Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3513/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-ə qarşı “mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 200.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus evdə qaz sızması nəticəsində partlayış baş vermiş və iddiaçı ağıq bədən xəsarəti almışdır. Həmin hadisə ilə əlaqədar istintaqı aparılmış cinayət işi Ağcabədi Rayon Məhkəməsinin baxışı predmeti olmuş və Ağcabədi Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli, 1(017)-58/2013 saylı hökmü ilə Cavabdeh İB-nin əməkdaşı X1 etdiyinə görə qeyd edilən hadisənin baş verməsində təqsirli bilinərək, 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Qüvvəyə minmiş həmin hökmlə müəyyən edilmişdir ki, hadisə zamanı iddiaçı xəsarət almışdır. Göründüyü kimi iddiaçıya mənəvi zərərin dəyməsi şübhəsizdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanmasını qərara alınmışdır. Qərardad onunla əsslandırılmışdır ki, yuxarıda qeyd edilən iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 490,3 manat məbləğində dövlət rüsumu ödəməli idi, lakin ödəməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaya dair mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azaddırlar. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 108.1.6-ci maddəsinin mənasına görə, iddianın baxılmamış saxlanılması barədə qərardadlardan şikayət verildikdə, dövlət rüsumu ödənilməlidir. Lakin qərardaddan şikayət vermiş iddiaçı dövlət rüsumunu ödəməmişdir. İddiaçı həmin qərardaddan da Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin qəbul edilərək, şikayətə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azaddırlar. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və xx.xx.2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür və tərəflər arasında mübahisə doğurmur ki, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-58/2013 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2013-cü il tarixli hökm ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə qaz sızması nəticəsində baş vermiş partlayış Cavabdeh İB-nin əməkdaşı X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi nəticəsində baş vermişdir. Həmin hökmlə həmçinin müəyyən edilir ki, baş vermiş həmin hadisə nəticəsində iddiaçı xəsarət almışdır. İddiaçı həmin hökmlə müəyyən edilmiş hallara və hadisə zamanı xəsarət almasına əsaslanaraq iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 200.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasındakı mülki mübahisə iddiaçının səhhətinə zərərin dəyməsindən yaranmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-ci maddəsinin mənasına görə isə bu halda, iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azaddırlar. Həmin maddənin tələbindən müzakirə edilən məsələyə geniş baxımdan yanaşdıqda müəyyən edilir ki, yuxarıda qeyd edilən şəraitdə xəsarət almış iddiaçı, iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayətin verilməsinə görə də dövlət rüsumu ödəməkdən azaddır. Çünki artıq qeyd edildiyi kimi, iş üzrə tərəflər arasındakı mülki mübahisə iddiaçının səhhətinə zərərin dəyməsindən yaranmışdır. Lakin Rayon Məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmişdir. Buna görə də, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətin qəbulu məsələsinə, qəbul edildiyi halda mahiyyəti üzrə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətin qəbulu məsələsinə, qəbul edildiyi halda mahiyyəti üzrə baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3513/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3513/2025
05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver