Məhkəmə qərarları › İş №2(103)-3520/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3520/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3520/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair 2(008)-6141/2020 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 300-350 manat miqdarında əlavə xərclərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə nikahları pozulmuş və bu barədə Sabunçu rayon Qeydiyyat şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2014-cü il təvvəllüdlü X6 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarı ilə nikahları pozulmuş və uşaq onun himayəsinə verilmişdir. X6 bir neçə psixoloji mərkəzlərdə seanslarda olmuşdur. Uşağına psixoloq-laqoped, nevropatoloq tərəfindən diqqət əskikliyi, nitq inkişafının ləngiməsi, autizm spekt pozğunluğu, psixi inkişafın ləngiməsi ilə müşayət olunan asperger sindromu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin tibb üzrə fəlsəfə doktoru tərəfindən müayinə olunub, uşaq autizmi, kanner sindromu diaqnozu qoyulmuşdur. Uşağın 6 yaşı var, yaşıdları orta məktəbə gedir, Uğur isə hələdə danışmır. Uşağı cəmiyyətə hazırlamaq onun bir valideyn kimi vəzifə borcudur. Uşağın xüsusi qayğıya ehtiyacı olduğu üçün onun işləməsi mümkün deyil. Həkim diaqnozlarına görə uşaq mütəmadi seanslarda olmasa, böyüdükcə vəziyyəti daha da çətinləşəcək. Cavabdeh Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir. Cavabdeh valideyn kimi vəzifəsini birmənalı olaraq yerinə yetirmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Uşaqları xəstə olduğundan cavabdeh onun müalicəsi ilə bağlı əlavə xərclərə də cəlb olunmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 200 manat miqdarında əlavə xərcin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşağında olan xəstəliyin xarakteri və müalicənin nədən ibarət olması, xərcləri təşkil edən əsasların nədən ibarət olmasını məhkəmə araşdırmamışdır. İş materiallarında da buna dair hər hansı bir tibbi sənəd yoxdur. Məhkəmənin müvəqqəti xarakter daşıyan sənəd əsasında belə bir qərar qəbul etməsi qanun pozuntusudur. Məhkəmə qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, onun hazırki həyat yoldaşının xəstə olmasını, hazırkı nikahdan daha bir azyaşlı övladının olmasını, maaşının azlığını nəzərə almamış və qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə iddianın təmin edilmiş hissəsində qətnamə yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2014-cü il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. İddiaçı və Cavabdeh nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020ci ildə 112 № ilə qeyd edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1973/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müayinə sənədi ilə X5 autizm, kanner sindromu diaqnozu qoyulmuşdur. X3 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən, X1 Mərkəzində loqopedik və psixoloji seanslar keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşağın xəstəliyi və müalicəsi nəzərə alınaraq əlavə xərcin tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay odənilməli olan sabit pul məbləğində muəyyən olunur. Apellyasiya baxışı zamanı tədqiq edilmiş, uşağın xəstəliyi və müalicəsi üçün əlavə xərc üzrə ödəniş çeklərinə əsasən, 2020-ci ilin iyul ayında 118,8 manat, sentyabr ayında 98,5 manat, oktyabr ayında 181,43 manat pul xərclənmişdir. Kollegiya işin hallarını nəzərə alaraq, hesab edir ki, uşağın xəstəliyi və müalicəsi nəzərə alınaraq əlavə xərc üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 100 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6141/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh uşağının xəstəliyi və müalicəsi nəzərə alınaraq 100 (yüz) manat miqdarında əlavə xərc tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar