Məhkəmə qərarları › İş №2(103)-3584/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3584/2020

10.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3584/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-6697/2019 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı “son haqq-hesabın ödənilməsi, gecikdirilmiş hər gün üçün ödəncin tutulması tələbinə dair” iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilən son haqq hesab olaraq 16950 manat məbləğin ödənilməsinin 91 gün gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğində pul vəsaiti- 15424,5 manat, mənəvi zərərə görə 5000 manat, məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə ödənilmiş 210 manat pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxxxxx” MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, əmək müqaviləsi bağlamaqla xx xxxx 2011-ci il tarixdən Cavabdeh MMC-yə aparıcı mütəxəssis təyin edilmişdir. Daha sonra xx xxxx 2013-cü il tarixdən MMC-nin kommersiya və logistika departamentinə direktor vəzifəsinə keçirilmişdir. Daha sonra xx xxxxxxx 2015-ci il tarixdə Kommersiya Departamentinə direktor vəzifəsinə keçirilmişdir. xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona 1 ay qabaqcadan xəbərdarlıq edilmiş və göstərilmişdir ki, 77-ci maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti ödəniləcəkdir. Həmçinin 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü bəndinə əsasən müvafiq razılığın əsasında orta aylıq əmək haqqının 1,4 mislini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xx xxx 2019-cu il tarixdən xitam verilməsi təklif edilmişdir. Göstərilən işdən çıxma müavinəti ona ödənilməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 7.1ci maddəsində göstərilmişdir ki, işçiyə hər ay qanunvericiliklə nəzərdə tutulmuş vergilər və digər tutulmalar daxil olmaqla 3090,28 manat əmək haqqı ödənilir. Göründüyü kimi 3090,28 manat məbləğində əmək haqqı vergilər və digər tutulmalar daxil olmaqla göstərilmişdir. Həmin məbləğdən vergilər və digər tutulmalar çıxıldıqda isə müəyyən olunur ki, iddiaçıya faktiki olaraq verilməli olan əmək haqqı 2564,93 manat təşkil edir. Həmin müqavilənin 7.4- cü bəndinə əsasən əmək haqqı ayda bir dəfə ayın sonuncu iş günü işçinin bank hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi vaxtdan etibarən bu günə kimi ala bilmədiyi orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdən çıxma müavinəti- 6420 manat (3777x1,7= 6420) təşkil edir. Cavabdeh tərəfindən xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan əmək haqqının 1,4 misli- 5287manat (3777x1,4=5287) təşkil edir ki, bu da cavabdeh tərəfindən ona ödənilməmişdir. Əmək müqaviləsinin 6.1-ci bəndinə əsasən işlədiyi hər iş ilinə görə 30 təqvim günü ödənişli əsas məzuniyyət hüququ müəyyən edilmişdir. Buna baxmayaraq qanunvericiliklə nəzərdə tutulan istifadə etmədiyi məzuniyyət günləri üçün pul əvəzi ona ödənilməyib. xx xxxx 2018- ci il tarixdən xx xxx 2019-cu il tarixədək “xxxxxxxxxxxx” MMC-də işlədiyi dövr üçün 36 gün istifadə etmədiyi əmək məzuniyyətinin (30 gün əsas, 6 gün əlavə) əvəzi olaraq 3708,336 manat (3090,28:30x36=3708,336) manat təşkil edir. Son haqq-hesabı artıq 75 gündür ki, ona verilmir. Əmək müqaviləsi üzrə sonuncu dəfə xx xxxxx 2019-cu il tarixində 2.081 manat məbləğində ödəniş almışdır. Ərizəni təqdim etdiyi günə qədər gecikməyə görə cavabdehin ona 11561,502 manat borcu yaranmışdır.((6420+5287+3708,336)xl/l00x75=11561,502). Cavabdehdən onunla son haqq-hesabın aparılması və bununla bağlı ona ödənişin təqdim edilməsini tələb etmişdir. Cavabdeh onun müraciətlərinə məhəl qoymamışdır. Cavabdehin hərəkətindən Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etmişdir. Cavabdeh onun əmək haqqını ödəməkdən qərəzli şəkildə boyun qaçırır, bununla da ona maddi zərərlə bərabər mənəvi zərər də vurur. Cavabdehlə onun bağladığı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, işçilərin sayı və ya ştatları ixtisar edildiyinə istinad etmişdir. Ondan başqa 15 nəfərə yaxın işçinin əmək müqaviləsinə eyni əsasla xitam verilmiş, hər birinə son haq-hesab məbləği tam olaraq ödənilmişdir. Uzun illər qüsursuz şəkildə məsul vəzifədə çalışdığı və əldə etdiyi gəlirlərində onun da böyük rolunun olduğu halda müəssisənin belə ögey və qərəzli münasibəti onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. 75 gündür ki, cavabdeh MMC mülkiyyəti hesab edilən əmək haqqını ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Onunla bərabər əmək müqaviləsi ləğv edilmiş digər işçilərin son haqq hesab məbləği ödənilmişdir. Cavabdehin ona vurduğu mənəvi zərərə görə 5000 manatın xeyrinə tutulmasını tələb edir. Məhkəməyə iddia vermək üçün vəkil ilə müqavilə bağlamalı olmuşdur. Müqavilənin bağlanmasıüçün 210 manat xərc çəkmişdir. Bu xərcin əvəzinin də cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdehin ona ödəməli olduğu məbləğin hesabını əlində olan sənədlərlə aparmışdır. Halbuki, məsələyə sübut etmə yükü aspektindən yanaşdıqda qeyd edilən xüsusatların sübut edilməsi yükü cavabdehin üzərinə düşür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-6697/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə 14123,2 manat pul vəsaitinin tutulması, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə ödənilmiş 210 manat və 30 manat dövlət rüsümundan ibarət məhkəmə xərclərinin 70%, yəni 168 manatın cavabdeh “xxxxxxxxxxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan 30%, yəni 72 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxxxxxxxxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilməyən hissədə ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı əmək münasibətlərinə xitam verilərkən, əmək qanunvericiliyinin bütün müddəalarına əməl edilmişdir. Bildiyimiz kimi, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Belə ki, işəgötürən tərəfindən İddiaçı aid əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, (işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən) xitam verilərkən əmək qanunvericiliyi üzrə nəzərdə tutulan təminatlarla təmin edilsin. İddiaçı ona ödənilməli olan son haqq-hesabın ödənilməsi və işəgötürən tərəfindən son haqq-hesabın gec ödənilməsi ilə əlaqədar Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsaslanaraq, hər gecikdirilmiş gün üçün işçiyə hesablanmış məbləğin ən azı bir faizi həcmində ödənc verilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, 1-ci instansiya məhkəməsi qərar qəbul etməmişdən öncə işəgötürən tərəfindən işçinin son haqq- hesabı əmək qanunvericiliyinə uyğun olaraq hesablanılıb iddiaçıya ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsini səhv təfsir etmiş və nəticə etibarilə düzgün qərar qəbul etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində “əmək haqqı” ifadəsi işlədilmişdir. Halbuki, ƏM-nin 77-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisarı səbəbindən işdən çıxarıldıqda işəgötürən işçiyə işdənçıxma müavinəti ödəyir. Lakin, iddiaçı gecikdirməyə görə tətbiq olunan ən azı bir faiz məbləğində ödənci əmək haqqı deyil, ümumilikdə son haqq-hasab üzərindən hesablamışdır. ƏM-nin 157-ci maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Taarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisar səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə-əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat-əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. X10 əmək qanunvericiliyinə uyğun olaraq ödənilən son haqq-hesaba aşağıdakı ödənişlər daxil edilmişdir. 1.İşdən çıxdığı günə qədər əmək haqqı; 2.İstifadə olunmamış əmzuniyyət günləri üçün pul əvəzi; 3.İxtisar ilə əlaqədar “Xəbərdarlıq” müddəti ərzində birdəfəlik əmək haqqı; 4.İxtisar ilə əlaqədar ödənilmiş işdən çıxarma müavinəti. ƏM-nin 157-ci maddəsinə əsasən məlum olur ki, İddiaçı ödənilmiş son haqq-hesaba daxil olan ödənişlərdən ƏM-nin 144-cü maddəsinə əsasən istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və ƏM-nin 77-ci maddəsinə əsasən ixtisar ilə əlaqədar ödənilmiş işdənçıxarma müavinəti “əmək haqqı” ifadəsinə daxil deyil. Lakin birinci instansiya məhhkəməsi tərəfindən həmin ən azı bir faiz ödənci əmək haqqı üzərindən deyil, ümumi hesablanmış məbləğ üzərindən hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X8 və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğuen izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini- qətnamənin “iddiaçıya ödənilən son haqq hesab olaraq 16950 manat məbləğin ödənilməsinin 91 gün gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğində pul vəsaiti-15424,5 manatın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnaməni yalnız həmin hissədə mübahisələndirmiş, iddiaçı tərəf isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-6697/2019 saylı qətnaməsi mübahisələndirilən-14123,2 manatın tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 2102,13 manat pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 9 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, xxxxxxxxxxxx MMC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. İş materialında olan əmək kitabçasından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixində xxxxxxxxxxxx MMC-yə aparıcı mütəxəssis təyin edilmiş, xx.xx.2013-cü il tarixdən həmin MMC-də Kommersiya və logistika Departamentinə Direktor vəzifəsinə keçirilmiş, xx.xx.2019-ci il tarixində isə işçilərin sayı və ya ştatlar ixtisar edildiyindən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıq bildirişinin surətindən məlum olur ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77ci maddəsinin 3-cü bəndinə əsasən aylıq əmək haqqı 1,7 misli miqdarında işdən çıxma müavinətinin ödənilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində 1 (bir) iş günü əmək haqqı axtarılması məqsədi ilə ona şərait yaradılması, ona altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən müvafiq razılığı əsasında orta aylıq əmək haqqının 1,4 mislini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xx.xx.2019 -cu il tarixində xitam verilməsini təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları barədə çıxarışın surətindən görünür ki, “xxxxxxxxxxxx” MMC xx.xx.2009cu il tarixindən dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi X4r. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış, xx xxxx 2020-ci il tarixli hesablama-ödəmə cədvəli, xx xxxx 2019-cu il tarixli “A” formatlı 00462/19 saylı ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı ödənilən son haqq-hesab 15501,06 manat təşkil etmişdir. Həmin məbləğə 2310,04 manat vəzifə maaşı, 7161,12 manat işdənçıxarma müavinəti, 11028,87 manat istifadə olunmamış məzuniyyət günlərinin kompensasiyası, cəmi hesablanmış məbləğ 20500,03 manat, işçiyə cəmi ödənilən məbləğ 15501,06 manat təşkil edir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki halda mübahisələndirilən hissədə iddia tələbinini qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 172-ci maddəsinin 5-ci hissəsi təşkil edir. Həmin maddəyə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd olunan maddənin dispozisiyasına görə əmək haqqının gecikdirilməsi halında və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, faiz məbləğində ödəncin ödənilməsi nəzərdə tutulub. ƏM-nin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. ƏM-nin 157-ci maddəsinin 4-cü hissəsinə əsasən tarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. ƏM-nin 157-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə-əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. ƏM-nin 157-ci maddəsinin 6-cı hissəsinə əsasən mükafat-əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Kollegiya hesab edir ki, iddiaçıya ödənilən son haqq-hesabın tərkibinə daxil olan əmək haqqı olaraq 2310,04 manat vəzifə maaşına görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmalı, 7161,12 manat işdənçıxarma müavinəti, 11028,87 manat istifadə olunmamış məzuniyyət günlərinin kompensasiyası əmək haqqına daxil olmadığı üçün, həmin məbləğlər nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin cavabdehə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********6 saylı məktubundan da görünür ki, işdənçıxarma müavinəti (ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsi) və işdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (ƏMnin 144-cü maddəsinin 2-ci hissəsi) “əmək haqqı” anlayışına əsasən əmək haqqı hesab edilmir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, qətnamə qismən təmin olunan 14123,2 manatın tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 2102,13 manat (2310,04x1%x91 gün=2102,13) manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərin etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə ödənilmiş 210 manat və 30 manat dövlət rüsümundan ibarət məhkəmə xərclərinin iddia tələbinin təmin olunmuş (12%) hissəsinə münasib olması nəzərə alınmaqla, 168 manatın cavabdehdən tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 28,8 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)- 6697/2019 saylı qətnaməsi mübahisələndirilən-14123,2 manatın tutulması hissəsində dəyişdirilsin. “xxxxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə 2102,13 (iki min yüz iki manat on üç qəpik) manat pul vəsaiti tutulsun. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə ödənilmiş 210 manat və 30 manat dövlət rüsümundan ibarət məhkəmə xərclərinin iddia tələbinin təmin olunmuş (12%) hissəsinə münasib olması nəzərə alınsın, 168 manatın cavabdehdən tutulması hissəsində qətnamə dəyişdirilsin. “xxxxxxxxxxxx” MMC-dən İddiaçı xeyrinə 28,8 (iyirmi səkkiz manat səksən qəpik) manat tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar