Məhkəmə qərarları › İş №2(103)-355/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-355/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-355/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi X5, Cavabdeh-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı1 Cavabdeh-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-51/2017 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh-yə qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli 2(005)-2937/2011 saylı qətnaməsi ilə “xxxx” ASC-nin cavabdeh İddiaçı1 (hazırkı iş üzrə iddiaçı) və digər cavabdehlər X8, X6 qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi, borc üzrə tutmanın ipoteka predmeti olan mənzillərə yönəldilərək, onların açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi, ipoteka predmeti olan həmin mənzillərin boşaldılması barədə iddia ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən X2 iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli K-3958 nömrəli kredit müqaviləsinə əsasən 158866 ABŞ dolları əsas borcu, 13444 ABŞ dolları faiz borcu və 30000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 202310 ABŞ dolları məbləğində kredit borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla tutulması qət edilmişdir. Həmçinin qətnaməyə əsasən borc üzrə tutma ipoteka ilə yüklü edilmiş digər ipoteka predmetləri ilə yanaşı onun qohumu X4 xüsusi mülkiyyətində olan, yaşadığı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən 111 nömrəli evin 102 nömrəli mənzilinə yönəldilmiş, mənzilin açıq hərracdan satılması, satıldıqdan sonra orada yaşayan şəxslərin ən geci bir ay ərzində mənzili tərk edərək mənzilin boşaldılması qət edilmişdir. Qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar qeyd olunan mənzildə olan əşyaların müəyyən hissəsi xx.xx.2014-cü il tarixli akta əsasən siyahıya alınaraq saxlanılması üçün cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nicat Nağıyevə təqdim edilmişdir. Mənzildə olan əşyaların xx.xx.2014-cü il tarixədək saxlanılması və bu məqsədlə mənzilin giriş qapısının açarları dəyişdirilərək tələbkarın nümayəndəsinə akta əsasən təqdim edilmişdir. Onun tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, ipoteka yönəldilmiş mənzildə mövcud olmuş ona məxsus nə cehiz əşyaları, nə də ki, həmin əşyaların dəyəri ona təqdim edilməmişdir. Əşyaları tələb etdikdə ona məlum olmuşdur ki, icra şöbəsi və tələbkar bank ona məxsus əşyaları mənzildən çıxararaq ona aidiyyəti olmayan Yasamal rayonu Zərdabi küçəsində yerləşən beş mərtəbəli binanın zirzəmisinə yığaraq saxlanc kimi Banka təhvil verilmişdir. İddiaçı1 əşyalara baxış keçirilən zaman müəyyən etmişdir ki, əşyaların saxlanılma şəraiti nəmişlik olduğundan ümumiyyətlə istifadəyə yararsız vəziyyətə düşmüşlər. Əşyaların daşınması və yeni saxlanc yerinin tapılması məqsədilə ona şərait yaradılması və bununla əlaqədar möhlət verilməsini cavabdeh bankdan xahiş etməsinə baxmayaraq imtina edilməklə, yalnız bir gün ərzində əşyaların aparılmayacağı təqdirdə Xocəsən ərazisində yerləşən başqa saxlanca yerləşdiriləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı ona məxsus əşyaların aqibətindən məlumatsız olmuşdur. Göstərilənlərə əsasən İddiaçı1 xx.xx.2014-cü tarixli aktda qeyd olunan və cavabdeh tərəfindən aktda qeyd olunmamış, lakin siyahıya alınma zamanı mənzildə mövcud olmuş əşyaları saz və istifadəyə yararlı vəziyyətdə ona təqdim edilməsini və ya həmin əşyaların dəyəri olaraq 43315 manat pulun ödənilməsini tələb edilməsinə baxmayaraq cavabdeh ödəməkdən boyun qaçırmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli, MB 09/162 nömrəli rəyə əsasən aktda qeyd edilmiş əşyaların 2012-ci ilin iyun ayına bazar dəyəri 43315 manat, 2007-ci ilin noyabr ayına bazar dəyəri 21658 manat qiymətləndirilmişdir. İddiaçı ona dəymiş maddi zərərə görə xx.xx.2014-cü il tarixli aktda göstərilən və adları göstərilməyən digər saxlanılması üçün Cavabdeh-nin nümayəndəsinə təhvil verilmiş və Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 111 mənzil 102-də olan əşyaların dəyəri olaraq hesablanmış 43315 manat pulun, vurulmuş mənəvi zərərə görə isə 50000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı zamanı təqdim edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının müvafiq rəylərinə uyğun olaraq adları aktda sadalanmış əşyaların yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş ziyana görə 30059 manat, əşyalara baxış zamanı aşkar edilmiş ona məxsus lakin aktda qeyd edilməmiş əşyalara dəymiş ziyana görə 17870 manat, aktda qeyd edilməmiş, eləcə də baxış zamanı yerində aşkar edilməmiş əşyalara görə isə 18845 manat, ümumilikdə ona dəymiş maddi ziyana görə 66774 manat, mənəvi zərərə görə 50000 manat pulun, iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)- 51/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh-dən xx.xx.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyana görə 30059 manat, aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş ziyana görə 18270 manat, ümumilikdə 48329 manat pulun və iddianın qaldırılmasına görə ödənilmiş 30 manat pulun, iş üzrə keçirilən ekspertiza tədqiqatları ilə əlaqədar “xxxx” MMC-nin 03 saylı xx.xx.2017-ci il tarixli hesabatının dəyəri olan 300 manat, “xxxx LTD” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin dəyəri olan 150 manatın tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsini ləğv edib iddia tələbinin bütövlükdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla məhkəmə qətnamə çıxararkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Prosessual pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, iş materiallarında xx.xx.2014-cü il tarixli aktda qeyd edilməmiş və məhkəmə araşdırılmasında həyata keçirilmiş yerli baxışda aşkar edilməmiş, lakin əşyalar siyahıya alınarkən mənzildə olmasını təsdiq edən fotoşəkillər (albom şəklində) məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə qətnamədə əsassız olaraq sübutlara düzgün və obyektiv qiymət vermədən, həmin sübutları nəzərə almamış və nəzərə almamasının səbəblərini göstərməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2007-ci il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutu rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları saymaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Bundan başqa mənəvi zərərin ödənilməsi tələbini təmin etməməklə işin hallarını düzgün qiymətləndirməmiş, cavabdehin hərəkətlərinin dərəcəsini, təsirini, ona münasibətini, əşyalara münasibətini, əşyaların saxlanması şəraitini və qanunvericiliyə görə saxlamağa qəbul etdiyi əşyalara vicdansızcasına münasibətini xarakterizə edən halları düzgün qiymətləndirməmişdir. Bu halların ona hansı dərəcədə mənəvi və maddi təsir etməsini düzgün şərh etməmiş və düzgün qiymətləndirməmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsinin icrası zamanı Bakı şəhəri M.Hadi küçəsində yerləşən 111 nömrəli evin 102 nömrəli mənzilində olan əşyalar xx.xx.2014-cii il tarixdə icra məmuru tərəfindən siyahıya alınaraq, banka məxsus, Yasamal rayonu X21 küçəsi ev 53 ünvanında yerləşən mənzilə saxlanca qoyulmuşdur. İddiaçı1 müəyyən müddətdən sonra əmlakları bankdan təhvil götürəcəyi barədə öhdəlik götürmüş, lakin bu öhdəliyi icra elməmişdir. Dəfələrlə ona əşyalarının çıxarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı daşımağa yeri olmadığını bildirmişdir. Məhkəmə, birtərəfli mövqedən çıxış edərək, hər hansı əsas olmadan yenidən ekspertiza təyin etmiş, özü də ekspertizanın aparılmasını iddiaçının istəyi ilə vəsatətində qeyd etdiyi qiymətləndirici şirkətə həvalə etmişdir. Bununla da, məhkəmə ilkin ekspert rəyini şübhə altına almışdır. Halbuki, bunun üçün hər hansı əsas və səbəb olmamışdır. Əksinə, iddiaçının arzusu ilə ekspertizanın aparılması həvalə edilmiş “xxxx LTD” MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli ekspert rəyinin düzgünlüyünü və obyektivliyini şübhə altına almaq üçün kifayət qədər əsaslar vardır. Əvvəla, qeyd edildiyi kimi, nəyə görə ekspertizanın məhz iddiaçının istədiyi qiymətləndiriciyə həvalə edilməsi sual doğurur. Digər tərəfdən, “xxxx LTD" MMC-nin rəyi ilkin ekspert rəyi ilə kəskin dərəcədə fərqlənir. İlkin ekspertiza zamanı əşyaların ümumi dəyərinin 2147 manat olması, əşyalarda hər hansı qüsurun olmaması, əşyaların texniki vəziyyətinin həmin əşyalardan istifadəni mümkün etməsi müəyyən edilmişdir. “xxxx LTD” MMC-nin rəyində isə əşyaların yararsız vəziyyətə düşməsi səbəbindən iddiaçıya 30059 manat ziyan vurulduğu qeyd olunur. Maraqlısı odur ki, ekspert əşyaların ilkin, yəni xx.xx.2014-cü il tarixə olan vəziyyətini və hazırkı vəziyyətini necə müəyyən etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş aktda əşyaların faktiki vəziyyəti, ümumiyyətlə istifadəyə yararlı olub-olmaması göstərilməmişdir. Bundan başqa, ekspert təhvil-təslim zamanı aktda qeyd olunmamış, lakin baxış zamanı aşkar edilmiş əşyaların da hansısa yolla ilkin vəziyyətini müəyyən edərək, həmin əşyaların yararsız vəziyyətə düşməsi səbəbindən iddiaçıya 15270 manat ziyan vurulması nəticəsinə gəlmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əvvəla aktda qeyd olunmayan əşyaları bankın nümayəndələri saxlanca qəbul etməmişlər. Yalnız icra məmurunun tərtib etdiyi aktda göstərilən əşyalar saxlanca qəbul edilmişdir. İcra tədbiri icra məmuru tərəfindən həyata keçirildiyindən, həmin əşyalar icra məmurundan təhvil alınmışdır. Göründüyü kimi, məhkəmə işə obyektiv yanaşmamış, sanki iddiaçının maraqlarını güdərək, əvvəla, təkrar ekspertiza təyin etmiş, özü də ekspertizanın aparılmasını iddiaçının qeyd etdiyi qiymətləndiriciyə həvalə etmiş, daha sonra, məhz həmin qiymətləndirici şirkətin rəyini əsas götürərək, iddiaçının xeyrinə qərar qəbul etmişdir. Halbuki, iddianın təmin edilməsi üçün hər hansı tutarlı əsas və dəlil mövcud deyildir. Bundan başqa, məhkəmə qanunsuz və əsassız olaraq, ekspertiza ilə bağlı xərclərin də cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, təkrar ekspertiza iddiaçının vəsatəti üzrə təyin edilmişdir. Göründüyü kimi, məhkəmə qərəzli, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli 2(103)-3836/2018 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi maddi ziyan məbləğlərinin və ümumi məbləğin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, xx.xx.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyanın 2060 manat, aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş ziyana görə 12690 manat, ümumilikdə maddi ziyanın məbləğinin 14750 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx xxx 2019-cu il tarixli 2(102)-3329/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi X13 İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-51/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi ziyana görə məbləğlərin müəyyən edilməsi və ümumi məbləğ hissəsində dəyişdirilməli, mənəvi zərər hissəsində isə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “... Beləliklə, ekspert rəyləri ilə müəyyən edilir ki, iddiaçıya məxsus əşyaların yararsız vəziyyətə düşməsi əşyalarda əmələ gəlmiş zədələr əşyaların saxlanılma şəraiti, daşınması, sökülüb-yığılması və bir neçə dəfə sökülüb nəql edilməsi ilə bağlı yaranmışdır. Lakin birinci insnasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə iddiaçıya məxsus əşyalara vurulmuş zərərin dəyərinin ümumlikdə 48329 manat, apelyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə isə zərərin dəyərinin ümumilikdə 14329 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinin tələblərinə görə bir neçə ekspertin rəyləri arasında ziddiyyət olması təkrar ekspertiza keçirilməsi üçün əsasdır. Apelyasiya məhkəməsi həmin normanın tələblərini pozmaqla vurulmuş zərərin dəyərini yalnız sonuncu ekspert rəyini əsas tutaraq müəyyən etmişdir. Bununla bərabər məhkəmə kollegiyası hesab edir ki, bəzi əşyaların hazırda təyinatı üzrə istismara yararlı olmasının müəyyən edilməsi də həmin əşyalara zərər vurulmaması kimi qiymətləndirilə bilməz. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bərabər iddiaçı maddi zərərlə yanaşı, mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus mebellər, məişət əşyaları, geyimlər və s. əşyalar cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadəyə yarasız vəziyyətə salınmış, istifadəyə yararlı vəziyyətdə olan digər əşyalar isə əmtəə görünüşü dəyişməklə, üzərində təmir bərpa işləri aparılmasına ehtiyac olmaqla müəyyən qədər zədəyə məruz qalmışdır. Bu halda əmlak sahibinin mənəvi sarsıntı keçirməsi də istisna edilmir.” İş materiallarından görünür ki, İddiaçı1 yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 111 saylı evin 102 saylı evi ipoteka predmeti olmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən kredit borcunun ödənilməsi üçün digər daşınmaz əmlaklarla yanaşı həmin mənzilə də tutma yönəldilmişdir. Qətnamə icra edilərək mənzil açıq hərracdan Cavabdeh-yə satılmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Cavabdeh-nin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə mənzildə olan əşyalar siyahıya alınmaqla saxlanılması üçün tələbkarın nümayəndəsinə təhvil verilmiş və bu barədə xx xxxxxx 2014-cü il tarixli akt tərtib olunmuşdur. Tələbkar bankın ərizəsinə əsasən aktla siyahıya alınmış əşyalar həmin mənzildən çıxarılaraq banka məxsus Bakı şəhəri Yasamal rayonu X21 küçəsi, 53 ünvanında yerləşən mənzilə köçürülmüş, daha sonra isə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində banka aid bağ evinə daşınmışdır. Hazırda əşyaların bir hissəsi həmin bağ evindədir. İddiaçı1 ona məxsus əşyaların bir hissəsinin aktda qeyd olunmasa da, baxış zamanı yerində aşkar olunduğunu, əşyaların bir qisminin isə, fotoşəkilləri qalsa da, əşyaların icra prosesində yoxa çıxdığını, əşyaların əksəriyyətinin köçürmə zamanı uyğun şəraitdə saxlanılmadığına görə yararsız vəziyyətə düşdüyünü göstərmişdir. Əşyaların bazar qiymətinin müəyyən edilməsi üçün bir neçə qiymətləndirmə şirkətindən, o cümlədən “xxxx LTD” MMC-dən, “xxxx” MMC-dən, “X19” MMC-dən rəylər alınmışdır. xx xxxxxx 2014-cü il tarixli aktla aşağıda qeyd olunan əşyalar siyahıya alınmışdır: 1) 1 ədəd göy rəngli dairəvi divan; 2) 1 ədəd “kreslo”; 3) 1 ədəd “LG” markalı televizor; 4) 1 ədəd “LG” markalı DVD aparatı; 5) 1 ədəd televizor altlığı; 6) 1 ədəd plastmas stol və 3 ədəd plastmas stul; 7) 4 ədəd divar şəkli; 8) 1 ədəd dini divar şəkli; 9) 1 ədəd ütü masası; 10) 1 ədəd dəhliz dolabı; 11 ) 2 ədəd “kamot”; 12) 1 ədəd taxta stol və 6 ədəd taxta stul; 13) 2 ədəd tuxxxx; 14) 1 ədəd “servant”; 15) 1 ədəd stol üstü saat (taxta); 16) 1 ədəd elektron saat; 17) 4 ədəd “LG” markalı televizorun səs gücləndiricisi; 18) 1 ədəd şkaf (iki qapısı güzgülü); 19) 1 ədəd “TCL” markalı televizor (divardan asılmış); 20) 1 ədəd velosiped idman aparatı; 21) 1 ədəd 5 qapılı şkaf; 22) 1 ədəd “Viessman” markalı kombi; 23) 1 ədəd “LG” markalı paltaryuyan maşın; 24) 1 ədəd “LG” markalı soyuducu; 25) 1 ədəd “Sharp” markalı mətbəx sobası; 26) 1 ədəd mətbəx mebeli; 27) 2 ədəd divar saatı; 28) 1 ədəd “Kompos” markalı tozsoran; 29) 1 ədəd idman aparatı. Aktla həmçinin müəyyən edilir ki, tələbkarın nümayəndəsi X13 xx.xx.2014-cü il tarixədək mənzildə olan və siyahıya alınmış əşyaların salamatlığına təminat verib öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsində İddiaçı1 vəsatəti ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə “xxxx” MMC-nin 03 saylı xx.xx.2017-ci il tarixli Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində banka aid bağ evində saxlanılan əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə hesabatında göstərilmişdir ki, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş aktla siyahıya alınmış əşyalar qeyd olunan ünvanda aşkar edilməklə ümumi dəyəri 2147 manat qiymətləndirilmişdir. Aktda əşyaların mövcud vəziyyəti qeyd edilmədiyindən və fotoşəkillər təqdim olunmadığından əvvəlki vəziyyətinə uyğunluğunun müəyyən edilməsi mümkün olmamışdır. Təqdim olunan əşyaların ilkin vəziyyəti məlum olmadığından qüsurun müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı təhvil-təslim aktında göstərilməyən xüsusi qablaşdırılmış qutunun içərisində stəkan və su qablarının bəzilərinin sınması müəyyən edilmişdir, səbəb daşınma zamanı yarana bilər. Digər əşyaların isə hər hansı bir qüsuru müəyyən edilməmişdir. Təqdim edilmiş əşyaların hazırki texniki vəziyyəti həmin əşyalardan istifadəni mümkün edir və əşyaların təmizliyə ehtiyacı vardır. Ekspertiza xərci 300 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində İddiaçı1 yenidən vəsatətlə müraciət edərək təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini və ekspertiza tədqiqatının “xxxx LTD” MMC-yə həvalə edilməsini xahiş etmişdir. Vəsatət xx xxxxxx 2017-ci il tarixli 2(005)- 51/2017 nömrəli qərardadla təmin edilmişdir. “xxxx Consulting Group LTD” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinə əsasən, xx xxxxxx 2014-cü il tarixli aktda qeyd olunan əşyalardan “LG” və “TCL” markalı televizorlardan başqa digər əşyalar istifadəyə yararsız vəziyyətdədir. Həmin əşyaların faktiki vəziyyəti rəyə əlavə edilmiş şəkillərdə və aktda göstərilən vəziyyətinə uyğun deyildir. Ekspertizaya təqdim edilmiş əşyaların vəziyyəti ilkin vəziyyətinə uyğun deyildir. Əksəriyyəti yararsız vəziyyətə düşmüşdür. Yaranmış qüsur saxlanma və daşıma ilə əlaqədar yarana bilər. Əşyaların ilkin vəziyyətinə uyğun olaraq hazırki dəyəri aktın 2 nömrəli əlavəsində öz əksini tapmışdır. 2 ədəd televizorlardan başqa digər əşyaların hazırkı texniki vəziyyəti həmin əşyalardan istifadəni mümkün etmir. Ekspertiza xərci 150 manat müəyyən edilmişdir. “xxxx LTD” MMC-nin xx xxxxxxx 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin 2 nömrəli əlavəsi ilə müəyyən edilir ki, xx xxxxxx 2014-cü il tarixli aktla siyahıya alınmış 1) 1 ədəd göy rəngli dairəvi divan və 1 ədəd kreslonun ilkin vəziyyəti əla olmaqla qiyməti 1500 manat; 2) 1 ədəd “LG” markalı televizor və 1 ədəd “LG” markalı DVD aparatın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 230 manat; 3) 1 ədəd televizor altlığının ilkin vəziyyəti əla olmaqla qiyməti 600 manat; 4) 1 ədəd plastmas stol və 3 ədəd plastmas stulun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat; 5) 4 ədəd divar şəklinin ilkin vəziyyəti əla olmaqla qiyməti 3200 manat; 6) 1 ədəd dini divar şəklinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 7) 1 ədəd ütü masasının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 8) 1 ədəd dəhliz dolabının qiyməti 200 manat; 9) 2 ədəd “kamot”un qiyməti 600 manat; 10) 1 ədəd taxta stol və 6 ədəd taxta stulun qiyməti 350 manat; 11) 2 ədəd tuxxxxnın qiyməti 200 manat; 12) 1 ədəd “servant”ın qiyməti 500 manat; 13) 1 ədəd stol üstü saat (taxta) ilkin vəziyyəti əla olmaqla qiyməti 30 manat; 14) 1 ədəd elektron saat ilkin vəziyyəti əla olmaqla qiyməti 45 manat; 15) “LG” markalı televizorun 4 ədəd səs gücləndiricisinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1000 manat; 16) 1 ədəd şkaf (iki qapısı güzgülü) ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1000 manat; 17) 1 ədəd “TCL” markalı televizorun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 70 manat; 18) 1 ədəd velosiped idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 19) 1 ədəd 5 qapılı şkafın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 20) 1 ədəd “Viessman” markalı kombinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2000 manat; 21) 1 ədəd “LG” markalı paltaryuyan maşının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 900 manat; 22) 1 ədəd “LG” markalı soyuducunun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2000 manat; 23) 1 ədəd “Sharp” markalı sobanın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 24) 1 ədəd mətbəx mebelinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1500 manat; 25) 2 ədəd divar saatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 5 manat; 26) 1 ədəd “Kompos” markalı tozsoranın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 119 manat; 27) 1 ədəd idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat təşkil etmişdir. Qeyd olunan əşyaların ümumilikdə qiyməti cəmi 17249 manat təşkil edir. “xxxx LTD” MMC-nin xx xxxxxx 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin 2 nömrəli əlavəsinə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, qeyd olunan rəydə göstərilmiş xx xxxxxx 2014-cü il tarixli aktla siyahıya alınmış bəzi əşyaların geri qaytarılması, bəzi ev əşyalarının və mebellərin bazar dəyərində olan dəyişikliklər nəzərə alınmaqla yenidən qiymətləndirilmişdir. Belə ki, 1)1 ədəd göy rəngli dairəvi divan və 1 ədəd kreslonun ilkin vəziyyəti əla olmaqla qiyməti 1500 manat; 2)1 ədəd “LG” markalı DVD aparatın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 500 manat; 3) 1 ədəd televizor altlığının ilkin vəziyyəti əla olmaqla qiyməti 600 manat; 4)1 ədəd plastmas stol və 3 ədəd plastmas stulun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat; 5)1 ədəd dini divar şəklinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 6)1 ədəd ütü masasının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 7)1 ədəd dəhliz dolabının qiyməti 1000 manat; 8)2 ədəd “kamot”un (İtaliya istehsalı) qiyməti 2500 manat; 9)2 ədəd tuxxxxnın qiyməti 2400 manat; 10) 1 ədəd “servantın qiyməti 5000 manat; 11)1 ədəd stol üstü saat (taxta) ilkin vəziyyəti əla olmaqla qiyməti 100 manat; 12)1 ədəd elektron saat ilkin vəziyyəti əla olmaqla qiyməti 50 manat; 13) 4 ədəd “LG” markalı televizorun səs gücləndiricişjnin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1500 manat; 14) 1 ədəd şkaf (iki qapısı güzgülü) (İtaliya istehsalı) ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 5900 manat; 15)1 ədəd “TCL” markalı televizorun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 70 manat; 16) 1 ədəd velosiped idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 17)1 ədəd 5 qapılı şkafın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1000 manat; 18)1 ədəd “Viessman” markalı kombinin (Almaniya istehsalı) ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2000 manat; 19)1 ədəd “LG" markalı paltaryuyan maşının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 900 manat; 20)1 ədəd “LG” markalı soyuducunun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2500 manat; 21)1 ədəd “Sharp” markalı sobanın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 22)1 ədəd mətbəx mebelinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1500 manat; 23)2 ədəd divar saatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 20 manat; 24)1 ədəd “Kompos” markalı tozsoranın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 119 manat; 25)1 ədəd idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat, ümumilikdə bütün qeyd olunan əşyalara vurulmuş ziyanın dəyəri cəmi 30059 manat təşkil edir. İş materiallarında olan yerli baxış zamanı aşkar edilmiş əlavə əşyalarla bağlı “xxxx LTD” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2017-ci il tarixli MB 10/888 nömrəli arayışdan müəyyən olunur ki, 1)1 ədəd "Tefal" elektrik çaynik -50 manat; 2)1 ədəd qaz peçi -300 manat; 3)1 ədəd “Rakvin” -50 manat; 4)1 ədəd “Aspirator” - 260 manat; 5)1 ədəd yemək və çay dəsti (Almaniya istehsalı) -800 manat; 6)1 ədəd qaşıq, bıçaq, çəngəl dəsti (Almaniya istehsalı) -350 manat; 7)1 ədəd çarpayı (yığılıb-açılan)-100 manat; 8)1 ədəd qırmızı rəngli yemək, çay dəsti (Çexiya istehsalı) -1500 manat; 9)1 ədəd sərinkeş (Çin istehsalı) -50 manat; 10)6 ədəd əl çantaları Türkiyə istehsalı) -300 manat; 11)1 ədəd qara rəngli dəri plaş (Türkiyə istehsalı) -400 manat; 12) 2 ədəd 40 kq çəkili döşəklər -780 manat; 13)5 böyük və 2 balaca olmaqla, cəmi 7 ədəd yorğan- 2000 manat; 14)1 ədəd yaşıl rəngli “Kompot” dəsti (Türkiyə istehsalı) - 100 manat; 15)18 ədəd yaz-payız ayaqqabıları (Türkiyə istehsalı) -1800 manat; 16)2 ədəd uzunboğaz çəkmə (Türkiyə istehsalı) -400 manat; 17)2 ədəd kişi “kurtkası (balonka)”-100 manat; 18)8 ədəd kişi ayaqqabısı (Türkiyə istehsalı) - 460 manat; 19)2 ədəd “Çamadan”-145 manat; 20)7 ədəd kişi kostyumu (Türkiyə və Dubay istehsalı) -1050 manat; 21) 3 ədəd idman dəsti -180 manat; 22)1 ədəd dəri –“Portfel” - 80 manat; 23)2 ədəd qara rəngli dəri “kurtka” (Türkiyə istehsalı) - 800 manat; 24)5 ədəd qadın kostyumları (Türkiyə və Dubay istehsalı) - 600 manat; 25)uşaq paltarları (Türkiyə istehsalı) - 250 manat; 26)9 ədəd kişi şalvarları - 360 manat; 27)6 ədəd “Pijamalar” (Türkiyə istehsalı) -180 manat; 28)1 ədəd 3x5 ölçülü xalça - 400 manat; 29)3 ədəd “Padnos nabor”u -75 manat; 30)1 ədəd çarpayı (İtaliya istehsalı) - 3500 manat; 31)1 ədəd uşaq çarpayısı -450 manat; 32)1 ədəd çarpayı döşəyi (“matras”) (Türkiyə istehsalı) -400 manat təşkil etməklə, qeyd edilən bütün əşyalar yarararsız vəziyyət aşkar edilmiş və vurulmuş ziyan ümumilikdə 18270 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı1 ona məxsus əşyaların siyahıya alınması zamanı xx xxxxxx 2014-cü il tarixli aktda qeyd edilməyən və yerli baxış zamanı aşkar edilməmiş əşyaların siyahısını birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin siyahı iş üzrə materiallara əlavə edilmişdir. İddiaçı1 təqdim etdiyi əşyalarla bağlı “xxxx LTD” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2017-ci il tarixli MB 10/839 nömrəli arayışdan müəyyən olunur ki, siyahıda qeyd edilmiş əşyaların bazar qiyməti 18845 manat dəyərləndirilmişdir. İş materiallarında olan xx xxx 2017-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı1 Cavabdeh-nin hüquqşünası X3 Buzovna qəsəbəsi M.İmaməliyev küçəsi ev 15-də ona məxsus olan : 1) 1 ədəd “kompot naboru” (su qabı dəsti); 2) qırmızı rəngli 6 ədəd stəkan və 6 ədəd nəlbəki; 3) 1 ədəd ağ rəngli çay dəsti; 4) saplar; 5) bəzi qadın kostyumları (yuyulmalı); 6) 4 ədəd ayaqqabı dəsti; 7) 2 ədəd xrustal qab; 8) 2 ədəd meyvə qabı (qəhvəyi); 9) 2 ədəd “konfet qabı"(qəhvəyi rəngli) yararlı vəziyyətdə təhvil alaraq imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 335079 saylı xx.xx.2016-cı il tarixli arayışından müəyyən olunur ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 111 nömrəli evin 102 nömrəli mənzilində xx.xx.2011-ci il tarixdən qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarında olan AZ-İ seriyalı 372225 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Namazov Rauf X1 arasında olan nikah xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQda qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 məxsus əşyaların saxlanca verildiyi Cavabdeh-nin nümayəndələrinin təqsirli hərəkətləri nəticəsində dəymiş maddi ziyanın ödənilməsi hissəsində iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı1 məhkəmə iclası zamanı xx.xx.2014-cü il tarixli aktda qeyd edilməmiş və məhkəmə araşdırmasında həyata keçirilmiş yerli baxışda aşkar edilməmiş, lakin əşyalar siyahıya alınarkən mənzildə olmasını iddia etdiyi əşyaların bazar qiyməti “xxxx LTD” MMCnin xx xxxxxx 2017-ci il tarixli MB 10/839 nömrəli arayışı ilə 18845 manat, həmçinin ilkin apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertizası ilə 17405 manat qiymətləndirilmişdir. İddiaçı1 məhkəmə araşdırmasında xx.xx.2017-ci il tarixdə mənzili tərk edərkən həmin əşyaların mənzildə olması barədə mötəbər sübutlar təqdim edə bilməmiş və sübutetmə yükü prinsipi baxımından bu hal sübuta yetirilmədiyindən qeyd olunan hissədə iddia tələbi təmin edilməməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 822-824, 1096-1097-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni xx.xx.2014-cü il tarixli aktda adları göstərilən və aktda qeyd olunmasa da, yerində aşkar edilən əşyaların dəyərinin tutulmasını təmin etməklə düzgün nəticəyə gəlsə də, həmin hissədə maddi zərərə görə məbləğlərin müəyyən edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, əvvəlki apellyasiya mərhələsində məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. “X19” MMC-nin ƏEM/A 56-772/18 saylı rəyinə xx xxxxxx 2018-ci il tarixli əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli aktla siyahıya alınan əşyalardan (Cədvəl 1) 50 manata olan 1 ədəd plastmas masa (stol) yerində aşkar edilməmiş, 15 manata 1 ədəd plastmas oturacaq (stul), 50 manat olan 1 ədəd dini divar şəkli yerində aşkar edilməmiş, 25 manat olan 1 ədəd ütü masası yararsızdır, 120 manat olan 1 ədəd stol üstü saat (taxta) yerində aşkar edilməmiş, 45 manat olan 1 ədəd elektron saat yerində aşkar edilməmiş, 1400 manat olan 1 ədəd kombi aparatı (Viessman, Almaniya) yerində aşkar edilməmiş, 210 manata olan 1 ədəd “Sharp” soba yerində aşkar edilmədi, 2 ədəd 20 manata divar saatı yerində aşkar edilmədi, 1 ədəd 45 manata “Gepas” markalı tozsoran istifadəyə yararsızdır, 80 manata 1 ədəd “Broket” idman aparatı yerində aşkar edilməmişdir. Qeyd olunan yerində aşkar edilməmiş və istifadəyə yararsız olan əşyaların dəyəri 2060 manat təşkil edir. Həmin cədvəldə bir çox əşyalar istifadəyə yararlı olmaqla, “LG” markalı DVD aparatı, televizor altlığı, “LG” markalı televizorun səs gücləndiricisi, “TCL” markalı televizor, velosiped idman aparatı iddiaçı tərəfindən aparılmışdır. ƏEM/A 56-772/18 saylı rəyinə xx xxxxxx 2018-ci il tarixli əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli aktla siyahıya alınmayan və yerində aşkar olunmuş əşyalardan (Cədvəl 2) 40 manata olan 1 ədəd “Tefal” elektrik çaydan yararsızdır, 770 manata olan 1 ədəd yemək və çay dəsti (Almaniya istehsalı) yararsızdır, 320 manat 1 ədəd qaşıq, bıçaq, çəngəl dəsti (Almaniya istehsalı) yararsızdır, 60 manata 1 ədəd çarpayı (yığılıb-açılan) yararsızdır, 1440 manata 1 ədəd yemək, çay dəsti (Çexiya istehsalı) yararsızdır, 45 manat 1 ədəd sərinkeş (Çin istehsalı) yararsızdır, 240 manata olan 6 ədəd əl çantaları (Türkiyə istehsalı) yararsızdır, 350 manata 1 ədəd plaş (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 800 manata 2 ədəd 40 kq çəkili döşəklər təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 1850 manata 5 böyük, 2 balaca yorğan təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 85 manata 1 ədəd “LG” kompot dəsti yararsızdır, 1620 manata 18 ədəd yaz-payız ayaqqabıları (Türkiyə istehsalı) yararsızdır, 340 manata 2 ədəd uzunboğaz çəkmələr (Türkiyə istehsalı) yararsızdır, 100 manata 2 ədəd kişi kurtkası (balonka) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 480 manata 8 ədəd kişi ayaqqabısı (Türkiyə istehsalı) yararsızdır, 160 manata 2 ədəd çamadan yararsızdır, 1050 manata kişi kostyumu (Türkiyə və Dubay) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 180 manata 3 ədəd idman dəsti təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 90 manata 1 ədəd dəri portfel yararsızdır, 700 manata 2 ədəd dəri kurtka (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 600 manata 5 ədəd qadın kostyumları (Türkiyə və Dubay) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 200 manata 1 ədəd uşaq paltarları (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 360 manata 9 ədəd kişi şalvarları təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 150 manata pijamalar (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 60 manata 3 ədəd padnos naboru yararsızdır, 400 manata 1 ədəd uşaq çarpayısı yararsızdır, 200 manata 1 ədəd çarpayı döşəyi (matras) yararsızdır. Qeyd olunan aktda göstərilməsə də, yerində aşkar edilmiş istifadəyə yararsız olan əşyaların ümumi dəyəri 12690 manat təşkil edir. Həmin cədvəldə qalan əşyalar istifadəyə yararlıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə iddiaçıya məxsus əşyalara vurulmuş zərərin məbləği ümumilikdə 48329 manat, əvvəlki apellyasiya icraatı zamanı alınmış ekspert rəyi ilə isə zərərin məbləğinin ümumilikdə 14750 manat təşkil etdiyi göstərilmişdir. Hazırki icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq təkrar qiymətləndirmə həyata keçirilmişdir. Belə ki, «xxxx» MMC tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli rəydə (hesabatda) «xx.xx.2014-cü il tarixli aktda adları göstərilən əşyaların» ümumi dəyəri 20180 manat, «aktda olmayıb, yerində aşkar edilən əşyaların» ümumi dəyəri 10580 manat və «aktda olmayan və yerində aşkar edilməyən, lakin fotoşəkillər əsasında mövcudluğu iddiaçı tərəfindən iddia edilən əşyaların» ümumi dəyəri 16100 manat, cəmi 46860 manat müəyyən edilmişdir. Rəyə əsasən, əşyaların vəziyyəti təyinatından, saxlama şəraitindən, daşıma zamanı baş verən mexaniki təsirlərdən və digər səbəblərdən asılı olaraq fərqlidir. Buna görə də bəziləri yararlı, bəziləri qismən yaralı, bəziləri isə yararsız vəziyyətdədir. Əvvəlki vəziyyətini əks etdirən fotoşəkilləri olan əşyaların araşdırılması zamanı məlum olmuşdur ki, bəzi əşyaların faktiki vəziyyəti əvvəlki vəziyyətindən mənfiyə doğru fərqlidir və bunların səbəbi saxlama şəraiti və daşıma ilə bağlı ola bilər. Əşyaların hamısı işlənmiş mallar olduğu üçün qüsurların saxlamaya təqdim edilənədək yarandığını, yoxsa saxlamaya veriləndən sonra olmuş saxlama şəraiti ilə bağlı olduğunu müəyyən etmək çətindir. Yalnız bəzi əşyaların sonradan yaranmış qüsurlar olduğunu iddia etmək olar. Əşyaların bəziləri yararlı, bəziləri qismən yararlı, bəziləri isə yararsız vəziyyətdədir. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən ikinci dəfə qiymətlənidirmə keçirmişdir. «xxxx» MMC tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli hesabatda «aktda göstərilməyən və yerində aşkar edilməmiş iddiaçıların təqdim etdiyi siyahı üzrə ev əşyalarının» ümumi bazar dəyəri (köhnəlmə nəzərə alınmaqla) 22073 manat, «aktda qeyd olunan əşyaların» ümumi dəyəri 30738 manat və «qiymətləndirməyə təqdim edilmiş siyahı üzrə və yerində baxış zamanı təqdim edilən əşyaların» ümumi bazar dəyəri 21904 manat, cəmi 74715 manat müəyyən olunmuşdur. Rəyə əsasən, əşyaların vəziyyəti təyinatından, saxlama təyinatından, saxlama şəraitindən, daşıma zamanı baş verən mexaniki təsirdən və digər səbəblərdən asılı olaraq fərqlidir. Buna görə bəzi əşyalar qismən yararlı, bəziləri yararlı, əksəriyyəti isə yararsız vəziyyətdədir. Əşyaların fotoşəkillərdəki və aktda göstərilən vəziyyətinə görə əvvəlki vəziyyətindən faktiki vəziyyəti mənfiyə doğru olduğunu göstərir və bunların səbəbi saxlama şəraiti və daşıma ilə bağlı ola bilər. Əşyaların hamısının istifadə olunmuş olduğunu nəzərə alaraq, qüsurların saxlamaya təqdim edilənədək yarandığını, yaxud saxlamaya veriləndən sonra saxlama şəraiti ilə bağlı olduğunu müəyyən etmək çətindir. Əksər əşyalarda qüsurların sonradan yaranmış olduğunu iddia etmək olar. Əşyaların bəziləri yararsız, bəziləri qismən yaralı, bəziləri isə qismən istifadəyə yararsız vəziyyətdədir. Göründüyü kimi, «xxxx» MMC tərəfindən təqdim olunmuş hesabatda xx.xx.2014-cü il tarixli aktda adları göstərilən əşyaların ümumi dəyəri 20180 manat, aktda olmayıb, yerində aşkar edilən əşyaların ümumi dəyəri 10580 manat, cəmi 30760 manat, «xxxx» MMC tərəfindən təqdim olunmuş hesabatda isə aktda qeyd olunan əşyaların ümumi dəyəri 30738 manat, qiymətləndirməyə təqdim edilmiş siyahı üzrə və yerində baxış zamanı təqdim edilən əşyaların ümumi bazar dəyəri 21904 manat, cəmi 52642 manat müəyyən olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən «xxxx LTD» MMC tərəfindən verilmiş hesabatda da xx.xx.2014-cü il tarixli aktda adları qeyd olunmuş əşyaların ümumi dəyəri 30059 manat, baxış zamanı təqdim edilən əşyaların ümumi dəyəri isə 18270 manat müəyyən edilmişdir. Qiymətləndirmə dövrünü (əşyalara baxış keçirilən dövrü) və metodunu nəzərə aldıqda aydın olur ki, «xxxx LTD» MMC tərəfindən verilmiş hesabat daha dolğun və işin faktiki hallarına uyğundur. Buna görə də Kollegiya hesab edir ki, iddiaçıya məxsus əşyalara vurulmuş zərərin məbləği məhz həmin hesabat əsasında müəyyən edilməlidir. Lakin işin hallarından həmçinin o da müəyyən olunur ki, iddiaçı həmin əşyalardan dəyəri 500 manat olan «LG» markalı DVD aparatını, dəyəri 600 manat olan televizor altlığını, dəyəri 1500 manat olan «LG» markalı televizorun səsgücləndiricilərini, dəyəri 70 manat olan «TLC» markalı televizoru və dəyəri 300 manat olan velosiped idman aparatını naturada aparmışdır. Belə olan halda həmin əşyaların dəyəri ümumi məbləğdən çıxılmalıdır. Kollegiya həmçinin heçab edir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər tələbinə aid hissədə tam rədd etməkdə də haqlı olmamışdır. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alan Kollegiya qeyd edir ki, iddiaçıya məxsus mebellər, məişət əşyaları, geyimlər və s. əşyalar cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadəyə yarasız vəziyyətə salınmış, istifadəyə yararlı vəziyyətdə olan digər əşyalar isə əmtəə görünüşü dəyişməklə, üzərində təmir bərpa işləri aparılmasına ehtiyac olmaqla müəyyən qədər zədəyə məruz qalmışdır. Bu halda isə əmlak sahibinin mənəvi sarsıntı keçirməsi istisna edilmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Göründüyü kimi, milli qanunvericilikdə mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstəriş mövcud deyildir, ancaq Ali Məhkəmə Plenumunun tövsiyələrinə görə, belə göstərişlərin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas ola bilməz və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində mənəvi zərərin tutulması ağlabatan və ədalətli hesab olunmalıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)-51/2017 saylı qətnaməsi maddi ziyanın məbləğlərinin və ümumi məbləğin müəyyən edilməsi hissələrində dəyişdirilməli, xx.xx.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyan 27089 manat müəyyən edilməklə, ümumilikdə maddi ziyan 45270 manat məbləğində müəyyən edilməli, eləcə də mənəvi zərər tələbinə aid hissədə qətnamə ləğv edilərək, cavabdehdən iddiaçının xeyrinə 3000 manat mənəvi zərərin əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, əvvəlki və hazırkı apelyasiya mərhələsində keçirilmiş qiymətləndirmələrin dəyəri cavabdehə aid edilməli, bu məqsədlə Cavabdeh-dən 200 manat alınaraq “X19” MMC-nin və 500 manat alınaraq «xxxx» MMC-nin hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(005)- 51/2017 saylı qətnaməsi mübuhisələndirilən - maddi ziyanın məbləğlərinin və ümumi məbləğin müəyyən edilməsi hissələrində dəyişdirilsin, mənəvi zərər hissəsində isə ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyan 27089 manat müəyyən edilməklə (aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyanın 18270 manat olması nəzərə alınmaqla), ümumilikdə maddi ziyan 45270 manat məbləğində müəyyən edilsin. Cavabdeh-dən İddiaçı1 xeyrinə mənəvi ziyanın əvəzi kimi 3000 manat məbləğində pul tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Əvvəlki və hazırkı apelyasiya mərhələsində keçirilmiş qiymətləndirmələrin dəyəri cavabdehə aid edilsin, bu məqsədlə Cavabdeh-dən 200 manat alınaraq “X19” MMC-nin və 500 manat alınaraq «xxxx» MMC-nin hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar