Məhkəmə qərarları › İş №2(103)-3557/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3557/2022

03.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3557/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh MMC-nin nümayəndələri X1 və X5 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia barədə məlumat İş üzrə iddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 500.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Tahir Nəcəfquliyev sağlığında Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti- Quraşdırma İdarəsində quraşdırıcı işləmişdir. xx.xx.2012-ci il tarixdə, Tahir, saat 07:00 radələrində işə getmək üçün evdən çıxmış, saat 09:00 radələrində isə məlum olmuşdur ki, onun mindiyi və 124 nömrəli marşrut xəti ilə hərəkət edən **-TF-*** dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı sərnişin avtobusu Lökbatan qəsəbəsində qatarla toqquşmuş və hadisə zamanı avtobusda olan bir neçə sərnişin, o cümlədən Tahir aldıqları xəsarətlərdən ölmüşlər. Həmin hadisə ilə əlaqədar icraatı başlanılmış cinayət işinin istintaqı yekunlaşdırılmış və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmü ilə avtobusun sürücüsü olan X8 və "xxxx" QSC-nin qorunan keçiddə keçid növbətçisi olan X3 qeyd edilən hadisənin ehtiyatsızlıqdan baş verməsində təqsirli bilinərək müvafiq cəzalara məhkum olunmuşlar. Bu nəticə, yuxarı instansiya məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş qərarları ilə təsdiqlənmişdir. Həmin qərarlar hazırkı mülki iş üçün preyudisial əhəmiyyət kəsb edir. Bundan başqa iddiaçı bildirir ki, onun tərəfindən "xxxx" QSC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə müxtəlif iddialar irəli sürülmüş və iddiaları qismən təmin edilmişdir. Hazırda isə o, ərinin sərnişin kimi əyləşdiyi avtobusun sahibi olan cavabdeh "xxxx" MMC-yə qarşı bu tələbi irəli sürmüşdür. Çünki hesab edir ki, mənəvi zərər təkcə "xxxx" QSC tərəfindən deyil, həmçinin cavabdeh MMC tərəfindən də ödənilməlidir. İddia tələbi ilə bağlı cavabdehin mövqeyi Cavabdeh MMC-nin nümayəndələri Rayon Məhkəməsində iddia tələbinə qarşı etiraz edərək, verdikləri izahatlarında bildirmişlər ki, baş vermiş hadisə ilə bağlı cinayət işinin istintaqı getdiyi dövrdə MMC tərəfindən iddiaçıya 10.000 manat məbləğində pul verilmişdir. Eyni zamanda, iddiaçının mərhum ərinin işlədiyi Şirkət tərəfindən iddiaçıya 25.000 manat məbləğində pul ödənilmişdir. Hazırda isə iddiaçı tərəfindən MMC-dən mənəvi ziyan kimi tələb edilən pul MMC-nin balansında olan puldan çoxdur. Belə ki, hazırda MMC-nin balansında 32,64 manat məbləğində pul var. Balansda olan nəqliyyat vasitələrinin isə çoxu rəsmi şəkildə balansdan silinmiş, qalan bir neçə nəqliyyat vasitəsi də balansdan silinmək üzrədir. Bununla belə əgər iddiaçı tərəfindən hadisədən ən azından 5- 6 il sonra, 2017-2018-ci illərdə məhkəməyə müraciət edilsə idi nisbətən yüksək məbləğdə kompensasiya təklif edilə bilərdi. Lakin hazırda müəssisə ləğv edilmişdir və təhvil-təslim işləri üçün cəmi 5-6 nəfər işçi qalmışdır. Belə ki, MMC dövlət müəssisəsi olaraq öz fəaliyyətini Bakı Nəqliyyat Agentliyinin (BNA) xx.xx.2021-ci il tarixli, xx-xx-0004 nömrəli məktubuna əsasən tam dayandırmış və istismarında olan marşrut xətləri BNA tərəfindən “Bakubus” nəqliyyat müəssisəsinə verilmişdir. Belə bir vəziyyətdə iddiaçı tərəfindən tələb edilən məbləğin MMC tərəfindən ona ödənilməsi praktiki baxımdan da mümkün deyil. Hazırkı vəziyyətdə MMC tərəfindən iddiaçıya ən yaxşı vəziyyətdə 1.000 manat məbləğində mənəvi ziyana görə kompensasiya ödənilə bilər. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Apellyasiya şikayəti ilə bağlı məlumat İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdeh MMC-nin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər vurulması işin mübahisəsiz halı olsa da, mənəvi zərərin əvəzi kimi Rayon Məhkəməsi tərəfindən müəyyən olunan məbləğ əsassız olaraq aşağı salmışdır. Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia tələbinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh MMC-nin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsində verdikləri izahatların, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışının hədləri ilə bağlı məlumat Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi hesab etmişdir: 1) iddiaçıya mənəvi zərər dəymişdir; 2) cavabdeh MMC iddiaçıya dəymiş mənəvi zərərin əvəzini ödəməlidir; 3) iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq MMC-dən iddiaçının xeyrinə 1.000 manat məbləğində pul tutulmalıdır. İş üzrə cavabdeh Rayon Məhkəməsinin nəticəsi ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə cavabdeh MMC-dən onun xeyrinə tutulmalı olan məbləğlə (mənəvi zərərin əvəzinin məbləği) ilə razılaşmır. Odur ki göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsini (nəticə “1” və “2”) əsaslılığını yoxlamamışdır. Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir və mübahisə doğurmur ki, iddiaçının mərhum əri, sağlığında Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti- Quraşdırma İdarəsində quraşdırıcı işləmiş T.Nəcəfquliyev cavabdeh MMC-yə məxsus sərnişin avtobusu ilə xx.xx.2012-ci il tarixdə, səhər işə gedərkən avtobus Lökbatan qəsəbəsində qatarla toqquşmuş və hadisə zamanı avtobusda olan bir neçə sərnişin, o cümlədən T.Nəcəfquliyev xəsarətlərdən ölmüşlər. Həmin hadisə ilə əlaqədar icraatı başlanılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin baxışı predmeti olmuş və iş üzrə qəbul edilmiş xx.xx.2013-cü il tarixli hökmlə (İş № 1(101)-248/2013) avtobusun sürücüsü olan X8 və "xxxx" QSC-nin qorunan keçiddə keçid növbətçisi olan X3 qeyd edilən hadisənin ehtiyatsızlıqdan baş verməsində təqsirli bilinərək müvafiq cəzalara məhkum olunmuşlar. Bu nəticə, yuxarı instansiya məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş qərarları ilə təsdiqlənmişdir. Daha sonra müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı tərəfindən (hazırki iş üzrə tərəf olmayan) "xxxx" QSC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə müxtəlif iddialar irəli sürülmüşdür. Hazırki iş İddiaçı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan Məhkəmə digər iddialar üzrə qəbul edilmiş məhkəmə qərarlarını bu qətnamədə təsvir edilməsinə lüzum görmür və bildirir ki, İddiaçı "xxxx" QSC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi (İş № 2(006)-2359/2021) ilə qismən təmin edilərək, mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdeh QSC-dən İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və "xxxx" QSC-nin verdikləri apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-5230/2021) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı və "xxxx" QSC-nin verdikləri kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarla (İş № 2(103)-5230/2021) İddiaçı şikayətinin təmin edilməməsini, "xxxx" QSC-nin şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin baxılması üçün həmin məhkəməyə qaytarılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin işə "xxxx" QSC-nin şikayətinə aid hissədə apellyasiya qaydasında təkrar baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-5230/2021) ilə QSC-nin şikayətinin qismən təmin edilməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun QSC-dən İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi və yuxarıda qeyd edilmiş xx.xx.2021-ci il tarixli qərarında təsbit olunmuş mövqe ondan ibarət olmuşdur ki, iddiaçının ərinin ölməsi və bununla da iddiaçıya mənəvi zərərin vurulması ilə nəticələnmiş cinayət hadisəsi (hazırki iş üzrə cavabdeh olan) təkcə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücüsü X7 deyil, həmçinin (hazırki iş üzrə tərəf olmayan) "xxxx" QSC-nin qorunan keçiddə keçid növbətçisi olan X2 təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində baş vermişdir. Belə olan halda işə (İş № 2(103)- 5230/2021) baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki məsuliyyətin bölünməsini nəzərə almalı idi. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının həmin mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113-cü maddəsinin tələbini və mənəvi zərərin əvəzi olaraq "xxxx" QSC-dən İddiaçı xeyrinə 10.000 manat məbləğində pulun tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5230/2021 №-li iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamənin qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə hazırki iş üzrə cavabdeh MMC-dən də İddiaçı xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 1113.1-ci maddəsinə görə, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 10.000 manat müəyyən edilməlidir. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanan və MPM-nin 385 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzinin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar