Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3548/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3548/2025 (Açar sözlər: əlavə xərc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müalicə xərclərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-135/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İV seriyalı, 467321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 mart 2020-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.
2. 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim psixiatrının 14 dekabr 2024-cü il tarixli 1809 №-li rəyindən görünür ki, 13 mart 2020-ci il təvəllüdlü X8 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları” diaqnozu ilə müşahidədədir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(007)-98/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı ‘‘Asan xidmət” X12 bağlanmış və 3247 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 13 mart 2020-ci il təvəllüdlü X8 və 12 yanvar 2022-ci il təvəllüdlü X9 anaları X2 himayəsində saxlanılması, 13 mart 2020-ci il təvəllüdlü X3 və 12 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment, eləcə də uşaqlar 3 yaşına çatanadək saxlanması üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1627/2024 saylı qətnaməsi ilə Cavabdeh oğlundan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-98/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “müalicə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 13 mart 2020-ci il təvəllüdlü X3 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 540 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 18 iyun 2016-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahdan 2 övladları var. X8 13 mart 2020-ci ildə, X9 12 yanvar 2022-ci ildə anadan olmuşlar. Cavabdehlə aralarında baş vermiş narazılıqlar nəticəsində boşanmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(007)-98/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı ‘‘Asan xidmət” X12 bağlanmış və 3247 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 13 mart 2020-ci il təvəllüdlü X8 və 12 yanvar 2022-ci il təvəllüdlü X9 anaları X2 himayəsində saxlanılması, 13 mart 2020-ci il təvəllüdlü X3 və 12 yanvar 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment, eləcə də uşaqlar 3 yaşına çatanadək saxlanması üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir. X1 “Psixi inkişaf ləngiməsi” və “Ümumi nitqin inkişaf ləngiməsi” xəstəliyindən əziyyət çəkir. Qızı müalicəsi üçün loqoped və nevropotoloqda müalicə kursu keçməlidir. Onun psixoloji və loqopedik seansları üçün hər ay 540 manat pul tələb olunur. Hələ onun mütəmadi tibbi müayinəsini, dərman preparatlarının alınması və yol xərclərini demir. Tək başına müalicə xərclərini ödəmək imkanı xaricindədir. Dərmanların və müalicələrin davam etdirilməsi üçün maddi gücü çatmır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X13” X17 25 dekabr 2024-cü il tarixli, 1055/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2020-ci il təvəllüdlü X8 “uşaq autimzi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliklərindən əziyyət çəkir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 fevral 2025-ci il tarixli 2(007)-135/2025 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 13 mart 2020-ci il təvəllüdlü X3 müalicə xərcləri üçün hər ay 300 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X8 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliklərindən əziyyət çəkir. Onun müalicəsi üçün müxtəlif seanslar aparılır və dərman preparatları alınır. Bundan əlavə uşağın inkişafı üçün müxtəlif dərs ləvazimatları alınır. İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsində musiqi müəllimi vəzifəsində işləyir. Aylıq əmək haqqı 538 manat təşkil edir. Uşağın yuxarıda qeyd olunan xərclərini qarşılamaq iddiaçı üçün çətindir. Qanunun tələbinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh hazırda ölkə xaricindədir və uşaqlarının saxlanması üçün aliment ödəyir. Bununla yanaşı cavabdeh övladının müalicə xərclərində iştirak etməli, övladının müalicə almasına, onun cəmiyyətə layiqli bir vətəndaş kimi yetişməsinə kömək etməlidir. Həmçinin məhkəmə cavabdehin hazırda xaricdə təhsil almasını, onun mənafeyini nəzərə alaraq hesab etmişdir ki, ondan hər ay 300 manat məbləğində pul vəsaiti tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 81.1, 81.2, 81.3, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 19, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, və 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, birincisi, məhkəmə nəzərə almamışdır ki, “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliyi dövlətin nəzarətindədir. Yəni bu xəstəlik dövlət hesabına pulsuz müalicə olunur və hətta bu xəstəliyə görə pensiya təyin olunur. İkincisi, bir tələbənin 470 manat aliment ödədiyi halda əlavə olaraq 1 (bir) uşağa görə 300 manat tutulması hansı meyarla müəyyən olunması məlum deyil. Sanki məhkəmə cavabdehi vadar edir ki, hansısa cinayət yolu ilə pul əldə edib iddiaçıya ödəsin. Etmədiyi təqdirdə isə bu qətnamənin icrası ilə bağlı məsuliyyətə cəlb olunacaqdır. Məhkəmənin gəldiyi qənaətə əsasən hər bir halda cavabdeh məsuliyyətə cəlb olunmalıdır. Bu isə acıq qərəzin olmasının bariz nümunəsidir. Üçüncüsü, məhkəmə qeyd etdiyi kimi iddiaçı da işləyir və əmək haqqı alır. İddiaçı da valideyndir və uşaqları saxlamaq vəzifəsi vardır. Cavabdeh aliment ödəməklə valideynlik borcunu icra edir. Dördüncüsü, X3 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliyi ilə bağlı xərcləri cavabdehin anası çəkir. Buna dair sübutları şikayətə əlavə edirik. Beşincisi, iddiaçı X3 psixoloji və loqopedik seansları üçün hər ay 540 manat pul tələb olunduğunu qeyd etsə də, buna dair sübut təqdim etməmişdir. Belə ki, bir ay ərzində hansısa pul vəsaiti xərclənməsi o demək deyil ki, bu vəsait hər ay tələb olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
17. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
18. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda cavabdeh qətnaməni yalnız iddianın təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir.
26. Qətnamə mübahisələndirilən – iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahından doğulmuş X8 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları” diaqnozu ilə xəstəsidir.
29. İddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi, uşaq daim həkim nəzarətində olmaqla, müxtəlif psixoloji və loqopedik seanslar alır. Hazırki halın nə vaxtadək davam etməsi isə məlum deyil.
30. İddiaçı da hazırda bu səbəbdən X7 qulluq göstərilməsi ilə əlaqədar psixologiya mərkəzlərinə ödəniləcək xərcləri tələb etmişdir.
31. Qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi (borcu) olduğunu nəzərə alaraq məhkəmə cavabdehin uşağın səhhəti ilə əlaqədar çəkiləcək xərclərə cəlb edilməsi qənaətinə gəlmişdir.
32. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
33. Kollegiya cavabdehin apellyasiya şikayətini əsassız hesab edir.
34. Adıçəkilən xəstəliyin dövlətin nəzarətində olması, yəni bu xəstəliyin dövlət hesabına pulsuz müalicə olunmasına münasibətdə kollegiya qeyd edir ki, hər bir xəstəlik dövlətin nəzarətindədir. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi dövlətin vəzifəsidir. Qeyd edilən müddəa “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz təsdiqini tapmışdır.
35. “AzeMis” Məhkəmə İnformasiya Sisteminə verilmiş sorğuda nə uşağın sağlamlıq imkanlarının məhdud olmasına görə, nə də anası olan iddiaçının sağlamlıq imkanları məhdud uşağa baxmasına görə hər hansı sosial müavinət almaqları aşkar olunmamışdır.
36. Uşağın dövlət səhiyyə orqanları tərəfindən təqdim edilən müalicə kurslarından əlavə müayinə və müalicələr alması zəruridir.
37. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
38. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
39. Apellyasiya şikayətinin ikinci dəlili olan “470 manat aliment ödədiyi halda əlavə olaraq 1 (bir) uşağa görə 300 manat tutulması hansı meyarla müəyyən olunması məlum deyil. Sanki məhkəmə cavabdehi vadar edir ki, hansısa cinayət yolu ilə pul əldə edib iddiaçıya ödəsin. Etmədiyi təqdirdə isə bu qətnamənin icrası ilə bağlı məsuliyyətə cəlb olunacaqdır. Məhkəmənin gəldiyi qənaətə əsasən hər bir halda cavabdeh məsuliyyətə cəlb olunmalıdır. Bu isə acıq qərəzin olmasını bariz nümunəsidir.” münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tələbə olsa da, bu onu işləmək və qazanc əldə etmək hüququndan və azyaşlı uşaqlarının saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad etmir.
40. Cavabdeh 35 yaşında (xx.xx.1989-cu ildə doğulmuşdur) yetkin bir şəxsdir. 35 yaşlı bir insanın tələbə olması onun öz arzusu isə baş vermişdir. Heç kəs cavabdehi təhsil hüququndan məhrum edə bilməz. Lakin cavabdehin təhsil hüququnu həyata keçirməsi, onun uşaqlarının ölkə üzrə müəyyən edilmiş minimum aliment məbləğindən, həmçinin sağlamlıq imkanları məhdud uşağının əlavə xərclərindən azad edilməsi üçün heç bir halda əsas ola bilməz.
41. Təhsil haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-xx.xx.2024 tarixləri əhatə edən 2023/2024 akademik ilində 4-cü kurs tələbəsidir. Belə olduqda isə cavabdeh artıq təhsilini başa vurmuşdur.
42. Nəzərə alınmalıdır ki, iddiaçı əlavə xərclərə görə cavabdehdən hər ay üçün 540 manat tələb etmiş, məhkəmə isə iddianı 300 manat həddində təmin etmişdir. Məhkəmə tərəfindən cavabdehə qarşı qərəzin nədə ifadə olunduğu qeyrimüəyyəndir.
43. Kollegiya apellyasiya şikayətinin üçüncü dəlilinə - “məhkəmə qeyd etdiyi kimi iddiaçı da işləyir və əmək haqqı alır. İddiaçı da valideyndir və uşaqları saxlamaq vəzifəsi vardır. Cavabdeh aliment ödəməklə valideynlik borcunu icra edir.” münasibətdə qeyd edir ki, iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsində müəllim işləməklə 1875 manat əmək haqqı alır. Birinci instansiya məhkəməsi də iddiaçının və cavabdehin uşaqlara baxmaq vəzifələrinin olduğunu qeyd edir.
44. Nəzərə alınmalıdır ki, hər iki azyaşlı uşaq anaları ilə yaşayır, onların qayğısını anaları çəkir, cavabdeh isə sərbəst həyat tərzi keçirir. Başqa sözlə, cavabdeh şəxsi həyatını sərbəst planlaşdıra və keçirə bildiyi halda, iddiaçı bu imkandan məhrumdur. Hazırki halda kollegiya iddiaçının işləməsini nəzərə alaraq tutulmuş hər ay üçün 300 manat məbləğini ağlabatan hesab edir.
45. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermədiyi üçün kollegiya həmin hissədə əlavə araşdırma aparmağa zərurət görmür.
46. Kollegiya apellyasiya şikayətinin dördüncü dəlilinə - “X3 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliyi ilə bağlı xərcləri cavabdehin anası çəkir. Buna dair sübutları şikayətə əlavə edirik.” münasibətdə qeyd edir ki, təqdim edilmiş qəbzlərin surətindən göürünür ki, həmin qəbzlər iddiaçı tərəfindən daha əvvəl təqdim edilməmişdir. Həmin qəbzlər 2025-ci ilin aprel ayını əhatə edir və hazırki mübahisə predmetini təşkil etmir.
47. Kollegiya apellyasiya şikayətinin beşinci dəlilinə - “iddiaçı X3 psixoloji və loqopedik seansları üçün hər ay 540 manat pul tələb olunur qeyd etsə də, buna dair sübut təqdim etməmişdir. Belə ki, bir ay ərzində hansısa pul vəsaiti xərclənməsi o demək deyil ki, bu vəsait hər ay tələb olunur.” münasibətdə qeyd edir ki, sağlamlıq imkanları məhdud uşağın aylıq xərclərinin 540 manat olmasını zənn etsək belə, bu rəqəm konkret deyil. Hər ay üçün xərclər arta və ya azala bilər. Bu baxımdan, Kollegiya, yuxarıda qeyd edildiyi kimi, hər ay üçün 300 manat məbləği ağlabatan hesab edir.
48. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
49. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-135/2025 nömrəli iş üzrə 26 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.