Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3497/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" QSC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6432/2019 №-li mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 04S000010927 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxxxxxxx 2014-cü il tarixli, 04S000010927 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə iddiaçının təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6432/2019 №-li mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin еdilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank ilə X3 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşması xx.xx.2005ci il və xx.xx.2014-cü il tarixlərində imzalanmışdır. İddiaçı ilə bank arasında zaminlik müqaviləsi isə xx.xx.2014-cü ildə bağlanmışdır. Tərəflər arasında münasibətlər Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də məhkəmə Plenum Qərarını hazırkı mübahisəyə tətbiq etməklə səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh apellyasiya şikayəti verməklə qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh QSC ilə X3 arasında bağlanmış xx xxxx 2005-ci il tarixli kredit xətti müqaviləsinə əsasən B.Mirzəyevə 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti çərçivəsində xx xxxxxxxx 2014cü il tarixdə bağlanmış kredit razılaşması ilə borclu B.Mirzəyevə bankdan 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,83xx xxxxxxx 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi ilə hazırkı iş üzrə İddiaçı xx xxxx 2005-ci il tarixli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası haqqında verilmə barədə müqavilə “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclu B.Mirzəyevin öhdəliklərinin tamamilə icra edilməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilədə nə də sonradan faiz dərəcəsi ilə bağlı zamin İddiaçı razılığı alınmamışdır. Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(048)- 09/2019 saylı qətnaməsi ilə X1, X2 və İddiaçı qarşı kredit borcu tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 23242,78 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli, Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarını tətbiq edərək belə qənaətə gəlmişdir ki, həm kredit xətti müqaviləsində həm də onun icrasını təmin edilməsi ilə əlaqədar iddiaçı ilə bağlanmış zaminlik müqaviləsində faizlərə dair müddəa nəzərdə tutulmadığından həmin zaminlik müqaviləsinə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən görünür ki, tərəflər arasında hüquq münasibətləri Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli Qərarlarının qüvvəyə minməsindən əvvəl yaransa da, iddiaçı zaminliyə xitam verilməsi tələbi ilə birinci instansiyası məhkəməsinə xx.xx.2019-cu ildə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq Kollegiya hesab edir ki, sözügedən qərarların hazırkı mübahisəyə tətbiqi istisna olunur. Digər tərəfdən müəyyən olunur ki, Cavabdeh QSC-nin X3, X2 və İddiaçı qarşı kredit borcun tutulması tələbinə dair məhkəmə qərarları mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "Cavabdeh" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6432/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3497/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3497/2020
18.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver