Məhkəmə qərarları › İş №e-2(007)-409/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-409/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-409/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində “761” saylı nikah qeydinin pozulması, birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment alınaraq iddiaçıya verilməsinə dair qətnamə xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində cavabdeh şəxs Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduğu vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olmamışdır. Cavabdeh ilə aralarında mübahisəlar və anlaşılmazlıqlar yaranmağa başlamışdır. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi iddiaçı və cavabdehin xasiyyətlərinin tutmaması, bu səbəbdən də birgə yaşamaqlarının mümkün olmamasıdır. Cavabdehlə barışmaq, gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Ona görə də hesab edir ki, onların nikahı pozulmalıdır. İlkin mediasiya sessisiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01016 saylı arayış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

İş materialları :

3. AZ-İ seriyalı, 670244 nömrəli “nikah haqqında şəhadətnamə”nin əslindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və bu barədə Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə ilə qeyd edilmişdir. Ərə Həsənov, arvada Məmmədova soyadı verilmişdir.

4. AZ-İİ seriyalı, 836261 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixində doğulmuş və bu barədə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 677 nömrə ilə qeyd edilmişdir.

5. AZ-İİİ seriyalı, 259405 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixində doğulmuş və bu barədə 2 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 582 nömrə ilə qeyd edilmişdir.

6. “Mediasiya Şurası” Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, MŞB/18/2024-01016 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh isə iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında uşaqların əvvəllər atası ilə görüşmək və danışmaq istədiyini, özünün də buna şərait yaratdığını, lakin uşaqların artıq atası ilə görüşmək istəmədiklərini bildirdi. Həmçinin bildirdi ki, uşaqların atası ilə görüşmək istəməməsinin səbəbi cavabdehin münasibətidir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, uşaqlar öz izahatlarında aydın şəkildə analarını istədiklərini bildirdi. Mütəxəssis isə ümumi şəkildə bütün ailələrdə mübahisə olan zaman valideynlərin uşaqlarına təsiri olduğunu, əksinə bu uşaqların isə atasını istəməməsi üçün əsasları olduğunu bildirdi. Ailə Məcəlləsində 10 yaşına çatmış uşaqların fikirlərinin mütləq nəzərə alınmasına dair imperativ göstəriş vardır.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbini qismən qəbul edərək, nikahın pozulmasına razı olduqlarını, lakin uşaqların ananın himayəsinə verilməsinə razı olmadıqlarını bildirdi. Hazırda uşaqların təsir altında olduqlarını bildirərək, mülki işin rəy alınması üçün qəyyumluğa göndərilməsini xahiş etmişdir.

11. Tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X11 izahatında bildirmişdir ki, o, hazırda humanitar liseyin 5-ci sinfində təhsil alır. Nikah pozulduqdan sonra anası ilə qalmaq istəyir və hazırda da anası ilə yaşayır. Atası ilə görüşmür və görüşməkdə istəmir. Atasının onunla münasibəti əvvəl normal olsa da, qardaşı ilə münasibəti əvvəldən yaxşı olmamışdır.

12. Tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X10 izahatında bildirmişdir ki, onun 13 yaşı var. Nikah pozulduqdan sonra anası ilə qalmaq istəyir. Atası ilə münasibətləri pisləşmişdir, belə ki, atası ona yaxşı davranmır. Atası əvvəldən acıdil olmuşdur. Atasının anasına xəyanət etdiyini o, aşkar etmiş və anasına məlumat vermişdir. Məhz bundan sonra münasibətləri daha da pisləşmişdir. Atasını istəmədiyini və onunla görüşmək istəmədiyini bildirdi.

13. Məhkəmə iclasında iştirak edən mütəxəssis X8 izahatında uşaqlar ilə məhkəmə iclasından əvvəl danışdığını, o zaman da da uşaqların fikirlərin ifadə etməkdə çətinlik çəkdiklərini, xüsusən də qızın daha gərgin olduğunu bildirdi. Belə ki, Həsənli İncinin atasının qardaşına daha pis davranması fikri ilə Həsənli İlyasın atasının ona daha pis davranması fikri üst-üstə düşür. Ailələr arasında hər hansı mübahisə yarandıqda uşaqlara təzyiq olması qaçınılmazdır. Məhkəmə iclasında dinlədiyi xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X10 dedikləri fikirləri faktlarla əsaslandırırlar.

Məhkəmə baxışının hədləri :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

16. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı :

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.

18. “Uşaq Hüquqları haqqında” Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı :

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.

İşin faktiki halı :

21. İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar və bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 doğulmuşdur.

22. Məhkəmə baxış iclasında (xx.xx.2024-cü il tarixli) cavabdehin nümayəndəsi və vəkili məhkəmə tərəflər arasında barışıq əldə edilməsi üçün 3 ay vaxt verilməsini xahiş etmişdir.

23. Belə olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə işə baxılmasının təxirə salınması barədə qərara almışdır.

24. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında məhkəmə tərəfindən barışıq üçün verilən müddət ərzində barışıq əldə edilməmiş, ailə münasibətləri pozulmuşdur və ailəni bərpa etmək mümkün deyildir. İddiaçı nikahın pozulmasında israrlıdır və birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X3 Pərvanə İlyas qızının himayəsindədir.

25. Tərəflərin birgə nikahından olan uşaqlar məhkəmə iclasında analarının yanında qalmaq istədiklərini, atası ilə münasibətlərinin yaxşı olmadığı bildirmişlər. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən qəbul edərək, nikahın pozulması razı olduqlarını bildirərək, uşaqların cavabdehin himayəsinə verilməsini xahiş etmişdir.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

27. Ailə qanunvericiliyinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

28. İşin faktiki halları odur ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəflərə barışıq üçün 3 ay vaxt verilməklə işə baxılması təxirə salınmışdır. Məhkəmə tərəfindən barışıq üçün verilmiş müddət ərzində tərəflər arasında barışıq əldə edilməmişdir və iddiaçı nikahın pozulması tələbində israrlıdır.

29. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, tərəflər arasında barışıq əldə edilmədiyindən və iddiaçı iddia tələbini müdafiə etdiyindən nikah məhkəmə qaydasında pozulmalıdır.

30. Bundan başqa, ailə qanunvericiliyə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

31. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə münasibətdə cavabdehin nikahın pozulmasına razı olmadığını, lakin iddia tələbinin uşaqların ananın himayəsində qalması və alimentə dair hissəsinə münasibətdə isə cavabdehin ona heç bir fikir bildirmədiyini, növbəti məhkəmə iclasında dəqiqləşdirəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında məhkəmə tərəfindən tərəflər arasında barışıq əldə edilməyəcəyi təqdirdə cavabdehin uşaqların ananın himayəsində qalması və alimentə dair hissədə iddia tələbinə münasibəti dəqiqləşdirildikdə, cavabdehin nümayəndəsi və vəkili tərəflər arasında barışıq olmadığı, nikah pozulacağı təqdirdə cavabdehin uşaqların ananın yanında qalmasına və aliment tutulmasına etiraz etmədiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən tərəflərə barışıq üçün vaxt verilən müddət ərzində tərəflər arasında barışıq əldə edilməmiş və cavabdehin nümayəndəsi və vəkili uşaqların atanın himayəsinə verilməsini xahiş etmişdir.

32. Məhkəmə tərəfindən cavabdehin nümayəndəsi və vəkilindən cavabdehin mövqeyinin dəyişməsinin, ananın himayəsinə verilməsinə etirazın əsasları dəqiqləşdirildikdə, əsas qismində məhkəməyə məhkəmə tərəfindən barışıq üçün verilən müddət ərzində iddiaçının cavabdehi uşaqlar ilə görüşməsinə mane olması, kirayədə yaşamasını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında uşaqlarla bağlı tələb irəli sürülməməsinin səbəbi kimi isə uşaqların qəyyumluq və himayəçilik komissiyasında və məhkəmədə dindirildikləri zaman bu halın onların psixologiyasına mənfi təsir edəcəyindən ehtiyat etməsi göstərilmişdir.

33. Hazırda isə cavabdehin nümayəndəsi və vəkili sonuncu baxış iclasında uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı rəy verilməsi üçün mülki işin qəyyumluq və himayəçilik komissiyasına göndərilməsini xahiş etmişdir.

34. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən tərəflər arasında barışıq üçün verilən müddətdən sonra uşaq ilə bağlı tələb irəli sürülməsi, işin rəy verilməsi üçün qəyyumluq və himayəçilik komissiyasına göndərilməsinə dair vəsatəti işin əsassız olaraq uzadılması üçün edilən hərəkət olaraq qiymətləndirilmişdir.

35. Məhkəmə tərəfindən ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəflərin birgə nikahından doğulmuş uşaqlar mütəxəssisin iştirakı ilə məhkəmə iclasında dindirilmişlər.

36. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

37. Məhkəmə iclasında tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 izahatlarında nikah pozulduqdan sonra anaları ilə qalmaq istədiklərini, atalarının onlara qarşı münasibətlərinin pis olmasını, ataları ilə qalmaq istəmədiklərini bildirmişlər.

38. Məhkəmə tərəfindən uşaqların anaları ilə qalmaq istəməkləri onların maraqlarına zidd olan hal olaraq qiymətləndirilməmişdir. Cavabdeh tərəfindən də uşaqların anaların yanında qalmalarının onların mənafeyinə zidd olması ilə bağlı sübut təqdim edilməmişdir.

39. Məhkəmə iclasında iştirak edən mütəxəssis tərəflərin birgə nikahından olan uşaqların ifadələrinin üst-üstə düşdüyünü və uşaqların ataları ilə qalmaq istəməməsi üçün əsaslar göstərdiklərini bildirmişdir.

40. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq Hüquqları Bəyannaməsi”nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi psixoloji əsaslandırması mövcuddur. Belə ki, birincisi, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı vardır; ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı vardır.

41. Uşaqların ana qayğısından, diqqətindən, nəvazişindən məhrum edilməsi, ananın üzərinə düşən valideynlik vəzifələrinin başqa şəxsə həvalə edilməsi uşağın üstün mənafeyinə uyğun hesab edilə bilməz.

42. Məhkəmə qeyd edir ki, hazırki işdə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Anada uşağa zərər yetirə biləcək hər hansı mənfi cəhət yoxdur, o, uşağını tərbiyə etmək, onun qeydinə qalmaq iqtidarındadır. Uşaqların yaşı da ona dəlalət edir ki, onun daha çox ana qayğısına və nəvazişinə ehtiyacı vardır. Azyaşlı uşağın anasından ayrılması üçün hər hansı qeyri-adi durum mövcud deyildir.

43. Belə olan halda, məhkəmə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə əlaqədar onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda anasının yanında olmaları, uşaqların fikirləri nəzərə alınmaqla, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 anası İddiaçı yanında qalmalıdır.

44. Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

45. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

46. Qeyd etdiyimiz kimi nikahın pozulması ilə bağlı tələbə baxarkən qanunverici məhkəmələrin üzərinə tərəflər arasında saziş olmadığı və ya saziş tərəflərdən birinin marağını pozduğu halda uşaqların yaşayış yerinin müəyyən edilməsi və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasının müəyyən edilməsinə dair vəzifə qoymuşdur.

47. Hazırki mülki iş üzrə məhkəmə uşaqların yaşayış yeri olaraq İddiaçı yanını müəyyən etdiyindən, məhkəmənin həll etməli olduğu digər məsələ uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarıdır.

48. Hazırki mülki iş üzrə iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün cavabdehdən aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir.

49. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

50. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyində alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən edilmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır

51. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

52. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.

53. Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

54. Ailə qanunvericiliyinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilir (AM 76.1.2m).

55. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh şirkətdə menecer vəzifəsində işləyir.

56. Belə olan halda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşı, onun təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, iddiaçının müntəzəm gəlir əldə etməsini, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin təyin edilməsi qanuni və əsaslıdır.

57. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

Nəticə :

58. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalı, birgə nikahdan doğulmuş uşaqlar İddiaçı yanında qalmalı və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir.

59. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar.

60. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Nizami rayonu Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 İddiaçı yanında qalsın. xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı ödənilsin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16(007)-10/2025 saylı qərardadı nəzərə alınmaqla). Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı ilə Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar