Məhkəmə qərarları › İş №2(103)-3502/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3502/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3502/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-286/2022 nömrəli xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 3084 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsində, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanmaları, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2010- cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər birinə görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4886/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləğinin hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat müəyyən edilməsi və həmin məbləğin ondan Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

5. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya prosesində iştirak üçün ödədiyi 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022- ci il tarixdən hesablanmaqla, hər ay 200 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya prosesində iştirak üçün ödədiyi 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan üç uşaqları var: xx.xx.2008-ci il təvəllüdlü X8 onun xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 ananın yanında saxlanılmışdır. O, cavabdehə 300 manat aliment ödəyir. Lakin cavabdeh onun yanında qalan uşağın saxlanılması üçün aliment ödəmir. Uşaqlarının bütün xərclərini özü ödəyir. O, xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də satış meneceri işləyir və əmək haqqı 326.86 manat təşkil edir, sosial və tibbi sığorta haqqı çıxıldıqdan sonra 300 manat əmək haqqı alır. O, həmin 300 manatı cavabdehə verir və bu səbəbdən yanında qalan xx.xx.2008-ci il təvəllüdlü X1 vəsait çatmır. Cavabdeh onun yanında qalan uşağın saxlanılması üçün köməklik göstərmir, uşağı ilə maraqlanmır. Cavabdeh də işləyir və qazancı yüksəkdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi, Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur, xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 isə cavabdehin himayəsindədirlər. Məhkəmə hesab etmişdir ki, alimentin xx.xx.2022-ci il tarixdən tutulması hissəsində iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab etmişdir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 112.1.3, 119.1, 217.4, 234.2.1, 216-220, 227, 234 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıdan fərqli olaraq cavabdeh işləmir, nikah pozulduqdan sonra azyaşlı uşaq onun himayəsində qalmışdır və onların hər biri üçün 150 manat aliment təyin edilmişdir. İddiaçının əmək haqqı əvvəllər formal olaraq rəsmi 300 manat olmuşdur, faktiki qazancı 1500-2000 manatdır. Hazırda iddiaçının əmək haqqı, özünün dediyi kimi rəsmi olaraq 850 manat təşkil edir. Son 3-4 ay ərzində iddiaçının himayəsində qalmış xx.xx.2008-ci il təvəllüdlü 3-cü azyaşlı uşaq da faktiki olaraq onun yanında qalır və onun bütün təminatı onun üzərindədir. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmə Ailə Məcəlləsinin 78.2-78.3-cü maddələrinin tətbiqində səhvə yol verərək nəticəyə gəlmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. Məhkəmə iclasında İddiaçı iddiadan imtina etməsi barədə ərizəninin qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçının ərizəsinin qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

15. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

16. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

17. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

18. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

19. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

20. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.

22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir.

23. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1160/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar