Məhkəmə qərarları › İş №2(103)-3560/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3560/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3560/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firudinovnaya qarşı “alimentin miqdarının azaldılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı 2 dəfə nikahda olub. 1-ci nikah xx.xx.2015-ci ildə Cavabdeh ilə, 2-ci nikah xx.xx.2021-ci ildə Nərgiz Qafarova ilə bağlanıb. 1-ci nikah xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulub. 2-ci nikah pozulmayıb. 1-ci nikahdan 1 uşaq – xx.xx.2016-cı il təvəllüdlü Əziz Əzizov, 2-ci nikahdan 1 uşaq – xx.xx.2022-ci il təvəllüdlü Adnan Əzizov doğulub. 1-ci nikahdan doğulan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmə qətnaməsi var. Belə ki, Nərimanov RM-nin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, 1-ci nikahdan doğulmuş 1 uşağın saxlanması üçün iddiaçının aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq uşağın anası Cavabdeh verilsin. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, 1-ci nikahdan doğulmuş 1 uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarı (qazancın 1/4 hissəsi) dəyişdirilərək qazancın 1/6 hissəsi miqdarında aliment tutulsun. Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh Aynura Mursakulova məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Ailə Məcəlləsinin 76.1.2-ci maddəsindən görünür ki, 2 uşağa görə qazancın 1/3 hissəsi miqdarında aliment tutulur. İddiaçı hazırkı tələbini həmin maddənin göstərişi ilə əsaslandırıb. Yəni hesab edir ki, 2 uşağı olduğuna görə 1 uşağa görə tutulan alimentin miqdarı 1/3-in yarısı – 1/6 hissə olmalıdır. Məhkəmə qeyd edir ki, birinci, 76.1.2-ci maddədə göstərilən miqdar mütləq qayda deyil, məhkəmə tərəfindən dəyişdirilə bilər. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsindən görünür ki, həmin miqdar tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İkinci, 76.1.2-ci maddənin göstərişi o hala aiddir ki, uşaqların hər ikisinin valideyni (aliment alan valideyn) eyni olsun. Hazırkı işdə isə uşaqlar ayrı-ayrı nikahlardan doğulub, anaları ayrı-ayrı şəxslərdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindəki məlumatdan görünür ki, iddiaçı əvvəlcə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləyib, aylıq əmək haqqı 5.666,67 manat təşkil edib. Hazırda isə "xxxx"MMC-də mühəndis işləyir, aylıq əmək haqqı 5.950,35 manat təşkil edir. Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci və 2-ci hissələrində əmək haqqından tutulan məbləğlərin miqdarına dair məhdudiyyətlər müəyyən edilib, lakin həmin maddənin 3-cü hissəsində qeyd olunub ki, göstərilən məhdudiyyətlər alimentin tutulmasına şamil edilmir. “İcra haqqında” Qanunun 65.3-cü maddəsindən görünür ki, aliment tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İddiaçıdan tutulan alimentin miqdarı əmək haqqının 70 faizini aşmır. Beləliklə, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar