Məhkəmə qərarları › İş №2(103)-3586/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3586/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3586/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 cavabdeh X11 qarşı iş üzrə (Açar sözlər: nikahın pozulması, uşağın himayəyə verilməsi və alimentin tutulması) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı X5 cavabdeh X11 qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X12 ilə cavabdeh X15 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseynli, arvada Hüseynli soyadı verilmişdir. Tərəflərin iki uşağı var: xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X16. Uşaqlar hazırda iddiaçının yanında qalır və onun himayəsindədir. Elektron məhkəmə informasiya sisteminin məlumatına əsasən iddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetində mühasib vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqısı 800 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən cavabdeh X15 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışır, aylıq pul təminatı 2022-ci ilin yanvar-sentyabr aylarında hər ay 2.046,30 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X12 cavabdeh X11 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh X15 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq, cavabdeh X8 aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh X15 ilə xx.xx.2020-ci il tarixdə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X13 və xx.xx.2016-cı il tarixdə X16 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri bir müddət yaxşı olsa da, sonradan cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Belə ki, cavabdeh ona başqa qadınla xəyanət etməklə, öz profilini həmin qadına verərək, bu profil vasitəsilə onu təhqir etmiş, ailə dəyərlərini heçə saymışdır. Onlar faktiki olaraq bir ailə kimi yaşamırlar. O, hazırda 2 uşağı ilə birlikdə atasına məxsus olan mənzildə çox çətinliklə məskunlaşmışdır. Ailə münasibətlərinin bərpası qeyri-mümkündür., nikahları formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpa edilməsinin qeyrimümkünlüyü cavabdehin dəvət edilməsinə baxmayaraq, mediasiya prosesində iştirak etməməsi ilə bir daha sübut olunur. Belə olan halda, hesab edir ki, aralarında bağlanmış nikah pozulmalı və birgə nikahdan doğulmuş uşaqlar onun yanında qalmalıdır. Bununla yanaşı cavabdeh son vaxtlar atalıq borcunu da yerinə yetirmir və uşaqlarına maddi yardım göstərmir. Bu səbəbdən uşaqların tələbatlarını qarşılaya bilmir. Bu səbəbdən hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq, hər ay hər uşaq üçün aliment də tutulmalıdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X12 ilə X15 arasında xx.xx.2020ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 74 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 anası X5 himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X8 aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi (1/3) miqdarında alimentin X5 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. (hakim X14)

5. Məhkəmə iddia tələbini təmin edərkən qeyd etmişdir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığının olmaması səbəbindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən onlara barışıq üçün 3 ay müddət müəyyən etməklə iş təxirə salınmış, lakin belə barışıq əldə olunmamış və məhkəmə baxışı iclasında iddiaçı nikahın pozulmasında israrlı olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə iddianın nikahın pozulması hissəsində təmin edilməsini əsaslı və qanuni hesab etmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddiaçının və cavabdehin birgə nikahından doğulmuş uşaqların mənafeyi baxımından onların iddiaçı (anası) X5 yanında saxlanılması məqsədəmüvafiqdir. Həmçinin, məhkəmə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh X8 aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin X5 xeyrinə tutulmasını ədalətli və əsaslı hesab etmiş və aliment məbləğinin iddia ərizəsi məhkəməyə daxil olduğu, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalı olması qənaətinə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci, 22-ci, 75-ci, 76-cı, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 234-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh X15 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd eidlməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir səbəb olmadan nikahın pozulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iddiaçının boşanmaq üçün səbəb kimi qeyd etdiyi heç bir halı araşdırmamış və bunun nəticəsində nikahın pozulması barədə qətnamə qəbul etmişdir. O, hər zaman ailəni qoruyub saxlamağa çalışmış, bu gün də apellyasiya şikayəti verməkdə məqsədi ailənin dağılmasının qarşısını almaq olmuşdur. İddiaçıya dəfələrlə ailəni qoruyub saxlamağa çalışaraq nikahın pozulmasının tərəfdarı olmadığını bildirmişdir. Aralarında olan problemləri danışıq və sülh yolu ilə məhkəmədən kənar həll olunmasına çalışmışdır. O, iddiaçı ilə bir ailə kimi yaşamaq arzusundadır. İddiaçı onunla ailə həyatı barədə heç bir söhbət etmədən və məlumat vermədən məhkəməyə müraciət edərək, nikahı pozmuşdur. Məhkəmə tərəfindən 3 ay barışıq üçün müddət verilsə də həmin müddətdə o, bir dəfə də olsun iddiaçı ilə bir araya gəlib söhbət edə bilməmişdir. Ailə Məcəlləsində də qeyd olunmuşdur ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. O, qəti şəkildə nikahın pozulmasına qarşı olduğunu, ailəsinin bərpasına çalışdığını bildirsə də məhkəmə tərəfindən iş araşdırılmadan yekun qərar qəbul edilmişdir. Belə ki, onların birgə yaşamağı və ailələrinin bərpası mümkündür. Bundan əlavə o, faktiki olaraq Abşeron rayonunda yaşayır, lakin onun ünvanına məhkəmə tərəfindən bildiriş göndərilməmişdir. Buna görə də məhkəmə iclasının xx.xx.2023-cü il tarixdə keçirilməsindən məlumatı olmamışdır. Hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona məlumat verilmədiyindən, birinci instansiya məhkəməsində işə baxılmasında iştirakı təmin edilməmişdir. Beləliklə, məhkəmə iddiaçının qeyd etdiyi dəlillərin heç birini araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 6-cı bəndinə əsasən nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu barədə çıxarılan qərardad məhkəmə iclas protokoluna yazılır. Ayrıca akt şəklində tərtib olunmadığına və işin sonrakı hərəkətinə mane olmadığına görə ondan şikayət verilmir (MPM-nin 395.1.2-ci maddəsi). Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, iş üzrə qətnamə isə bu tarixdən təxminən 6 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. Həmin müddət ərzində iş üzrə 5 dəfə, yəni xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə məhkəmə iclasları keçirilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh şəxsən iştirak etmiş və növbəti, yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclası barədə məlumatlı olmuşdur. Lakin həmin və növbəti, yəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasına hər hansı üzürlü səbəb göstərmədən gəlməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli məhkəmə iclası barədə ona istifadəsində olan ***-***-**-** nömrə vasitəsi ilə də məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə isə tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilməklə, işə baxılması xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Həmin müddət ərzində isə tərəflər arasında barışıq olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, nikahın pozulmasına təkid etmişdir.

23. İşin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman məhkəmə iclasının yeri və vaxtı barədə məlumat cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, cavabdeh yenə də məhkəmə iclasında iştirak etməmiş, iddiaçının isə nikahın pozulmasına təkid etməsi mövqeyi (apellyasiya icraatı daxil) artıq 8 aydan artıq müddət ərzində dəyişilməz qalmışdır.

24. Bununla belə, məhkəmə kollegiyası ötən dövr, o cümlədən müəyyən edilmiş barışıq müddəti ərzində tərəflər arasında barışığın əldə edilməməsini, iddiaçının nikahın pozulmasına təkid etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Bu halın mövcudluğu, habelə ailə münasibətlərinin hüquqi tənziminin qadınla kişinin nikahının könüllülüyü prinsiplərinə uyğun həyata keçirilməsi onların arasında bağlanmış nikahın pozulmasını şərtləndirir.

25. Cavabdeh özü də apellyasiya şikayətində barışıq müddəti ərzində bir dəfə də olsun iddiaçı ilə bir araya gəlib söhbət edə bilmədiyini qeyd etmişdir. Halbuki, ailə qanunvericiliyinin yaratdığı bu imkan heç də qısa olmayan zaman kəsiyini əhatə etməklə məhz tərəflərin, yəni bilavasitə ərlə arvadın öz arasında mübahisəni yaratmış məsələlər üzrə razılığa gəlib, nəticədə barışıq əldə etməsinə xidmət edir. Belə olan halda, cavabdehin qeyd etdikləri onların birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyünün real göstəricisidir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsinin xahiş edildiyini, habelə Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərini nəzərə alıb, iddia tələbinin yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında saxlanılması və aliemntin tutulması hissələrinə də münasibət bildirməyi zəruri hesab edir və iddiaçının uşaq tələbini, cavabdehin buna etiraz etməməsini, uşaqların artıq iddiaçı ilə yaşamasını, habelə onların təvəllüdünü və digər diqqətəlayıq halları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş uşaqları iddiaçının yanında saxlamışdır.

27. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin müntəzəm gəlirə (aylıq əmək haqqı) malik olmasını, onun aylıq əmək haqqı məbləğini, alimentin onun əmək haqqından müəyyən hissə kimi tutulmasını qeyri-mümkün edən hər hansı halın müəyyən edilmədiyini, tərəflərin maddi və ailə vəziyyətini, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2022-ci və 2023-ci illər üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qanuni və əsaslıdır.

28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X10 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X10 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-291/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi cavabdeh X10 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X11 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar