Məhkəmə qərarları › İş №2(103)-3511/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3511/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3511/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, X1 Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin vəkili (nümayəndəsi) X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 50.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin üzərinə onun qarşısında yazılı qaydada “Sizi narahat etdiyimə, sizə qarşı əsassız iddialar qaldırmaqla məhkəmələrdə süründürməçiliyə vadar etdiyimə və sizi zəbt edən (qəsbkar) adlandırdığıma görə peşmançılıq hissləri keçirərək üzr istəyirəm” kimi yazılı formada etiraf yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda cavabdehin əməllərində böhtan xarakterli əməllərin mövcud olması səbəbindən cavabdehin barəsində xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2017-ci ildən başlayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi və digər məhkəmələrdə iddiaçıya qarşı əsassız iddialar qaldırmışdır. İddiaçı da məcburiyyət qarşısında qalaraq bütün məhkəmə proseslərində iştirak etmək, özünü müdafiə etmək məcburiyyətində qalmışdır. Son nəticədə cavabdehin iddiaçıya qarşı bütün iddiaları əsassız olduğu üçün rədd edilmişdir. Qeyd edilən proseslər ilə bağlı iddiaçı əsəb gərginliyi, məyusluq və narahatlıq hissləri keçirmiş, mənəvi sarsıntılara məruz qalmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 50.000 manat məbləğində təzminat tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan məhkəmə aktlarına əsasən müəyyən edilir ki, cavabdeh 2017-ci ildən başlayaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi və digər məhkəmələrdə iddiaçıya qarşı iddialar qaldırmışdır və iddiaçı həmin məhkəmə proseslərində iştirak etmişdir. Son nəticədə həmin iddialar təmin edilməmişdir. Məsələn: 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından (İş № 2-(81)-12/2018) görünür ki, həmin qərarla hazırkı iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı “reyestrdən çıxarışın və bu çıxarışa əlaqədar verilmiş “Texniki pasportun” ləğv edilməsi tələbi” barədə iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(103)-1183/2019 görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(005)-3000/2018) ilə hazırkı iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı “reyestrdən çıxarışın və bu çıxarışa əlaqədar verilmiş “Texniki pasportun” ləğv edilməsi tələbi barədə” iddiası təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini qət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli (İş № 2(004)-576/2017) qərardadından görünür ki, hazırkı iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “otağın boşaldılması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa iş materiallarından görünür ki, qərarı ilə hazırkı iş üzrə iddiaçı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti (Bakı Apelyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-1183/2019 saylı iş üzrə təyin edilmiş ekspertizanı həyata keçirmiş ekspert) X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 314-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizəsinin Səbail Rayon Prokurorluğu tərəfindən imtinasının qanunsuz sayılması” barədə məhkəmə nəzarəti qaydasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı (İş № 6(009)- 126/2019) ilə bu şikayət təmin edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Həmin Məcəllənin 23-cü maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin (maddə 23.1.). Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.4.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 7ci bəndinə görə, Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, mənəvi zərərlə bağlı mübahisələrə baxılarkən hər şeydən əvvəl şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatlar yayılması, həmin məlumatların əhali arasında, əsasən də kütləvi informasiya vasitələrində, belə məlumatların rəsmi sənədlərdə və başqa şəxslərin tanış ola biləcəyi sənədlərdə, ərizələrdə, şikayətlərdə, kütləvi çıxışlarda və s. yayılması kimi hallar mövcud olması iddianın təmin edilməsi üçün əsas ola bilər. Lakin iddiaçı cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin alçadılması və bununla da ona mənəvi zərər vurulmasını iddia etsə də, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddianı sübuta yetməməsi əsası ilə əsassız hesab edərək təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar