Məhkəmə qərarları › İş №2(103)-3550/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3550/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3550/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə Açar sözlər: (“nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-409/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh ilə olan xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində "761” saylı nikah qeydinin pozulması, birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment alınaraq iddiaçıya verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində cavabdeh şəxs Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduğu vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmamışdır. Cavabdeh ilə aralarında mübahisəlar və anlaşılmazlıqlar yaranmağa başlamışdır. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi iddiaçı və cavabdehin xasiyyətlərinin tutmaması, bu səbəbdən də birgə yaşamaqlarının mümkün olmamasıdır. Cavabdehlə barışmaq, gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Ona görə də hesab edir ki, onların nikahı pozulmalıdır. İlkin mediasiya sessisiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01016 saylı arayış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-409/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Nizami rayonu Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-10/2025 saylı qərardadı nəzərə alınmaqla) qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 21.1, 21.3, 22.1, 22.2, 22.2.1, 22.2.222.2.2.3, 36.9, 60.4, 75.1, 75.4, 76.1, 76.1.1, 78.1, 78.2, 100.2; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 13, 19; Mülki Prosessual Məcəllənin 107, 119.1, 234.2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə işə baxılması təxirə salınmışdır. Məhkəmə tərəfindən barışıq üçün verilmiş müddət ərzində tərəflər arasında barışıq əldə edilməmişdir və iddiaçı nikahın pozulması tələbində israrlıdır. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, tərəflər arasında barışıq əldə edilmədiyindən və iddiaçı iddia tələbini müdafiə etdiyindən nikah məhkəmə qaydasında pozulmalıdır. Bundan başqa, ailə qanunvericiliyə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə münasibətdə cavabdehin nikahın pozulmasına razı olmadığını, lakin iddia tələbinin uşaqların ananın himayəsində qalması və alimentə dair hissəsinə münasibətdə isə cavabdehin ona heç bir fikir bildirmədiyini, növbəti məhkəmə iclasında dəqiqləşdirəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında məhkəmə tərəfindən tərəflər arasında barışıq əldə edilməyəcəyi təqdirdə cavabdehin uşaqların ananın himayəsində qalması və alimentə dair hissədə iddia tələbinə münasibəti dəqiqləşdirildikdə, cavabdehin nümayəndəsi və vəkili tərəflər arasında barışıq olmadığı, nikah pozulacağı təqdirdə cavabdehin uşaqların ananın yanında qalmasına və aliment tutulmasına etiraz etmədiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən tərəflərə barışıq üçün vaxt verilən müddət ərzində tərəflər arasında barışıq əldə edilməmiş və cavabdehin nümayəndəsi və vəkili uşaqların atanın himayəsinə verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehin nümayəndəsi və vəkilindən cavabdehin mövqeyinin dəyişməsinin, ananın himayəsinə verilməsinə etirazın əsasları dəqiqləşdirildikdə, əsas qismində məhkəməyə məhkəmə tərəfindən barışıq üçün verilən müddət ərzində iddiaçının cavabdehi uşaqlar ilə görüşməsinə mane olması, kirayədə yaşamasını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında uşaqlarla bağlı tələb irəli sürülməməsinin səbəbi kimi isə uşaqların qəyyumluq və himayəçilik komissiyasında və məhkəmədə dindirildikləri zaman bu halın onların psixologiyasına mənfi təsir edəcəyindən ehtiyat etməsi göstərilmişdir. Hazırda isə cavabdehin nümayəndəsi və vəkili sonuncu baxış iclasında uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı rəy verilməsi üçün mülki işin qəyyumluq və himayəçilik komissiyasına göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən tərəflər arasında barışıq üçün verilən müddətdən sonra uşaq ilə bağlı tələb irəli sürülməsi, işin rəy verilməsi üçün qəyyumluq və himayəçilik komissiyasına göndərilməsinə dair vəsatəti işin əsassız olaraq uzadılması üçün edilən hərəkət olaraq qiymətləndirilmişdir. Məhkəmə tərəfindən ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəflərin birgə nikahından doğulmuş uşaqlar mütəxəssisin iştirakı ilə məhkəmə iclasında dindirilmişlər. Məhkəmə iclasında tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 izahatlarında nikah pozulduqdan sonra anaları ilə qalmaq istədiklərini, atalarının onlara qarşı münasibətlərinin pis olmasını, ataları ilə qalmaq istəmədiklərini bildirmişlər. Məhkəmə tərəfindən uşaqların anaları ilə qalmaq istəməkləri onların maraqlarına zidd olan hal olaraq qiymətləndirilməmişdir. Cavabdeh tərəfindən də uşaqların anaların yanında qalmalarının onların mənafeyinə zidd olması ilə bağlı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis tərəflərin birgə nikahından olan uşaqların ifadələrinin üst-üstə düşdüyünü və uşaqların ataları ilə qalmaq istəməməsi üçün əsaslar göstərdiklərini bildirmişdir. Uşaqların ana qayğısından, diqqətindən, nəvazişindən məhrum edilməsi, ananın üzərinə düşən valideynlik vəzifələrinin başqa şəxsə həvalə edilməsi uşağın üstün mənafeyinə uyğun hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki işdə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Anada uşağa zərər yetirə biləcək hər hansı mənfi cəhət yoxdur, o, uşağını tərbiyə etmək, onun qeydinə qalmaq iqtidarındadır. Uşaqların yaşı da ona dəlalət edir ki, onun daha çox ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Azyaşlı uşağın anasından ayrılması üçün hər hansı qeyri-adi durum mövcud deyildir. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh şirkətdə menecer vəzifəsində işləyir. Belə olan halda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, iddiaçının müntəzəm gəlir əldə etməsini, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin təyin edilməsi qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - AZ-İ seriyalı, 670244 nömrəli "nikah haqqında şəhadətnamə”nin əslindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və bu barədə Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə ilə qeyd edilmişdir. Ərə Həsənov, arvada Məmmədova soyadı verilmişdir; - AZ-İİ seriyalı, 836261 nömrəli "doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixində doğulmuş və bu barədə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 677 nömrə ilə qeyd edilmişdir; - AZ-İİİ seriyalı, 259405 nömrəli "doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixində doğulmuş və bu barədə 2 saylı Bakı "ASAN Xidmət” X3 tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 582 nömrə ilə qeyd edilmişdir; - Mediasiya Şurası” Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli, MŞB/18/2024-01016 nömrəli "İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir; - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci i tarixli 2(007)-409/2025 saylı qətnaməsinin nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməsi və xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdehin yanında qalması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədə Ailə Məcəlləsinin 73.1, 73.2; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında uşaqların kimin himayəsinə verilməsi barədə mübahisə olsa da, məhkəmə işə baxarkən bu halı nəzərə almamış, bu maddənin tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən işin qəyyumluq və himayəçilik komissiyasına göndərilməsi barədə vəsatəti təmin etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edilmiş xüsusatlardan görünür ki, Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini tam araşdırmayaraq həm maddi normaları düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Bu baxımdan məhkəmənin qətnaməsi ləğv edilməli, iş hərtərəfli araşdırılmalı və iddia tələbi təmin edilməlidir. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilən hallar

5. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, tərəflərin münasibətlərinin səciyyəsini, yaşayış və həyat şəraitlərini müayinə edərək, müəllim – psixoloqun iştirakı ilə tərəflərin (uşaqların) mövqelərinin öyrənilməsi və uşaqların faktiki olaraq kimin yanında (tərbiyəsində) olmasının, habelə onların saxlanılmasında (tərbiyəsində) kimin hansı səviyyədə iştirakının və tərəflərin buna dair imkanlarının müəyyən edilməsi məsələsi barədə rəy (tərəflərin həyat şəraiti barədə müayinə aktının) verilməsi üçün mülki işin materialları Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir.

6. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 30 sentyabr 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanların fikrini də nəzərə alaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanmasını məqsədəuyğun hesab edir və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir.

7. Məhkəm kollegiyasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Ailə Məcəlləsin tələblərinə əsasən: 16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-21; Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 88, 106, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

13. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən: Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Kollegiya hesab edir ki, uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi üçün razılığa gəlmək imkanları müzakirə edilməli, razılıq olmadıqda isə dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı münasibətlər üzrə tərəflərin aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərinin yenidən baxılması istisna edilmir.

15. Qeyd edildiyi kimi apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-409/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar