manat kompensasiya almaq hüququ var. Bu məbləğin 1.658,21 manatı işçiyə ödənilib. Həmin 1.658,21 manatın son-haqq hesabın tərkibində işçiyə ödənilməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1346 nömrəli ekspert rəyi ilə təsdiq olunub (cild 2, iş v. 145). Bu hesabla qalan kompensasiyanın məbləği 1.519,42 manat təşkil edir (3.177,63 manat – 1.658,21 manat = 1.519,42 manat). Ona görə də məhkəmə Əmək Məcəlləsinin 185-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, işçinin 1.519,42 manat kompensasiya almaq hüququ var. Birinci instansiya məhkəməsi düzgün olaraq bu hüququ təmin edib, lakin məbləği hesablayarkən hesab səhvinə yol verib, 1.519,42 manat əvəzinə 1.492,42 manat göstərib. Bu hal qətnamənin dəyişdirilməsinə səbəb ola bilməz, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə açıq hesab səhvini düzəldə bilər (MPM, maddə 228). İlk iddiada irəli sürülən, birinci dəfə əmək müqaviləsinə xitam verilərkən 2022- 2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət gününün 32 gününə görə 3.684,2 manat kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbi barədə 27.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 28.Yuxarıda qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən edilən, əmək haqqına aid olan bu qayda əmək münasibətləri çərçivəsində işəgötürənin işçiyə ödəməli olduğu bütün ödənişlərə şamil edilir. Əmək müqaviləsinin ləğvi zamanı istifadə olunmamış məzuniyyətə görə kompensasiya sonuncu iş günü ödənilməlidir. AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına görə, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Məhkəmə qeyd edir ki, əmək münasibətlərində ödənişlərin gecikdirilməsinə görə həmin təsir tədbirinin tətbiqi mütləq deyil, işin hallarından asılı olaraq bu tədbirin tətbiqindən imtina oluna bilər. Hazırkı işdə həmin təsir tədbirini tətbiqinə zərurət yoxdur. Belə ki, birinci, işçi apellyasiya şikayətində qeyd edib ki, işəgötürənlə münasibətləri düşmənçilik səviyyəsindədir (cild 3, iş v. 79). Tələblərin bir hissəsinin xarakterindən də görünür ki, tərəflər həmin tələbləri müdafiə olunmaq üçün deyil, bir-birlərinə təsir göstərmək üçün irəli sürüblər. İkinci, birinci dəfə əmək müqaviləsi ləğv edildikdən 1 gün sonra tərəflər yenidən əmək müqaviləsi bağlamaqla əmək münasibətlərini davam etdiriblər, əmək münasibətlərinin davam etdiyi müddətdə işçi işəgötürənə qarşı əvvəlki əmək münasibəti ilə bağlı tələb irəli sürməyib, ikinci dəfə əmək müqaviləsi ləğv edildikdən sonra işçi əvvəlki əmək münasibəti ilə bağlı hazırkı tələbi irəli sürüb. Üçüncü, əmək müqaviləsinin ləğvinə görə, 10.500 manat kompensasiya ödənilməsi razılaşdırılıb. Dördüncü, işçi İddiaçı hazırda başqa hüquqi şəxsdə - “X2” MMC-də baş direktor işləyir. İlk iddiada irəli sürülən, ikinci dəfə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1.535 manat əmək haqqının ödənilməsi tələbi barədə 29.Birinci intansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 30.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1346 nömrəli ekspert rəyinə görə, xx.xx.2023-cü il tarixli 42/2023 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə ödənilməli olan son haqq-hesabın məbləği 767 manat təşkil edir (cild 2, iş v. 145). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5910 nömrəli ekspert rəyinə görə, 767 manat son haqq-hesab xx.xx.2023-cü ildə ödənilib (cild 3, iş v. 8). Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi, ikinci dəfə əmək müqaviləsinə xitam verildikdə işəgötürənin işçiyə ödəməli olduğu son haqq-hesabın məbləği 767 manat təşkil edir, həmin məbləğ əmək müqaviləsinə ikinci dəfə xitam verildiyi tarixdən (xx.xx.2023-cü ildən) 1 gün sonra – xx.xx.2023-cü ildə ödənilib. İlk iddiada irəli sürülən, ikinci dəfə əmək müqaviləsinə xitam verilərkən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1.535 manat əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbi barədə 31.Birinci intansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 32.Əmək müqaviləsi ikinci dəfə ləğv edilərkən ləğvdən 1 gün sonra ləğv edilən əmək müqaviləsi üzrə son haqq-hesab işəgötürən tərəfindən işçiyə tam ödənilib. İlk iddiada irəli sürülən, maddi zərərin əvəzi kimi 3.380 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat ödənilməsi tələbi barədə 33.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 34.İşçi həmin tələbi onunla əsaslandırıb ki, işəgötürəninin təzyiqləri nəticəsində işdən çıxma barədə ərizə yazıb, keçirdiyi əsəb və iztirabların nəticəsində ürəyindən tibbi əməliyyat keçirib, tibbi xidmətə görə 3.380 manat ödəyib, bundan başqa, ona 5.000 manat məbləğində mənəvi zərər dəyib. Lakin işəgötürənin işçiyə ərizə yazmaq üçün təzyiq göstərdiyini və işçinin tibbi əməliyyat keçirməsinə bu təzyiqin səbəb olduğunu təsdiq edən sübut yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin tələb təmin oluna bilməz. Qarşılıqlı iddiada irəli sürülən, işçinin MMC-nin maliyyə vəsaiti hesabına öz şəxsi avtomobilinin təmirinə xərclədiyi 1.454,94 manat pulun işçidən tutulması tələbi barədə 35.Birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 36.Tələb onunla əsaslandırılıb ki, işçi “X1” MMC direktoru vəzifəsində işləyərkən MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 21-09 nömrəli “Texniki xidmət və təmir müqavilə”si bağlamışdır. Həmin müqaviləyə əsasən, "xxxx" MMC “X1” MMC-yə məxsus avtomobillərə texniki xidmət göstərməyi və təmir etməyi öhdəsinə götürüb, sonuncu isə bunun müqabilində müqavilə ilə müəyyənləşdirilmiş ödənişləri ödəməyi öhdəsinə götürüb. İşçi direkor səlahiyyətlərində sui-istifadə edərək şəxsi avtomobilini - “Kia Sportage”markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili “X1” MMC-nin hesabına təmir etdirməklə ona etibar edilmiş əmlakı talamışdır. Hesab-fakturaya görə, işçinin şəxsi avtomobilinə görə xx.xx.2021-ci ildə 304,44 manat, xx.xx.2021-ci ildə 403,56 manat, xx.xx.2021-ci ildə 261,96 manat, xx.xx.2022-ci ildə 237,18 manat, xx.xx.2022-ci ildə 29,50 manat, xx.xx.2022-ci ildə 218,30 manat, cəmi 1454,94 manat ödənilib. 37.“Texniki xidmət və təmir müqavilə”sinin (cild 1, iş v. 61) 1.1-ci bəndindən görünür ki, sifarişçinin (“X1” MMC-nin) tapşırığına əsasən icraçı avtomobilə münasibətdə texniki xidmət və təmir işlərini yerinə yetirməyi öhdəsinə götürür. Müqavilədə “avtomobil” deyilərkən konkret hansı avtomobilin və ya kimə məxsus avtomobilin nəzərdə tutulduğu göstərilməyib, əsas kimi “sifarşçinin tapşırığı” qeyd olunub. Müəyyən olunur ki, işçi özünə məxsus “Kia Sportage”markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi barədə sifariş verib. Elektron qaimələrdən görünür ki, işçiyə məxsus avtomobilə münasibətdə texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi üçün “X1” MMC-nin cəmi 1.454,94 manat ödənilib (cild 1, iş v. 66-71). 38.İddiaçı nümayəndəsi məhkəmə iclasında bildirdi ki, “Texniki xidmət və təmir müqavilə”si məhz işçinin şəxsi avtomobilinə münasibətdə texniki xidmət və təmir işlərinin həyata keçirilməsi üçün bağlanıb, çünki işçi şəxsi avtomobilini MMC-nin ehtiyacları üçün istifadə edib, işçinin şəxsi avtomobilindən başqa MMC-yə aid hər hansı avtomobilə münasibətdə həmin müqaviləyə əsasən texniki və təmir işləri həyata keçirilməyib. “X1” MMC bunu təkzib edən sübut təqdim etməmişdir. MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, MMC işçinin şəxsi avtomobilinə MMC-nin hesabına texniki xidmətin göstərilməsinə etiraz etməmiş, lakin işçi bundan sui-istifadə etmişdir. 39.Yuxarıda qeyd olunanlar təsdiq edir ki, işçinin şəxsi avtomobilinə münasibətdə MMC-nin hesabına texniki xidmət və təmir işlərinin həyata keçirilməsi işəgötürənin iradəsinə uyğun olub. Odur ki, həmin tələbin rədd edilməsi Mülki Məcəllənin 21 və 49.4.5-ci maddələrinin göstərişlərin uyğundur. Qarşılıqlı iddiada irəli sürülən, işçinin MMC-nin biznes kartından mənimsədiyi 10,97 manatın pulun işçidən tutulması tələbi barədə 40.Bu tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 41.Tələb onunla əsaslandırılıb ki, işçi xx.xx.2023-cü il tarixli 42/2023 nömrəli əmrlə işdən azad olunduqdan sonra istifadəsində olan, “X1” MMC-nin bizness kartını MMC-yə qaytarmamış, xx.xx.2023-cü ildə həmin kartda olan 10,97 manat pulu BirBank basitəsilə məxaric etmişdir. Bu fakt "xxxx" ASC-nin məktubu ilə təsdiq olunur (cild 1, iş v. 64). Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 49.4.5-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 10,97 manat işçidən alınaraq “X1” MMC-yə qaytarılmalıdır. Ekspertiza xərci barədə 42.Birinci instansiya məhkəməsində icraat zamanı 3 ekspertiza keçirilsə də ekspertiza xərci olan 100 manat, 150 manat və 124 manat, cəmi 374 manat tərəflərdən tutulmayıb. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. “X1” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-51/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 374 manatın 187 (yüz səksən yeddi) manatı İddiaçı, 187 (yüz səksən yeddi) manatı “X1” MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3490/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3490/2025
25.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver