Məhkəmə qərarları › İş №2(103)-3528/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3528/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3528/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" X2 Qeyri Bank Kredit Təşkilatının nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən “X6 Mərkəzi” Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" X2 Qeyri Bank Kredit Təşkilatına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 548/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" X2 Qeyri Bank Kredit Təşkilatının təşkilatına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının xeyrinə 3.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli.1885 saylı Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “X4 Mərkəzi" publik hüquqi şəxsə elektron xidmətlərin inkişafı ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Fərmanla verilmiş tapşırığın icrasından irəli gələrək, maliyyə və aidiyyəti digər sahələrdən olan təşkilatların dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi, eləcə də xidmətlərin vətəndaşlar üçün daha da əlçatan və rahat olması məqsədilə "X4 Mərkəzi” publik hüquqi şəxs tərəfindən "ASAN Finans" sistemi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan X5 Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən reallaşdırılan "ASAN Finans" layihəsi maliyyə xidmətləri göstərən təşkilatların dövlət informasiya ehtiyatlarına elektron çıxışını təmin edən vahid platformadır. “ASAN Finans” sistemi üzrə dövlət informasiya ehtiyatlarına elektron çıxışının təmin edilməsi xidmətinin göstərilməsi məqsədilə Mərkəzə müraciət edən maliyyə xidmətləri göstərən təşkilatlar ilə müvafiq müqavilələr imzalanmışdır (mənbə “X4 Mərkəzimin internet saytı - digital.gov.az). Belə bir müqavilə, yəni “Asan Finans” müqaviləsi də Mərkəz ilə "FİNCA AZERBAİJAN” MMC (bundan sonra - Cavabdeh) arasında 16.04.2021 -ci il tarixində bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndində sistemin İştirakçılarının vəzifələri müəyyən edilmişdir. İştirakçı fiziki və hüquqi şəxslər barəsində məlumatları əldə etməzdən əvvəl, məlumat sahibinin "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə və Müqavilənin şərtlərinə uyğun olaraq razılığını kağız daşıyıcıda, gücləndirilmiş elektron imza ilə və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə təsdiqlənmiş qaydada almalı, yəni ərizələrin məlumat sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən doldurulmasını və imzalanmasını təmin etməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki X5 Mərkəzi tərəfindən yaradılan "myGov" elektron hökumət portalının təqdim etdiyi xidmətlərdən yararlanan zaman “sorğulanmış məlumatlarım” bölümünə keçid etmişdir. Açılmış səhifədə cavabdeh "xxxx" MMM QBKT-nın dəfələrlə fərdi məlumtların verilməsinə dair sorğu etdiyinə, yəni qeyd olunan elektron qaydada dövlət informasiya ehtiyatlarından istifadə etdiyinin şahidi olmuşdur. Maliyyə xidmətləri göstərən təşkilatlarda iş təcrübəsinin olması və ümumiyyətlə bu kimi sorğuların verilməsində hansı qaydalara əməl olunması barədə məlumatının olması səbəbi ilə cavabdehə “sorğulanmış məlumatlarım” bölümündə qeyd olunmuş vaxtlarda tərəfindən hər hansı razılığın verilməməsini məhkəmənin diqqətinə çatdırırır. Cavabdeh tərəfindən dəfələrlə qanunazidd, özbaşına, təqsirli, qərəzli əməlin edilməsi iddiaçını bərk sarsıtmış, bu əməldən bərk əsəb keçirtmiş və hal-hazıradək də mənəvi sarsıntı keçirir. Axı cababdeh bu qanunazidd hərəkəti neçə edə bilərdi. Bu kimi suallara cavab tapmaq üçün "X4 Mərkəzi” publik hüquqi şəxsə müraciət ünvanlamış, Publik hüquqi şəxs tərəfindən cavabdehə ünvanlanan 10.08.2021-ci il tarixli, MİHO/4.1.22-2-2021-343 saylı məktubda fərdi məlumatların ötürülməsi ilə bağlı iddiaçının yazılı razılıq ərizəsinin Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. “X4 Mərkəzi” publik hüquqi şəxsə cavabdeh tərəfindən göndərilmiş 23.09.2021-ci il tarixli, 2021/999/11604 saylı cavab məktubunda qanunsuz şəkildə sorğulamanın səbəbi barədə yox, sorğulamaya dair yazılı razılığın mövcud olubolmaması barədə yox, aidiyyəti olmayan məsələlər üzrə fikirlər öz əksini tapmışdır. Hətta aidiyyəti olmayan məsələlər üzrə cavab məktubunda yer almış məlumatlardan savayı onlara dair məlumatları əks etdirən sənədi də qoşma edib göndərmişlər. Görünür cavabdeh üçün qanunsuz şəkildə məlumatların əldə edilməsi və aidiyyatı olmayan qurumlara ötürülməsi adi haldır. Bu hal isə iddiaçı üçün dözülməzdir, ona mənəvi əzab və istirab verir. Qeyd olunanlardan sonra cavabdeh tərəfindən iddiaçıya müxtəlif zənglər edilmiş, təhdidlər, hədələmələr olunmuşdur. Bu qanunsuz əməllər iddiaçıya bərk mənəvi sarsıntı yaşatmışdır və bu hal bu günə qədər də davam etməkdədir. İddia ərizəsinin faktiki hallarından göründüyü kimi. cavabdehin qanunazidd, özbaşına əməlləri iddiaçıya ağır mənəvi zərər vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-548/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 500 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzi və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" X2 Qeyri Bank Kredit Təşkilatından tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" X2 qeyri bank kredit təşkilatının nümayəndəsi apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia üzrə əsas mübahisə iddiaçının yazılı razılığı verməsi halı olmasına baxmayaraq, məhkəmə iddiaçının yazılı razılıq verdiyini təsdiq edən və iş materiallarının 48-49-cu səhifələrində olan həmin sübutları nəinki nəzərə almamış, ümumiyyətlə qəbul etdiyi qətnamədə həmin sübutların mövcudluğunu belə qeyd etməmişdir. Nəticədə məhkəmə əsassız və təhrif edilmiş məlumatlar əsasında iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, hakim qəbul etdiyi qətnamənin 6-cı səhifəsinin 1-ci abzasında gəldiyi nəticə ilə bağlı eyni ilə aşağıdakıları qeyd edir: “Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının fərdi məlumatları onun razılığı olmadan əldə edilmişdir” Halbuki, iş materiallarının 46-47-ci səhifəsində olan cavabdehin iddia ərizəsinə yazılı etirazından aydın formada görünür ki, cavabdeh həmin etiraza İddiaçıdan aldığı yazılı razılıq ərizələrinin notariat qaydada təsdiq edilmiş surətlərini əlavə etmiş və mübahisə predmeti olan fərdi məlumatların əldə edilməsi üçün iddiaçının yazılı razılığını aldığını həm yazılı, həm də şifahi məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirr. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli dürməyən “X6 Mərkəzi” Publik hüquqi şəxsin nümayəndəsi izahat verərək şikayətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh yalnız iddia tələbinin təmin edilən hissəsində qətnaməni mübahisələndirmiş, qətnaməni iddiaçı isə ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iddiaçının "myGov" elektron hökumət portalında olan hesabının “sorğulanmış məlumatlarım” bölümündən çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının fərdi identifikasiya nömrəsindən istifadə edilməklə iş yerinə və əmək pensiyasına dair məlumatların əldə olunması ilə bağlı 2021-ci ilin aprel və iyul aylarında 5 dəfə sorğu edilmişdir. Cavabdeh tərəfindən “X4 Mərkəzi” Publik hüquqi şəxsinə ünvanlanmış məktubundan görünür ki, vətəndaş İddiaçı FİNCA Azerbaijan MMM QBKT-dan götürdüyü 10.000 ABŞ dolları kredit borcunu müəyyən edilmiş qaydada ödəmədiyi üçün onun barəsində müvafiq olaraq Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və Nizami Rayon Məhkəməsinin 29.05.2015 tarixli, 2(103)-691/16 saylı qətnaməsi ilə İddiaçı 7157 ABŞ dolları məbləğində borcun məcburi qaydada tutulması qət edilmişdir. Lakin İddiaçı həmin məhkəmə qətnaməsini könüllü olaraq icra etməmiş, məhkəmə qətnaməsinin məcburi icra edilməsi üçün İddiaçı əmlakı müəyyən edilməmişdir. Beləliklə, hazırda qanuni qüvvədə olan Nizami Rayon Məhkəməsinin 29.05.2015-ci il tarixli, 2(103)-691/16 saylı qətnaməsinin məcburi icrasını təmin etmək məqsədi ilə və İcra haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, məhkəmə qətnaməsi üzrə borclu İddiaçı əmək haqqı və sair gəlirlərinin müəyyən edilməsi üçün müvafiq sorğular edilmiş, onun əmək haqqının olduğu müəyyən edilmiş və onun əmək haqqından Nizami Rayon Məhkəməsinin 29.05.2015 tarixli, 2(103)691/16 saylı qətnaməsi əsasında tutulmalar aparılması üçün müraciət edilmişdir. “X4 Mərkəzi” Publik hüquqi şəxsi ilə "xxxx" X2 qeyri bank kredit təşkilatı arasında bağlanmış 16 aprel 2021-ci il tarixli e-AF3-038 saylı ASAN Finans Müqaviləsindən görünür ki, “X4 Mərkəzi” Publik hüquqi şəxsi "xxxx" X2 qeyri bank kredit təşkilatına Government to Business (G2B) çərçivəsində “ASAN Finans” üzərindən verilən sorğular əsasında məlumatların ötürülməsi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər barəsində məlumatları əldə etməzdən əvvəl, məlumat sahibinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə və Müqavilənin şərtlərinə uyğun olaraq razılığını kağız daşıyıcıda gücləndirilmiş elektron imza ilə və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə təsdiqlənmiş qaydada almaq, yəni ərizələrin məlumat sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən doldurulması və imzalanmasını təmin etmək "xxxx" X2 qeyri bank kredit təşkilatının vəzifəsidir. İşin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının fərdi identifikasiya nömrəsindən istifadə edilməklə iş yerinə və əmək pensiyasına dair məlumatların əldə olunması ilə bağlı "myGov" elektron hökumət portalında 2021-ci ilin aprel və iyul aylarında 5 dəfə sorğu edilmişdir. İddiaçının müraciət əsasında “X4 Mərkəzi” Publik hüquqi şəxsi cavabdehdən sorğu ilə bağlı iddiaçının razılıq ərizəsi tələb edilmiş, lakin cavabdeh həmin ərizəni “X4 Mərkəzi” Publik hüquqi şəxsinə təqdim etməmiş, sorğunun qətnamənin məcburi icrasını təmin etmək məqsədi ilə və İcra haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq edildiyini bildirmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən subyektin fərdi məlumatların işlənilməsi üçün yazılı razılığa aşağıdakılar daxil edilməlidir: 8.2.1. subyektin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.2. subyektdən razılıq alan mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.3. fərdi məlumatların toplanılması və işlənilməsi məqsədi; 8.2.4. subyekt tərəfindən işlənilməsinə razılıq verilmiş fərdi məlumatların və onların işlənilmə əməliyyatlarının siyahıları; 8.2.5. subyektin razılığının qüvvədə olma dövrü və onun geri götürülməsi şərtləri; 8.2.6. fərdi məlumatların müvafiq informasiya sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya subyektin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; 13.2.2. konfidensial fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda. Qanunvericiliyin tələbindən göründüyü kimi hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə, habelə fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. Bu razılıq olmadıqda isə şəxs ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının fərdi məlumatları onun razılığı olmadan əldə olunmuşdur ki, bunun nəticəsində iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Apellyasiya şikayətinin iddiaçının razılıq ərizəsinin olması barədə cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan razılıq ərizəsi iddiaçı ilə cavabdeh arasında bağlanmış 22.07.2013-cü il tarixli kredit müqaviləsindən əvvəl imzalanmışdır. Bundan başqa X6 Mərkəzi” Publik hüquqi şəxsi ilə "xxxx" MMC arasında “ASAN Finans” müaviləsi 16 aprel 2021-ci il tarixdə bağlanmışdır. Yəni bu tarixdən sonra cavabdeh bank fiziki və hüquqi şəxslər barəsində məlumat əldə etməzdən əvvəl razılıqlarını almalı idi. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-548/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar