Məhkəmə qərarları › İş №2(103)-3536/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3536/2024

03.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3536/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin qızı Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-666/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB və Cavabdeh İB Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış 20 iyul 2020-ci il tarixli kollektiv müqavilənin surətindən görünür ki, həmin müqavilənin 5.16-cı bəndində işçi pensiya yaşına çatdıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur.

2. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2012-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Birliyin İdarəetmə aparatının Tikinti Departamentinin Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, işçinin əmək haqqı 949 manat müəyyən edilmişdir.

3. İş materiallarında olan SOCAR-ın Cavabdeh baş direktoru və Birliyin İdarəetmə aparatının Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 106 nömrəli Əmək müqaviləsinə 21 yanvar 2022-ci il tarixli 106/9 saylı dəyişilikdən görünür ki, işçiyə hər ay 1819 manat məbləğdə əmək haqqı ödənilir.

4. İş materiallarında olan Cavabdeh İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında 17 iyul 2023-cü il tarixli 14-2-2/3-1K-463/2023 nömrəli əmrin surətindən görünür ki, İddiaçı şəxsi ərizəsi əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

5. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X6ndən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir.

6. İş materiallarında olan Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli etiraz ərizəsindən müəyyən edilir ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən işçi qanunvercilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının 3 növü, yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növü müəyyən edilmişdir. Qeyd olunan Əmr-Qərarda da işçinin yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı vaxt, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur və əlilliyə görə əmək pensiyası təyin olunmuş işçilərdə qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bu hüququndan istifadə edə bilər. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan «qanunvericilikdə müəyyən olunmuş pensiya yaşı» dedikdə “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ onların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqların təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2021-ci ilin iyul ayının 1-dək, qadınların yaş həddi 2017-ci il iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-dək artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. Göründüyü kimi, X3 yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən ona əmək haqqının 5 misli ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Bundan əlavə işçi öz təşəbbüsü ilə işdən çıxarılarkən əmək qanunvericilində ona əmək haqqının beş misli həcmində müavinətin ödənilməsi imperativ qaydada ödənilməsi tənzimlənməmişdir və yalnız bu tip hallarda işçiyə istifadə etmədiyi məzuniyyətinə görə son haqq hesab ödənilməsi şərtləndirilmişdir. Əmək haqqının beş misli həcmində müavinətin ödənilməsi yalnız ARDNŞ-nin və Birliyin öz təşəbbüsü ilə həyata keçirdiyi tədbirdir və X7 də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malik olan şəxs olduğundan yuxarıda qeyd olunan Əmr Qərarın təsir dairəsinə düşmür. İmperativ qaydada ödənilməsi nəzərdə tutulmayan hər hansı vəsaitin məcburi qaydada cavabdehdən tutulması ilə bağlı iddia tələbi isə tamamilə qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, SOCAR Cavabdeh İB-nin Əsaslı Tikinti şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsində işləmiş və qanunvericilikdə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə onun tərəfindən Birliyin rəhbərliyinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, eləcə də ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi xahiş olunmuşdur. Belə ki, SOCAR və ANQSİHİRK arasında bağlanmış “2020-2023-cü illər üçün X9” 5.16-cı bəndində işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh İB və Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış “2020- 2023-cü illər üçün X5” 5.16-cı bəndində də işçi pensiya yaşına çatdıqda, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh İB-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri rəsmiləşdirilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və AR Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada son-haqq hesab aparılmış, iddiaçıya əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Sözügedən məsələ ilə bağlı Cavabdeh İB-yə iddiaçı tərəfindən şifahi müraciət olunduqda, müraciətə cavab olaraq bildirilmişdir ki, onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun əmələ gəldiyini (yanvar 2015-ci il tarixdən) əsas tutaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab edilməmişdir.İddiaçı hesab edir ki, bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı uzun illər sahədə işlədiyi üçün dövlət tərəfindən onunçün yaradılmış bir imkandır. Bu imkandan istifadə etməsi onun pensiya yaşına çatdıqda 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququ məhdudlaşdırılmamalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 9095 manat birdəfəlik müavinətin Cavabdeh İB-dən tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-666/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, iddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 9095 manat birdəfəlik müavinətin Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh İB-dən 110.95 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6, 24.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin, apelyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 (İMS) iştirak edilməməsi barədə arayışdan isə müəyyən olunur ki İMS üçün ərizə 10 ay əvvəl xx.xx.2022-ci il tarixində verilmiş, İMS-də iştirak edilməməsi barədə arayış isə iddiaçı tərəfə əmək müqaviləsinə xitam verilməsindən 6 ay əvvəlcədən xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyası qanuni əsaslarla aparılmamış və X2 (İMS) iştirak edilməməsi barədə “arayış” iddiaçı tərəfə formal əsaslarla verilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. X2 (İMS) iştirak edilməməsi barədə qanuni əsaslarla əldə olunmayan arayışdan müəyyən olunur ki, ərizəçi xx.xx.2023-cü il tarixində mediasiyanın tətbiqi barədə təklif göndərmiş və xx.xx.2023-cü il tarixində arayış əldə etmişdir. İddiaçı tərəf xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməklə fərdi əmək mübahisəsinin həllində iddia müddətini ötürmüşdür. Cavabdeh İB-nın İdarəetmə aparatının Əsaslı tikinti şöbəsində 14-cü dərəcəli mühəndis işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçinin yaşa görə təqaüdə çıxması ilə əlaqədar xx.xx.2023-cü il tarixində ləğv edilmişdir. SOCAR-ın və ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edərsə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. ARDNŞ Cavabdeh İB və Cavabdeh İB Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış xx.xx.2020-ci il tarixli Kollektiv Müqavilənin 5.16-cı bəndinə əsasən, işçi pensiya yaşına çatdıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarda nəzərdə tutulan, qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı dedikdə Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun «Yaşa görə əmək pensiyası» fəslində nəzərdə tutulduğu kimi pensiya yaşına çatmış kişilər və qadınlar, güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar, çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud olan analar, uşaqlarını təkbaşına böyüdən atalar və qəyyumların müvafiq olaraq əmək şəraitlərinə, uşaqların sayına, sağlamlıq imkanlarına və sair hallara görə müxtəlif yaşlarda əmək pensiyalarından istifadə etmək hüququna malik olan işçilər başa düşülür. İşçi İddiaçı yaşa görə əmək pensiyası hüququna hələ əvvəlki illərdən çatmışdır və pensiya yaşına çatması ilə əlaqədar da güzəştli şərtlərlə əmək pensiyası alır. Güzəştli şərtlərlə əmək pensiyası alan şəxslər qanunvericiliklə müəyyən edilmiş təqaüd yaşına çatdıqda və işdən azad olunduqları halda, işəgötürən Azəriqaz İB tərəfindən onlara orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinəti verilmir. Bu səbəbdən də, əvvəlki illərdən yaşa görə əmək pensiyası almaq hüququ əldə etmiş və güzəştli şərtlərlə əmək pensiyası alan İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən, işəgötürən Azəriqaz İB tərəfindən işçinin orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində işdənçıxma müavinətinin işçiyə ödənilməsi məqbul hesab edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

14. 6-ci maddəsinə əsasən kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosialiqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

15. 24.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-666/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya hesab edir ki, iddiaçı ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azəriqaz” İB və Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında 20 iyul 2020-ci il tarixdə kollektiv müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.16-cı bəndində işçi pensiya yaşına çatdıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mülki iş üzrə iddiaçı müəyyən edilmiş yaş çatdığından ərizə ilə işəgötürənə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən xitam verilmiş, iddiaçıya sonhaqq ödənilsə də, kollektiv müqavilədə əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir.

28. Kollegiya qeyd edir ki, müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulmuşdur. İşçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun müqavilədə istinad olunan müavinəti almasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, nə əmək qanunvericiliyində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur.

29. Kollegiya apellyasiya şikayətinin dəlillərinə dair qeyd edir ki, cavabdeh tərəfin əsas dəlili iddiaçının məhkəməyəqədər olan mediasiya prosesi ilə bağlı qanuni əsası olmayan “X2 iştirak edilməməsi” barədə Arayış təqdim etməsi ilə bağlı olmuşdur. Kollegiya hesab edir ki, sözügedən arayışda yol verilmiş texniki səhv iddiaçının təqsiri olmamaqla yanaşı, arayışı tərəfə formal əsaslarla verilmiş kimi qəbul etməyə əsas vermir. Belə ki, arayışdan görünür ki, ərizənin tarixi kimi qeyd olunan dövrdə tərəflər arasında əmək mübahisəsi olmamış, apellyasiya şikayətində qeyd olunan arayışdakı qüsur yazı səhvidir. Kollegiya hesab edir ki, qeyd olunan hal iddiaçının iddia müddətini ötürməsi əsası kimi qəbul edilə bilməz. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X6” Altsisteminə xx.xx.2023-cü il tarixdə daxil edilmiş, bu hal iddiaçının əmək kitabçasında aparılmış müvafiq qeydlə təsdiq olunmuşdur. Odur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin xx.xx.2023-cü il tarixdə xitam olunması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2023-cü il tarixədək fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İş materiallarından görünür ki, qeyd olunan müddətdə-xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyası keçirilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya onu da qeyd edir ki, hazırda apellyasiya şikayətinin dəlili kimi qeyd olunan hal birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

30. Kollegiya apellyasiya şikayətinin dəlili olan birdəfəlik müavinətin güzəştli şərtlərlə əmək pensiyası alan şəxslərə şamil olunmamasına münasibətdə qeyd edir ki, əmək qanunvericiliyində bununla bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Cavabdeh qurumun sözügedən yanaşmasının hər hansı əsası mövcud deyildir. Belə ki, yuxarıda adıçəkilən Kollektiv Müqavilədə işçi pensiya yaşına çatdıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə işçi ilə məhz yaşa görə əmək müqaviləsi ləğv edildiyindən, cavabdeh tərəf kollektiv müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməyə borcludur.

31. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-666/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar