Məhkəmə qərarları › İş №2(103)-3535/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3535/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3535/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. 2.Tərəflər arasında nikah münasibətləri faktiki pozulduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 246 manat məbləğində aliment və 61 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. İddiaçı cavabdehlə bir müddətdir ki, ayrı yaşayırlar, uşaq iddiaçının himayəsindədir və uşağın tələbatlarını iddiaçı özü ödəyir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində sabit pul məbləğində aliment tutulması, Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 61 (altmış bir) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsalandırmışdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, məhkəməyə müraciət olunduğu xx.xx.2024-cü tarixdən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləği 246 manat olmaqla ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən olunmalıdır (246:345=0.71).

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci; “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndi; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsi; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1, 100.2-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarına; «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına və Azərbaycan Respublikasının qanunu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 217.4, 88 və 216-220ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın qismən təmin edilərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı хeyrinə sоnrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən оlunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulması, mediasiya хərci оlaraq ödənilmiş 61 (altmış bir) manat məbləğində pulun İddiaçı özünə aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, qətnamənin çıхarıldığı tariхə müvafiq оlaraq 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən оlunmuşdur və iddiaçının aliment оlaraq tutulmasını tələb etdiyi 246 manat 2025-ci il üçün ölkə üzrə müəyyən оlunmuş minimum əmək haqqının məbləğinin 0,615 (246:400=0,615) mislini təşkil edir. Məhkəmənin mübahisəni bu qaydada həll etməsi, cavabdehdən iddiaçının хeyrinə оnun tutulmasını tələb etmədiyi 284 (400 x 0,71 = 284 manat) manat məbləğdə tutulması ilə nəticələnmişdir. İş xx.xx.2025-ci il tarixdə yekunlaşmış və qətnamə qəbul edilmişdir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə alimenti tələb оlunan məbləğdə (246 manat həddində) təyin etmək nəticəsinə gəlməsi halında, 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqına münasibətdə hesablama aparmalı idi (246:400=0,615). Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Məhkəmə kredit təşkilatı qarşısında icra edilməmiş öhdəliyi olan cavabdehin diqqətəlayiq maddi vəziyyətini nəzərə almamış və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Məhkəmə alimentin 2024-cü ilin dekabr ayından tutulmalı olduğu nəticəsinə gəlsə də, tutlmalı olan alimentin mislini həmin dövrdə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almadan müəyyən etmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq iddia tələbinin dəlillərinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, оna tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi alimentin iddiaçının tutulmasını tələb etdiyi həddən artıq və mövcud оlmayan minimum əmək haqqı miqdarına uyğun, yoxsa iddiaçının tutulmasını tələb etdiyi həddə və mövcud minimum əmək haqqı miqdarına uyğun müəyyən edilməli оlması halını aydınlaşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin əsassız olduğunu, heç bir sübutla təsdiq edilmədiyini qeyd etmiş, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdmişdir.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, iddiaçı məhkəməyə 246 manat alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə isə minimum əmək haqqının 0,71 misli həddində aliment tutulmasını qət etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Məhkəmənin gəldiyi nəticə 284 manat olmuşdur. Cavabdeh iş yerindən arayış da təqdim etmişdir. Cavabdeh heç 246 manat tutulmasına razılıq verməmişdir. Məhkəmənin hesablaması ilə razı deyillər. İddiaçının iddia tələbindən də artıq məbləğ hesablanmaqla məhkəmə yanlışlığa yol vermişdir. 2025-ci il üçün müəyyən оlunmuş minimum əmək haqqının nəzərə alınmasını, 0,615 misli həddində aliment tutulmasını, mediasiya хərci оlaraq ödənilmiş 61 manatın iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20.İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladı dünyaya gəlmişdir. Tərəflər hazırda ayrı yaşamaqla onlar arasında faktiki nikah münasibətləri mövcud deyil. Uşaq iddiaçının himayəsindədir, uşağın saxlanması ilə əlaqədar xərcləri iddiaçı tək ödəyə bilmədiyini bildirərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. 21.Birinci instansiya məhkəməsi hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində alimentin tutulması qənaətinə gəlmiş, qətnamə tutulmalı olan alimentin məbləğinə dair hissədə cavabdeh tərəfindən mübahisələndirilmişdir. 22.İddianın təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarətdir ki, məhkəmə aliment məbləğini müəyyən edərkən yanlışlığa yol vermiş, cavabdehin kredit öhdəliyinin olması kimi diqqətəlayıq mənafeyi nəzərə alınmamışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: -8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. -8.4-2 Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

24. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamında minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

25. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 26.Şikayətin dəlillərini əsassız hesab edən Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər ay 246 manat məbləğində alimenti işin fakitki halları baxımından əsaslı hesab edərək həmin məbləği Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarıda şərh edilənlər əsasında iddiaçının hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,71 misli həddində müəyyən etmişdir.

27. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, alimentin indeksasiyasının mahiyyəti sabit pul məbləğində müəyyən edilmiş alimentin vaxt keçdikcə inflyasiya və yaşayış minimumua uyğun artırılaraq pul öhdəliklərinin real dəyərinin qorunması üçün onun yenidən hesablanmasından ibarətdir.

28. Kollegiya həmçinin apellyatorun kredit öhdəliyinin olması ilə bağlı diqqətəlayiq mənafeyinin nəzərə alınmaması ilə bağlı dəlillini əsassız hesab edərək qeyd edir ki, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin qanunvericiliyin istinad olunan müddəaları baxımından kredit borcu valideyni öz övladlarını saxlamaq, onların layiqli həyat səviyyəsini təmin etmək öhdəliyindən azad etmir. 29.Kollegiya həmçinin mediasiya xərcnin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq həmin hissədə cavabdehin dəlillərini əsassız hesab edir. 30.Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 61 (altmış bir) manat rüsumun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması prosessual qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

32. Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

33. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 34.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Akif İsgəndərov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar