Məhkəmə qərarları › İş №2(103)-3507/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3507/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3507/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3081/2023 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin verilməsi və ya 200.000 manat məbləğində dəyərinin ödənilməsi, 2020-ci ilin sentyabr ayından başlayaraq hazırkı qətnamə icra edilənə qədər hər ay 650 manat kirayə haqqı və 50.000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3081/2023 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində mənzilin verilməsi və ya 200.000 manat məbləğində mənzilin dəyərinin, 2020-ci ilin sentyabr ayından başlayaraq hazırkı qətnamə icra edilənə qədər hər ay 650 manat kirayə haqqının və 50.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etsə də, cəmi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan qərardad iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə 100 manat dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə edilmişdir. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsini deyil, 8.1.6-cı maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişdir. Belə ki, istinad edilən qanunun 8.1-ci maddəsində qiymətləndirilən iddia ərizələri ilə bağlı rüsumların dərəcələri təsbit edilmişdir. Qanunverici digər növ qiymətləndirilən iddia ərizələrindən dövlət rüsumu tutulması qaydasından (8.1.1 – 8.1.5-ci maddələr) fərqli olaraq fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulmasını (8.1.6-cı maddə) müəyyən etmişdir. Hazırkı iddia ərizəsi qiymətləndirilən iddia olsa da, həmin tələblər iddiaçının xüsusi mülkiyyətində olan mənzillə bağlı hüquqlarının pozulmasından irəli gəlir. Göründüyü kimi, bu maddi (qiymətləndirilən) tələblər xüsusi mülkiyyətdə olan mənzillə bağlı iddia ərizəsinin verilməsindən irəli gəldiyindən məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3081/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3081/2023 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. İddiaçı şikayətinin məhkəmənin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsini deyil, 8.1.6-cı maddəsini tətbiq etməli olduğu halda, bunu etməməsinə dair dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, həmin normaya əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulmasını (8.1.6-cı maddə) müəyyən etmişdir. İstinad edilən qanunun 8.1-ci maddəsində qiymətləndirilən iddia ərizələri ilə bağlı rüsumların dərəcələri təsbit edilmişdir. İddiaçının tələbi “mənzilin verilməsi və ya 200.000 manat məbləğində dəyərinin ödənilməsi, 2020-ci ilin sentyabr ayından başlayaraq hazırkı qətnamə icra edilənə qədər hər ay 650 manat kirayə haqqı və 50.000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsi” olmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.6cı maddəsinin tətbiq dairəsindən çıxmışdır. Göstərilərlə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə ödənilmədiyindən iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur, şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3081/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar