Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3567/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: Nikah pozulduqdan sonra keçmiş arvadın aliment almaq hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçıl İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-1134/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 doğulmuşdur. Nikah Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-3180/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur.
2. Tərəflər arasında mediatorun iştirakı ilə bağlanmış barışıq sazişinə görə, hazırki iş üzrə cavabdeh iddiaçıya uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini üzərinə götürmüşdür.
3. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “çapçı” vəzifəsində çalışır və onun aldığı əmək haqqı 1.292 manatdır.
4. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı əmək müqaviləsi aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2023-cü il tarixdə övladları Turan dünyaya gəlmişdir. Övladı dünyaya gəldikdən sonra ailə münasibətləri pisləşmiş və birlikdə təsərrüfat aparmaq qeyri-mümkün hala gəlmişdir. Cavabdeh mediasiya təklifi göndərməklə boşanmaq istəyini bildirmişdir. Aralarında bağlanan barışıq sazişi ilə uşağın yetkinlik yaşına çatanadək onun himayəsinə verilməsi və övladının saxlanması üçün 250 manat sabit pul məbləğinin ona ödənilməsi barədə razılığa gəlinmişdir. Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin nikahın pozulması barədə xx.xx.2024-cü il tarixli 2(002)-3180/2024 nömrəli qətnaməsi ilə barışıq sazişi nikahın pozulması hissəsində təsdiq edilmiş və cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsində 13 nömrəli akt qeydi ilə bağlanmış nikah qeydi pozulmuşdur. Himayəsində azyaşlı uşaq olduğundan və ona baxacaq kimsəsi olmadığından işləyə bilmir. Uşaq körpə olduğuna görə davamlı olaraq müayinə və müalicəsi üçün xərclər çəkir. Həmçinin özü də uşağı dünyaya gətirdikdən sonra səhhəti ilə bağlı müalicələr almağa məcbur olur. Cavabdehin uşaq üçün ödədiyi aliment məbləği isə nəinki onun dərmanlarını almağa kömək edir, heç gündəlik yemək və geyim xərclərini qarşılamağa yetmir. Halhazırda işsizdir, ağır maddi şəraitdə övladı və anası ilə birgə yaşayır. Xəstə və yaşlı anasından başqa heç kimi, heç bir gəliri yoxdur. Anası ağır ürək çatışmazlığından əziyyət çəkir və onun müalicəsi üçün heç bir yardım göstərə bilmir. Cavabdehin uşağın saxlanması üçün ödədiyi aliment məbləği ilə övladının xərclərini qarşılamaqda çətinlik çəkir. Özü üçün aliment tələbi ilə Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət edərək Cavabdeh mediasiya sessiyasında iştiraka dəvət etsə də, cavabdeh razılığa gəlməmişdir. Cavabdeh isə dəstək olmaq yerinə onu daha ağır vəziyyətdə qoymaq istəyir. Belə ki, faktiki ailə münasibətləri kəskin pisləşdiyi dövrdə nikah pozulduqdan sonra onun özü üçün tələb edəcəyi alimenti tələb etməməsini bildirmiş, əks təqdirdə nikahda olduqları müddət ərzində xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-dən ondan xəbərsiz öz şəxsi istifadəsi məqsədilə götürdüyü kredit məbləğinin aralarında bölünməsinə dair məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mediasiya və məhkəmə proseslərində bununla bağlı şifahi razılıq əldə etsələr də, cavabdeh sözünü tutmayaraq məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsində kreditin təyinatı olaraq Cavabdeh yeni övladının dünyaya gəlməsi göstərilsə də, o, Qaradağ Rayon Məhkəməsinə ünvanladığı müqavilənin dəyişdirilməsi tələbinə dair iddia ərizəsində həmin məbləği onun müalicəsi məqsədilə aldığını qeyd edib. Qeyd edilənlər tamamilə əsassız olmaqla həqiqəti əks etdirmir. Sözügedən iddia ərizəsinə dair etirazını məhkəməyə ünvanlamışdır.
7. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz göndərərək qeyd etmişdir ki, iddiaçının bu işlə bağlı ilkin olaraq ona təklif göndərməsindən xəbərsiz olmuşdur, bundan əlavə mediasiya prosesində onun iştirakı təmin edilməmişdir. Baxmayaraq ki, onun yaşadığı ünvanı da bəllidir, mobil nömrələri də aktivdir. Bu iddiadan elektron məhkəmə sisteminə daxil olarkən xəbəri olmuşdur. İddiaçı ilə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış, həmin barışıq sazişinin şərtlərinə əsasən hər ay uşağın saxlanılması üçün iddiaçıya 250 manat pul məbləğində aliment ödəyir. Bundan əlavə aralarında bağlanmış barışıq sazişinə əsasən hər həftənin şənbə və bazar günləri 14:00dan 17:00-a dək uşaqla ünsiyyətdə olmaq hüququ vardır. Cavabdeh iddia ərizəsində qeyd edir ki, onun ödədiyi aliment müalicə və dərman xərclərinə yetmir. Məhkəmənin nəzərinə çatdırır ki, o, hər dəfə uşaqla ünsiyyətdə olduqda ödədiyi aliment miqdarından əlavə uşağın digər xərclərinin ödənilməsində də iştirak edir. İddiaçı birgə nikah dövründə əldə olunmuş kreditin guya ki, onun öz şəxsi ehtiyacları üçün götürdüyünü qeyd edir. Lakin, kredit müqaviləsində kreditin təyinatının müştərinin yeni övladının dünyaya gəlməsi ilə bağlı olduğu bildirilir. Bununla bağlı sənədi də etiraz sənədinə əlavə edir. Kredit müqaviləsindən göründüyü kimi hər ay o, 490 manat kredit ödəyir. Bundan əlavə 250 manat aliment ödənişi edir. Özü hal-hazırda evi olmadığı üçün kirayədə yaşayır, aylıq kirayə haqqı kommunal ödənişlərlə bilrikdə 250 manat təşkil edir. İş yerindən aldığı əmək haqqı 1.100 manat təşkil edir. Qeyd etdiklərindən də göründüyü kimi aylıq onun xərcləri 990 manat təşkil edir. Ona qalan 110 manatla isə aydın məsələdir ki, bu günkü gün üçün yetərli deyildir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Odur ki, İddiaçı aliment tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 1134/2025 nömrəli qətnaməsi ilə (hakim K.B.Əsədov) iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması, aliment tələbi ilə bağlı Cavabdeh 32 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bildirdiyinə görə, o, övladı körpə olduğuna və sağlamlıq durumu ilə bağlı qayğılarına görə əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, cavabdehdən özü üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Cavabdeh əmək haqqı almaqla, ödəniş qabiliyyətlidir.
10. Məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəllənin 84.1, 84.2, 84.2.2, 100.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın 50 manat həcmində qismən təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılaraq həmçinin qeyd etmişdir ki, onun real gəliri 1.142 manatdır. xx.xx.2025-ci il tarixli kirayə müqaviləsindən görünür ki, o, ünvan 2 ünvanında kirayə qalır və 250 manat kirayə haqqı ödəyir. "xxxx" QSC-ə 16.000 manat kredit borcu mövcuddur və onun təyinatı ailə ehtiyacları üçün nəzərdə tutulmuşdur. Aylıq kredit ödənişi 490 manatdır. İş materiallarına əlavə edilmiş istehlak krediti komitə qərarından görünür ki, kreditin ümumi ödəniş müddəti 48 aydır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbayan Respublikasının Ailə Məcəlləsi Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
22. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verilməmiş, bunun nəticəsi olaraq maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.
23. İşdən müəyyən olunur ki, tərəflər arasındakı nikah Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Birinci instansiya məhkəməsi bunu nəzərə almamış, qətnamədə Ailə Məcəlləsinin 84-cü maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə nikahda olan ər-arvadla bağlı münasibətləri tənzimləyir.
24. Kollegiya ilkin olaraq qeyd edir ki, nikah pozulduqdan sonra uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşdüyündən, eyni zamanda uşaq azyaşlı olduğundan və iddiaçının işləmək imkanı olmadığından uşağın 3 yaşına çatanadək saxlanılması üçün maddi təminatın aliment kimi digər valideyndən tutulması zəruridir.
25. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “çapçı” vəzifəsində çalışır və onun aldığı əmək haqqı 1.292 manatdır.
26. Kollegiya, Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən tərəflərin övladının 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarının 100 manat məbləğində müəyyən edilməsini qanunvericiliyin tələblərinə uyğun hesab edir.
27. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 1134/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tələbi ilə bağlı Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.