Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3515/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X6 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(005)-2795/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4256,40 manat ödənilməmiş əmək haqqının, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödəncin, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin və mənəvi zərərə görə 5000 manatın, ümumilikdə 19538,26 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2017-ci il əmək müqaviləsi ilə Cavabdeh MMC-nin İstismar bölməsində Dispetçer vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcələsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona yalnız əmək kitabçası verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ona verilməmişdir. Bildirmək istəyir ki, cavabdehlə olan əmək müqaviləsinə əsasən əmək haqqı 1075 manat təşkil etmişdir. Həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları və digər ödənişlər çıxıldıqdan sonra əmək haqqı kartına hər ay 965,37 (doqq yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində əmək haqqı köçürülmüşdür. Lakin 2020-ci lin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayının işlədiyi günləri üçün əmək haqqı, həmçinin cavabdeh tərəfindən istifadə edilməmiş 75 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Onun hesablamalarına əsasən işlədiyi 2020-ci ilin avqust (965,37 manat), sentyabr (965,37 manat), oktyabr (965,37 manat), noyabr (965,37 manat) ayları dekabr ayının işlədiyi günləri üçün (965,37\ 22*9=394,92 manat) ümümilikdə 4256,40 manat əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 2361 manat mənə ödənilməldir. Əmək müqaviləsinə xitam verilməsindən 5 aya yaxın vaxt keçməsinə baxmayaraq Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməmişdir. İşə götürən tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müraciətlər etmişdir. X1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda müraciətlə əlaqədar olaraq cəmiyyətin rəhbəri tərəfindən təqdim edilmiş sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə xx.xx.2020-ci il tarixdə xitam verildiyindən məlum olduğu, eyni zamanda həmin sənədlərdən son haq-hesabının ödənilməsində Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulduğunun müəyyən olunduğu, bu səbəbdən tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inizbati xəta haqqında protokol tərtib edildiyi, cəmiyyətin rəhbərinə son haqq hesabın ödənilməsi ilə bağlı məktub göndərildiyi bildrilmişdir. Lakin cavabdeh tərəfindən müfəttişliyin məktubundan sonra da son haq-hesab ödənilməmişdir. xx.xx.2021-ci il tarixdə tərəfindən yazılı surətdə Cavabdehnə müraciət edərək, ona ödənilməli əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə pul əvəzi və ödənişlərin həyata keçiriləcəyi günə qədər gecikdirilmiş hər gün üçün ödənişlərin məbləğinin 1 faiz olmaqla ödəncin hesablanaraq xx.xx.2021-ci il tarixinə kimi ona ödənilməsinin təmin edilməsini xahiş etmiş, əks təqdirdə müvafiq ərizə ilə məhkəməyə müraciət edəcəyəni bildirmişdir. Onun hesablarına görə cavabdeh tərəfindən gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə ona 7920,86 manat ödənc verilməlidir. Belə ki, əmək haqqı aralarında olan razılaşmaya əsasən hər ayın 9-dan gec olmayaraq ödənilməli idi. Cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna cəmiyyət tərəfindən heç bir cavab verilməmişdir. 2020-ci ilin sentyabr ayından bu günə kimi ümümilikdə 8 aydır ki, əmək haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da ona mənəvi zərər vurulmuşdur. Çünki cavabdeh hərəkətlərinə görə 8 ay müddətdə əmək haqqından məhrum olmuşdur. Bu müddət ərzində bir çox maddi sıxıntılar keçirmişdir. Buna görə də mənəvi sarsıntılar və iztirablar yaşamışdır. Ona dəyən mənəvi zərərə görə cavabdeh tərəfindən ona 5000 manat ödənilməlidir. Pozulmuş əmək hüquqlarının bərpası üçün hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(005)-2795/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 4256,40 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödənc, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi, cəmi 14.538,26 manatın Cavabdehndən tutulub İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(005)-2795/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qanunvericiliyin qeyd olunan müddəasından belə nəticə hasil olur ki, əmək haqqının verilməsi gecikdirilərsə və bu hal məhz fərdi əmək mübahisəsi yaratmayıbsa, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yəni, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması işçiyə müvafiq ödəncin verilməsini tamamilə istisna edir. Məhkəmə qətnaməsinin qanuni və əsaslı olması, Mülki Prosessual məcəllədə imperativ tələblərindən biri kimi təsbit olunsa da, işə baxan məhkəmə tərəfindən bu normaya ümumiyyətlə əməl edilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə prosesi zamanı idddia tələbində qeyri-dəqiqlik olduğu üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi təmin olunmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(005)- 2795/2021 saylı qətnaməsi əmək haqqının məbləği ilə bağlı hissədə dəyişdirilməli, gecikdirilmiş hər gün üçün 1% tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli əmək müqaviləsi ilə əsas iş yeri üzrə Cavabdehndə dispetçer vəzifəsində işləmişdir. Aylıq əmık haqqı 1075 manatdır İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixdə 106 №-li əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə yerləşdirilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdehndə xidmət rəisi vəzifəsində, xx.xx.2017-ci il tarixdən İstismar bölməsinə dispetçer vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə 106 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xdmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142'' Çağrı mərkəzinə etdiyiniz müraciətə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar cəmiyyətin rəhbəri tərəfindən təqdim olunmuş sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişiniz ilə xx.xx.2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda həmin sənədlərdən son haqq-hesabınızın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 05.03 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəzərinə çatdırır ki, cəmiyyətin rəhbərinə son haqq-hesabının ödənilməsi ilə bağlı məktub göndərilmişdir. Qeyd edilənlərlə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Birinci insatasiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndi, 68-ci maddəsinin 2-ci bəndi, 83.2-ci maddəsi 87.5-ci maddəsi, 143.2-ci maddəsi, 144.2-ci maddəsi, 154-cü maddəsi, 172.1-ci maddəsi, 172.5-ci maddəsi, 195-ci maddəsinin “d” bəndi, 196-cı maddəsinin 1-ci bəndi, 197-ci maddəsinin 2-ci bəndi, 287-ci maddəsi, 288-ci maddəsi, 290-cı maddəsi, 296-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdehndə xidmət rəisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2017-ci il tarixdən İstismar bölməsinə dispetçer vəzifəsinə keçirilmişdir. Qəbul olunmuş, müvafiq müqavilə üzrə əmək haqqı 1075 (bir min yetmiş beş) manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə xx.xx.2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfinən aparılmış araşdırmadan da məlum olmuşdur ki, İddiaçı CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən son haqqhesabın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 05.03 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh həmin cəmiyyətin işçisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona işlədiyi 2020-ci iln avqust (965,37 manat), sentyabr (965,37 manat), oktyabr (965,37 manat), noyabr (965,37 manat) ayları dekabr ayının işlədiyi günləri üçün (965,37\22*9=394,92 manat) ümümilikdə 4256,40 manat əmək haqqının, son haqqhesabının ödənilməməsi məhkəmə araşdırması zamanı öz həqiqi təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən 4256,40 manat ödənilməmiş əmək haqqı, gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 7920,86 manat ödənc, 2361 manat istifadə olunmamış məzuniyyətə görə pul əvəzi ödənilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili olmaqla məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın xx.xx.2022-ci il tarixli, 9/3388 saylı rəyinə əsasən iş materiallarının 13-14-cü səhifələrində olan Cavabdeh İddiaçı ödənilmiş əmək haqqı üzrə "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında iddiaçının mübahisələndirdiyi aylar üzrə ona ödənilməli olan əmək haqqının 5.221,77 manat (vergilər və DSMF ayırması çıxılmaqla) olması, hesabdan çıxarış məlumatlarına əsasən həmin dövr üzrə faktiki ödənilmiş əmək haqqının isə 2.896,11 manat olduğu nəzərə alınmaqla, ona ödənilməli olan əlavə əmək haqqının 2.325,66 manat təşkil etdiyi müəyyən edildi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Təqdim edilmiş iş materiallarında olan məlumatlara, iddia ərizəsində qeyd olunanlar üzrə İddiaçı istifadə edilməmiş məzuniyyət günlərinin 75 gün təşkil etdiyi müəyyən edildi. İstifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmış kompensasiyanın ümumilikdə 2381,66 manat təşkil etdiyi müəyyən edildi. Beləliklə İddiaçı əmək müqaviləsinə xitam verildiyi 11 dekabr 2020-ci il tarixə Cavabdeh MMC tərəfindən ona ödənilməli olan son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı nəzərə alınmaqla) ümumilikdə məbləği 4707,32 manat (2325,66 manat əmək haqqı + 2381,66 manat istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya işdə olan sənədlər və ekspert rəyinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi əmək haqqının cavabdehdən iddiaçının xeyrinə alınması ilə bağlı düzgün nəticəyə gəlsə də, əmək haqqının məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Buna görə də, qətnamə 4256,40 manat məbləğində əmək haqqının tutulması hissəsində dəyişdirilməli, əmək haqqının məbləği 2325,66 manat müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hissəsində birinci instansiya məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə 2361 manat məbləğində pul tutulmuşdur. Ekspert tərəfindən isə həmin məbləğ 2381,66 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hissəsindən apellyasiya şikayəti vermədiyindən, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gecikdirilmiş hər gün üçün 1% tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı üçün faizin tutulması o halda mümkün hesab edilir ki, əmək haqqının məbləği əmək mübahisəsi yaratmasın. Qanunun məzmunundan göründüyü kimi faiz tutulmalı olan əmək haqqı məbləği mübahisə predmeti olmamalıdır. Yəni faiz məbləği hesablanmış, lakin ödənilməsi işəgötürən tərəfindən yubadılmış əmək haqqı məbləğindən ödənilməlidir. Mübahisənin məzmunundan göründüyü kimi iddiaçının tələb etdiyi əmək haqqı məbləği əmək mübahisəsinə səbəb olmuş, lakin məhkəmə faiz məbləğini qət edən zaman işin bu halını nəzərə almamışdır. Buna görə də, qətnamə iddianın gecikdirilmiş hər gün üçün 1%-lə 7920,86 manat faizin tutulmasının təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatlarının dəyəri olan 145 (yüz qırx beş) manatın 35 (otuz beş) manatı cavabdehdən, 110 (yüz on) manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(005)- 2795/2021 saylı qətnaməsi əmək haqqının məbləği ilə bağlı hissədə dəyişdirilsin, əmək haqqı məbləği 2325,66 manat (iki min üç yüz iyirmi beş manat, altmış altı qəpik) müəyyən edilsin. Qətnamə iddianın gecikdirilmiş hər gün üçün 1%-lə 7920,86 (yeddi min doqquz yüz iyirmi manat səksən altı qəpik) manat faizin tutulmasının təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia gecikdirilmiş hər gün üçün 1%-lə 7920,86 (yeddi min doqquz yüz iyirmi manat səksən altı qəpik) manat faizin tutulması hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən- iddianın istifadə edilməmiş əmək məzuniyyətinə görə 2361 (iki min üç yüz altmış bir) manat pulun tutulmasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatlarının dəyəri olan 145 (yüz qırx beş) manatın 35 (otuz beş) manatı Cavabdeh MMC-dən, 110 (yüz on) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3515/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3515/2022
20.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver