Məhkəmə qərarları › İş №2(103)-3574/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3574/2021

14.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3574/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-587/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun məzuniyyətdə olduğu müddət, ona ödənilməli olan əməkhaqqının hər ay 400 manatdan hesablanmaqla və son haqq hesab daxil olmaqla ona ödənilməsi, xx.xx.2019dan xx.xx.2019 tarixədək və iyul ayı üçün əmək haqqı şirkətin laqeydliyi ucbatından ödənilmədiyinə görə həmin müddətin ona iş günü kimi hesablanması, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi o, iki deponun gözətçisi olduğundan ona görülən iş müqabilində əmək haqqının ödənilməsi, işlədiyi 16 ay ərzində bütün bayram günlərində işlədiyindən bunun müqabilində əmək haqqı ödənilməsi, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi müqavilədə göstərilən qaydada yemək pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-587/20) iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 2075 (iki min yetmiş beş) manat məbləğində əmək haqqının İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, Cavabdeh MMC-dən 30 (otuz) manat məbləğində pulun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildən “xxxx MMC” mağazalar şəbəkəsində anbar mühafizəçisi vəzifəsində işləyir. Həmin işə başlamazdan əvvəl depo müdiri Bülent Dalğa ilə şifahi danışıq aparıb razılaşdıqdan sonra əmək müqaviləsi bağlamışlar. Bülent Dalğa şifahi sövdələşmə zamanı ona bildirmişdir ki, ilk iki ay müddətində aylıq maaşı hər ay üçün 400 AZN olacaq, sonrakı aylarda isə maaşı artırılacaq və işə gedib-gəlməsi üçün servis xidməti təşkil olunacaq. Bundan başqa, onun vəzifəsi deponun girişində onun üçün ayırılmış səyyar otaqdan depoya gəlib-gedən maşınlara və insanlara nəzarət etməkdir. İş həftəsi 6 iş günü, iş günü saat 8:00-dan 18:00a qədər, şənbə günləri isə 8:00-dan 14:00-a qədər, bazar günləri isə istirahət günü olacaq. Bülent Dalğa ona bildirmişdir ki, sutkanın gecə saatlarında deponun təhlükəsizliyini digər iki mühafizəçi təşkil edəcək. O, işə başladıqdan iki ay sonra deponu iki hissəyə bölüb bir hissəsini Zaur və Pərvin adlı şəxslərə aid şirkətə icarəyə verdi və həmin hissənin də keşikçiliyini ona həvalə etdi. O, Bülənt bəyə iş sövdələşməsində belə danışıqlarının olmadığını bildirmişdir. Ona cavabı belə oldu ki, “narahatçılığa heç bir səbəb yoxdur və görəcəyi əlavə işin müqabilində artıqlaması ilə ödəniş olunacaq”. Bir neçə dəfə o, Bülənt bəyə etirazını bildirmiş və hər dəfəsində ona əlavə ödəniş olunacağını vəd edərək aldatmışlar. Bülənt bəy eyni əməlləri tək ona yox, depoda işləməyə gələn bütün işçilərə qarşı etmişdir - bütün kollektivi saat 8:00-dan 22:00-a qədər işlətmişdir. İşlədiyi depo “Sərin MMC”-yə aiddir. Deponun icarə haqqı gecikdirildiyinə görə dəfələrlə şifahi xəbərdarlıq edilməyinə baxmayaraq “xxxx MMC” icarə haqqını ödəmədi və xx.xx.2019-cu il tarixdə deponun açarları ondan tələb edildi və o, bu barədə Bülənt bəyə telefon vasitəsilə xəbər verdi. Bülənt bəy ona bildirdi ki, açarları “Sərin MMC”-in işçilərinə təhvil versin. Bu hadisədən sonra Bülent bəy ona bildirdi ki, xəbər gözləsin və o, bu məsələni qaydasına salıb ona xəbər edəcək. Keçən müddət ərzində iki dəfə ona depoya yaxınlaşmaması və öz vəzifəsini icra etməyə başlamasını bildirsə də onu “Sərin MMC”-in işçiləri depoya buraxmadılar və icarə haqqının ödənilməsi məsələsi həll edilə bilmədi. xx.xx.2019-cu il tarixdə Bülənt bəy ona zəng edərək məzuniyyətə çıxmasını tələb etdi. O, ofisə yaxınlaşıb məzuniyyətə çıxmaq barədə ərizə yazmaq istəyərkən ofisin işçiləri Bülənt bəyin münasibət bildirməsinin lazım olduğunu dedilər və o, Bülənt bəyə zəng etdi. Bulənt bəy isə onun xəbəri olmadan ofisə yaxınlaşmasını bəhanə edərək onun iyul ayına görə alacağı məvacibi ödəməyəcəyini bildirdi. O, isə ərizə yazaraq məzuniyyətə çıxdı və ona məzuniyyət haqqı ödənilmədi. Hal-hazırda “xxxx MMC” iyul ayının əmək haqqı və məzuniyyət pulunu ödəməyib. Artıq 4 dəfə ofisə gedib-gəlsə də pul olmadığını bildirib ödəniş etməmişlər. O, xx.xx.2019-cu il tarixdə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Xidməti 3 saylı region üzrə X1 şikayət ərizəsiylə müraciət etmiş, qurumdan ona cavab olaraq bildirmişlər ki, Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi tətbiq edilməklə İnzibati Protokol tərtib edilmişdir. Lakin, bu da mənə əmək haqqı ödənilməsində heç bir dəyişikliyə səbəb olmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı işdən çıxarılmağını məhkəmə qətnaməsində bilmişdir. Onun əmək kitabçası cavabdeh təşkilatda qalıb və indiyədək ona təqdim edilməyib. Əmək kitabçası olmadığına görə başqa işlə təmin edilə bilməyib. O, məhkəmə iclasında iddiası barədə geniş izahat verib iddianın əsaslılığını sübut etmişdir. Ola bilər hüquqi savadsızlığına görə nəyi isə düzgün başa düşməmişdir. Hakim bunu nəzərə almalı idi. Daha sonra birtərəfli qaydada işdən çıxarılmağı ilə bağlı ona son haqq-hesab və məzuniyyət pulu hesablanmamış, bu hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırma predmeti olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir. İddianın təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi barədədir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxx 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-yə anbar mühafizəçisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsində onun müddətsiz bağlandığı və işçinin əmək haqqının hər ay 200 manat məbləğində müəyyən edildiyi qeyd olunmuşdur. Əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə xitam verilmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı əmək haqqı ödənilmədiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinə şikayət etmiş və Xidmətin 3 saylı region üzrə X2 şikayət üzrə müvafiq araşdırma apararaq müəyyən etmişdir ki, Cavabdeh MMC tərəfindən təqdim olmuş məktuba əsasən şirkətin maliyyə vəziyyəti pis olduğundan vətəndaşa iyul ayının əmək haqqı ödənilməmiş, ödəmələrdə gecikmələr yarandığı və əmək məzuniyyətində olmadığı bildirilmişdir. Cavabdeh MMC tərəfindən vətəndaşın əmək haqqının ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi tətbiq edilməklə ******* nömrəli xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Bank Respublika ASC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş hesab haqqında məlumatdan görünür ki, İddiaçı əmək haqqı kartına sonuncu dəfə xx xxxx 2019cu il tarixdə əməkhaqqı köçürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2020-ci il tarixli məktubla göndərdiyi siğortaolunan hesabı barədə məlumatdan isə görünür ki, İddiaçı 2019-cu ilin iyul ayı üçün 200 manat, avqust ayı üçün 200 manat, sentyabr, oktyabr noyabr ayları üçün 250 manat və dekabr ayı üçün 925 manat hesablanmış, lakin ödənilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq iddianı qismən təmin etmiş və cavabdehdən iddiaçın xeyrinə 2075 (iki min yetmiş beş) manat məbləğində əmək haqqının tutulmasını qət etmişdir. Məhkəmə bu qənaətə gələrkən Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2020-ci il tarixli məktubunu əsas götürmüşdür. Birinci instansiya məhkəməsi iddianın qalan hissəsinin təmin olunması üçün mötəbər sübutlar təqdim olunmadığını göstərmiş və mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Apelyatorun mövqeyinə görə, o, birinci instansiya məhkəməsində iddia ilə bağlı geniş əsaslandırma apararaq iddianı tam sübuta yetirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsinin əsaslılığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız birinci instansiya məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Bu baxımdan məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddianın təmin olunmayan hissəsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar