Məhkəmə qərarları › İş №2(103)-3590/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3590/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3590/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-933/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiyə Nazirliyinin N nömrəli hərbi hissəsinə feldşer vəzifəsinə təyin edilmiş, bundan sonra nazirliyin müxtəlif hərbi hissələrində bu vəzifədə çalışmış, xx.xx.2017-ci il tarixdə isə hərbi xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxılmışdır.

2. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, müxtəlif müddətə (X2 6 il 10 ay 10 gün, X12 5 il 8 ay 5 gün, X5 6 il 8 ay 5 gün, X8 4 il 10 ay 10 gün) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1-1(103)-38/2024 saylı qərarı ilə həmin hökm bu şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair hissədə dəyişdirilmiş, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar onlar təqsirli bilinərək həmin maddələr üzrə onlara cəza təyin olunmamış və nəticədə onların hər birinin cəzası 3 ay müddətinə azaldılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2025-ci il tarixli, 1-1(102)-43/2025 saylı qərarı ilə bu nəticə ilə razılaşmışdır.

3. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və nəticə etibarı ilə sübuta yetirilmişdir ki, iddiaçı şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işi ilə bağlı iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə (qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq, psixi təzyiq göstərməklə) xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin inzibati binasında saxlanılmış və həmin müddət ərzində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Bu müddət ərzində yuxarıda göstərilən şəxslər tərəfindən iddiaçı işgəncələrə məruz qalmış, o cümlədən silah və silah qismində istifadə edilən əşyadan istifadə edilməklə ona həyatı və sağlamlığı üçün təhlükəli olan zor tədbiq edilmiş, habelə onun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nufuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə ləkələnmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 24.360 manat məbləğində maddi ziyan, vurulmuş mənəvi zərərə görə isə 200.000 manat olmaqla, cəmi 224.360 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, qanunsuz və əsassız əməllərə məruz qaldığı zaman, yəni 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tibb hissəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edirdi. Sonradan o digər hərbi hissənin tibb hissəsinin feldşeri vəzifəsinə təyinat almış və 2017-ci ilin noyabr ayında, öz iradəinə zidd olaraq hərbi xidmətdən ehtiyata buraxılana qədər xidmətini davam etdirmişdir. O, ehtiyata buraxıldıqdan sonra 2019-cu ilin dekabr ayında Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətə bərpa olunmuşdur. Beləliklə, ona dəymiş maddi ziyan 2017-ci ilin noyabr ayından etibarən 2019-cu ilin dekabr ayına qədər olan dövrü əhatə edir ki, bu da 24 ay təşkil edir. Ona məxsus olmuş əmək haqqı kartı üzrə çıxarışlardan görünür ki, onun 2017-ci ildə hərbi xidmətdə olarkən aylıq gəliri 1.015 manat təşkil etmişdir. Beləliklə, 24 ay ərzində onunla yeni əmək müqaviləsi bağlanılmasından əsassız və qanunsuz imtina edilməklə o, 24.360 manat (24 x 1.015 = 24.360) qazancından (əldən çıxmış fayda) məhrum olmuşdur. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. O, ehtiyata buraxılandan sonra yaşadığı rayon sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə bir müddət evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir.

6. Bundan sonra cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbini hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Digər tərəfdən iddiaçı ona maddi ziyan vurulduğunu iddia etsə də, bununla bağlı sübut təqdim edə bilməmişdir. İddiaçı öz ərizəsində 2012-ci ilin iyul ayında 5 illik müddətə bağlanmış müqavilənin 2017-ci ilin iyul ayında bitdiyini və Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 21 noyabr 2017-ci il tarixli, 0366 gm nömrəli əmri ilə göstərilən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxıldığını qeyd edir. Belə olan halda onun işdən azad edilməsi ilə qeyd edilən təhqiqat fəaliyyəti arasında səbəb-nəticə əlaqəsinin mövcudluğu təkzib olunur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-933/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 24.000 manat məbləğində mənəvi zərərin əvəzi, 24.360 manat məbləğində maddi ziyanın əvəzi, cəmi 48.360 manat məbləğində pulun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim X7)

8. Məhkəmə iddia tələbinin maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tibb hissəsinin feldşeri vəzifəsində, gizir hərbi rütbəsində vətənə xidmət etdiyi, sonradan digər hərbi hissənin tibb hissəsinin feldşeri vəzifəsinə təyinat aldığı və 2017-ci ilin noyabr ayına, öz iradəsinə zidd olaraq (dövlət orqanlarının qanunsuz əməlləri nəticəsində) hərbi xidmətdən ehtiyata buraxılana qədər xidmətini davam etdirdiyi müəyyən olunur. İddiaçı ehtiyata buraxıldıqdan sonra 2019-cu ilin dekabr ayında Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətə bərpa olunmuşdur. Belə olduğu təqdirdə iddiaçının əsassız olaraq məhrum olduğu vəsait (2017-ci ilin noyabr ayından etibarən 2019-cu ilin dekabr ayına qədər olan dövr, yəni 24 ay üzrə əmək haqqı) maddi ziyan şəklində cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Beynəlxalq Bank ASC-nin Binəqədi filialından və Kapital Bank ASC-nin Bravo-4 filialından verilmiş iddiaçıya məxsus olmuş əmək haqqı kartı üzrə çıxarışlara əsasən iddiaçının hərbi xidmətdə olarkən aylıq gəlirinin 1.015 manat olduğu, həmin məbləğin 2017-ci ilin noyabr - 2019-cu ilin dekabr ayları üzrə 24.360 manat təşkil etdiyi müəyyən olunur.

9. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 48 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzabəziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği hər gün üçün 500 manat məbləğdə müəyyənləşdirilməlidir. İddiaçıya hər gün üçün 500 manat, ümumillikdə 24.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Hazırkı işdən müəyyən olunur ki, baş vermiş hadisədən artıq 7 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi bəyannamənin 3-cü, 9-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci, 41-ci, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097-ci, 1100-cü, 1115-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 81-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.), ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi hər il üçün qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1.500 manat) müəyyən edilir. İddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi tədbirlərə məruz qalmış və beləliklə iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmçinin diqqətdən qaçırılmamalıdır ki, həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. Bununla yanaşı, hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. Digər tərəfdən maddi ziyanın ödənilməsi hissəsində iddiaçı öz ərizəsində 2012-ci ilin iyul ayında 5 illik müddətə bağlanmış müqavilənin 2017-ci ilin iyul ayında bitdiyini və Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli 0366 gm nömrəli əmri ilə göstərilən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxıldığını qeyd edir. Belə olan halda onun işdən azad edilməsi ilə qeyd edilən təhqiqat fəaliyyəti arasında səbəb-nəticə əlaqəsinin mövcudluğu təkzib olunduğundan iddia maddi ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir. İddia ərizəsində iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

20. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkməsinin qətnaməsi “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 nömrəli hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində, X8 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 293.3, 341.2.2-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, müxtəlif müddətə (X2 6 il 10 ay 10 gün, X12 5 il 8 ay 5 gün, X5 6 il 8 ay 5 gün, X8 4 il 10 ay 10 gün) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1-1(103)-38/2024 saylı qərarı ilə həmin hökm bu şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair hissədə dəyişdirilmiş, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə əlaqədar onlar təqsirli bilinərək həmin maddələr üzrə onlara cəza təyin olunmamış və nəticədə onların hər birinin cəzası 3 ay müddətinə azaldılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2025-ci il tarixli, 1-1(102)-43/2025 saylı qərarı ilə bu nəticə ilə razılaşmışdır.

26. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və nəticə etibarı ilə sübuta yetirilmişdir ki, hərbi qulluqçu olan iddiaçı şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işi ilə bağlı iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, cəmi 48 gün müddətində N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında saxlanılmış və nəticədə həmin müddət ərzində azadlıqdan qanunsuz olaraq məhrum edilmişdir.

27. Bu müddət ərzində yuxarıda istinad olunmuş məhkəmə aktlarında göstərilən cinayətlərin törədilməsində təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri iddiaçıya günün müxtəlif saatlarında, müəyyən fasilələr verməklə, davamlı şəkildə fiziki və psixi zor tətbiq edərək işgəncə vermiş, təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb etmiş, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar vermişlər. Bununla da ona fiziki və psixi ağrılar, işgəncələr vermişlər.

28. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir, cavabdeh isə iddianın ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir, həmçinin, maddi zərərin əvəzi kimi tutulan məbləği əsassız, mənəvi zərərin əvəzi kimi tutulan məbləği isə həm də yüksək hesab edir.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilən məhkəmə aktlarına, o cümlədən Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə istinadən qeyd edir ki, hökmlə müəyyən olunmuş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.

30. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin tutulması hissəsində gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmış, onun vicdanlı və qanunlara tabe olan şəxs olduğu halda şərəf və ləyaqəti alçaldılmış, vərdiş etdiyi həyat tərzi dəyişdirilmişdir. Nəticədə, o, üzləşdiyi digər ciddi məhrumiyyətlərlə yanaşı həmçinin, cəmiyyətdə müzakirə predmetinə çevrilmişdir. Sadalanan bu hallar da özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, bununla da mənəvi zərərə uğraması qənaətinə gəlmək üçün kifayət edir və bu halların əlavə sübuta ehtiyacı yoxdur.

31. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçının qanunsuz şəkildə azadlıqdan məhrum edilməklə, iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin inzibati binasında saxlanıldığı ümumilikdə 48 gün üçün onun xeyrinə dövlət büdcəsinin vəsaiti hesabına 24.000 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, bu məbləğdə pul vəsaitinin ödənilməsini ağlabatan və ədalətli hesab edir və formalaşmış məhkəmə təcrübəsinə əsasən şərti olaraq “Tərtər işi” adlandırılan bu qəbildən olan iddia tələbləri üzrə şəxsin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alınaraq mənəvi zərərin 24.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli saymır.

32. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı qanunsuz azadlıqdan məhrum edilmiş və 48 gün ərzində yuxarıda qeyd edilən yerlərdə sadəcə olaraq qalmamış, bu 48 günün hər günündə əlləri və gözləri bağlı vəziyyətdə fasilələrlə, fikizi işgəncələrə məruz qalmışdır. Tibbin inkişaf etdiyi bir dövrdə şəxs öz iradəsinə uyğun olaraq hər hansı əməliyyatın ağrıkəsicilərin təsiri altında keçirməsinə və ağrı hiss etməməsinə baxmayaraq, yenə də yaranmış hadisənin təsirindən həyacan keçirir, bədmin fikirlərə düşür. Habelə, şəxs hər hansı əməlin törədilməsinə görə cəzalandırıldığı halda, özünü təqsirli bilməsə də, ən azı hansı hadisədən, hansı əməldən söhbətin getdiyini bilir. İddiaçı isə ona bildirilən (ittiham edilən) hər hansı bir əməli törətmədiyi bir halda, nəinki azadlıqdan məhrum edilmiş, hətta bu məhrum etmə çərçivəsində ümumiyyətlə sərbəst hərəkət etmək imkanından məhrum olmuş və ona verilən fiziki işgəncələri əlləri (insana xas olan reaksiya olaraq bədənin ağrı verən yerini əlləri ilə tutaraq və ovalayaraq, bu baxımdan ən azı psixoloji olaraq bu qaydada ağrıya təsir göstərmək) və gözləri (ümumiyyətlə işgəncənin baş vermə anını görməmək, hansı an, hansı təsirə məruz qalması barədə məlumatsız olmaq) bağlı vəziyyətdə qarşılamaq məcburiyyətində qalmışdır ki, bu halllar birmənalı şəkildə onun fiziki əzabını, mənəvi və psixi istirablarını daha da artırmış olur. İnsan fərdinin həmin şəraitdə saxlanılmaqla bədəninin müxtəlif yerlərindən gün ərzində 30-40 dəfə cimdik götürülməsi, habelə başına eyni sayda çırtmanın vurulması özü-özlüyündə onun həmin müddət ərzində fiziki və mənəvi sarsıntılar keçirməsi qənaətinə gəlmək üçün əsasdır. Lakin iddiaçı öz ağrısının miqyasına və şiddətinə görə bu əməllərlə müqayisə olunmayan işgəncələrə məruz qalmışdır. Artıq işgəncəyə məruz qalmış şəxs olaraq, ona münasibətdə bu əməlləri törətmiş şəxslərin hər gün, hər dəfə onun saxladığı yerə yenidən daxil olarkən iddiaçının həmin an keçirtdiyi hissləri təsvir və təsəvvür etmək isə ümumiyyətlə qeyri-mümkündür. İddiaçının həmin günlər ərzində yaşadığını, gördüyünü, hissə etdiyini, mənəvi, fiziki və psixoloji baxımından çəkdiyini heç 24.000 manat məbləğində kompensasiya da ona nə ödəyəcək, nə də ki, unutduracaqdır.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.

34. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.

35. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.

36. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini və apelyasiya şikayətinin məzmununu nəzərə alaraq onu da qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi də məhkəmənin vəzifəsi deyildir.

37. Məhkəmə kollegiyası iddianın “maddi zərərin əvəzinin ödənilməsi” hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı 2017-ci ilin iyun-iyul aylarında baş vermiş hadisələr səbəbindən (bu halın baş verməsini “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” hesab olunması əsası ilə azadlıqdan məhrum edilməsi ilə əlaqələndirmişdir) ehtiyata buraxıldığını iddia etmişdir. Halbuki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qanunsuz olaraq saxlanılmış, lakin bundan sonra xidmətini davam etdirmiş və yalnız xx.xx.2017-ci il tarixdə və hər hansı başqa əsasla deyil, məhz hərbi xidmət müddətinin başa çatması əsası ilə ehtiyata buraxılmışdır.

38. Təbii ki, ehtiyata buraxılması uzun illər həmin vəzifə üzrə xidmət edən və yüksək əmək haqqı alan bir şəxs olaraq iddiaçının iradəsinə zidd ola bilər, yəni iddiaçı bunu istəmiyə bilər. Lakin Müdafiə Nazirliyi tərəfindən belə bir əmrin verilməsi özü-özlüyündə iddia edilən maddi zərərin tutulması üçün əsas ola bilməz. Hər bir halda, iddiaçı iradəsinə zidd olaraq ehtiyata buraxıldığını bildirsə də, Müdafiə Nazirliyinin bu barədə əmri ötən dövr ərzində onun tərəfindən mübahisələndirilməmiş, həmin əmrin verilmə tarixi (ona qarşı qanunsuz əməllərin yol verildiyi tarixdən 5 aya yaxın müddət keçdikdən sonra), habelə ehtiyata buraxılma əsası səbəbli əlaqənin olmaması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçı 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, yəni başqa bir qurumun müvafiq hərbi hissəsində öz xidmətini davam etdirmişdir ki, bu da iddiaçının iddia etdiyi “bərpa” kimi qiymətləndirilə bilməz.

39. Məhkəmə kollegiyası müddətlərlə bağlı o halı da nəzərə alır ki, iddiaçı ehtiyata buraxıldıqdan 2 il sonra, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmasından isə 5 il əvvəl Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmətini davam etmişdir. Həmin hökmdə də yalnız ümumi şəkildə göstərilmişdir ki, təqsirləndirilən şəxslərin mütəşəkkil dəstə tərkibində törətdiyi əməllər, həmçinin zərərçəkmiş şəxslərin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına səbəb olmuşdur (i.v.76). Lakin bu məlumat iddiaçıya münasibətdə fərdiləşdirilməmiş, yəni məhz iddiaçıya münasibətdə də belə bir halın baş verdiyi qeyd edilməmişdir. Bununla belə, iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi ilə onun ehtiyata buraxılmasının və işsiz qalmasının hər hansı səbəbli əlaqəsi müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində iddia tələbinin həmin hissədə əsassız olduğunu təsdiq edir və bu tələbin rədd edilməsini şərtləndirir.

40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehin xeyrinə maddi zərər tutmaqda haqlı olmamış, bu məbləğ hər hansı əsas olmadan tutulmuşdur. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-933/2025 saylı qətnaməsi “cavabdeh vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçının xeyrinə 24.360 manat məbləğində maddi ziyanın əvəzinin, cəmi 48.360 manat məbləğində pulun ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-933/2025 saylı qətnaməsi “cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 24.360 manat məbləğində maddi ziyanın əvəzinin, cəmi 48.360 manat məbləğində pulun ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan (24.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar