Məhkəmə qərarları › İş №2(103)-3537/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3537/2020

13.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3537/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxxxx katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(007)-468/2019 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı payın bölünməsi, mənzilin hərracdan satılması və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş: 1.ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, 2. “Hyundai Sonata minik” markalı ** MF *** dövlət qeydiyyat nişanlı,” X7 Minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı, “Mercedes 240 minik” markal ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi, həmin avtomobillərin üzərindəki sərəncam və istifadə hüquqlarının məhkəmə araşdırması müddətində məhdudlaşdırılması, həmin avtomolillərin Baş Dövlət X6 tərəfindən saxlanılaraq, saxlama dayanacağına yerləşdirilməsinin Baş Dövlət X3 həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(007)-468/2019 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulsun, həmin əmlakın özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilməsi, “Hyundai Sonata minik” markalı ** MF *** dövlət qeydiyyat nişanlı,”X7 Minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı, “Mercedes 240 minik” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilməsi, həmin avtomobillərin üzərindəki sərəncam və istifadə hüquqlarının məhkəmə araşdırması müddətində məhdudlaşdırılması, həmin avtomobillərin Baş Dövlət X6 tərəfindən saxlanılaraq, saxlama dayanacağına yerləşdirilməsinin Baş Dövlət X3 həvalə edilməsi, qərardadın icrası Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, Baş Dövlət X3 və DƏDRXnın Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(007)-468/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “X7 minik” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hal-hazırda hər hansı bir mübahisə mövcud deyildir və avtomobilin üzərinə məhdudiyyətin qoyulması zərurəti yoxdur. Avtomobil üzərinə məhdudiyyət qoyulması onun avtomobillə bağlı hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Avtomobillə bağlı mübahisə olmadığı təqdirdə avtomobil üzərinə həbs qoyulmaması və özgəninkiləşdirmənin qadağan edilməməsi iddianın təmin edildiyi təqdirdə qətnamənin icrasında hər hansı çətinlik yarada bilməz və qətnamənin icrasını qeyri-mümkün edə bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-468/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən ”X7 Minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə düzgün nəticəyə gəlməmişdir. Əvvəla, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddianı təmin etmə tədbirinin tətbiq edilməsini kifayət qədər əsaslandırılmamasına xüsusi diqqət yetirməmiş, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməmiş, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olubolmamasını yoxlamamış, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasına diqqət yetirməmiş və işdə iştirak edən yaxud etməyən başqa şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməmişdir. Belə ki, işdə olan Baş Dövlət Yol Polisinin xx xxxxxx 2018-ci il tarixli (bax.iş.v.34) məktubundan görünür ki, hal-hazırda Cavabdeh1 adına nəqliyyat vasitəsi keçmir. Demək iddianın təmin tədbirinə dair qərardad qəbul edilərkən ”X7 Minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin mülkiyyətində olmamışdır. İkincisi, apellyasiya baxışı zamanı təqdim edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X7 minik" markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Maraqlı şəxsdur. Avtomobilin ban nömrəsindən görünür ki, üzərinə həbs qoyulan eyni avtomobildir. Həmin avtomobil Maraqlı şəxs adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. Bu fakt da onu təsdiq edir ki, üzərinə həbs qoyularkən avtomobil iş üzrə cavabdehlərin mülkiyyətində olmamışdır. Üçüncüsü, qeyd olunan avtomobilin üzərinə həbs qoyulması Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırılan hüquqi mövqeyinə zidd olmuşdur. Belə ki, prosessual qanunvericiliyin tələbinə görə iddianı təmini tədbiri kimi həbs yalnız cavabdehin əmlakının üzərinə qoyula bilər. Maraqlı şəxs hazırki iş üzrə cavabdeh olmamış, ona qarşı iddiaçı tərəfindən hər hansı bir tələb yönəldilməmiş, lakin onun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmuşdur. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırki iş üzrə ”X7 Minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna mütənasib olmamş və bu məhkəmə aktı işdə cavabdeh olmayan şəxsin qanuni mənafelərinə zərər vurması ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Maraqlı şəxs şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(007)-468/2019 saylı qərardadı”X7 Minik” markalı ** FV *** dövlət qeydiyyat nişanı olmuş(hazırda 99XS076) avtomobilə münasibətdə ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar